Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:51

Ağ Ev ABŞ kəşfiyyatına ciddi göz qoyacaq


Arxiv foto
Arxiv foto
.
ABŞ-ın ən böyük kəşfiyyat qurumu - Milli Təhlükəsizlik Agentliyinin (NSA) dinləmə əməliyyatlarından daha bir ölkə - İspaniya da şikayətçi olandan sonra Ağ Ev güdmə əməliyyatlarının məhdudlaşdırılmasına ehtiyacla bağlı təkliflərlə razılaşdığını bildirib.
Ağ Evin sözçüsü Jay Carney Amerika casus qurumlarının fəaliyyəti üzərinə “əlavə çəkindirmələri” zəruri saydıqlarını dilə gətirib:
“Etiraf edirik ki, kəşfiyyat materiallarını toplamağımız və bu informasiyadan istifadəmiz üzərinə əlavə çəkindirmələr qoyulmalıdır”.
Amerika hökumətinin bu açıqlaması, Almaniya kansleri də daxil, bir sıra başqa dövlət və hökumət başçılarının NSA tərəfindən güdülmələrinə dair iddialarından qaynaqlanıb.
İspaniyada çıxan “El Mundo” qəzetinin məlumatına görə, NSA bu ölkədə bir ay ərzində 60 milyondan çox telefon söhbətini gizli dinləyib.
Rəsmi Madrid belə bir təcrübənin “yolverilməz və qəbuledilməz” olduğunu bildirib.
ABŞ-ın Madriddəki səfiri James Costos İspaniyanın Xarici İşlər Nazirliyinə çağrılıb və ondan qaçaq casus Edward Snowden-nin açıqlamalarından doğan iddialara cavab tələb olunub.
AVROPANIN GÜDÜLMƏSİ ABŞ-da DA NARAZILIQ DOĞURUB
Ağ Evin bu iddialarla bağlı tonunun yumşalmasına, demokratların öz sıralarındakı narazılıq da təkan verib.
Dianne Feinstein
Dianne Feinstein
Hakim partiyanın vəzifəli rəsmiləri dünya liderlərinin güdülməsi əməliyyatlarını pisləyərək, bütövlükdə kəşfiyyat əməliyyatlarının aparılması tərzinin geniş müzakirəsinə çağırıblar.
ABŞ Senatı Kəşfiyyat Komitəsinin rəhbəri Dianne Feinstein deyib: “Birləşmiş Ştatlar hər hansı bir ölkə ilə düşmən deyilsə və ya bu sayaq müşahidəyə ehtiyac yoxdursa, inanmıram ki, ABŞ dost ölkələrin prezident və baş nazirlərinin telefon zəngləri və ya emailləri barədə məlumat toplamalıdır”.
Öz növbəsində Ağ Ev bildirib ki, Almaniya mediası iddia etsə də, prezident Obama şəxsən heç bir Avropa rəhbərinin güdülməsinə sərəncam verməyib.
NSA ilə bağlı iddialara görə, Avropada bir sıra dairələr ABŞ-la transatlantik və başqa əməkdaşlığa yenidən baxılmasına çağırır. Bu çağırışlarda hətta SWIFT bank mübadiləsi kimi konkret əməkdaşlıq formalarının yenidən müzakirəsi də təklif olunur.
Avropa Parlamentinin britaniyalı üzvü Claude Moraes deyib ki, NSA-in fəaliyyətindən Almaniyanın narazılığı ABŞ-Avropa Ticarət Paktının imzalanmasını gecikdirə bilər.
Der Spiegel
Der Spiegel
İspaniyanın xarici işlər naziri José Manuel García-Margallonun fikrincə, güdülmə iddiaları doğrularsa, “bu, ikitərəfli etimadın tamamilə pozulması” kimi qiymətləndirilməlidir. O, Madridin iddilar barədə Vaşinqtondan açıqlama istədiyini də sözlərinə əlavə edib.
YAPONİYA NSA İLƏ ƏMƏKDAŞLIQ ETMƏYİB
İspaniyanın güdülməsinə dair iddialar Braziliyada yaşayan Amerika jurnalisti Glenn Greenwald-ın «El Mundo» qəzetində dərc olunmuş yazısında əksini tapıb. Həmin jurnalistin NSA-in keçmiş casusu Edward Snowden-dən məlumat aldığı söylənir.
Avropa liderlərinin NSA tərəfindən güdülməsinə dair iddilar barədə Fransanın «Le Monde» qəzeti və Almaniyanın «Der Spiegel» jurnalı da yazıb.
Bu arada Britaniya mediası bildirir ki, Yaponiya NSA-in Asiya-Sakit Okean Hövzəsi regionunda telefon və başqa kommunikasiyaların güdülməsi üçün kömək xahişini rədd edib.
NSA-in, ilk növbədə, Çinin kommunikasiyaları ilə maraqlandığı xəbər verilir. O da bildirilir ki, Yaponiya NSA-in xahişini ölkə qanunlarına zidd olduğu üçün rədd edib.
Yaponiya rəsmiləri Tokionun müttəfiq ölkələrlə kəşfiyyat məlumatı mübadiləsini etiraf etsələr də, NSA-in iddia olunan təklifi barədə sualları şərh etməkdən boyun qaçırıblar.
XS
SM
MD
LG