-
2013-cü ildə Azərbaycanda uşaqlar üçün ehtiyac minimumu 93 manatdır. Ancaq 5-ci sinif şagirdi Rasim (ad şərtidir) məhkəmənin ona kəsdiyi 70 manatlıq alimenti də ala bilmir. Anası, Göyçay sakini, 32 yaşlı Mehparə Haqverdiyeva deyir ki, 5 ildir keçmiş həyat yoldaşı alimenti ödəmir, məhkəmə qətnaməsi də icra olunmamış qalır.
ATA MƏSULİYYƏTİ...
«Hərdən bir bəhanə ilə cavabdeh alimenti ödəməkdən yayındırılır. 2008-ci ildə çıxarılmış qətnaməyə görə, ayda 40 manat, 2012-ci ilin oktyabrında çıxarılmış qətnaməyə görə, ayda 70 manat ödəməlidir».
Şikayətçinin dediyinə görə, icra məmurunu da prosesi uzatdığına görə İqtisad Məhkəməsinə verib. Mehparə xanım özünün də xəstə olduğunu, başqa heç bir gəlir yeri olmadığından özünün və övladının dolanışığı üçün 70 manatın ciddi məbləğ olduğunu söyləyir. O, cavabdehin, yəni keçmiş həyat yoldaşının şəxsi təsərrüfatla dolandığını, ikinci nikahdan daha 2 övladının da olduğunu sözlərinə əlavə edir. Cavabdeh məhkəmə qətnaməsinin yerinə yetirilməməsi üçün əsas bəhanə kimi işləmədiyini göstərir:
«MEHRİBANÇILIQ OLSA...»
Cavabdeh, 37 yaşlı Rəşad Ağayev isə AzadlıqRadiosuna deyir ki, aliment ödəməkdən boyun qaçırmır, sadəcə daimi işi olmadığından nə aylıq məbləği, nə də yığılmış vəsaiti ödəyə bilir:
Xüsusi reportajlar - 12.11.2013
Canlı müzakirə
63 yaşlı Ənvər Süleymanov da alimenti ödəyə bilməyənlərdəndir. 2005-ci ildə məhkəmə onun 2 uşaq üçün ayda 130 manat aliment ödəməsi barədə qərar çıxarıb. Yəni orta aylıq əməkhaqqının 30 faizi qədər. Ancaq Ənvər Süleymanov Məşğulluq İdarəsində qeydiyyatda olduğunu deyir:
3 İLƏDƏK AZADLIQDAN MƏHRUMETMƏ
Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə 79 min 065 nikah, 11 min 087 boşanma halı qeydə alınıb.
Alimentin məbləği bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dördə biri, 2 uşağa görə üçdə biri, 3 və daha çox uşağa görə qazancın yarısı qədərdir. Ötən ilin dekabrında qanunvericiliyə edilən dəyişikliyə görə, aliment ödəməyənlər 3 il azadlıqdan məhrum edilə bilərlər. Bundan əvvəl alimenti ödəməkdən boyun qaçırmağa görə 6 aylıq azadlıqdan məhrumetmə nəzərdə tutulurdu.
Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin icraatında alimentlə bağlı işlərin statistikasını ala bilmədik.
Vəkil Abil Bayramov deyir ki, bu tip işlərdə məhkəmələr çıxardığı qətnamənin icrasının mümkünlüyünü nəzərə almalı, qərar ədalətli olmalı və qanuna əsaslanmalıdır:
«99 FAİZ ƏDALƏTLİ QƏRAR ÇIXARILIR»
Ədliyyə Nazirliyinin istintaq idarəsinin böyük müstəntiqi Elman Yəhya alimentlə bağlı məhkəmə qətnamələrinin nadir hallarda adekvat olmadığını düşünür. O, AzadlıqRadiosuna müsahibəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinə uyğun olaraq bu ilin fevralından müvafiq cinayət işlərini apardıqlarını bildirir:
– 306-cı maddəyə uyğun olaraq 1000 manatdan 3000 manatadək cərimə var. İslah işləri nəzərdə tutulub və azadlıqdan məhrumetmə cəzası var.
– Nədir əsas səbəb? Məhkəmə qətnamələrinin adekvat olmamasını bir səbəb saymaq olarmı?
– Tək-tük hallarda qətnamə adekvat olmur. Məsələn, bir işdə 2 uşağın hərəsinə 200 manat kəsiblər. Bunu sabit pul məbləği üzrə kəsiblər, halbuki 75-80 manat olmalıdır. Çox yüksək məbləğdir. 99 faizdən də çox hallarda qərar ədalətli çıxarılır. Həmin halda da şəxsin özü deyib ki, 200 manat kəsin, sonra bir ay ödəyib, daha ödəyə bilməyib. İndi yenidən iddia qaldıracaq. Ödənməməyin bir səbəbi valideynin vəzifəsini başa düşməməsidir. Övladı 18 yaşa qədər saxlamaq borcundur.
– Fevraldan bəri baxdığınız işlərin sayı çoxdurmu?
– Bunu deyə bilmərəm. Ancaq aliment işlərinə xüsusi diqqət ayırırıq. Ötən müddət ərzində şəxsən mənim icraatımda 20-dən çox belə cinayət işi olub.
– Alimentlə bağlı məhkəmə qərarlarının icra olunmamasının bir səbəbi də icra məmurlarının sui-istifadə halları ilə izah olunur. Cavabdehlə qeyri-qanuni anlaşmaya getdiklərinə dair iddialar var.
– Qətiyyən inanmıram. Ola bilməz. İcra məmurları qanunu müdafiə edənlərdir, həm də valideyndirlər. İcra məmuru ona nə kömək edə bilər ki? İş yenə məhkəməyə gəlib çıxacaq axı. Əsas valideynin məsuliyyət məsələsidir. 75 manatı ödəmək istəmir. İstənilən tikinti şirkətində iş var. «İşləmirəm» bəhanədir. Kreditə maşın alırlar, ancaq alimenti ödəmək istəmirlər. Elələri var, işə də düzəltmək istəyirlər, ancaq boyun qaçırır. Bir məsələ də var ki, ağıllı valideynin ailəsi dağılırsa, bu iş bura gəlib çıxmır. Bura gələn valideynlərin əksəriyyəti öz vəzifəsinə hörmət etməyənlərdir. Onların islah olunması da çox çətindir.
QEYRİ-RƏSMİ BİZNESLƏ MƏŞĞUL OLANLAR
«Hüquqi Maarifləndirmə» İctimai Birliyinin sədri İradə Cavadova isə Azərbaycanda digər ölkələrə nisbətən alimentlərin ödənməmə hallarının daha çox olmasını qeyri-rəsmi bizneslə məşğul olan vətəndaşların gəlirlərini gizlətməsi ilə izah edir:
«Məşğulluq İdarəsində qeydiyyatda olduğunu deyən valideyn tanıyıram ki, «S Klass Mercedes»lə gəzir. Hakim istəyirəm bu halda soruşsun ki, işləmirsənsə, 100 min manatlıq «novostroyka» evini necə almısan?. İşləmirəm demək bəhanədir. İndi fəhlə bir saatlıq işə 40 manat istəyir. Fəhləlik də edə bilmirlər. Bir işə çıxıram, qadın deyir yoldaşı ayda 4500-5000 manat qazanırmış. Ancaq kişi deyir ki, işləmir və 100 manatdan artıq aliment verə bilməz».
«ZƏHMƏT ÇƏKİB, İŞLƏ, ALİMENTİNİ ÖDƏ»
Məhkəmə qətnamə çıxararkən icra mümkünlüyünü nə dərəcə nəzərə alınır? Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin fikrincə, uşağı dünyaya gətirən valideyn onu saxlamağa borclu olduğunu da bilməlidir:
– Bəs məhkəmə dərindən araşdırırmı işləri? Səthi araşdırma, başdansovdu qərarlar çıxarılması barədə iddialar var.
– Qanunvericiliyə görə, cavabdehin iş yeri yoxdursa, yaxud aylıq qazancını təyin etmək mümkün deyilsə, onda sabit pul məbləği təyin olunur. Kimsə bir ay çox, bir ay az qazana bilər. Təbii məhkəmə araşdırmalıdır, səthi olmalı deyil. Ancaq əksəriyyəti bəhanə edir ki, işləmirəm.
– Bəs qətnamə çıxarılarkən onun icra mümkünlüyü nəzərə alınırmı? Qanuna uyğun çıxarılsa da, daxili inam, ədalət hissi amilləri necə nəzərə alınır?
– Yenə deyirəm, sağlam, fiziki qüsuru olmayan valideyn işləyib uşağını saxlamalıdır. İcra ona görə bəzən mümkün olmur ki, tərəf işləməkdən imtina edir. Lap dövlət işi olmasın, özəl işlərdə çalışa bilər.
– Çıxış yolu nədir, sizcə?
– Qətnamənin icra olunmamasının səbəbləri müəyyən olunmalıdır. Cavabdehin təqsirinə görədirsə, məsuliyyət müəyyənləşənədək araşdırılmalıdır ki, niyə imtina edir. Zəhmət çəkib işləsin, alimentini ödəsin.
Hələ bir neçə il əvvəl ölkədə Aliment Fondunun yaradılması, bununla da ödənməyən alimentlər problemini həll etmək təklifi səslənirdi. Bəzi ölkələrdə bu təcrübə var, yəni alimenti hökumət ödəyir, cavabdeh isə məcburi işə cəlb olunaraq borcunu qaytarır.
ALİMENT FONDU
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova AzadlıqRadiosuna müsahibəsində deyir ki, alimentin ödənməməsinə görə sanksiyalar ağırlaşdırılandan sonra komitəyə oxşar müraciətlər azalıb. O, Aliment Fondunun yaradılması üçün xarici ölkələrin təcrübəsinin araşdırıldığını bildirir:
– 1-2 ildir belə bir təklif səslənir. Hansısa idarənin tabeliyindəmi olacaq bu fond?
– O şərt deyil. Müstəqil fond da ola bilər. Əsas odur uşaq o pulu vaxtlı-vaxtında ala bilsin. Borclu tərəf dövlətə borclu qalsın. Valideyn dövlətə borcunu ödəyir, məşğulluq problemini həll edir.
– Yəni məcburi məşğulluq, məcburi işədüzəltmə olacaq.
– Ola bilər, bəzi ölkələrdə bu təcrübə də var. Bizdə isə şikayətlərin sayı azalıb. Sanksiyaların sərtləşməsi təsirini göstərib. Bəzən, məsələ cinayət işinin açılmasına çatanda, himayəsində uşaq olan valideyn şikayətini geri götürür. Bəzən də valideyn uzun müddət axtarışda olur, uşağın maddi təminatında da problem yaranır. Bunu önləmək üçün komitə belə bir təklif üzərində işləyir.
Göyçay sakini Mehparə Haqverdiyeva isə özünün və övladının dolanışığı üçün gözünü tikdiyi 70 manatlıq alimenti nə vaxtsa alacağına ümid edir: