Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:12

Obama Əliyevə məktub göndərdi: «Seçki sistemini gücləndirməyə...»


ABŞ- Amerika prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevlə görüşür. Nyu-York, BMT-nin Baş Assambleyası çərçivəsində görüş. 24 sentyabr 2010
ABŞ- Amerika prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevlə görüşür. Nyu-York, BMT-nin Baş Assambleyası çərçivəsində görüş. 24 sentyabr 2010
-
Amerika prezidenti Barack Obama azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərib:

«Üçüncü müddətə Azərbaycan Respublikasının prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr verib. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq».

Məktub barədə oktyabrın 7-də Azərbaycan prezidentin rəsmi internet səhifəsində məlumat verilib.

Məktubda iki ölkənin BMT Təhlükəsizlik Şurası da daxil olmaqla bir sıra məsələlər üzrə yaxından əməkdaşlıq etdiyi vurğulanır:

«Biz, Əfqanıstanda tərəfdaşlığınızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk. Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və prezident Sargsyan-ın qərarını alqışlayırıq. Biz, Cənub Enerji Dəhlizinin inkişafının dəstəklənməsi, iqtisadiyyatın şaxələndirilməsi, regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə təkan verəcək islahatların davam etdirilməsinə sadiq qalırıq».

Obama-nın məktubunda deyilir ki, Amerika iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlığın tam potensialına nail olmaq məqsədilə Azərbaycanın uzunmüddətli sabitliyi və inkişafının təmin edilməsində çox vacib olan demokratik proseslərin Bakı tərəfindən gücləndiriləcəyinə ümidvardır:

«Seçkidən sonra qeyd etdiyimiz kimi, biz, Azərbaycanı birləşmə, toplaşma və ifadə kimi ümumi azadlıqlara hörməti artırmağa, siyasi plüralizm və məhkəmə müstəqilliyini təşviq etməyə, habelə seçki sistemini gücləndirməyə dəvət edirik. Azərbaycanla tərəfdaşlığımız sözügedən səylər sayəsində daha da möhkəmlənməyə davam edəcəkdir. Sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyir, müstəqilliyinizin bərpasının iyirmi ikinci ildönümündə Sizə və Azərbaycan xalqına sülh və uğurlar diləyirəm» - deyə Obama məktubunda deyilir.
XS
SM
MD
LG