Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:31

Bizə ürək göndərin (Seçmə hekayələrdən)


Natiq Məmmədli
Natiq Məmmədli
-

Ürək dağlayan inilti səsi ata-balanın söhbətini yarımçıq kəsdi. Elxan cəld ayağa qalxıb otağa tərəf yüyürdü. Elə bil uşağın içində yuva qurmuş əcaib varlıq günəşi görər-görməz riqqətə gəlmişdi...


Natiq Məmmədli


BİZƏ ÜRƏK GÖNDƏRİN


- Ata, uşaqlar ölmürlər axı! Bəs onda kim qocalar? Düz demirəm, ata?

- Düz deyirsən canım-gözüm, düppədüz. Bu, hardan ağlına gəlib? Heç atan qoyarmı sən öləsən. Eh, bilirsən nə boyda böyüyəcəksən, məndən də qəlbi kişi olacaqsan.

- Lap babamdan da qəlbi olacam?

- Hə, lap babanı da keçəcəksən. Sən bizim hamımızdan, hamımızdan hündür olacaqsan. Sözlərimi yadından çıxarma, böyüyəndə görəcəksən ki, düz deyirdim.

- Ağrılarım da olmayacaq, eləmi?

- Ağrın mənə gəlsin, sənin nəyin var ki? Bekara döz, hər şey yoluna düşəcək. Yadından çıxıb Təbriz doxdurları nə dedilər?

- Dedilər, Allah kərimdi.

- Yox, ondan əvvəl.

- Dedilər Əli kürəyinizdə dursun.

- Canım-gözüm onları axırda dedilər. Əvvəl dedilər ki, maşallah, qırğı kimi oğlansan, nəsə böyrəklərin sözə baxmır, onları da ipə-sapa yatırdarıq. Niyə yadından çıxıb ki?

- Ata, Təbriz doxdurları Bakı doxdurlarından ağıllı olur?

- Doxdurların ağıllısı, ağılsızı olmur, canım-gözüm, insaflısı, insafsızı olur. Belə şeyləri böyüyəndə özün ayırd eləyərsən. Nəyinə lazımdı başını ağrıdırsan? Neçə dəfə demişəm böyüklər kimi düşünmə. Yat, gözlərini yum, ağıllım mənim.

- Gözümü yumanda sol tərəfim göynəyir axı. Qorxuram böyrəyim yerə düşər.

- Ay səni, mənim pələng balam, qorxma mən yanındayam. Qoymaram böyrəyin düşsün.

- Ata, deyirsən uşaqlar ölmürlər, hə?

- Ölmürlər, qurban olum, ölmürlər. Çıxart bu fikirləri başından!

Gecənin yarısından xeyli keçmişə qədər Elxan oğlunu dilə tutdu. Uşağın fikrini dağıtmaq, yuxuya vermək üçün əlaqəsiz-rabitəsiz çox şeylərdən söz açdı. Əvvəllər yatmamışdan qabaq ona ancaq nağıllar danışardı. İşdə vaxt tapan kimi müxtəlif nağıl kitablarından mütləq nəsə əzbərləyər, axşamlar da bir az üstünə qoyub nəql edərdi. Maşallah, uşağın da hafizəsinə söz ola bilməzdi. Bir nağılı uzağı iki dəfə danışa bilərdin, sonra ağzını açan kimi «bunu eşitmişəm, təzəsini istəyirəm», - deyərdi. Atasının nağıllarına nənəsinin şirin qoğallarından, babasının az qala hər gün aldığı alabəzək konfetlərdən daha çox bənd olmuşdu. Zalım xəstəlik beş yaşlı ürəyində yuva qurana qədər onun uşaq dünyası atasının rəngli nağıllarının saldığı doğma naxışlardan ibarət idi. İlk dəfə sancıları başlayanda əvvəlcə içində nələrin baş verdiyini anlamadı. Ağrının dadını təzə-təzə dadanda özünü uşaq kimi yox, atasının nağıllarındakı qəhrəmanlar sayaq aparmaq istəyirdi. Ancaq balaca, təzə-tər böyrəyinin sızıltısı gücləndikcə uşaq beyni çox da müqavimət göstərə bilmədi. Əvvəlcə küt, sonra sərt, daha sərt ağrıları bədənin bütün nahiyələrinə paylayaraq balaca sahibini vaxtsız çağırılmış qonaqdan xəbərdar elədi. Bu, artıq nağıl deyildi. Yuxularını ərşə çəkən, rahat beşiyində körpə vücudunu ilan kimi qıvrıldan ağrılar nağıla heç oxşamırdı. Həkimlərin günlərlə davam edən müayinələri, analizləri, konsultasiyaları qurtarmaq bilmirdi. Axırda o dəhşətli gün yetişdi: nağılların bitdiyi, ümidini kəsdiyi, hər şeyin heç nə olduğu gün. Lənət olaydı o günə… Göydən daş yağaydı həmin gün… Cavab sərt və amansız oldu: şiş var.

Anası inanmamışdı... Nənəsi eşidən kimi bayılmışdı… Babası infarktın bir-iki addımlığında dayanmışdı… Atası… göydən üç alma salan, Cırtdanı işıqgələn tərəfə aparıb divdən ağıllı çıxaran nağılların müəllifisə eləcə susub qalmışdı. Şiş var… Xərçəngin sarmaşıq kolu onun beş yaşlı yavrusunun güldən, çiçəkdən təmiz bədəninə necə yol tapa bilmişdi? Necə yox, daha doğrusu, niyə yol tapmışdı? Gücü yalnız bircə kəlməyə yetdi «ağrın mənə gəlsin, canım-gözüm». Ondan sonra hansı nağılı danışır-danışsın, axırda göydən düşən almaların əvəzinə bu kəlməni pıçıldayırdı:«ağrın mənə gəlsin».

…Dan yerinin ağarmasına azca qalmış uşaq gözlərini nəhayət ki, yuma bildi. Bu, dərin yuxuya getməkdən daha çox mürgüləməyə oxşayırdı. Saata baxdı. Yeni gün başlammaqdaydı. Hardasa oxumuşdu ki, xərçəng xəstələrinin bir gözü həmişə saatda olur. Görünür, sakitləşdirici iynədən sonra gələn həyat eşqi ilə ağrıların başlayacağı zaman arasında çırpınan o qısa vaxt məsafəsini ölçmək üçün. Uşağı xəstələnəndən Elxanın bütün gecələri bir-birinə oxşayırdı. Yuxusuz gecələrdən adlayıb səhərləri diri baxışlarla açan qızarmış, altı tulumlanmış gözlərə yalnız və yalnız bir şey – iynənin ucu boyda ümid lazım idi. O sızqa ümidin yolunda varından olardı, canından keçərdi… Bir az dayanıb ağır-ağır nəfəs alan gələcəyinin əzablardan sarsılsa da, körpə məsumluğunu itirməmiş çöhrəsinə baxdı. Heç insafdırmı ciyərinin bir parçası gözlərinin qabağında saralıb-sola, sayılı günlərin içində əriyib yox ola, sən də əlini-qolunu sallayıb baxasan. Bunları düşündükcə kəlmə kəsmir, eləcə göynəyirdi. Evlərinə dava-dərman ayaq açandan onların sızıntısı adi hala çevrilmişdi. Ciyər paralarının yanında bacardıqca özlərini tox tutmağa çalışsalar da, bütün səhərləri ağlaya-ağlaya açılır, bütün gecələri ağlaya-ağlaya yola verilirdi. Kim bilir bəlkə Günəş də bu evin pəncərəsindən boylananda doluxsunurdu.

Dəhlizə çıxanda burnuna atasının qəlyanının tanış iyi toxundu. O da səhərləri diri gözlü açmağa vərdiş eləmişdi.

- Sən niyə yatmırsan? – soruşdu. Sual heç yerinə düşmürdü və cavabını da eşitməyə ehtiyac yox idi. Ümidi üzülmüş ata-balanın diz-dizə, göz-gözə dərdləşməsi üçün isə həmişə belə yerinə düşməyən suallar körpü salardı.

- Sənin uşaq çağların yadıma düşüb. Hamısı gözümün qabağındadı; birinci dəfə dil açıb «ata» deməyin, əlimdən yapışıb birinci addımını atmağın, birinci sinfə getməyin… Bütün «birincilik»lərin yadımdadı.

- Mən də oğlumun «birincilik»lərini görmək istəyirəm, ata…

- Görəcəksən, inşallah! Ümid axırda ölür. Yox, heç axırda da ölməyəcək…

- Məndən soruşur ki, «ata, uşaqlar ölmürlər axı …»

- Düz deyir, uşaqlar öləndə dünyanın axırı çatar. Onun kəpənək boyda ürəyindən keçənlərə bax. Bilirsən, mən ömrüm boyu çalışmışam ki, sənin uşaqlığın mənimkindən yaxşı olsun. Heç nəyi üzünə vurmamışam, xətrinə dəyməmişəm. Bilirsən nəyə görə? Hər dəfə xatırlayanda əzab çəkdiyim yarımçıq uşaqlığımın heyfini səndən almışam. İstəmişəm ki, sən məndən yaxşı uşaq olasan. Bax sənin balan da səndən yaxşı uşaq olmalıydı …

- Ata, bilməzdim uşaqlığın ağır keçib? Bəs sən həmişə maraqlı əhvalatlar danışırdın; dağlarda at çapmağından, yemlik, qanqal yığmağından… Dədənin qoşalüləsini götürüb təkbaşına ayı ovuna getməyini demirəm… elə istəyirdim ki, sənin kimi uşaq olam.

- Sən də inanırdın. Onların hamısı mənim uydurduğum nağıllar idi. O vaxt bəzəkli nağıl kitabları yox idi sənin kimi əzbərləyim. Beş yaşından yetim qalan uşağın ayı ovunda nə iti azmışdı? O mənim sənə arzuladığım uşaqlıq idi. Səni elə görmək istəyirdim, ona görə…

- Amma bir dəfə xətrimə dəymişdin. Yadımdadı, cəmi bircə dəfə qışqırmışdın üstümə…

- Nə vaxt olub o? Neyləmişdin ki?

- Məktəbimi dəyişdiyin gün yadındadı? Beşinci sinfə gedəsiydim, qoymadın. Zorla tay-tuşumdan ayırıb rus məktəbinə göndərdin.

- Niyəsini hələ bu günə kimi aydınlaşdıra bilməmisən?

- Açığını desəm, yox. Amma o vaxt dostlarımdan ayrılmağıma yaman sarsılmışdım.

- İndi hardadı o dostların, heç xəbərin varmı?

- Yəqin hərəsi öz həyatını yaşayır. ..

- Elə bilirdim zaman keçdikcə bir vaxt mürəkkəb sandığın şeylərin sadədən sadə cavabını özün tapacaqsan. Görünür, yanılmışam. Səni ona görə zorla rus məktəbinə düzəltdim ki, heç olmasa babat təhsil alasan. Sentyabrın ortasından sizin məktəbin qapısına qıfıl asıb ta dekabracan pambıq yığdırırdılar, orada dərs öyrənmək olardımı? Mən səni qul yox, insan kimi böyütmək istəyirdim. İstəmirdim ki, yekəlib Bakıya gedəndə səndən əskik kişilər arxanca «çuşka» desinlər. Əsas odu sən məndən yaxşı uşaq oldun, bundan ötrü əlimdən gələni elədim.

Ürək dağlayan inilti səsi ata-balanın söhbətini yarımçıq kəsdi. Elxan cəld ayağa qalxıb otağa tərəf yüyürdü. Elə bil uşağın içində yuva qurmuş əcaib varlıq günəşi görər-görməz riqqətə gəlmişdi. Dan yeri sökülər-sökülməz ilan dilini körpənin bütün toxumalarında gəzdirib növbəti dəhşətli günün tədarükünü görürdü.

Baba da oğlunun arxasınca yüyürmək istəsə də, bacarmadı. Ayaqları qıc olduğundan pəncəsini yerə basan kimi müvazinətini itirib səndələdi. O, bütün gecəni oturub qəlyanını tüstülədə-tüstülədə yalnız nəvəsi haqqında düşünmüşdü. Dəhşətli xəbəri eşidən kimi heç kəsin yanında dilinə gətirməsə də, ilk başdan özünü qınamışdı. Bəlkə uşağa mənim yox, başqa birisinin adını qoysaydılar belə olmazdı deyə çox düşünmüşdü. Köhnə dost-tanışdan eşitmişdi ki, sağlığında nəvə-nəticəyə öz adını verməyin düşər-düşməzi vardı. Ona qalsaydı heç razılaşmazdı da, yalnız doğum haqqında şəhadətnaməsini görəndə gözlərinə inanmamışdı – Mürsəlov Tokay Elxan oğlu. «Bu necə olur, indi mən sənin oğlun oldum?», - deyə, bekara nəm-nüm eləmişdi. Heç kəsin yanında etiraf eləməsə də, o biri tərəfdən uşağa adının verilməsi ürəyinə yağ kimi yayılmışdı. Ayrı cür ola bilərdimi heç… Adının yaşamasını, əbədi olmasını, əzizlənməsini kim istəməz? Bəs kim yavrusunun adını başdaşında oxumaq istəyər? O, uzun ömrü boyu çox bərkdən-boşdan çıxmışdı… Çox zərbələr almış, çox qara qışları yola vermişdi… Amma indi dərdin rəngi fərqli idi; 75 yaşlı Tokay, 5 yaşlı Tokay. Üzücü gecələrdə vurnuxanda həm də özünü ona görə qınayırdı ki, bəlkə dərd gələndə ünvanı çaş-baş salıb, 75 yaşlı qocanın əzabını 5 yaşlı uşağa verib?

Təzədən alışdırdığı qəlyanından dərin bir qullab vurub qapıya qulaq kəsildi. Uşaq sərçə balası kimi civildəyirdi. Bir azdan civiltilərin yerini əzablı ağrıların qovurduğu iniltilər tutacaqdı. Yenə göz yaşları, yenə ah-vay, Mürsəlovların ürəyini üzüb əldən salan növbəti səhər belə açılacaqdı. Belə vaxtlarda baba Tokay baş götürüb evindən gedər, bir də qaş qaralanda ayaqlarını sürüyə-sürüyə qayıdardı. Bu gün isə həmişəki tərzini pozmalı olacaqdı. Axı bu gün əsas gün idi. Həkimlər son söz deməliydilər – ya bu yanlıq olmalıdı, ya da… Kişi ürəyinə daman pis şeyi bacardıqca özündən kənar tutmağa çalışırdı. Ya da nə? Oyanlıq?! Yox, heç vaxt, oyanlıq ola bilməz. Tutalım bu dağı bəndə götürdü, bəs Allah necə götürəcəkdi?!

Telefon zəngi fikirlərini yarımçıq qırdı. Yəqin Təbrizdəndi! – ilk ağlına gələn bu oldu. Elxan qaranəfəs özünü dəhlizə atanda telefon susdu.

- Kimiydi görəsən – kişi soruşdu – indi Təbrizdə saat neçədi ki?

- Bizdən daladılar? Yox, indi orda xoruz banlamaz. Yəqin kimsə səhv düşüb – oğlu dilləndi və bayaqkı kimi keçib atasıyla üzbəüz oturdu.

- Neyləyir?

- Sayıqlayırdı… Həmişə belədi də, sol böyrü üstə çevrilən kimi sancısı tutur. Uşağı necə başa salasan ki, sol tərəfə çevrilmə.

- Ümid Təbrizə qalıb. Nəhayət Təbrizdən xoş xəbər eşitsəydik ürəyimiz yerinə gələrdi.

- Allah ağzından eşitsin, ay ata!

Təzə-təzə uşağın sancıları başlayanda ciddiyə almamışdılar. Sahə həkimi orasını-burasını yoxlayıb «gül kimidi, heç nəyi yoxdu» demişdi. Bu şoqərib sancıların elə alçaq xasiyyəti varıydı ki, ağ xalatlı görəndə tısbağa qınına çəkilən kimi yox olurdular. Ağrılar balaca vücudunu təpədən-dırnağa sarmağa başlayanda üz tutduqları ilk klinikadan aldıqları cavab elə də bəd olmamışdı; neçə-neçə tanış-bilişə ağız açandan sonra nəhayət qəbuluna düşdükləri həkim heç müayinəyə də ehtiyac görməmişdi: «Niyə özünüzə əl qatmısınız, balam, uşağın böyrəklərinə bekara soyuq olub, dərman yazacağam keçib-gedəcək». Bu sözləri deyən həkimin o qədər nurlu, alicənab görkəmi var ki, adama elə gəlirdi ən sağalmaz xəstəliyə tutulsan belə, dava-dərmana ehtiyac qalmazdı, eləcə bu nurlu simaya bax, bir-iki kəlmə kəs, yetərdi. Resepti yazandan sonra həkim dönə-dönə tapşırmışdı ki, dava-dərmanı mütləq kirxayla üzbəüz aptekdən alsınlar, «Bakıda hər yerindən duran bir aptek açır, onlara ürəyim qızmır» - demişdi. Günlər-günə calanırdı… Balaca Tokayın sol tərəfindən qıyıq kimi batan ağrılar sir-sifətinin rəngini də dəyişmişdi, iştahadan kəsilən uşaq gözgörəti əriməkdəydi. Sonradan nurani həkimi nə qədər axtarsalar da, tapa bilmədilər, köməkçilərinin əzbərlədikləri bir söz vardı «professor xaricə konfransa gedib, nə vaxt qayıdacağı bilinmir». Sən demə gülərüz adam bizim həkimlərin professoru imiş…

Ata əriyib gedən gələcəyini xilas eləmək üçün hər şeyindən keçməyə hazır idi, elə keçirdi də… Uşağın müalicəsi üçün pul çatmayanda evini girov qoyub kredit də götürmüşdü, maşınını da satlığa çıxarmışdı. İstəsələr lap canını da verərdi…

Yenə klinikaların yolunu yağır eləməyə başlamışdılar… «Sağlam gələcək» klinikasında qara ciyərdən şübhələnmişdilər. «Sağlam həyat» klinikası uşağın dalağını qaralamışdı. «Sağlam yaşa» klinikası on iki barmaq bağırsaqda nəsə axtarmaq istəyirdi. Balaca Tokay sancılarının səngidiyi vaxtlarda beş yaşlı fəhmiylə başına gələnləri götür-qoy eləməyə, qavramağa çalışırdı. Hələ də çox şeylər ona qəribə gəlirdi, dünya gözünün qabağında sirr yumağına dönmüşdü. Hələ bir dəfə atasından soruşmuşdu, doğrudanmı həkimlərin hamısı ağ xalat geyinir. Atası gülümsəyərək başını tərpətmişdi. «Bəs onda niyə hərəsi bir cürə danışır?» Balacanın naqolay sualının qabağında çiyinlərini çəkib dayanmışdı.

Nəhayət su yoluna döndərdikləri iki klinikanın «Böyük ümid» və «Saf ruh» klinikalarının diaqnozları üst-üstə düşmüşdü: «Şiş var, özü də bədənindən…»

Həmin günü Elxan heç vaxt xatırlamaq istəməsə də, hər dəfə güzgüyə baxanda dərdin nişanələrini görməyə bilməzdi. Bir gecənin içində qara şəvə saçlarının qabağında ağ zolaq yaranmışdı. Dəhşətli xəbərin hikkəsi gənclik təravətini itirməmiş qara saçların üstünə tabaşirlə imza atmışdı. Artıq yubanmaq vaxtı deyildi. Saatın əqrəblərinin öz ritmi ilə irəliyə hərlənməsi getdikcə onların ümidlərini qısaldır, səbrlərini tükədirdi. Uşağı təcili xaricə aparmaq lazım idi. Xariclərin ən yaxını isə Təbriz idi. Bizim Təbriz… İndi xaric olan Təbriz… Əhdi kəsilənlərə qucaq açan Təbriz… «İmam Rza» xəstəxanasının həkimləri bütün müayinələrinə təzədən başladılar. Uşağın isə artıq heç nə eyninə deyildi. Bapbalaca ömrünün, ağrıları o qədər olmuşdu ki, artıq ağrıya öyrəşmişdi. Bədəni sızıldamayanda ona elə gəlirdi ki, nəsə salıb itirib, yalnız sol tərəfə çevrilən kimi küt ağrılar qovrula-qovrula boy verəndə hər şeyin yerində olduğunu anlayırdı.

«Həzrət Abbas haqqı, bu uşaq deyil, əjdahadı» - uzun-uzadı reseptlərə, körpə bədəninə yeridilən dərmanlara baxanda gözü kəlləsinə çıxmış Təbriz həkimləri elə belə demişdilər. «Ağa, bu qədər dərmanları bu yeyibsə, vallah əjdahadı». Onların qənaəti bir oldu – günah nə qaraciyərdə, nə dalaqda, nə də on iki barmaq bağarsaqdaymış. Uşağa böyrək çatışmazlığı diaqnozunu qoydular. Qəbul etdiyi dəxlisiz preparatların təsirindən onsuz da çatışmayan sol böyrəyi demək olar ki, sıradan çıxmaq ərəfəsindəydi. Təbriz həkimləri iki aya donor tapmağı və təcili əməliyyata götürməyi məsləhət görmüşdülər. Bu, xərçəngdən xoş xəbər olsa da, heç yaxşı da deyildi. Həkimlər donor işinin çətinliyini, amma mümkünsüz olmadığını dönə-dönə izah etmişdilər. Elxan özünün böyrəyini, lap ikisini birdən verərdi, amma həkimlər məsləhət bilməmişdilər. İki ayın günləri seyrəldikcə öləziyən ümidi dirçəltmək yalnız Təbrizdən gələn cavabdan asılı qalmışdı. Mürsəlovlar bu iki ayın səksəkədə keçən günlərinin hamısını telefonun yanında keşik çəkməklə yola verərdilər. Təki Təbrizdən gözlərimizin yaşını qurudan, dərdin canını alan xəbər gələydi.

Atasının qəlyanını sümürə-sümürə gözlərini qırpmadan telefona zillədiyini görüb – inanma, səhər o başdan zəng eləsinlər, - dedi.

- Təbriz ürəyimizi üzdü, ay bala – kişi dilləndi.

- Çox qəribədi, ağlıma gəlməzdi ki, nə vaxtsa Təbrizə həkim yanına gedərik.

- Elə bilirsən mənim ağlıma gələrdi, heç yuxuma da girməzdi.

- Bəs nə oldu birdən-birə, Təbriz də Azərbaycan deyilmi?

- Kim deyir birdən-birə oldu? Kitablar yazır ki, ötən əsrin əvvəlində o taydan gələnlər Bakının neft mədənlərində fəhləlik edərmişlər. Sonra sovet hökuməti gəldi, aradan 70 il ötdü. İndi biz uşağımızı götürüb Təbrizə, həkim yanına gedirik. Bax, hər nə oldusa, həmən o yetmiş ildə olub.

Elxan eləcə başını tərpətdi. Artıq səhər saat səkkiz olmuşdu. Mürsəlovların bütün səksəkəli səhərləri bir-birinə oxşayırdı: ata-bala televizorda xəbərlərə baxar, iştahasız, könülsüz ala-yarımçıq səhər yeməyindən dadıb tez də evdən çıxardılar. Telefona keşik çəkmək növbəsi anaya və nənəyə keçərdi…

Bütün televiziyalar səhər xəbərlərində eyni şeydən danışırdılar - İraqdakı partlayışlar, Suriyadakı bombardmanlar… Ölənlər arasında bir-birindən məsum, bir-birindən şirin nə qədər uşaq varıydı. Bəlkə də çoxusu Tokay yaşdaydı. Bəlkə də bağçada, əyri-üyrü səkilərdə gizlənpaç oynayırmışlar… «Alma desəm gəl, armud desəm gəlmə…». Birdən göy üzünü alov bürüdü, qırmızı bir ləkə… və hər şey heç nə oldu. Elxanın gözü uşaq cəsədlərinə sataşanda özündən asılı olmayaraq pıçıldadı: «gör nə qədər böyrək tökülüb küçələrə…» Atası onun pıçıltısını göydə tutdu, sadəcə özünü elə göstərdi ki, guya eşitmədi.

Əslində həmin məqamda o da eyni şeylər haqda düşünürdü. Günlər uzandıqca donorun tapılacağıyla bağlı babanın şübhələri artırdı. Kim öz uşağının, lap elə özünün böyrəyini başqasına verər? Nə qədər pul verirsən ver, axı bu, ürək məsələsidi. Dünyanın hansısa tərəfində yerləşən Azərbaycan adlı ölkədə balaca Tokayın yaşaması üçün balasının böyrəyindən kim keçər, kim? Bunun üçün ürək lazımdı! Baba hər dəfə ürək söhbətinə çatanda susurdu. Daha heç nə düşünə bilmirdi. İndi uşaq meyitlərinə baxa-baxa onun da beynindən oğlunun pıçıldadığı fikirlər boy göstərməyə başlamışdı. Doğrudan da küçədə nə qədər böyrək tökülüb qalmışdı. Bunu eləmək üçün isə artıq ürək lazım deyildi, gərək ürəksiz olaydın, cahil olaydın, iblis olaydın…

Telefon yenidən zəng çaldı. Dəstəyi götürəndə Elxanın ağarmış sifətinin donu qəflətən açıldı. Doğma, şirin ləhcənin ilıqlığı gözlərini yaşartdı. Bakıda qaldırılan dəstəyin o biri başında Təbriz idi. Atası Elxanın kəkələməsindən bir şey anlamasa da, göz yaşları çox şeydən xəbər verirdi. Bəlkə, Allah eləməmiş… Kişi nigaran baxışlarını oğlunun üzündən çəkə bilmirdi. Düzdü, Elxanın çöhrəsindən təbəssümə oxşar nəsə sezilirdi, amma həm də ağlayırdı. Deyəsən donor tapılmışdı axı…

- İraqdanmı tapıldı, başına dönüm? – kişi əlini hələ də uşaq meyitləri ilə dolu dəhşət səhnələrini göstərən televizora sarı uzatdı.

Elxanın dili tutulmuşdu. Yavrusu yatağa düşəndən bircə kəlmə ürəkaçan şey eşitməmişdi. Yaxşı sözlərin hamısını yadından çıxarmışdı. Atası sualları yağdırır o, isə başını bulayırdı.

- Suriyadanmı tapıblar? – kişi soruşdu.

Elxan yenə də başını buladı. Handan-hana özünə gəlib dilləndi:

- Hollandiyadan, - dedi və atasının hansı sualı verəcəyini duyaraq tez də əlavə etdi – yox ata, orada böyrəkləri küçəyə tökmürlər. Təbriz doxturu dedi ki, Avropadakı həmkarları tapıblar. Sözün açığı yaxşı başa düşmədim, deyəsən kiminsə uşağını maşın vurubmuş, zavallını yaşada bilməyiblər. Böyrəyi verməyə valideynləri özləri razı olublar. Hə, deyəsən belə dedi...

- Allaha and olsun, bunun üçün ürək lazımdı e, ürək! Gərək o avropalı həkimlərə deyəydi ki, bizə də o ürəkdən göndərsinlər…

Elxan atasının sözlərinə qulaq asa bilmədi. Balaca Tokayın yatdığı otağa cumdu. Kişi qəlyanına dərin qullab vurub elə hey təkrar eləyirdi: «bizə də o ürəkdən göndərin…».

Avqust 2013
XS
SM
MD
LG