-
19 noyabr medianın icmalı
Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev yenidən Avropa Şurasının bəzi qurumlarına şikayət edib. Toğrul Babayev «Media forum» saytına açıqlamasında deyib ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin İnsanovla bağlı qərarını icra etməyib: «Ali Məhkəmənin Plenumunun qərarından Avropa strukturlarına şikayət etmişik».
Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev yenidən Avropa Şurasının bəzi qurumlarına şikayət edib. Toğrul Babayev «Media forum» saytına açıqlamasında deyib ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin İnsanovla bağlı qərarını icra etməyib: «Ali Məhkəmənin Plenumunun qərarından Avropa strukturlarına şikayət etmişik».
Vəkil Babayev noyabrın 18-də həbsxanada sabiq nazirlə görüşüb. İnsanovun Ali Məhkəmə Plenumunun qərarına münasibəti belə olub: «Mən rahat və nikbinəm. Azərbaycan hakimiyyəti mənimlə açıq mübarizə aparır. Mən də bu mübarizədə sonadək varam. Mövqeyimi Həzrət Əlinin bir fikri ilə çatdırmaq istəyirəm: «Qaçanı qovmayacam, üstümə gələnin qabağından qaçmayacam». Qoy ədalət bərqərar olunsun».
«DEMOKRATİYA BÖHRANI İLƏ ÜZ-ÜZƏ»
«Azadlıq qəzeti» 19 noyabr buraxılışında AŞPA-nın Azərbaycan üzrə keçmiş məruzəçisi Andreas Grossun «The Ukrainian Week» jurnalında yayılan «Demokratiya böhranı ilə üz-üzə» məqaləsini dərc edib. Müəllif yazır ki, bir çox ölkələrdə demokratiya elementləri geriləyib:
«İctimai debatların keyfiyyəti aşağı düşür və böyük mətbuat daha çox qalmaqallara diqqət yetirir. Milli demokratiyalar bazar subyektlərinə çevrilir və onları düzəltmək çox çətindir. Partiyalar getdikcə cəmiyyətin daha az hissəsini təmsil edir. Məhz bu səbəbdən çoxları demokratiya böhranından danışırlar. Hətta bəziləri yazır ki, «biz post-demokratik dövrə gəlib çatmışıq, artıq demokratiya real deyil». Əlbəttə, bu əzabvericidir. İndi biz onu necə bərpa etmək problemi ilə üz-üzəyik. Seçkilər demokratik palitranın böyük komponentidir. ATƏT-ə üzv olan 57, eləcə də Avropa Şurasının üzvü olan 47 dövlətin bir çoxunda demokratiya zəifdir. Çünki seçki prosesi pisdir. Nəticədə həmin ölkələrdə siyasi hakimiyyət legitim deyil. Tez-tez hakimiyyətdən sui-istifadə olunur, çəkinmədən insan hüquqlarına, əhalinin maraqlarına hörmətsizlik edilir».
«İRANLA SƏRHƏDDƏ GƏRGİNLİK DAVAM EDİR»
«Yeni Müsavat» qəzeti 19 noyabr sayında «İranla sərhəddə gərginlik davam edir» adlı reportaj dərc edib. Məqalədə Biləsuvarda sərhəd-keçid məntəqəsindəki vəziyyət təsvir olunur:
«İki gündür davam edən gözləmə yük maşını sürücülərin əsəblərini tarımar edib. Sürücülər bu səhər keçid məntəqəsinin qarşısında toplaşaraq yük maşınlarının buraxılmasını tələb ediblər. Sürücülər yığışaraq keçid məntəqəsinin açılmaması təqdirdə piket keçirəcəklərini bildiriblər. İran tərəfi sürücülərin etirazı ilə bağlı məlumat yayıb ki, yeni tətbiq olunan yük normasının tələbini yerinə yetirməyən maşınlar sərhəddən buraxılmayacaq. İran gömrüyündən bildirilib ki, 30 ton yük limiti yeni tətbiq olunduğundan sənədlərin hazırlanması ilə bağlı sərhəddə gecikmələr olub. Onlar azərbaycanlı sürücləri əmin ediblər ki, yaranmış problem tez bir zamanda həll olunacaq.
Sürücülər İran tərəfinin səsləndirdiyi fikirlə razılaşmırlar. Onların sözlərinə görə, 30 ton yük limiti təkcə Azərbaycan tərəfinə tətbiq edilir. İranlı sürücülər isə istənilən çəkidə olan yüklə Azərbaycan tərəfinə keçir. Sürücülər iddia edir ki, bu, sadəcə olaraq, İran tərəfinin düşünülmüş süründürməçilik siyasətidir».
«BAŞ BANKİR SOYĞUNÇULUĞA HAQQ QAZANDIRIR»
«Bizim yol» qəzetində «Baş bankir soyğunçuluğa haqq qazandırır» məqaləsində ölkədəki kredit siyasətinə toxunulur. Mərkəzi Bankının sədri Elman Rüstəmov bank faiz dərəcələrinin yüksək olmasının problem yaratmadığını deyir. O bildirir ki, əgər bu gün banklar bu faizlərlə kredit verirsə, deməli buna tələbat var. «Bizim yol»un əməkdaşı isə iqtisadçıların kredit faizlərinə münasibətini öyrənib:
«İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, vətəndaşların ucuz kreditlərə əlçatanlığı çox aşağı səviyyədədir: «İnsanlar yüksək məbləğdə vəsaitlər ala bilmirlər. Ən yaxşı halda bir neçə on min manat götürə bilirlər. Hər bir ölkənin iqtisadiyyatının əsas özəyini kiçik və orta sahibkarlıq təşkil edir. Bu gün kiçik və orta sahibkarlıq sübyektlərinin kifayət qədər kredit əldə etməsi çox çətindir. Habelə, əldə edə bildikləri az həcmdə kreditlər ucuz deyil. Ucuz kreditlərə çıxış ölkə iqtisadiyyatının inkişafına təkan verən amillərdir. Orta sahibkarlıq bilərəkdən sıradan çıxarılır və müəssisələrin böyüməsi prosesi gedir. Rəqabət mühiti pozulduğuna görə bu, kreditlərin verilməsinə də təsir göstərir».
«RADİKAL MÜXALİFƏTİN «YORĞAN DAVASI»»
«Yeni Azərbaycan» qəzeti «Radikal müxalifətin «yorğan davası»» sərlövhəli yazıda «8 min dollarlıq» borc məsələsindən yazıb. Müəllif yazır ki, hər seçkidən sonra olduğu kimi yenə də radikal düşərgə partiyaları dartışmaya başlayıblar: «Seçkidən öncə «müttəfiq» elan etdiklərini seçkidən sonra «müttəhimə» çevirmək isə radikal düşərgənin köhnə adətidir. Antimilli qüvvələrin sifarişlərini həyata keçirən, ermənipərəst dairələrin xidmətçisinə çevrilənlər seçki bitən kimi «mənim bir abbasım hara getdi» deyib səs-küy salırlar. Əslində, onlar bununla da öz kimliklərini, simalarını açıb növbəti dəfə cəmiyyətə nümayiş etdirirlər».
«ƏKS-SƏDA»
Azərbaycan qəzetin «YAY!» Qalereyasında Mahmud Rüstəmovun «Əks-səda» adlı fərdi sərgisindən yazıb: «Mahmud Rüstəmovun Bakının sakit həyətlərindən birində böyük olmayan emalatxanasında yaratdığı heykəltəraşlıq əsərləri sonradan Avropanın muzey və fərdi kolleksiyalarına daxil edilir. Ustad sənətkarın əsəri Sotbis Hərrac Evinin 2013-cü ildə Londonda təşkil etdiyi «Yolayrıcında» (At the Crossroads) sərgisində zəngin kolleksiyaçı tərəfindən satın alınıb. «Əks-səda» sərgisində ekspozisiya məkanı iki müxtəlif mənalı sahələrə - tunc və mərmər sahələrinə bölünüb.
Heykəltəraşın yaratdığı əsərlər kəskin şəkildə gözəl olan zərif erotizm və özünütənqidlə doludur.
Kövrək mərmər, üzərindən qara rezindən olan müəmmalı çiçəklərin çıxdığı dairəvi, demək olar ki, qadın tək zərif formalar... Lakin kim isə bu təhlükəli çiçəkləri daha çox zərif ağ mərmər vücudu parçalayan vəhşi quşun iti caynaqlarına bənzədə bilər. Tikan və qızılgül bir-birindən ayrılmazdır. Soyuq təmkin şiddətli ehtirasla birgə mümkündür. Təbii mahiyyət genetik mühəndisliyin təntənəsi ilə birgə addımlayır - heykəltəraşın əsərləri bu tərzdədir. Onlara nəzər saldıqda içimizdə belə bir sual meydana gəlir: "Qarşımızda dayanan kimlərdir - bədən və qandan ibarət məxluqlar, yoxsa möhtəşəm biorobotlar?
Kövrək mərmər, üzərindən qara rezindən olan müəmmalı çiçəklərin çıxdığı dairəvi, demək olar ki, qadın tək zərif formalar... Lakin kim isə bu təhlükəli çiçəkləri daha çox zərif ağ mərmər vücudu parçalayan vəhşi quşun iti caynaqlarına bənzədə bilər. Tikan və qızılgül bir-birindən ayrılmazdır. Soyuq təmkin şiddətli ehtirasla birgə mümkündür. Təbii mahiyyət genetik mühəndisliyin təntənəsi ilə birgə addımlayır - heykəltəraşın əsərləri bu tərzdədir. Onlara nəzər saldıqda içimizdə belə bir sual meydana gəlir: "Qarşımızda dayanan kimlərdir - bədən və qandan ibarət məxluqlar, yoxsa möhtəşəm biorobotlar?