Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:08

Hökumət nurçuların kurslarını bağlayır


-
HÖKUMƏTİN PLANI


Türkiyədə Dərshanələr – universitetlərə özəl hazırlıq kursları yeni tədris ilindən olmayacaq. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın islamçı təmayüllü partiyası – AKP noyabr ayından etibarən hazırladıqları qanun layihəsi ilə bunu nəzərdə tutur.

Hökumətin planına görə, ali məktəblərdə hazırlıq üçün Türkiyədə çox geniş yayılan, az qala hər bir yuxarı sinif şagirdlərinin Universitetlərə qəbul imtahanına azı 1 il qalmış getdiyi məktəbdənkənar hazırlıq kursları, o cümlədən əlavə istedad tələb edən kurslar qapadılacaq.

Hökumət əmin etməyə çalışır ki, bu dərshanələrin qapadılmasının səbəbi ümumilikdə təhsil islahatı – orta məktəblərdə təhsilin keyfiyyətinin artırılmasıdır.

Ancaq eyni Ərdoğan hökuməti uzun illər dərshanələri müdafiə etdiyindən indi bu planların birbaşa təhsillə bağlı olmasına inananlar azdır.


DƏRSHANƏLƏR - GÜLƏN CAMAATININ MARAQ DAİRƏSİ

Türkiyədə dərshanə
Türkiyədə dərshanə
Səbəb isə odur ki, Türkiyədəki dərshanələrin və dərshanələrinin nəzdindəki yurtlar – yataqxanalar böyük əksəriyyəti Amerikada yaşayan nurçu camaatın lideri olan Fətulla Gülən davamçılarının nəzarətindədir. Bu dərshanələr uşaqlara 12 ildə məktəblərin öyrətmədiyi bilikləri verib, yüksək balla universitetlərə qəbul olma imkanı verməklə yanaşı, həm də dünya görüşlərinin formalaşdırılmasında iştirak edir, faktiki olaraq Tükiyə cəmiyyətində işıqlı gələcəyi olan tərəfdarlar ordusu qazanırlar.
Dərshanələrdə hazırlığın qiymətləri Anadoluda illik 1000 dollar, böyük şəhərlərdə isə 2000– 3000 dollar arasında dəyişir.

Dərshanələr həm hazırlığa görə pul alır, yəni Gülən camaatının maliyyə dayaqları möhkəmlənir, həm də istedadlı gəncləri öz tərəflərinə çəkə bilirlər.

Bundan öncə bu cür dərshanələri qapadılma zamanı adətən Türkiyədə mühavizəkarların hakimiyyətdə olduğu dövrlərdə, dindarlara qarşı olan generallar tərəfindən olmuşdu. Ancaq o zaman Fətulla Gülən hətta kurslar qapadılmasın deyə, onlara nəzarəti verməyə hazır olduğunu da bildirmişdi və məsələ həll olunmuşdu.

İndi isə, sonuncu dəfə noyabrın 24-də televiziya ilə çıxışında Ərdoğan açıqca vurğulayıb ki, bu yoldan dönməyəcəklər və iyun ayının sonunda dərshanələr bağlanacaq, yetərli imkanlara sahib olan kurslar özəl məktəblərə çevriləcək.


GÜLƏN TƏRƏFDARLARI NƏ DEYİR?

Fətulla Gülən
Fətulla Gülən
Noyabr ayı boyunca Gülən camaatının nəzarətində olan media orqanları – Saman Yolu televiziyası, Zaman qəzeti və internet saytlar ilk dəfə Ərdoğanı sərt şəkildə tənqid elədilər. Türkiyədəki dərshanələrin ittifaqları da hökümətin planlarına qarşı çıxır. Ötən həftə Təhsil naziri Nəbi Avcı ilə görüşü də nümayişkaranə şəkildə tərk edən dərshanə ittifaqlarının rəhbərləri bu cür təzyiqlərlə hətta Türkiyədə hərbi çevrilişlər edən generalların vaxtında da üzləşmədiklərini bildiriblər.

Amerikada olan Fətulla Gülən özü isə internetdə yerləşdirilən video çağırışında hökumətin bu qərarının ürəklərinə sancılan biçaq zərbəsi kimi qiymətləndirib.

Ərdoğan mediaya açıqlamalrında Gülən camaatının qəzet və televiziyalarında tənqid olunmasına sərt reaksiya verib. Bundan sonra Gülənə yaxınlığı ilə bilinən bir sıra nüfuzlu şəxslər hocalarının yeni çağırışlarını çatdırıblar. Gülənin tərəfdarlarını açıq qarşıdurmadan və “yollarımızı bağlayanların” yollarını bağlamaqdan uzaq durmağa çağırıb.


ERDOĞAN - CAMAAT DAVASININ SƏBƏBİ NƏDİR?

İslamçıların dəstəyi ilə hakimiyyətə gələn AKP hökumətinin indi nədən Gülən camaatına qarşı çıxması haqda isə şərhçilər deyirlər ki, əslində bu qarşıdurma yeni deyil.

Cemaatın içindən gələn Türkiyə Parlamentinin spikeri Bülənt Arıncın Baş nazir Erdoğanla olan öncəki fikir ayrılıqlarına da toxunan şərhçilərdən Hurriyyət qəzetinin yazarı Mustafa Akyolun fikrincə, hər şey əslində 2-3 il əvvəl başlayıb.

Öncə, Ərdoğanın İsrailin Mavi Marmara gəmisinə hücumuna görə Tel-Əvivlə diplomatik münasibətləri kəsməsi, anti-Qərb çağırışları zamanından.

Mustafa Akyol deyir ki, Fətulla Gülən davamçıları islamçı olsalar da, mərkəz sağçılara yaxınlıqları, Qərb tərəfdarı olmaqları və İsrailə qarşı normal münasibətləri ilə seçilirlər. Ərdoğan is artıq daha mühavizəkar islamçı roluna bürünüb.

Qarşılarında ciddi müxalifət gücləri də qalmadığından indi 10 il əvvəl yaranan bu ittifaqıın daxilində hesablaşmalar və yeni güc bölgüsü başlanıb. Gülənçilər Ərdoğanı hakimiyyətə gələndən sonra korlanmaqda ittiham edir, Ərdoğançılar isə Gülənçilərin dövlət içində dövlət kimi fəaliyyət göstərməsindən. Ancaq görünən odur ki, bu qarşıdurmanın nəylə sonuclanacağını növbəti bələdiyyə seçkiləri göstərə bilər.
XS
SM
MD
LG