Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:38

Ekspert qiymət artımı barədə: «Bu hələ başlanğıcdır»


İqtisadçı ekspert Qubad İbadoğlu
İqtisadçı ekspert Qubad İbadoğlu
-
3 dekabr medianın icmalı

“Media forum” saytı Tarif Şurasının benzin qiymətinin qalxması ilə bağlı eskpert rəyini öyrənib.

İqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, Tarif Şurası qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya onun nəticələrini ictimaiyyətlə bölüşmədən qiymət artımına qərar verib:

“Hesablamalar göstərir ki, Aİ-92 markalı avtomobil benzinindən istifadə edən sürücü yalnız gündəlik cari məqsədlər üçün ayda ən azı orta hesabla 32 manat, Aİ-95 benzinindən istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əməkhaqqının 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökumət 3 ay bundan əvvəlki 10 faizlik maaş artımını geri almağa başladı”.

Qubad İbadoğlu hesab edir ki, bu hələ başlanğıcdır. Onun fikrincə, Tarif Şurası tezliklə şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin qiymətini artıracaq. Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Tarif Şurasına daxil olub. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də qaldırılacaq.

BAŞQA SAHƏLƏRDƏ DƏ QİYMƏT ARTACAQ

Vahid Əhmədov
Vahid Əhmədov
Modern.az saytı isə benzinin bahalanmasına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun münasibətini öyrənib:

“Yanacağın qiymətinin təxminən 25 faiz artması başqa sahələrə də öz təsirini göstərəcək. Elə bir sahə yoxdur ki, orda yanacaqdan istifadə olunmasın. Başqa sahələrdə qiymət artmına mütləq təsir göstərəcək”-deyə V.Əhmədov vurğulayıb.

İQTİSADİ UĞURLARLA ZƏNGİN İL

“Azərbaycan” qəzeti 3 dekabr sayında “İqtisadi uğurlarla zəngin il” adlı məqalə yayımlayıb. Müəllif yazır:

“Dünya iqtisadiyyatında tənəzzül meyillərinin davam etdiyi, avrozonada və digər inkişaf etmiş ölkələrdə iqtisadi artımın zəiflədiyi bir dövrdə, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev məqsədyönlü siyasi kursuna sadiq qalaraq 2013-cü ilin sentyabr ayından dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət orqanlarında çalışanların əmək haqlarını, pensiyaları, bir sıra müavinət və təqaüdləri orta hesabla 10 faiz artırıb.

Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bunlar isə Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməli işdə gerçəkləşdiyini birmənalı təsdiqləyir.

MOLDOVA OMBUDSMANI: "KOMMUNİSTLƏR AVROİNTEQRASİYAYA QARŞIDIRLAR"

“Yeni Müsavat” qəzeti Moldova ombudsmanı Aureliya Qriqoriunun minval.az saytına verdiyi müsahibəni yayımlayıb.

Moldova Kommunist Partiyasının ölkənin Avropa Birliyi ilə assosiativ üzv sazişini imzalamasına qarşı çıxması ilə bağlı sualı Aureliya Qriqoriu belə cavablandırıb:

”Mən birmənalı deməzdim ki, kommunistlər avrointeqrasiyaya qarşıdırlar. Çünki bu proses məhz kommunistlər hakimiyyətdə olduğu dönəmdə başlayıb və xeyli irəliləyib. 8 ildir ki, bu proses gedir. İndi isə onun əleyhinə çıxış edirlər. Onların yeganə tələbi odur ki, xalqın razılığı olsun.

Ombudsman daha sonra deyib: “Avropa dəyərləri nə ilə bağlıdır? İnformasiyalara çıxışla, insan haqları və azadlıqlarla. Əgər biz bu barədə danışırıqsa, o zaman sadalananlar gerçəkdə də olmalıdır və imzalanan sənədlər haqda bütün xalq məlumatlandırılmalıdır.

Bəli, bu, onların siyasi iradəsidir. Və bu iradə xalqla bağlıdır. Axı həmin sənədləri imzalayanlar xalqı təmsil edirlər. Prinsipcə, mən bunu irəliyə addım sayıram. Bizdə çoxlu sayda insan paralel olaraq bir çox Avropa ölkələrinin vətəndaşıdırlar. İkili vətəndaşlıq haqda qanun buna imkan verir.

Bu və ya digər Avropa ölkəsinin vətəndaşı olmaqla sən istər-istəməz Avropaya inteqrasiya edirsən. İmzalanan sənədlər Moldovaya Avropa ailəsində oturuşmaq imkanı verəcək”.

«BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ HƏR İL QEYD OLUNUR, AMMA HEÇ NƏ DƏYİŞMİR»

Arxiv foto
Arxiv foto
“Bizim yol” qəzeti bugünkü sayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzindən reportaj hazırlayıb:

“Mərkəzin həyətində əlil arabasında dolaşan fiziki məhdudiyyəti olan vətəndaşa yaxınlaşdıq. Birinci qrup əlildir, Sumqayıt sakinidir. Bir müddətdir ki, burda müalicə alır. Deyir ki, əlillərin qayğısına qalmalı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə araba ilə daxil ola bilmir, çünki araba ilə hərəkət üçün səki, pandus yoxdur. Gör indi başqa dövlət qurumları necədir də”.

“AZƏRBAYCAN NATO VƏ YA AB İLƏ ÜZV KİMİ TƏRƏFDAŞ KİMİ DAVRANIR”

Yap.org saytı Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Vilnüs sammiti ilə bağlı fikirlərini yayıb:

Siyavush Novruzov
Siyavush Novruzov
“Vilnüs sammitində Azərbaycanın yeganə ölkə olaraq Avropa İttifaqı ilə yalnız tərəf müqabili kimi razılaşmaya şərtsiz imza atması dövlətimizin, Prezidentimizin güclü iradəsindən xəbər verir.

YAP İcra katibinin müavini qeyd edib ki, Avropa İttifaqı vahid dövlət sisteminə çevrilməyə doğru gedir, ona görə də bəzi dövlətlər müstəqilliyinin bir hissəsindən keçərək bu qurumun tərkibinə daxil olurlar:

«Azərbaycan isə istər NATO, istərsə də Avropa İttifaqı kimi qurumlarla üzv kimi yox, tərəfdaş kimi müstəqil fəaliyyət göstərmək xəttini götürüb ki, bu balanslaşdırılmış siyasətin də əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bizim kimi kiçik dövlətlərə nəzər salsanız, görərsiniz ki, bizim bu cür məqamlarda belə müstəqil siyasət yürütməyimiz Azərbaycan Prezidentinin qətiyyətinin nəticəsidir. Fikir verin, bizim kimi ölkələrin çoxu açıq şəkildə bəyan edirlər ki, onlara qarşı təzyiqlər var və bu təzyiqlərə dözə bilmirlər. Amma bu təzyiqlərin bəlkə də iki-üç dəfə artığı bizə var, amma nə qorxuruq, nə də çəkinirik. Bərabərhüquqlu tərəfdaşlıq əsasında öz xalqımızın, dövlətimizin maraqlarını təmsil edirik”.
XS
SM
MD
LG