Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:16

QİSMƏT. Filip Larkin: acı-acı gülmək


QİSMƏT
QİSMƏT
-

Bu qoca axmaqlar bu günə necə düşdükləri haqqında
nə düşünürlər? Ağızlarının suyunu axıtmağı,
tumanlarına işəməyi və səhər yanlarına kimin gəldiyini
xatırlamamaqlarını yetkinlik sayırlar?



QİSMƏT


PHİLİP LARKİN: ACI-ACI GÜLMƏK


Müharibədən sonrakı ingilis poeziyasının ən böyük nümayəndələrindən olan Philip Larkin (Filip Larkin) şeirlərindən birində gələcəkdə bioqrafiyasını yazacaq adamı təsəvvür edib belə yazır:

“Kondisionerli otağında oturacaq, ayağını ayağının üstünə atacaq və deyəcək ki, bu eşşək oğlu eşşək bir ilimi alacaq yəqin, Tel-Əvivə getmək istəyirdim, amma pul lazımdı, bu oğraşın həyatını yazım qurtarım, sonra iki semestrlik icazəm hazırdı – Üsyan teatrını araşdırmaq üçün.”

Ömrünün sonuna qədər kitabxanada işləyən Larkin, həm o dövrün araşdırmaçı konyukturası ilə, həm də özü ilə rahatca zarafatlaşır.

Şeirin son bəndində Larkinin xəyali bioqrafı Koka-Kola aparatına tərəf gedərkən dostunun “Bu Larkin necə adamdı?” sualına belə cavab verir: “Əşşi o belə qəribə tiplər var e, xəstəfason klassik tiplərdəndi. Başına heç nə gəlməmiş, durduğu yerdə gicləyən, başa düşdün də, doğuşdan taleyi gətirməmişlərdən.”

Filip Larkin 1922-ci ildə Koventridə dünyaya gəlib, litseyi də orda bitirib. Müharibə illərində səhhətində problem çıxdığı üçün əsgərliyə çağrılmadı, Oksfordda təhsil aldı. 1943-cü ildə ali məktəbi bitirəndən sonra, İngiltərədəki və İrlandiyadakı əyalət universitetlərinin kitabxanalarında işlədi. 1955-ci ildə Hull Universitetinin kitabxanasına müdir təyin edildi və 1986-cı ildə öləndə hələ də həmin kitabxananın müdiri idi.

Qəribədir ki, Larkin universitet illərində sonradan məşhur romançı olan dostu Kingsli Amislə birgə yazmaq işini tamam qeyri-ciddi şey hesab edir, daha çox caz dinləyir, fantastik-detektiv ədəbiyyat oxuyur, populyar mədəniyyətə maraq göstərirdilər, amma bir yandan da özləri yazırdılar.

Sonradan ingilitərənin ən böyük şairlərindən biri sayılacaq Larkin romançı olmaq istəyirdi, şeiri əlavə məşğuliyyət sayırdı. (ardı aşağıda)

Philip Larkin
Philip Larkin


Oxfordda oxuduğu illərdə Larkinin bir neçə şeiri gənc şairlərin müharibə illərində yazdığı şeirlərdən ibarət poeziya antologiyasına düşür, sonra həmin antologiyanı çap edən naşir ondan ayrıca bir şeir kitabı hazırlamasını istəyir.

1945-ci ildə əksəriyyəti adsız olan, eləcə rəqəmlərlə işarələnmiş qısa şeirlərdən ibarət “Şimal gəmisi” (The North Ship) adlı kitabı dərc olunur.

Larkin və ölənə qədər ən yaxın dostu olan Amis düşünürdülər ki, Yeats, Pound və Dylan Thomas kimi şeirləri gündəlik həyatdan çox uzaq düşüb, çox qapalı və hədsiz “ədəbi”dirlər, amma qəribədir ki, Larkinin ilk şeir kitabı başdan ayağa Yeats təsiri ilə doludur.

İlk şeir kitabından sonra, 1946-cı ildə Larkin “Jill” adlı avtobioqrafik bir roman nəşr etdirir, roman qaradinməz Oksford tələbəsi John Kemp-dən bəhs edir.

Bir il sonra, 1947-ci ildə Larkin “Qışda bir qız” (A girl in winter) adlanan, İngiltərəyə mühacir kimi gəlmiş Katherine Lindin özgələşməsindən bəhs edən ikinci romanını nəşr etdirir.

Larkinə o vaxtlar gələcəyin böyük romançısı baxırdılar, amma sonralar indiyəcən müəmma kimi qalan səbəblərə görə Larkin nəsrdən uzaqlaşır və “XX şeir” adlı balaca bir kitab dərc etdirib o dövrün məşhur yazıçılarına göndərməyə başlayır. Bu da onu göstərir ki, artıq özünü bir şair kimi təsdiq etdirmək istəyirdi.

Həmin iyirmi şeirdən 13-ü başqa şeirlərlə birgə 1955-ci ildə “Daha az aldanan” (The Less Deceived) adlı şeir kitabında dərc olunur. Bu kitabla birgə Larkin öz həqiqi şair səsini tapır və sonraları on ildən bir çap etdirdiyi kitablarında tamam özünəməxsus bir yol yaradır.

50-ci illərdə Larkin o dövrün qabaqcıl ədəbi dalğalarından sayılan “Hərəkat”ın (Movement) öndə gedən simalarından olur. Poeziyada digər önəmli təmsilçiləri Kingsley Amis, Donald Davie, John Wain və D.J. Enright olan bu dalğanın tərəfdarları deyirdilər ki, Yeats, Eliot, Pound və Dylan Thomas kimi şairlər soy-kök etibarilə ingilis olmadıqları kimi, həssaslıq baxımından da ingilis deyillər. “Hərəkat”ın təmsilçiləri qapalılıqdan, “intellektualizm”dən qaçan, gündəlik həqiqətlərə və ənənəvi formalara sadiq qalan, hissdən daha çox formaya və mənaya üstünlük verən, kökləri Thomas Hardy-yə gedib çıxan daha “yerli” şeiri müdafiə edirdilər.

Adıçəkilən şairlərlə “Hərəkat”ın nümayəndələri arasında düşmənçilik uzun çəkir, belə ki, 1973-cü ildə Larkinin tərtib etdiyi “XX əsr Oksford poeziya antologiyası”nda Eliotun şeirləri candərdi, xala-xətrin qalmasın verilir. Kingsley Amisin 1986-cı ildə dərc olunan sonuncu romanı (və ən yaxşı hesab edilən romanı) “Qoca şeytanlar”da (The Old Devils) dəhşətli ironiya obyekti olan Uelsli şair Brydan obrazının Dylan Thomasa çox bənzəməsi də düşmənçiliyin nə qədər uzun çəkməsinə sübutdur.

Amma ümumən götürəndə, “Hərəkat”dan Larkin və Amisdən başqa qalıcı nəsə yaradan kimsə çıxmır.

Çağdaşı Ted Hughes daha çox Beowulf-Shakespear-Milton-Wordsworth-Lawrence həlqəsinin davamı olduğu kimi, Larkin də üzdən Hardy-yə bənzəsə də, kökləri etibarilə Chaucer-Jonson-Dryden-Pope-Swift xəttinin davamçısıdır.

Larkinin şeirləri pessimistdir. Tənqidçi Terry Whalen yazır ki, “Daha az aldanan” kitabı “Gənc bir xanımın foto-albomuna misralar” şeirilə açılır, “Aldanışlar”la inkişaf edir və “Təqaüdçülər”lə bitir. Kitabın bu ardıcılığı gəncliyin ümid dolu, enerjili çağından sonra gələn iztirab, xəyal qırıqlığı, ümidsizlik, sonda isə ölüm ərəfəsindəki ahıllığı əks etdirir. Sonrakı kitablarında da bu ardıcıllıq aydın görünür.

Tipik Larkin şeiri əldən çıxmış fürsətlər, yaşanmamış xoş günlər və yaşanıb natamam hesab edilən şəxsi təcrübələr haqqında olur. Amma bütün bu pessimizmin içində mütləq qəhqəhə, ironiya, gülüş var və bu ironiya, sarkazm, gülüş ömrün ötəriliyi, faniliyi haqqında yazılan gözəl şeirləri sıradan, adi olmaqdan çıxarır, onları çoxqatlı edir.

Kingsley Amis 1976-cı ildə Larkini Londonda ziyarət edir və axşamüstü şam yeməyinə gedəndə taksidə soruşur ki, “Necə fikirləşirsən, Nobel üçün ümid var?”. Larkin cavab verir: “Yox, keçdi artıq. Mən də fikirləşirdim ki, onu mənim kimi heç nə yazmayan, heç nə etməyən, heç nə deməyən bir şair üçün saxlayırlar yəqin. Amma görmədin keçən il mükafatı heç nə yazmayan, heç nə etməyən italyanın birinə verdilər. Artıq mənə verməzlər.”

Larkin 1975-ci ilin Nobel mükafatı laureatı, italyan şairi Eudjenio Montaleni nəzərdə tuturdu.

***

Larkinin seçilmiş şeirləri içindən seçib tərcümə etdiyim 6 şeir nümunəsi, ümid edirəm ki, ölkəmizdə tanınmayan bu böyük şairlə gecikmiş bir tanışlığa yaxşı vəsilə olacaq.

Larkin şeirləri heca vəznində yazıb, lakin mən tərcümədə daha çox ifadə olunan mətləbin çatmasına cəhd etdiyim üçün, ölçülərə, qafiyə sisteminə sadiq qalmadım. Şeirləri rusca və türkcə tərcümələrlə tutuşdururaq orjinaldan – ingiliscədən çevirdim. Bu mənada sözsüz ki, bu tərcümələrdə qüsurlar var, amma hesab edirəm ki, ilk tanışlıqdı deyə məni əfv edərsiniz.


Dünənki uşaq. (Sally Amis üçün) *

Qönçə,
mənim sənə arzulayacağım
başqalarının deyəcəklərindən fərqlidi,
gözəl olmaq,
ya da sevgi və məsumluq
bulağından qidalanmaqla bağlı
şablon şeylər deyil.
Hamı bunları deyəcək;
Eh, əgər gerçəkləşsə bunlar
deməli şanslı qız imişsən.

Amma gerçəkləşməsə, onda
arzumdur ki, adi ol,
sənin də başqa qadınlar kimi
üç-dörd qabiliyyətin olsun,
nə çirkin ol, nə gözəl,
tarazlığını itirməyinə səbəb olacaq
fövqəladə cəhətlərin olmasın,
özü bir işə yaramadığı kimi
başqa şeyləri də namümkün edəcək cəhətləri deyirəm.
Hətta məncə tamam quru adam ol,
əgər ustalıqla, həmişə ayıq olub,
lazımınca elastik olsan,
gözəbatmayan və heyranlıq hissi ilə
xoşbəxtliyi ələ keçirə bildin, bəlkə.

___________
*Uşağı olmayan Larkinin bu şeiri, dostu Kingsley Amisin qızı üçün yazılıb.İngilis şeirində kökü Coleridge, Yeats kimi şairlərdən gələn, “yeni doğulmuş uşaqlar üçün arzular” ənənəsindən gələn şeirdir.


Yaşamağa davam etmək.

Yaşamağa davam etmək – yəni təkrar etmək
oturuşmuş vərdişlərimizi, zəruri ehtiyaclarımıza görə –
Az qala həmişə nəsə itirmək, ya da heç nəsiz getmək.
Gah elə, gah da belə.

Ömür – bu maraq, saç və təşəbbüs itkisi –
hə, oyun poker olsaydı, vəziyyət başqa cür olardı,
bu kartları atıb, əlimizi yaxşı qurmağı bacarardıq !
Amma ömür şahmatdı.

Və insan yol gedib öz ağlının sərhədinə çatanda,
gördükləri bir yükləmə siyahısı kimi aydın olur.
dünyada bunlardan başqa sayılmalı nə varsa,
mövcud olmur.

Əlimizə keçən nədir ? Az qala, zaman keçdikcə,
bütün davranışlarımızdakı kor izi görmək,
izləyə bilmək onu geriyə - mənbəyinəcən,
Amma bu fikrə gəlmək,

o yaşıl axşamda, ölümümüz başlayanda,
baş verəndə bu, biz çətin razı düşək,
bilə-bilə ki, bir dəfə gəlir bu hər kəsin başına,
hamı tək olur öləndə, tək.


Pul.

Pul ildə dörd-beş dəfə məni danlayır yaman:
“Niyə məni yalandan cibində saxlayırsan?
Dadmadığın nə varsa, seks, ya da ki, başqa şey
Bir çek yazıb həll elə, nəyə lazım boş giley.”

Baxıram ki, özgələr pulla necə davranır:
Əlbət ki, onlar pulu sandıqlarda saxlamır.
Çoxunun iki evi, maşını, arvadı var:
Pul-həyat arasında nəsə var açıq-aşkar.

Ortaq yanları çoxdu, əgər diqqət etsəniz:
Cavanlığı təqaüdçü olanadək ertələyə bilməzsiz.
Və nə qədər altınıza yığırsız-yığın pulu qalaq-qalaq
Yığdığınız axırda təraşınıza da yaramayacaq.

Eşidirəm pulun nəğməsini. Geniş fransız eyvanlarından
baxmaq kimidi bu bir əyalət qəsəbəsinə, aşağıda olan:
kasıb məhəllələr, təmtəraqlı kilsələr uzanıb dəlicə
axşam günəşinin altında. Bu dəhşət kədərlidi məncə.


Hündür pəncərələr.

Küçədə bir cütlük görəndə,
təxmin edirəm oğlanın qızı qayırdığını və qızın
həbdən, ya da spiraldan istifadə etdiyini,
Bilirəm bu həmin cənnətdir

hər qocanın həyat boyu arzuladığı:
bütün adət-ənənələr bir yana atılıb
dəbi keçmiş kombayn kimi.
Gənclərsə atılıb-düşürlər, sürüşürlər

xoşbəxtliyə doğru. Əcəba məni görənlər də
deyiblərmi qırx il bundan əvvəl:
“Bax həyat budur !
Nə Allah qorxusu var, nə də qaranlıqda tərləmək

cəhənnəmi-zadı düşünüb, nə gərək var gizlədəsən
rahiblər haqqında nə düşündüyünü:
Onların nəsildaşları oturub o uzun xizəyə
sürüşüb gedəcəklər qanlı quşlar kimi”. Və tezcə

sözlər əvəzlənir hündür pəncərələrin görüntüsü ilə:
günəşi qucaqlayan şüşələr
və onların arxasındakı hava, mavi, dərin
heç nə gizlətməyən, heç yerdə olmayan, əbədi.


Qoca axmaqlar.

Bu qoca axmaqlar bu günə necə düşdükləri haqqında
nə düşünürlər? Ağızlarının suyunu axıtmağı,
tumanlarına işəməyi və səhər yanlarına kimin gəldiyini
xatırlamamaqlarını yetkinlik sayırlar?
Ya da nə bilim doğurdan inanırlar ki, qayıda bilərlər
ballarda səhərəcən rəqs etdikləri, evləndikləri və
çiyinlərində silah lotu-lotu gəzdikləri sentyabr günlərinə?
Yoxsa heç nəyin dəyişmədiyinə inanırlar doğurdan da,
belə şikəst, ya da sərxoş kimi kimi gəzərkən,
oturub işığın yer dəyişməsini izləyərkən keçən günlərdə?
Əgər belə deyilsə (ki ola bilməz) bunda nəsə qəribəlik var:
niyə qışqır-bağır salmırlar ?

Öləndə darmadağın olur insan, vücudunun bütün hissələri
hamıdan xəbərsizcə, fasiləsiz uzaqlaşır bir-birindən.
Bəli, bu həmin boşluqdur, çoxdankı tanış
amma ilk dəfə qarşımıza çıxanda, sürəkli axarı olan
bənzərsiz təşəbbüslə qarışıq,
məqsədi mövcudluğun milyon yarpaqlı gülünü bitirmək olan,
həmin tanış bir nöqtədə yox olmağa gedirdi.
Bu dəfə özümüzü aldadıb vəziyyətin əvvəlkitək olduğunun xəyalını qura bilmərik;
Bundan sonra heç nə olmayacaq. Və bunun ilk izləri
nəyin necə olduğunu bilməmək, kimsəni eşitməmək, seçim
qabiliyyətini itirməkdi. Aqibətlərinin pis olacağı hallarından bəllidi:
saçları külə dönüb, əlləri ziyil-ziyil, üzləri qırış-qırış –
həqiqəti necə görmürlər ?

Bəlkə də yaşlanmaq insanın beynində işıqlı otaqların
olmasına bənzəyir, o otaqların içində adları tam xatırlanmayan
tanışlar var-gəl edir ora-bura,
hamısı tanış qapıları açıb geri gələn itkinlərdi,
çıraq gətirən, pilləkənlərdə gülümsəyən, bir rəfdən
tanış bir kitabı götürən, ya da arabir elə otaqların
özü olan: skamyalar, sobadakı odunları yalayan alov,
pəncərəyə çırpılan kol-kos, günəşin anlaşılmaz dostluğunun
işıqlandırdığı bir divarı yenicə kəsmiş yağışın təmizlədiyi
səssiz bir yaz gecəsində. Bəli, orda yaşayırlar:
burda yox, o yerdə, bir vaxtlar hər şeyin baş verib bitdiyi yerdə.
Buna görə belədirlər.

Təəccüblü və fikirli halda, hələ də orda olmağa çalışaraq,
amma yalnız burda olaraq. Çünki uzaqlaşır get-gedə otaqlar,
çarəsiz bir üşümə və nəfəsalmanın bezginliyini tərk edərək
və onları yoxluğun başgicəlləndirici zirvəsində
tək qoyaraq. Bu qoca axmaqlar fərqində deyillər
onun yaxınlaşmasının, sakitlikləri buna görədi:
harda oluruq olaq gözümüzdən qaçmayan o təpə,
dırmaşılmağa başlanmış yamacdı onlar üçün. Heç başa düşmürlər yəni
nəyin onları geri sürüklədiyini ? Gecə vaxtı da anlamırlar ?
Özgələr gələndə də ? Tərsinə çevrilmiş qorxunc uşaqlığın
heç bir hissəsini dərk etmirlər yəni ?
Eybi yox, öyrənərik bir gün.


Sübh nəğməsi.

Günboyu işləyirəm, axşamlarsa içirəm, yüngülcə keflənirəm.
Səhərəyaxın dörddə dilsiz bir qaranlığa açıram gözlərimi.
Bir azdan pərdələrin arxasından gün doğacaq içəri, bilirəm;
Amma gün doğanadək bircə şey var gördüyüm:
Yorulmadan yol gələn əbədiyaşar ölüm, bir gün daha yaxındı,
Ölüm nə cürsə silir ağlımdakı hər şeyi
bircə fikrə toxunmur: görən harda, nə zaman, necə öləcəyəm mən.
Quruca sorğu-sual: amma ölüm dəhşəti
ölüb getmək, bir daha olmamaq həqiqəti
şimşək kimi parlayır dəhşətlə hey yenidən.

O şimşək parıltsı beyni iflic eləyir. Səbəb nə peşmançılıq –
edilməmiş yaxşılıq, yelə verilmiş zaman,
sevgini göstərməmək – nə də nigarançılıq.
Çünki yaman çətindi ömrü lap əvvəlindən yalan-yalnış yaşamaq,
və sonra xilas olmaq, bəzən alınmır qəti;
Lakin daha qorxuncdu mütləq heçlik dəhşəti,
yolumuzu gözləyən o mütləq yoxaçıxma,
əbədiyyən içində itəcəyimiz boşluq. Artıq burda olmamaq,
heç bir yerdə olmamaq,
Özü də çox yaxında: bu hər şeydən qorxuncdu, bu hər şeydən gerçəkdi.

Bu hisdə çox bənzərsiz, məxsusi bir qorxu var,
nömrə gəlib canını xilas edə bilməzsən. Buna cəhd etmişdi din,
o böyük, hər yanını güvələrin yediyi, musiqili zərxara
yaradılıb ki, bizi inandırıb, səsləsin əbədiyyət xülyasına,
və havada qalan bütün ağılsız düşüncələr, hansılar ki, deyirlər:
Deyin kim hiss etmədiyi şeydən bu qədər qorxa bilər?
Bilmədən qorxduğumuzun elə bu olduğunu: nə görüntü, nə də səs,
nə toxunuş, dadalma, nə də iybilmə, qoxu; qəti dərk etmək olmur,
sevmək, qovuşmaq olmur,
Bu hər bayılan kəsin bir də oyanmandığı narkozdu, əminəm mən.

Və beləcə baxış bucağımızın o tayında qalır,
kiçik, buz kimi soyuq, anlaşılmaz qaraltı
içimizdəki hər təkanı yavaşladıb qərarsızlığa çevirən.
Çox şeylər heç vaxt olmaya bilər, ölüm mütləq olacaq
və ölümü dərk etmək gur soba atəşitək
insanın üzünü yandırır - tənha olub sərxoş olmayanda.
Heç bir mənası yoxdu cəsarətli olmağın:
Başqalarını qorxutmamağa çalışmaqdı bu. Cəsur olsa da
heç kim qaça bilmir məzar aqibətindən.
Qabağında inləsək də, igidcə sinə gərsək də, ölüm eynidir həmişə.

Yavaş-yavaş güclənir işıq, otağın biçimi qayıdır özünə.
Bir garderob kimi dayanıb əvvəldən bildiyimiz
və hələ də bildiyimiz: qəti imkan yoxdu qaçıb getməyə,
qəbul də edə bilmirik: bunlardan birini tərk etməliyik biz.
Bu anda telefonlar pusqudadır, zəngə hazırdılar
qapıları kilidli ofislərdə və yavaş-yavaş hər şey -
bütün bu biganə, qarışıq, kirayə dünya hərəkətə gəlir.
Səma gil kimi ağdı, günəşdən iz də yoxdu.
Görüləsi iş çoxdu.
Poçtalyonlar həkimlər kimi gedirlər evdən-evə.
XS
SM
MD
LG