Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:47

Türkiyə ABŞ-ı Gülen-ə dəstəkdə ittiham edir


Türkiyənin baş naziri Tayyip Erdogan
Türkiyənin baş naziri Tayyip Erdogan
-
Türkiyənin baş naziri Tayyip Erdogan ölkəsinin korrupsiya ilə bağlı qalmaqalla üzləşməsinə görə “beynəlxalq qruplar”ı və “qara qüvvələr”i ittiham edib.

Reuters agentliyinin məlumatında deyilir ki, “bu qalmaqal Türkiyənin baş naziri ilə onu hakimiyyətə gətirmiş müsəlman ruhani lideri arasındakı ixtilafı gündəmə çıxarıb”.

İki nazir oğlu və dövlət nəzarətində olan “Halkbank”ın rəhbəri də daxil olmaqla 16 nəfər korrupsiyada şübhəli kimi həbs ediliblər.

Cənab Erdoğan korrupsiya həbslərini onun hakimiyyətini sarsıtmağa yönəlmiş “çirkin əməliyyat” adlandırıb.

Türkiyə liderinin baş verənlərdə, adlarını çəkmədiyi xarici səfirləri “təxribat əməllərində” ittiham etməsi ölkədə yaranmış qarşıdurmanı daha da kəskinlərşdirib.

Reuters yazır ki, bir sıra yerli və hökumətə bağlı media vasitələri, xüsusən “Halkbank”la əlaqədar hadisələrdə ABŞ səfirinin səhnəarxası rolu olduğuna işarə edirlər. Birləşmiş Ştatların Türkiyədəki səfirliyi bu kimi iddiaları rədd edib.

“Bu qurma işdə son dərəcə çirkli ittifaqların əli var” – deyib cənab Erdogan, - “onlar yeni Türkiyəni, böyük Türkiyəni həzm edə bilmirlər”. “Türkiyə hələ heç vaxt bu qədər mənəviyyatsız hücuma məruz qalmayıb” – deyib baş nazir.

Reuters agentliyi xəbər verir ki, Türkiyədə baş verən son hadisələr Erdogan və onun ölkə polisində və ədliyyəsində böyük nüfuzu olan keçmiş müttəfiqi Fethullah Gülen arasında hakimiyyət uğrunda mübarizəni əks etditrir.

Xəbər verilir ki, Türkiyədə korrupsiya ittihamları ilə bağlı həbslərdən sonra onlarca polis rəisi işlərindən kənarlaşdırılıb.

GÜLEN-İN QARĞIŞI

Hazırda ABŞ-ın Pensilvaniya ştatında könüllü sürgündə olan Gülen ötən cümə internet vasitəsilə yayınlanmış müraciətində əməlli-başlı qarğış yağdırıb:

“Oğrunu görməyənlərin, lakin oğrunu tutmaq istəyənlərin üstünə gedənlərin, qətli görməyənlərin, lakin günahsız insanları ittiham etməklə başqalarını ləkələməyə çalışanların qoy Allah evlərinə od salsın, evlərini yıxsın və tifaqlarını dağıtsın…”

Bu arada hələ də Gülen-in adını birbaşa qeyd etməkdən çəkinən baş nazir diqqəti ölkənin uğurlarına yönəltməyə çalışır. Həftəsonu etdiyi çıxışında baş nazir bəyan edib ki, o, 11 il əvvəl hakimiyyətə gələndə, ölkənin milli gəliri 230 milyard dollar idi, indi isə bu rəqəm 800 milyard dollara çatıb.

“Milli gəliri, korrupsiyalı bir ölkədə bu qədər artırmaq mümkündürmü?” – deyə sual edir Erdogan.

Reuters agentliyinin təhlilində qeyd olunur ki, hazırda Erdogan-ın hakimiyyətinə ciddi təhlükə yoxdur, lakin onun Gülen-in Hizmet hərəkatı ilə çarpışması mart ayında keçiriləcək seçkilərin nəticələrinə həlledici təsir göstərə bilər.

ƏSAS DÖYÜŞ MARTDA OLACAQ

Vaşinqton İnstitutunun Türkiyə Araşdırmaları Proqramının direktoru Soner Cagaptay deyir ki, “Türkiyədə həlledici siyasi mübarizə başlanıb. Ən acınacaqlısı isə budur ki, bu çarpışma hakim partiyanın öz sıralarında gedir”.

O deyir ki, bu çarpışmanın nəticəsi mart ayında Türkiyənin kommersiya paytaxtı İstanbul merinin seçkilərində bəlli olacaq.

Soner Cagaptay bu qənaətdədir ki, Gülen hərəkatı bu məqamda elektorata təsir qüvvəsindən yararlana bilsə, onda hakimiyyət solçulara keçə bilər.

“Digər tərəfdən Erdogan İstanbulda qalib gəlsə, o bu seçkidən Türkiyənin ən yeni tarixinin ən böyük siyasətçisi və Gülen hərəkatını məğlub etmiş bir fiqur kimi çıxacaq” – yazır Soner Cagaptay.

Reuters agentliyinin məqaləsində bildirilir ki, Erdogan indi ötən yay baş vermiş etirazlar zamanı olduğu kimi qəzəbini xarici qüvvələrə yönəldib.

“Bu günlərdə, nə qədər qəribə görünsə də, səfirlər bəzi təxribat hərəkətlərinə yol veriblər”, - deyib Erdogan – “Biz sizi bu ölkədə saxlamağa borclu deyilik”.

Bir sıra mənbələr ABŞ səfirliyinin guya “Halkbank”a qarşı yönəlmiş hərəkətlərini, bankın İranla sövdələşmələri ilə bağlı olduğuna işarə edirlər.

“BU ÖLKƏDƏN ÇIXIN”

Baş nazirin kəskin bəyanatlarından ürəklənən “Yeni Şafak” qəzeti baş məqaləsinə “Bu ölkədən çıxın” sərlövhəsi qoyub və məqalə ilə birlidkdə ABŞ səfiri Francis Ricciardone-nin fotosunu yerləşdirib.

Qəzet yazır ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ səfirini “persona non grata” elan etməyi planlaşdırır. Nazirlik bu xəbəri təkzib edib.

ABŞ səfirliyi mətbuatda yayımlanan bu kimi xəbərləri “yalan və böhtan” adlandlırıb.
Bu arada Türkiyə jurnalistlərinə polis idarələrinə daxil olmaq qadağan edilib.
Bu qadağanla bağlı Türkiyə Jurnalistlər Federasiyası kəskin bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, hətta 1980-ci ilin hərbi çevrilişi zamanı da jurnalistlərə bu cür qadağan tətbiq olunmayıb.
XS
SM
MD
LG