Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:38

2013-cü il insan haqlarına nə verdi?


Bakıda əsgər ölümləri əleyhinə aksiya - 10 mart 2013
Bakıda əsgər ölümləri əleyhinə aksiya - 10 mart 2013
-
2013-cü il Azərbaycanda insan hüquqlarının daha da məhdudlaşdırıldığı dönəm kimi yadda qaldı. Bu fikirdə olan hüquq müdafiəçiləri və tənqidçilər diqqəti ilin əvvəlindən vətəndaş cəmiyyətinə basqılara, prezident seçkiləri öncəsi təzyiqlərin daha da artdığına yönəldirlər.

HƏBSLƏR İLİ

2013-cü ilin ilk aylarında 10-dan çox siyasi fəal həbsə atıldı. NİDA-çı gənclər ölkədə iğtişaşlara səsləməkdə, qanunsuz silah saxlamaqda ittiham olundu. İsmayıllı etirazlarına görə saxlananların məhkəməsi hazırda davam edir. Həmin hadisələrə görə saxlanan REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublunun həbsi beynəlxalq ictimaiyyətin, hüquq-müdafiə qurumlarının qınağına tuş gəldi.

Dekabrın 16-da seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsi yerli və beynəlxalq hüquq-müdafiə qurumları tərəfindən pisləndi. O, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və seçkinin nəticələrini saxtalaşdırmaqda ittiham olunsa da, bu həbs Məmmədlinin ictimai fəaliyyəti ilə əlaqələndirildi. «Amnesty International» təşkilatı Anar Məmmədlini «vicdan məhbusu» elan etdi.

90 GÜNLÜK LİMİT

Dekabrın 17-də parlament «QHT-lər» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara dəyişiklikləri qəbul edib imzalanması üçün prezidentə göndərdi. Bu dəyişikliklər ölkədə ifadə və birləşmə azadlığının daha da məhdudlaşdırılması kimi dəyərləndirilir. Belə ki, Ədliyyə Nazirliyinin QHT-yə verdiyi qeydiyyat sertifikatına 90 günlük limit qoyulur, məhkəmələrə yerli və xarici QHT-lərin fəaliyyətini bir illiyə qadağan etmək hüququ verir, qeydiyyat sənədlərinə tələb olunan dəyişiklikləri etməyənlərə cərimələr tətbiq olunur və s.
facebook
facebook

Bu ilin martında QHT-lər haqqında qanuna edilən dəyişikliklər donorlarla rəsmi qrant müqaviləsi imzalamayan QHT-lər üçün əlavə inzibati tələblər qoydu və qeydiyyatsız QHT-lərin maliyyə əldə etməsini də məhdudlaşdırdı.

İFADƏ AZADLIĞI

2013-cü ildə diffamasiyaya görə cəzanın İnternetə aid edilməsi isə ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirildi. Bundan sonra bir bank işçisi internetdə həmin bankı tənqid etdiyinə görə məhkəməyə verildi, jurnalist Natiq Adilova «facebook» fəaliyyətinə görə xəbərdarlıq olundu.

2013-cü il daha bir neçə jurnalistə həbs cəzası kəsilməsiylə də yadda qaldı. «Tolişi-Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov 5 il azadlıqdan məhrum edildi, daha bir jurnalist Pərviz Həşimli MTN-nin istintaq təcridxanasında saxlanır.

azadxəbər.org saytının baş redaktoru Nicat Əliyevə 10 il cəza verilib. Hüquq müdafiəçiləri hazırda ölkədə 143 siyasi məhbusun olduğunu deyirlər.

MƏHDUDLAŞDIRICI DƏYİŞİKLİKLƏR

2 il öncə Milli Fəaliyyət Planı qəbul olunsa da, tənqidçilər bu planın əksər müddəalarının kağız üzərində qaldığını düşünür. Parlamentin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bu yaxınlarda AzadlıqRadiosuna müsahibəsində bunun əksini iddia edir, həmin plan çərçivəsində qəbul edilən sənədlərdən, mövcud qanunlara dəyişikliklərdən danışırdı. Ancaq «Hüquqi Maarifləndirmə» İctimai Birliyinin sədri İradə Cavadova bu sənədlərin də insan haqlarına töhfə vermədiyini, əksər dəyişikliklərin məhdudlaşdırıcı xarakter daşıdığını söyləyir:​
İradə Cavadova
İradə Cavadova

«Məsələn, əvvəllər QHT-lərdə könüllü əcnəbilər işləyirdi. Miqrasiya haqqında yeni qanunda bu məhdudlaşdırma əksini tapdı. Daha əcnəbilər könüllü qismində işləyə bilməzlər. QHT-lər əvvəllər əcnəbiləri könüllü kimi cəlb edirdisə, bundan da məhrum edildi».

«YAXŞI OLARDI Kİ...»

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev ölkədə insan hüquqlarının durumuna dair tənqidləri bölüşmür, onun üçün daha vacib bir problemin ərazi bütövlüyü ilə bağlı olduğunu deyir:

«Yaxşı olardı ki, beynəlxalq qurumlar yüz minlərlə qaçqın və məcburi köçkünün pozulmuş haqlarını dünya ictimaiyyətinə çatdırsın, sonra ayrı-ayrı halları müzakirə edək. Bu boyda problemi görməyib biz bildiyimiz problemləri qabartmaq mənim apardığım işlə üst-üstə düşmür».

MƏHKƏMƏYƏ İNANMAYAN VƏTƏNDAŞ

Tovuz rayonu, Vahidli kəndinin sakini Tofiq Həsənov mülkiyyət hüququnun pozulmasından şikayətçidir. Oğlu Məhəbbət Həsənov deyir ki, 1999-cu ildə onlara verilmiş torpaq sahəsi Tovuzçay su anbarının tikintisilə əlaqədar su basar hissəyə düşərək tamamilə su altında qalır. Bu barədə Daşınmaz Əmlakın Reyestr Xidmətinin sənədi də var. Ancaq ailə təxminən 1 hektarlıq torpağı üçün kompensasiya ala bilmir:

«Bizdən yuxarıda, 1000 metr yuxarıda olanlar alıb, ancaq biz suyun lap içindəyik, ala bilmirik. Gah deyirlər Ermənistanla sərhəd olduğunuza görə bu torpaqdan müvəqqəti istifadə edirsiz.
Nils Muižnieks
Nils Muižnieks
Ombudsman aparatına, rayon icra hakimiyyətinə, Mehriban xanım Əliyevaya, Korrupsiya İdarəsinə müraciət etmişik. Məhkəməyə vermək istəyirik, ancaq nəticəsinə inanmırıq».

AVROPA KOMİSSARININ ÇAĞIRIŞI

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muižnieks bir müddət əvvəl AzadlıqRadiosuna müsahibəsində ötən ili insan haqları baxımından belə xarakterizə edirdi:

«Özəlliklə söz və sərbəst toplaşma azadlıqları sahəsində repressiv tədbirlərin çoxaldığını gördük. İrəliyə doğru kiçik bir addım da vardı – yürüş keçirilə biləcək yerlərin siyahısı açıqlanmışdı. Mən bundan artığını – ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunmasını görmək istərdim».

Komissar hakimiyyəti diffamasiyaya görə cəzanı ləğv etməyə, Bakının mərkəzində vaxtaşırı etirazlara icazə verməyə, inandırıcı görünməyən ittihamlarla həbsdə yatan məhbusları, bloqqerləri, müxalifətçiləri azadlığa buraxmağa çağırırdı:

«Bunların elə indi baş verməsini görmək istərdim. İrəliyə konkret addımlar atmaq lazımdır. Ancaq bu halda Azərbaycanın sədrliyi uğurlu ola bilər. Əks halda o, sədrlik dövründə pis siyasəti və qanunları müdafiə etmiş görünəcək ki, bu da yaxşı hal deyil».
XS
SM
MD
LG