Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Astarada sitrus meyvələrinin kartofdan ucuz olmasından şikayətlənirlər


Mirzəmməd Ağayev
Mirzəmməd Ağayev
-
Astarada bir çox ailələrin qazancı sitrus və subtropik meyvələrindən gəlir. Lakin ötən il məhsul bol olsa da, qazanc çox olmadı. Məhsul yığımının qaynar vaxtında qiymət çox aşağı düşdü. Alıcıların az olması nəticəsində feyxoa və naringi məhsulların müəyyən hissəsi zay oldu. Limon isə indi də ağaclardadır. Yerli bazarlarda limonun 10 ədədi 1 manata satılır. Bu qiymət də çoxlarına sərf etmir. Qış aylarında limon ağaclarını poletilenlə örtürlər. Lakin bir çox fermerlər limonun ucuz satılmasını əsas gətirərək ağacları örtməyiblər. Bu o deməkdir ki, limon ağacları sıradan çıxacaq.

PENSƏR KƏNDİ

Sitrusçuların problemləri ilə yaxından tanış olmaq üçün rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Pensər kəndindəyik. Kənd özünün sitrus meyvələri ilə tanınır. Elə bir həyətyanı təsərrüfat yoxdur ki, orda naringi, limon, portağal və digər meyvə ağacları olmasın. Bu meyvələrin hesabına kənddə tikilmiş yeni evlər də çoxdur. Azərbaycanın müxtəlif yerlərindən buraya meyvə alanlar gəlir. Meyvə yüklənmiş maşınlar da diqqəti cəlb edir. Naringi satanlar hasara üstündə meyvəsi olan budaq bağlayıb. Demək olar ki, əksər evlərin hasarlarında belə meyvə budaqları gördük. Bir kənd sakini bizə bildirdi ki, ilin bu vaxtlarında şaxta olduğundan sitrus meyvələri dərilib satılardı. İndi isə meyvə ağaclarda qalıb. Meyvə dərilsə yarısı çürüyəcək.

“YANANDA DÖVLƏT KÖMƏK ETMİR”

Pensər kənd sakini, sahibkar Mirzəmməd Ağayev həyətyanı sahəsində naringi və portağal yetişdirir. Limon ağaclarını isə ləğv edib:

Mirzəmməd Ağayev
Mirzəmməd Ağayev
“Bu portağal ağaclarını görürsünüz, bunlar 80-cı illərdə əkilib. 3 cərgə limon ağacları idi, təxminən 40 ağac idi. Kökünə qədər yandı. Bərpa edə bilmədik. Onun əziyyəti çoxdur, soyuqdan qorumaq olmur. Görürsən külək əsir, üstündən poletileni götürüb aparır. Poletilen də baha. Məhsulun özü də ucuz olur. İqtisadi cəhətdən sərf eləmir. Portağal da yanıb. Təzə əkmişəm. O tərəfdə naringidir. Onların da çoxu yanıb. Yananda da dövlət kömək eləmir. Möhkəm qar oldu, şaxta oldu. Dedilər sığorta edilməli idi. Maşını sığorta edirsən, onun pulunu ala bilmirsən. Hansı sığorta pulunu ala bilirsən? Dövlət də kömək eləmir”.

“CAMAATIN MƏHSULU ƏLLƏRDƏ QALDI”

Mirzəmməd Ağayev deyir ki, sitrus ağaclarını yetişdirməyin əziyyəti çoxdur. Əkilən ağaclar 7-8 ildən sonra meyvə verir. Bu illər ərzində ağacı körpə kimi bəsləməlisən. Şaxtadan, quraqlıqdan qorumalısan. O deyir ki, bir naringi ağacını meyvə gətirənə qədər bəsləmək 200-300 manata yaxın xərc istəyir. Buna görə də yeni bağların salınmasına maraq azdır. Köhnə 80-cı illərdə əkilmiş ağaclara üstnlük verilir. Qocalmış ağaclar da ildən ilə məhsuldarlıqdan düşür:

“Bu il məhsul bol oldu. Qiymət çox ucuz idi, 30 qəpik, 35 qəpik, 20 qəpik. Bu tərəfdən də yol bağlandı. Miqrantlarla bağlı yolları bağladılar. Camaatın məhsulu hamısı əllərdə qaldı, sata bilmədilər. Vəziyyət pis oldu. Kartof yüz faiz artıb, 60 qəpiyə idi, indi olub 1 manat 20 qəpiyə. Görürsən naringi artmır. Bizim zona az torpaqlı yerdir. Kəndimiz az torpaqlıdır. Sərf eləyərdi. Dövlət səviyyəsində bir kömək olsaydı. Qəbul məntəqələri olaydı. Emal müəssisələri var. Elə ucuz götürürlər ki, heç cürə sərf eləmir. İldə 3-4 dəfə bunu dərmanlamaq lazımdır. Dərman da yoxdur, İrandan gətirəndə də tutub alırlar əlindən”.

“MANEƏLƏR OLMASA...”

Mirzəmməd Ağayev deyir ki, yetişdirdiyi sitrus meyvələrin çoxunu yaxınlarına, dostlarına pay verib. Ucuz qiymətə satmağa əli gəlməyib. O deyir ki, məhsul azaldıqca qiyməti də qalxır. İndi naringinin bir kiloqramı 45-50 qəpiyə satılır. Onun sözlərinə görə, naringinin az bir hissəsini yerli şəraitdə gələn ilin mart ayına kimi saxlamaq olur. Meyvənin saxlanması üçün də xüsusi yer olmalıdır. Onun bildirdiyinə görə kəndin 6 mindən yuxarı əhalisi var. Onların da əsas iş yerləri sitrus bağlarıdır:

“Şərait yaratsalar xeyirli sahədir. Maneələr olmasa, tutaq ki, emal eləsələr, yaxşı qiymətə alsalar yaxşı olar. Zəhmət tələb edən bir sahədir. Dövlət dəstəyi lazımdır”.

Yədulla Mirzəyev
Yədulla Mirzəyev
Kənd sakini Yədulla Mirzəyev müəllimdir. Onun da meyvə bağları var. Bağa özü və ailə üzvləri xidmət edirlər. Sitrus və suptropik meyvə ağaclarından başqa satmaq üçün də tinglər yetişdirir. Həyətində çoxlu dekortaiv ağaclar gördük. Onun dediyinə görə, indiki şəraitdə sitrusçuluq o qədər də xeyirli deyil:

“Sovet dövründə sitrusçular pis yaşamırdı. O vaxtları SSRİ məkanında idilər, gedib sata bilirdilər. İndi əslində bizim imkanlarımız məhdudlaşıb”.

“ZƏHMƏTİNƏ DƏYMİR”

O da dərmanların olmamasından şikayət etdi. Lazımi gübrələrin tapılmadığını bildirdi. Onun deməsinə görə, fosfor və kalium gübrəsi yoxdur. Bunlar məhsuldarlığın azalmasına təsir edir. Məhsul azalırsa gəlir də azalır. Nəticədə sitrusçuluqdan uzaqlaşan adamların sayı çoxalır, işsizlik meydana gəlir:

“Zəhmətinə dəymir. Gübrə verilməlidir, dərmanlanmalıdır. Satanda görürsən heç nədir. Heç nəyə nail ola bilmirik. Hər 5-10 ildən bir havalarla bağlı sitrus tamamilə yanır. 1990-cı ildən bu yana sitrus ağacları10 dəfə kökünə qədər yanıb. Təzədən məcbur oluruq ki, bərpa edək. 5-10 il bərpa edirk. Təzədən yenə təbii fəlakət olur. Dövlət tərəfindən heç bir kömək yoxdur”.

Yədulla Mirzəyevin fikrincə çayçılıq necə məhv olubsa, sitrusçuluğu da bu aqibət gözləyir.

Aqronom Yusif Əliyev deyir ki, cənub rayonlarında dövlətin çayçılıq və sitrusçuluğa dəstək verməsi yaxşı olardı. Onun sözlərinə görə, sovet dövründə təkcə Astara rayonunda 7-8 min tondan çox yaşıl çay yarpağı istehsal olunardı. İndi isə sahələrdən çətinliklə 400-450 ton yaşıl çay yarpağı yığılır. İndi növbə sitrusçuluğundur. Aqronomun fikrincə bütün bu sahələrlə bağlı hökumətin aydın proqramı olmalıdır.
XS
SM
MD
LG