Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:45

Mersedes-ə at, eşşək səsi qoymamalıyıq


Seymur Baycan
Seymur Baycan
-

Sabirin qəhramanları hər il Şamaxıda yığışıb Sabir günləri keçirirlər.


Seymur Baycan


BİZ HARDAN GƏLİRİK


Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir neçə insan peyda olub, belə bir şərh yazır:

“Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Allah sənə rəhmət eləsin, Sabir. Allah sənə rəhmət eləsin, Üzeyir bəy... Heç dəyişməmişik. Yüz il əvvəlki kimi qalmışıq. Yüz ildə heç nə dəyişməyib”.

Elə həvəslə dəyişməmişik yazırlar ki, elə bil dəyişmədiklərinə sevinirlər. Əvvəla, çox şey dəyişib. Onların zəhməti hədər getməyib. Biz çox vaxt necə ola bilərdik, necə ola bilərdi haqqında yox, necə var haqqında düşünürük.

Yuz il bundan əvvəl baş vermiş bir çox hadisələr təkrarlana bilər. Düzdü, Mirzə Cəlilin, Haqverdiyevin bir çox obrazlarına son vaxtlar daha tez-tez rast gəlirik. Amma ümumilikdə çox dəyişiklik var. Yüz il bundan əvvəl bir qadının səhər evdən çıxıb, işə getməsi möcüzə sayıla bilərdi. Bu gün minlərlə qadın işə gedib-gəlir. Yuz il bundan əvvəl bu qədər qız xeylaqının təhsil alması heç kimin ağlına gəlməzdi. Heç nə dəyişməyib deyənlər görünür, klassiklərin əsərlərini diqqətlə oxumayıblar və yaxud heç oxumayıblar. Əgər sən dəyişməmisənsə bu sənin problemindir. Mən dəyişmişəm.

Bir çox insanlar klassiklərin əsərlərini qiymət almaq üçün, oxumaq xatirinə oxuyublar. Oxuyub düşünməyiblər. Özlərini əziyyətə vermək istəməyiblər. Diqqətlə oxusaydılar görərdilər ki, orda problemlərin səbəbi bildirilib. İnkişafın da nədə və harda olduğu göstərilib. Bəlkə də, elə buna görə də biz çox vaxt rüşvətxor məmurun da, seçki saxtakarlığında iştirak edən müəllimin də, dərman firmaları ilə əlbir olub fırıldaqçılıq edən həkimin də, polisin də dilindən klassiklərin adını eşidirik. Bu adlarını sadaladıqlarım, hətta klassiklərdən sitatlar da gətiriblər.

Bu oyunbazlığa mat qalırsan. Daha deyə bilmirsən ki, axı onlar elə sənin obrazını yaradıblar. Sabirin qəhramanları hər il Şamaxıda yığışıb Sabir günləri keçirirlər. Bu mənada Sabir bəlkə də dünyanın ən güclü şairlərindən biridi. Öz qəhramanlarını hər il öz başına yığır. Ötən il Sabir günlərində bir elm adamı demişdi ki, əgər Sabir sağ olsaydı ölkəmizdəki inkişafı görsəydi ürəyi fəxrlə dolardı.

Bu gün bizim fəxr etdiyimiz şəxslər (Cəfər Cabbarlı, Mirzə Cəlil, Sabir, Üzeyir bəy, Yusif Vəzir Çəmənzəminli...) zamanında adət-ənənələri sərt tənqid etmiş və yeniliyə qucaq açmış şəxslərdir. Onlar bizi şərqin gül-bülbül, şam və pərvanə söhbətlərindən uzaqlaşdırıb, problemlərin səbəblərini göstərməyə başladılar. Şərqin qərb qarşısında ciddi bir axsaqlığı var. Şərq söz oyununa daha çox üstünlük verir, qərb isə fikirə. Bizim maarifçilər də ortaya istiqamət qoyurdular.

Onlar cəhaləti, uşaq əməyinin istismarını sərt tənqid edirdilər. Savadsızlığı bəla, elmi və təhsili xilas adlandırıblar. Bizi Avropa mədəniyyəti ilə tanış edirdilər. Bu mədəniyyəti yayırdılar. Çünki onlar inkişafın harda olduğunu bilirdilər. Düzdü, onlar çox çətinliklər çəkirdilər. Həyatları təhlükə altında idi. Onları daima hədələyirdilər. Onlar bir neçə cəbhədə vuruşmağa məcbur idilər. Xalq savadsız idi. Oxuya bilmirdilər. Maarifçilər həm xalqa savad verməli, Avropa mədəniyyətini təbliğ etməli, cəhalətə qarşı mübarizə aparmalı idilər. Fanatiklər xalqın avamlığından istifadə edərək təhsilin yayılmasına mane olurdular. Məsələn deyirdilər ki, rus məktəblərində uşaqlara donuz əti yedizdirirlər. Bununla insanların dünyəvi təhsil almasına əngəl törədirdilər. Hər dövrün öz cəhaləti, hər dövrün öz cahilləri var.

Bir yazımda bunu qeyd etmişdim. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi Mirzə Cəlil də başqa mövzuda hekayə yazardı və nəticədə bizim ədəbiyyat dünya ədəbiyyatına daha da yaxınlaşardı. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilmirsə Mirzə Cəlil necə daha yeni mövzuda hekayə yazsın. Axı bu süni alınacaqdı. Bu ona bənzəyir ki, elə bil mən burda heyvanların hüquqlarının qorunmasının vacibliyi haqqında hər gün yazı yazıram. Halbuki bizim ölkədə hal-hazirda insanın bir toyuq qədər qiyməti yoxdur. Əvvəlcə Novruzəliyə məktubu poçt qutusuna atmaq öyrədilməlidir. Tarixdə yaxşı ad qoymaq hər adamın işi deyil. Bunun əziyyəti çox ağırdı.

Bir nağılı xatırlayıram. Nağılın qəhrəmanı bir yerə getməlidi. Amma o yerə ayaqla getmək mümkün deyil. Bu zaman bir nəfər yaxşı adam nağılın qəhrəmanına deyir ki, filan yerdə bir div uzanıb. Onun ayağına kötük batıb. Yarası bərk incidir. Get o divin yanına. Orda bir çala qaz. Kəndiri bağla kötüyə. Çaladan kəndiri dart. Div qəzəblə ayağa qalxacaq, deyəcək ki, kimdi məni incidən, tutsam səni parça-parça edəcəm. Çalada gizlən, çıxma. Sonra divin ayağından irin-çirk axacaq. Canı dincələk. Yatacaq. Yuxudan oyananda deyəcək ki, kim idi mənim canımı xilas edən, çıxsın ona yaxşılıq edəcəm. O zaman çıxarsan...
Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov

Məncə bizim maarifçilərin xalqı sərt tənqid etməsini də divlə nağıl qəhrəmanının vəziyyətinə oxşatmaq olar. Kütlə inciyir, qəzəblənir. Çünki onlar köhnə adət-ənənələrlə yaşamağa öyrəşiblər. Zaman keçir və maarifçilərin haqlı olduğunu tarix sübut edir. Çünki bir çox insanlar gələcəyi görməyi bacarırlar. Onlar realist olurlar.

Trotskinin təbirincə desəm reallığı dərk etmək qələbənin yarısı deməkdir. Bizim klassiklərimiz çox böyük zəhmət bahasına bizi Avropa mədəniyyəti ilə tanış etdilər. Bu tarixi missiya idi. Düzdü, biz bir çox inkişaf etmiş xalqlardan xeyli geridəyik, amma bununla belə qəbilə halında da yaşamırıq. Mövcud vəziyyətlə barışmayan xeyli insan mübarizə aparır. Zəif də olsa opera, teatr, kino var.

Olmaya da bilərdi. Bu gün Azərbaycan mətbuatında Molla Nəsrəddin məktəbinin ənənələrinə sadiq nə qədər imza var. Oxunan imzaların demək olar ki, hamısı bu məktəbin prinsiplərinə sadiqdirlər. Onların hamısı Avropa mədəniyyətinə böyük önəm verən, cəhaləti tənqid, dünyəvi mədəniyyəti təbliğ edən adamlardır. Zarafat deyil, balaca bir xalqıq, illərdir İrandan, Türkiyədən, Ərəb ölkələrindən gələn hədsiz dərəcədə çox pulların qarşısında hələ də müqavimət göstərməkdəyik. Bu hücumun qarşısında dayanmağımızın ən başlıca səbəblərindən biri Molla Nəsrəddin məktəbinin olmasıdır. Bunun özü göstərir ki, çəkilən zəhmət heç də hədər getməyib. Biz onların göstərdiyi istiqamətdə yola davam etməliyik. Biz oxumalıyıq. Əsərlər tərcümə etməliyik.

Texnikanı təyinatına uyğun istifadə etməliyik. Daha BMW-yə, Mersedes-ə at, eşşək səsi qoymamalıyıq. Biz xarici dil öyrənməliyik. Fanatizmi yaxına buraxmamalıyıq. Çünki Volterin təbirincə desəm fanatiklər daima fırıldaqçıların əlində oyuncaq olublar. Bu gün bizi ümidsizliyə sürükləyən problemlərin çoxu idarəetmənin pis olmasından qaynaqlanır. Biz bir avtobus sürücüsünə əsəbləşib, xalqı söyüb-biabır edirik.

Halbuki, o sürücünü adminstrativ resurslar hesabına tərbiyə etmək bir ayın işidir. Sadəcə bunu ürəkdən istəyən rəhbər olmalıdır. Bununla belə, cığallıq edərək hər şeyi də sistemin üstünə atmaq olmaz. O mənada ki, sistemin pis olması bizi məsuliyyətdən azad etmir. Bu fərarilikdir. Hər bir şəxs fərdi nümunə göstərə bilər. Hər bir şəxs hər bir şəraitdə faydalı ola bilər. Biz dəyişməkdən, dəyişdirməkdən qorxmamalıyıq. Biz yeniliklərə açıq olmalıyıq...

Bir müdrik insan mənə demişdi ki, hər bir yazar öz klassiklərini mütləq dərindən bilməlidir. Düzdü, milli klassiklər haqqında kənarda çox danışmaq lazım deyil, gülməli vəziyyətə düşə bilərsən, amma özün mütləq dərindən öyrənməlisən.

Bizim düşüncə tariximiz avropamərkəzçi şəxslə Axundovla başlayır. İyirminci əsrin əvvəllərində meydana çıxan maarifçilər də bu yolu davam etdirdilər. Bəli, bu gün hər bir aktiv gənc, hər bir gənc yazar, hər bir gənc siyasətçi öz xalqının hardan gəldiyini, düşüncə tarixini öyrənmək, xalqını tanımaq istəyirsə mütləq klassiklərimizin - Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin, Çəmənzəminlin, Cəfər Cabbarlının əsərlərini diqqətlə oxumalıdır.

Tam məsuliyyətlə deyirəm, onlar adlarını sadaladığım bu şəxslərin əsərlərini dərindən oxumasalar, məşğul olduqları sahədə ciddi uğur qazana bilməyəcəklər. Çünki xalqı tanıya bilməyəcəklər. Öz xalqını tanımayan siyasətçinin, yazarın uğur qazana bilməsi çətin məsələdir.

Meydan.tv
XS
SM
MD
LG