Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:42

Avropanın yeni təbiəti – Şərq canavarlarının Qərb yürüşü


Vəhşi canavar
Vəhşi canavar
-
«Dəmir pərdə» qalxandan bəri Şərqi Avropanın vəhşi heyvanları Qərbi Avropanın meşə və çöllərinin, hətta iri paytaxt həndəvərlərinin istilasına başlayıblar.

Londonun küçələrində veyillənən tülkülər artıq heç kimi təəccübləndirmir. Əslində, küçədə sahibsiz it-pişik görmək daha böyük təəccübə səbəb ola bilər.

Tülkünün daha böyük və daha təhlükəli qardaşı olan canavar isə yalnız «Qırmızı papaq» kimi nağıllarda qalıb.

Lakin Avropanın qalan hissəsində vəziyyət başqa cürdür.

Avropa mətbuatı yazır ki, çobanların qədim düşməninin ulaşmaları artıq paytaxtların həndəvərlərində eşidilir.

Məlumatlara görə, İspaniya paytaxtı Madridin 50-60 kilometrliyində indi qurd dəstələri yuvalanmaqda və artmaqda davam edirlər.

Halbuki, İspaniya artıq 70 ildən çox müddətdə canavarsız ölkə idi. Bu gün İspaniya qurdların istehkamı sayılır. Ölkədə 250 dəstəyə aid 2000 canavar qeydə alınıb.

QANLI QAYIDIŞ

Canavarların İspaniya çöllərinə yeni yürüşü artıq qanlı nəticələrini verir. İspaniya Ətraf Mühit Nazirliyinin canavarlar üzrə eksperti Juan Carlos Blanco deyir ki, son iki ayda ölkənin şimalındakı Qvadaramma dağlarının ətəklərində canavarlar 100-dək iri və xırda buynuzlu malqara tələf ediblər.

Ekspertlər canavarların da yaşamaq üçün məskən hüququnu tanıyırlar. Cənab Blanco deyir ki, Qvadaramma iki və hətta üç canavar dəstəsi üçün məskən ola bilər, lakin Madrid ətrafında artıq 6 dəstə qeydə alınıb.

Ərazidə canavarların sayı artdıqca, malqara üzərinə hücumların da sayı çoxalır.

Ümumdünya Təbiət Fondu (WWF) təşkilatının İspaniya üzrə nümayəndəsi Luis Suárez-in məlumatına görə 2005-ci ildə ev heyvanları üzərinə 1500 canavar hücumu olubsa, artıq 2008-ci ildə bu rəqəm 2000-ə çatıb.

Ekspert bildirir ki, son yeddi ildə İspaniya boyunca canavarlar 13 min qoyunu, 200 keçini və yüzlərlə inəyi məhv ediblər.

Arxiv foto
Arxiv foto
Təbiətşünaslar deyirlər ki, Avropada canavarların kökü 19-cu əsrdə demək olar, kəsilmişdi. Çünki həmin dövrdə canavar öldürən ovçulara yaxşı pul ödənirdi. Avropanın elə yerləri var idi ki, oralarda tam bir əsr canavar görən olmamışdı.

Lakin indi canavarlar artım sürəti ilə fauna ekspertlərini də mat qoyublar. Son illərdə onların sayı dörd dəfə artıb və indi Avropa ərazisində 25 min canavarın olduğu təxmin edilir.

Canavarlar Berlin, Roma və Afina kimi paytaxtların ətraflarında yuva qururlar.

Almaniyada ovçular canavarların kökünü 19-cu əsrdə kəsiblər, lakin ində bu ölkədə 17 dəstədə yaşayan 160 canavarın olduğu təxmin edilir.

Aşağı Saksoniya əyalətinin Heydekteys qəsəbəsində son 150 ildə ilk dəfə olaraq canavarlar balalayıblar.

Ekspertlər düşünürlər ki, canavarlar Qərbi Avropaya İtaliyadan, Alp dağlarını aşaraq gəliblər.

CANAVAR – SİYASİ-İQTİSADİ BÖHRAN HEYVANI


Alimlər güman edirlər ki, canavarlar adətən siyasi və iqtisadi böhranlar zamanı daha sürətlə artmağa başlayırlar.

Onlar son 20 ildə Qərbi Avropada canavar populyasiyasının yaranmasını və artmasını Sovet İttifaqının çökməsi ilə əlaqələndirirlər.

Elmi araşdırmalara görə, SSRİ çökdükdən sonra, 1990-cı illərdə Avropada canavarların 50 faiz artması müşahidə olunub. Məhz bu dövrdə canavarlar Polşa, Almaniya və Skandinaviyaya ayaq açıblar.

Ekspertlər deyirlər ki, canavarların sürətlə artmasına səbəb həm də iqtisadi böhran nəticəsində insanların kənd yerlərindən şəhərlərə axınının yüksəlməsidir. Boş qalan kəndlər canavarlar tərəfindən işğal olunur.

Arxiv foto
Arxiv foto
Kənd yerlərində torpaqların boşalması həmçinin maral, ceyran və başqa otyeyeən heyvanların artımına səbəb olub. Canavarları bu yerlərə həm də bu bol «ət ehtiyatı» cəlb edir.

XEYİR XƏBƏR?

Heyvan haqları müdafiəçiləri və təbiəti mühafizə fəalları canavarların qayıdışını kədərli yox, sevindirici xəbər kimi qarşılayıblar.

Onlar bildirirlər ki, fermerlər malqaranı daha etibarlı qorumalı və yeni «qonaqlar»la dinc yanaşı yaşamağı öyrənməlidirlər.

Üstəlik, bir çox Avropa ölkələrində canavarlar qanunla qorunan heyvanlardır və hökumətlər fermerlərə itkilərinə görə müavinət ödəyirlər.

Buna baxmayaraq, fermerlər indi canavarlara qarşı yeni vasitələrlə silahlanırlar. Onlar odlu silahlardan və tələlərdən əlavə həm də müxtəlidf zəhərlərdən, qurdbasan itlərdən istifadə edirlər.

Fermerlər həmçinin otlaqları elektrik cərəyanı buraxılmış məftilli çəpərlərlə əhatələyirlər.

Ekspertlərin fikrincə, hökumət kompensasiyaları ziyanı ödəmir, beləki canavarların sayı daha sürətlə artır.

Zooloqlar deyirlər ki, canavarlar Avropada qarşıdan gələn 10 ildə artmaqda davam edəcəklər.

CANAVAR OLMASA, GƏTİRƏRİK

Söhbətimi Britaniya ilə başlamışdım, elə Britaniya ilə də bitirmək istəyirəm.

Dumanlı Albionda hələlik canavar yoxdur. Canavar bura gəlmək üçün Lamanşı keçməlidir. Xüsusi kömək olmadan canavarlar bunu edə bilməyəcəklər.

Milyonçu bildirir ki, o, 300-500 illik fasilədən sonra ölkəyə ilkin olaraq 20 canavar və 10-15 ayı gətirəcək...
Amma indi Britaniya multi-milyonçularından biri – MFİ mebel şirkətinin sahibi Paul Lister belə bir köməyi göstərəcəyini elan edib.

Milyonçu bildirir ki, o, 300-500 illik fasilədən sonra ölkəyə ilkin olaraq 20 canavar və 10-15 ayı gətirəcək.

Cənab Listerin bunun üçün kifayət qədər məkanı da var. O, Şotlandiyanın Kaledoniya meşəsində 202 kvadrat kilometr torpaq mülkünə malikdir.

O bildirib ki, hazırda Britaniyanın meşə və çəmənlərini maral, ceyran sürüləri basıb. Bu sülhsevər heyvanlar elə fermerlərə də kəllə atmağa başlayıblar.

Elə bu yaxınlarda dostları ilə istirahət edən Kembric Universitetinin professoru Kate Stone-u qəflətən hücum edən maral buynuzlayaraq reanimasiyalıq edib.

Paul Lister hesab edir ki, canavarlar və ayılar təbiət üçün ovçulardan daha yaxşı sanitardırlar.

Bəlkə də haqlıdır. Bəlkə də bəzi macəraçı britaniyalılar əsl «Qırmızıpapaq» şousu üçün darıxıblar.
XS
SM
MD
LG