-
Nə etməlisən ki, bazar üçün yazmasan da, əsərlərin yaxşı satılsın?
N.Kireyeva
"Con Bart və Tomas Pinçon: kult yazar və /və ya klassik?"
(Azad Yaşarın tərcüməsi)
Bugünkü gün Con Bart və Tomas Pinçon – postmodernist ədəbiyyatın nüfuzlu ustadlarıdır, çünki əsərləri kult statusa sahibdir.
Lakin kultlaşan mətnlər öz müəlliflərinə həmişə bu cür status qazandırmırlar, axı, yazarın status məsələsi onun ədəbi alanda hansısa avtoritet mövqe qazanmasını və bunun qorunmasını şərtləndirən mexanizmlərlə birbaşa əlaqəlidir.
Bu isə öz növbəsində ədəbi alanın tərkib hissələri sayılan agent və institusiyaların qarşılıqlı və mürəkkəb münasibətlərini nizamlayan faktorlardan asılı olur. Belə bir çoxelementli universumun bir detalı sayılan yazar bu və ya digər statusun formalaşmasına və dəstəklənməsinə fəal təsir göstərə bilir.
Artıq ədəbiyyatın da medialaşdığı indiki dövrdə müəllifin "ulduz"a, populyar KİV üçün süjetə çevrilməsi adi hala çevrilib. Buna görə də yazarın davranış özəllikləri onun ədəbi nüfuz və imic modelinin yaradılmasına əsas verir, nəticədə yazar bəlli bir status qazanmış olur.
Bart və Pinçonun yazar kimi davranışlarının, habelə onların statusları arasındakı fərqin araşdırılması zamanı məlum olur ki, öz imiclərini yaratmaq və qorumaq üçün bir-birinə tamamilə zidd strategiyalardan ustalıqla yaralanan bu yazarlar əslində xeyli fərqli mədəni statuslara yiyələnməyə iddialıdırlar.
JOHN BARTH: “ÇAĞDAŞ KLASSİK” STATUSUNA DOĞRU GEDƏN YOLDA
Hazırda Con Bart eksperimental ədəbiyyat sayılan postmodernizmin yüksək statuslu nəzəriyyəçisi və praktiki olmaqla yanaşı, elitar səviyyəli intellektual əsərlərin yaradıcısıdır, yaşamaqda olan ən görkəmli amerikan yazarlardan biridir.
Müxtəlif institusiyalara aid sərmayələri bugünkü gün Bart ədəbiyyat sahəsinə yönəltmişdir. O, on iki romanın, üç nəsr toplusunun, iki esse və mühazirələr kitabının müəllifidr.
Onun məqalələri postmodernizmə aid antologiyalara salınıb, əsərləri bir çox ədəbi mükafatlara layiq görülüb. 1973-cü ildə aldığı və ABŞ-ın ən nüfuzlu ədəbi ödüllərindən sayılan Milli Kitab Mükafatı isə bunlardan yalnız biridir.
O, aparıcı ABŞ universitetlərinin professoru seçilib, ədəbiyyat doktoru fəxri adına layiq görülüb, Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının, Amerika Gözəl Sənətlər və Elmlər Akademiyasının üzvüdür, Milli Kitab Mükafatının sponsorlarından biridir, Elektron Ədəbiyyat Təşkilatının məsləhət şurasının və bir çox ədəbi birliyin üzvüdür.
Bütün bunlarla yanaşı, populyar müəllif olan Bartın kitablarına böyük oxucu tələbatı var.
Bu cür simvolik sərmayə - əsasən ədəbi alanda düşünülmüş davranış strategiyasının nəticəsidir. Ədəbi fəaliyyətinin lap başlanğıcından bəri Bart eyni zamanda həm yazar, həm ədəbi tənqidçi, həm də universitet müəllimi kimi çıxış edib, yəni o, ədəbi məhsulun istehsalı ilə yanaşı, həmin məhsula bir ədəbiyyatşünas kimi “dəyər verəcək” şəxsləri və bir müəllim kimi bu sənət əsərlərini layiqincə istehlak edəcək şəxsləri yetişdirib.
Onu da qeyd etmək yerinə düşər ki, ədəbi karyerasının birinci mərhələsinin sonuna doğru, yəni universitet camiəsində yüksək nüfuzlu müəllifə çevrilənə qədər Bartın simvolik kapitalı onun yazar kimi, yəni postmodernist ədəbiyyatın klassiki kimi qazandığı kapitaldan xeyli fərqlənirdi. Halbuki bu nüfuzu qazanmaqdan ötrü o, yaradıcı insan kimi məqsədyönlü səylər sərf eləmişdi. Onun yaradıcılığının birinci mərhələsi 1960-cı illərin sonuna və 1970-ci illərin əvvəllərinə təsadüf edib.
Həmin dövrdə Bart intellektual elitanın kult müəllifi statusuna yiyələnmişdi. Bunun ən bariz sübutu isə Bartın universitet camiəsi tərəfindən qəbulu idi, çünki 1970-ci illərin ortalarına doğru yazarın yaradıcılığı ABŞ-ın elmi həyatında ən çox müzakirəyə çıxarılan mövzuya çevrilmişdi.
John Barth ədəbi məhsulun istehsalı ilə yanaşı, həmin məhsula bir ədəbiyyatşünas kimi “dəyər verəcək” şəxsləri və bir müəllim kimi bu sənət əsərlərini layiqincə istehlak edəcək şəxsləri yetişdirib".
Onun yaradıcılığı təkcə kitab şərhlərində və universitetlərin məhdud mühitində müzakirə olunmurdu. Geniş oxucu kütləsinin nüfuz sahibi saydığı yazarlar və tənqidçilər (L.Fidler, İ.Hassan, R.Kostelyanets, T.Tanner, R.Poyriyer, B.Berqontsi, M.Bredberi, C.Qardner, C.Heller, A.Keyzin, F.Karl, V.Nabokov, R.Sakenik, C.Oldric) də Bartın yaradıcılığına müraciət edirdilər. Təkcə 1976-cı ildə onun yaradıcılığına həsr olunan elmi əsərlərin sayı 342-yə çatmışdı.
Bunlara akademik məcmuələrdə və sözlüklərdə, dərslik və antologiyalarda, xülasələrdə, kitablarda və dissertasiyalarda gedən materiallar da daxildir. Bartın kitabları barədə 216 resenziya, müəllifin özü barədə isə ədəbi jurnallarda və universitet qəzetlərində, habelə kütləvi nəşrlərdə 72 bioqrafik oçerk işıq üzü görmüşdü. Bundan əlavə, Bart gənc araşdırmaçıların da sevimli obyektinə çevrilmişdi: 1966-76-cı illər ərzində onun barəsində 66 (!) magistrlik və doktorluq dissertasiyası müdafiə olunmuş, bu əsərlərdə yazarın yaradıcılığı həm monoqrafiyalar şəklində, həm də digər müəlliflərin əsərləriylə bir arada araşdırılmışdı.
Con Bart eyni vaxtda sıravi oxucu kütləsi içərisində də rəğbət qazanır, hətta onun pərəstışkarları öz fan-qruplarını yaradırlar.
1968-ci ildə onun “Keçiotaran Caylz” romanı bestsellerə çevrilir. Pərəstişkarları ayrıca subkultura yaradırlar və bunun əsas təzahürlərindən biri də “Bartomaniyanı Təşviq Cəmiyyəti”dir.
Adıçəkilən cəmiyyətə üzv olmaq istəyən şəxsdən aşağıdakı 3 bəsit şərti yerinə yetirmək tələb olunurdu: 1) Bartın ən azı ilk beş kitabını oxumaq (Cəmiyyət təsis edilərkən kitabların sayı məhz 5 ədəd göstərilmişdi) 2) içib keflənməyi və ucadan qəhqəhə çəkməyi bacarmaq 3) 10 dollar məbləğində üzvlük haqqı ödəmək. Cəmiyyətin başlıca simvolu isə səcdəyə layiq “Hörmətli Obyekt”, yəni Con Bartın özü idi. Cəmiyyətin “totemi” kimi isə badımcan seçilmişdi, bu tərəvəz “Bihuşdarı dəllalı” adlı romanda cinsi potensialı (iqtidarı) yüksəldən möcüzəvi qarışımın tərkib hissəsidir. Cəmiyyət üzvləri ayda bir kərə eyni restoranda toplaşırdılar. Daha çox “Badımcan qrupu” kimi tanınan bu şəxslər digər müştəriləri əyləndirmək üçün cürbəcür zarafatlar və aldatmacalar uydururdular, nəticədə restorandakı hər kəsin keyfi-əhvalı durulurdu.
Cəmiyyətin sədri vəzifəsini isə ən müxtəlif bacarıqlara sahib şəxsə tapşırırdılar. Məsələn, sədrlərdən biri “uyğun bir mətn” yazmış, Bartın doğulduğu “müqəddəs yeri” ziyarət eləmişdi. Fransa Akademiyası üzvlərininkinə bənzər xələt geyinib, üstünə al-əlvan reqaliyalar (yüksək mövqe və nüfuzu bildirən simvollar – A.Y.) taxan sədri digər üzvlərdən ayırd etmək çətin olmurdu. Hər ay keçirilən toplantılar barədə hesabatlar yazmaq və onları “Hörmətli Obyekt”ə yollamaq sədrin vəzifələrinə aid idi. Bundan başqa, o, Bart barədə yeni məlumatlar toplamalı, onunla görüşləri təşkil etməliydi.
Sözügedən Cəmiyyətə məxsus əşyalarla, onun üzvlərinin ritual xarakterli davranışlarıyla tanışlıq göstərir ki, bunlar Con Bart yaradıcılığının nisbətən aşağı səviyyəli resepsiyasıdır və kütləvi mədəniyyətin bir atributuna çevrilib. Bütün bunlarla yanaşı, “Bartomaniyanı Təşviq Cəmiyyəti” üzvlərinin davranışları stereotiplərin sındırılması və yüksək sosial praktikalarla bağlı parodiyalar sərgiləmək üçün Bartın önəmli intensiyalar qəbul etməsinə səbəb olmuşdur.
Bu cür fan-qrupun varlığı iki cür yozula bilər. Bir tərəfdən bu onu göstərir ki, Bartın nəsr əsərləri universitet hüdudlarından kənarda da məşhur imiş. Digər tərəfdən isə bu məqam bir daha sübuta yetirir ki, Bartın nəsrinin dərki oxucudan bəlli bir kompetensiya (səviyyə, yetkinlik, səlahiyyət – A.Y.) tələb edir. Təsadüfi deyil ki, oxucu yetişdirməyi Bart öz müəllimlik fəaliyyətinin əsas məqsədlərindən biri sayırdı.
Ədəbiyyatşünaslıq mütəxəssisi olmayan bir oxucu mətni böyük diqqət və minnətdarlıq duyğusuyla oxumağı bacarmalıydı, çünki universitetdə təhsil alarkən o, mətni oxumaq və analiz etmək vərdişlərinə onsuz da yiyələnmişdi. Bəlkə də Bartın geniş oxucu kütləsi tərəfindən qəbulu və rəğbət görməsi zamanla ən müxtəlif universitetlərdə rituala çevrilmişdi. Cəmiyyətin üzvləri, yəni bartomanlar arasında ağyaxalıqlı məmurlar, məktəb müəllimləri və vəzifəli dövlət qulluqçuları az deyildi və onlar qapalı tipli elmi cəmiyyətləri parodiya etməklə məşğul idilər.
Bu yamsılama onların ritual xarakterli geyimlərindən başlamış ta onların “Hörmətli Obyekt”in özü və əsərləri barədə məqalələr yazmağa köklənmələrinə qədər hər şeydə özünü büruzə verirdi.
Cazibədar “bestseller” sözünə, kitabın üz qabığında və mətbuatda ağızdolusu təriflərə aldanaraq, Bartın kitabını satın alan, xüsusi hazırlıq görməyən oxucunun ümidləri, aydın məsələdir ki, qismən doğrulmurdu və o, müəllif barədə yanılğıya uğrayırdı. Məsələn, “Keçiotaran Caylz“ romanı satışa çıxandan bir neçə ay sonra, 229 nəfərin qatıldığı sorğu göstərmişdi ki, bu adamların təxminən yarısı (81 nəfəri) sözügedən kitabı alsa da, onlardan sadəcə 7-si romanı axıra qədər oxuyub və onun barəsində heç də müsbət fikirdə deyil.
1973-cü ildə Bartın Milli Kitab Mükafatının qalibi elan edilməsi və ölkənin tanınmış yazarlarından birinə çevrilməsiylə bağlı faktlar da birmənalı dəyərləndirilmir. Bir tərəfdən bu fakt yazarın geniş oxucu kütləsinin rəğbətini qazandığını sübuta yetirirsə, digər tərəfdən bəlli ədəbi institusiyaların “öz” sevimli müəlliflərini aşkar dəstəkləməsini göstərir. Maraqlı burasıdır ki, Bart özü də bu mükafatı məhz oxucu dəstəyi sayəsində qazandığını o vaxt etiraf eləmişdi.
Əvvəllər onun iki ayrı romanı – 1957-ci ildə “Üzən opera” və 1969-cu ildə “Gülüş otağında azarkən” romanları Kitab Mükafatına təqdim olunsa da, naşirlər arasında yekdil rəy formalaşmadığından Bart qalib gəlməmişdi. Naşirlərin və kitabsatanların getdikcə yüksələn etiraz səsinə məhəl qoyulmadan 1970-ci illərin əvvəllərində sözügedən mükafatın təqdimat prinsipləri dəyişdirildi və o, “ABŞ-da ciddi ədəbiyyat nümunələrinə verilən yeganə ədəbiyyat ödülü”nə çevrildi. Bu fikri Bart Milli Kitab Mükafatının ona təqdim olunmasında söylədiyi təşəkkür nitqindən on il sonra, özünün non-fikşn janrındakı “Cümə günü kitabı”nda açıqlayıb. Yazar etiraf edirdi ki, mükafatın ona nəsib olacağına heç inanmırmış və bu məsələdə həlledici amil “ədəbi zövq” barədə ona yaxın tənqidçi və yazarların (E.Konnelin, L.Fidlerin, U.Hessin, U.Persinin və C.Yardlinin) münsiflər heyətində təmsil olunması imiş. Yazarın daha öncə layiq görüldüyü Brandes Universitetinin mükafatı (1965) və Gözəl Sənətlər və Ədəbiyyat üzrə Milli İnstitutun ödülü (1966) də sırf akademik dairələrin ona rəğbətinin göstəricisidir.
Beləliklə, Bart kultunun lap əvvəldən universitet mühitində formalaşdırıldığına hər hansı şübhə yeri qalmır: orada dərs deyərkən yazar özünü və yaradıcılığını geniş təbliğ etmək imkanından yararlanıbmış. Onun mətnlərinin ilk oxucuları və rəyçiləri də universitet camiəsinin nümayəndələri olub, çünki kitab məhsullarının kütləvi istehlak olunduğu bir dönəmdə professorlar və tələbələrdən daha nüfuzlu oxucu tapmaq onsuz da mümkün deyildi.
Tamamilə yeni, postmodernist üslubda bədii mətnlər yaratmaqla bərabər, Bart bu mətnlərdəki özünəməxsus mexanizmlərin necə dərk olunacağını da sözügedən mətn sərraflarına başa salırdı. Ömrünün böyük qismini ədəbiyyatın və yazarlıq sirrlərinin tədrisinə həsr edən Bart səviyyəli oxucuların yetişdirilməsi məsələsinin vacibliyini dönə-dönə vurğulayırdı. Təsadüfi deyil ki, onun non-fikşn janrındakı kitablarında bu məqama geniş yer verilib və həmin kitablarda o, ABŞ-ın, Avropanın, Yaponiyanın, Avstraliyanın universitetlərində oxuduğu mühazirələri bir arada toplayıb.
O da var ki, bəlli bir zamandan sonra universitetlər sayəsində qazandığı kult statusu Bartın ürəyincə olmur. Onun universitetdəki məsləkdaşlarından professor S.Veyntrob yazır ki, “Keçiotaran Caylz”ın və “Ximeralar”ın müəllifi artıq həm nəsrdə, həm də şəxsi həyatında universitet kampuslarından (şəhərciklərindən – A.Y.) kənara çıxmağa can atırdı. O, özünü inandırmışdı ki, əks halda, onun bütün bədii yaradıcılığı sırf “akademik romanlar”, “universitetlər üçün nəsr” kimi, yəni sadəcə dar mühitə hesablanmış əsərlər kimi tarıxdə qalacaq. Ədəbi institusiyaların rəğbətini qazanan və milli mədəniyyətin sərhədlərindən kənarda da tanınan bir yazar kimi Bart şöhrətinin kölgəsinə sığınmaq istəmirdi. Fanatları və ədəbiyyat biliciləri arasındakı nüfuzunu qorumağı yetərli saymadığı üçün o, alimlərdən, universitet müəllimlərindən və “yüksək keyfiyyətli ədəbiyat”ın azsaylı pərəstişkarlarından ibarət oxucu auditoriyasının tərkibini də dəyişdirməyi umurdu.
“Ədəbi kult” fenomenini araşdıranların ortaq qənaətinə görə, yazarın öz oxucu auditoriyasını genişləndirmək cəhdləri adətən onun canlı kult statusundan məhrum olmasına gətirib çıxarır. Çünki “kult müəllif” anlayışı bəlli bir mənada yeni oxucuların cəlb olunmasını, onların artımını tələb etsə də, kütləviliyə hesablanmayıb, axı, onun özü - məhdud qrupların formalaşdıraraq, meydana atdığı bir məhsuldur. Mövcud auditoriyanın genişlənib-genişlənməməsi qərarı da oxuculardan asılıdır. Bu səbəbdən yazarın “universitet sərhədlərindən kənara çıxmaq” cəhdi istər-istəməz onun mövcud statusunun dəyişməsinə gətirib çıxarmalıydı. Buna görə də universitet camiəsi “Bart kultu”nu növbəti, klassikləşdirmə rejiminə keçirtdi və bu yolla o, “kult fiqur” olmaqdan çıxaraq, çağdaş Amerika ədəbiyyatının klassiki elan olundu.
1979-cu ildə yazdığı, proqram xarakterli “Dolğun ədəbiyyat” məqaləsində Con Bart vurğulayırdı ki, ideal sayılacaq postmodernist yazarın başlıca vəzifəsi – Mannın obrazlı şəkildə “ilk xristianlar” adlandırdığı, özək qrupla kifayətlənmək, geniş kütlənin içindəki və yüksək sənətə xidmət edəcək professionalları da öz tərəfinə çəkmək, onları ardınca aparmaqdır. Bu çağırış göstərirdi ki, “ilk xristianları”n (özək qrupun), yəni universitet camiəsinin könlünü fəth edən yazar öz fəaliyyət kursunu aşkar şəkildə dəyişib və sadəcə bədii söz sərraflarının rəğbətini qazanmaq ona az gəldiyindən indi daha geniş oxucu kütləsinə xitab etməyə çalışır. Nəsr əsərlərində qəlizləşməyə və forma eksperimentlə¬rinə yaradıcılığının sonrakı mərhələsində geniş yer verən Bart oxucularını “itirməmək” üçün də bir sıra addımlar atmağı uyğun görmüşdü.
Bunlara misal olaraq, Bartın “Biri var idi” (1995), “Tarix davam edir” (1996) və “Çıxmaq vaxtıdır” (2001) adlı romanlarında avtobioqrafik xüsuslara geniş yer verməsini göstərə bilərik. Oxucuların yaradıcı insanın şəxsiyyətinə duyduğu marağın son nəticədə onun əsərlərinə bəslənən marağı da artıracağı barədə qənaətlərində Bart haqlı idi. Həmin dönəmdə o, əvvəlkinə nisbətən mətbuata daha tez-tez müsahibələr verirdi, çünki bu yolla əsərlərinin bazarda özünə müştəri, yəni oxucu tapacağını yaxşı anlayırdı. Məsələn, “Məktublar” kitabının nəşri ərəfəsində Boston şəhərində çıxan qəzetlərdən birinə verdiyi müsahibədə (sonradan həmin mətni o, özünün “Cümə günü kitabı”na da salmışdı) Bart bildirmişdi ki, bu addımı atmaqda əsas niyyəti – naşirinin uğurlu satış kampaniyasına rəvac verməkdir. Sonralar bu məsələyə dəfələrlə qayıdan yazar etiraf etmişdi ki, ədəbi alana inteqrasiya etmək istəyən yazar burada qəbul olunmuş oyun qaydalarına uyğun davranmalıdır. Bart onu da deyirdi ki, müsahibə janrı həm yazarın öz oxucusuyla dialoq qurmasına, həm də müəllifin fikirlərinin hansı məcrada dəyişdiyini öyrənməyə imkan yaradır.
Hələ ədəbi yaradıcılığa başladığı ilk dönəmlərdən Bart öz oxucu auditoriyasını genişləndirməkdən ötrü yeni əsərlərdən müəyyən parçaların nəşrinə üstünlük verirdi. 1970-ci illərin sonlarından etibarən isə o, Amerika universitetlərində tələbə və professor heyəti qarşısında çıxışlarla kifayətlənmir, daha çox kitabxanalarda, kitab mağazalarında, radio və televiziya kanallarında çıxış edirdi. Yeni kitabların nəşrindən əvvəl və ya onların təqdimatlarında Bart öz pərəstişkarlarına avtoqraf paylamaq kimi piar-gedişdən yararlanırdı. Bu praktikanın satışlara təsirini çox da önəmsəməyən Bart bir yazıçı kimi oxucularla birbaşa təması əsas tuturdu. “Ximeralar” və “Məktublar” kitablarının müəllifi vaxtilə caz ifaçısı olduğunu xatırlayaraq deyirdi ki, “təsadüfi, amma canlı auditoriya” qarşısında bu cür çıxışlar həm sərbəst improvizasiyalara imkan yaradır, həm şifahi və yazılı ədəbiyyatlar arasındakı fərqi anlamağa kömək edir, həm də hipotetik mənada deyil, real şərtlərdə ən müxtəlif tipli oxucu auditoriyaları ilə tanışlığa səbəb olur. Bu cür dialoqların uğuru isə çağdaş yazarın yaradıcılığına stimul verməklə yanaşı, onu unudulmaqdan qorumasıdır.
Sözügedən “oxucuyla yaxınlaşma” yönündəki addımlardan biri də Bartın öz non-fikşn janrındakı mətnlərini (esselərini, məqalələrini, mühazirələrini, bədii əsərlərinə yazdığı önsözləri) bir arada topladığı kitablarını (1984-cü ildə “Cümə günü kitabı”nı, 1995-ci ildə isə “Sonrakı cümələr”i) çap etdirməsiydi. Bu tip kitabları Bart hələ də aktual sayır və 2001-ci ildə verdiyi müsahibədə yaradıcılıq planlarından söz açarkən demişdi ki, esselərindən ibarət növbəti kitabını o, “Yetkin cümələr” adlandırmaq niyyətindədir.
İstənilən yazar üçün başlıca məsələ - oxucularla yeni təmas yolları tapmaq və öz auditoriyasını genişlətməkdir. Bu məsələnin həllində Bart auditoriyalarla öz canlı dialoqlarının məhsulu olan şifahi nitqlərindən, yəni “Cümə günü kitabları”nda toplanan mətnlərdən geniş yararlanır. Bu yolla o, bədii yaradıcılığına bəslənən sevgi və rəğbəti körükləməyi umur. Non-fikşn janrındakı kitablarında Bartın toxunduğu mövzular, yararlandığı ifadə üsulları onun novella və romanlarındakından çox da fərqlənmir.
Buna rəğmən, belə fərqli “format” yazara xitab etdiyi auditoriyanı genişlətmək, oxucu kütləsiylə uğurlu dialoq qurmaq imkanı tanıyır. Həm də “non-fikşn”ın ifadə imkanları mətnin dərkinə fərqli imkanlar yaradır: hər necə olsa, belə mətnlər sənədli və etibarlı faktlara əsaslanır, bu isə oxucu ilə yazarın məhrəmliyini daha da artırır, onlar arasında qarşılıqlı bağların inkişafı üçün münbit zəminə çevrilir.
Sözügedən kitablarda toplanan əsərlər sənədli ədəbiyyat nümunəsi sayıldığından onların yayılma (tanıtım) kanalları da bədii nəsrinkindən fərqli idi. “Cümə günü kitabı” adlanan ilk topludakı 36 essedə, mühazirələrdə və məqalələrdə açıqlanan fikirləri yazar daha öncələr qatıldığı mühazirələrdə, konfranslarda, ayrı-ayrı mükafatların təqdimat mərasimlərində və oxucularla görüşlərdə şıfahi şəkildə səsləndirmişdi, 14-ü isə həm məhdud sayda oxucunun oxuduğu elmi jurnallarda, kitabların önsözlərində, həm də tirajı milyonlarla ölçülən populyar jurnal və qəzetlərdə geniş ictimaiyyətə çatdırılmışdı. İkinci kitabdakı mətnlərdən daha öncə çap olunanlarla heç çap olunmayanların qarşılıqlı nisbəti isə aşağıdakı kimi idi: topludakı 31 əsərdən 21-i əvvəllər işıq üzü görmüşdü, bunlardan bəziləri (məsələn, “Müəllim” (1986), “İspan əlaqəsi” (1984), “Borxes və mən” (1991), “Cek və Cill” (1992)) isə ən müxtəlif formatlara malik nəşrlərdə, həm də dəfələrlə oxuculara təqdim edilmişdi. “Müəllim” adlanan esse həm milyonların rəğbətini qazanan “Harpers”də, həm “Ən yaxşı amerikan esseləri” antologiyası da daxil, bir neçə antologiyada, həm də Bartın “Biri var idi” romanının səhifələrində işıq üzü görmüşdü.
Bartın “Cümə günü kitabları”ndakı mətnlər onun bədii əsərləriylə də səsləşirdilər. U.Ekonun dediyi kimi, bu baxımdan onlar postmodernizmin başlıca şərtlərindən biri sayılan çoxseriyalı estetikaya uyğundurlar.
Kütləvi sənətdən mənimsənmiş bu estetika həm qavrayışın cürbəcür texnikalarına əsaslanır, həm də “xam” və “bişkin” interpretasiya qrupları arasındakı fərqi nəzərə alır. Hər iki “Cümə günü kitabı” müxtəlif təkrarlanmalara əsaslanır, onlardakı leytmotivlər və avtositatlar (özündən sitat gətirmələr - A.Y.) sistemi vasitəsiylə daha da güclənir. Bu səbəbdən Bartın qələmindən çıxan non-fikşnları oxuyan “xam” oxucu oradan həm yazar, həm də onun əsərləri barədə özü üçün xeyli maraqlı bilgi ala bilir.
Bunlar isə öz növbəsində ən müxtəlif mövzularda müzakirələrə yol açdığından “bişkin” oxucu müəllifin ortaya atdığı variasiyaların burulğanına düşür. U.Eko “Qızılgülün adı” romanıyla bağlı qeydlər” adlı mətnində C.Bartdan sitat gətirir. Bart isə postmodernizm fəlsəfəsinin rahat anlaşılması üçün ən müxtəlif yanaşmalardan yararlanmağı uyğun görür, buna görə də öz mətnini oxuyacaq “xam” və “bişkin” oxuculara “ikili kodlaşdırma” prinsipiylə yanaşır.
Həmin kitabların adı da təsadüfi seçilməyib: universitetdə son dərs günü cümə günü olduğundan bu mətnləri yazar məhz həmin günlər qələmə alıb. Bu yazılarda o, ədəbiyyatın və həyatın, bir müəllim, yazar, oxucu və mütəfəkkir kimi öz həyat fəaliyyətinin ən aktual məsələləriylə bağlı fikirlərini açıqlayıb. Bu isə eyni mətnin müxtəlif səviyyələrdə qavranmasını xeyli asanlaşdırır.
“Xam” oxucunun nəzərində bu mətnlər həftəlik qəzetdə gedən köşə yazısından çox da fərqlənmir. “Bişkin” oxucu isə bəlkə də bu mətnləri XIX yüzildə yaşamış fransız tənqidçisi Ş.O.Sent-Bövün çoxcildlik “Bazar ertəsi söhbətləri”nə və “Yeni bazar ertələri”nə bənzədər. Sent-Böv də 20 il boyunca hər bazar ertəsi günü qələmə aldığı ədəbi qeydləri periodik (davamlı çıxan – A.Y.) nəşrlərdə çap etdirib, daha sonra isə bu mətnlər onun onlarla cilddən ibarət bədii irsinə daxil edilib. “Cümə günləri kitabları”nın strukturu “bişkin” oxucuya elmi araşdırmanın quruluşunu xatırladır: bu mətnlər çoxlu sayda paratekstlə (önsözlərlə, son sözlərlə, mətnaltı qeydlərlə, illüstrasiyalarla) təmin olunub. “Növbəti cümə günləri”ndə isə hətta “Ad göstəricisi” də verilib, bu isə həm kitabda axtarılan sözü tapmağı xeyli asanlaşdırır, həm də sözügedən kitablarda hansı mövzuların işləndiyini göstərir. Bundan əlavə, yazar bu kitabların oxucusunu gah öz bədii əsərlərinə, gah da özünün “Cümə günü kitabları”nın digər cildinə baxmağa vadar edir.
Oxucusunun bu və ya digər interpretativ qrupa aid olmasına məhəl qoymayan Bartın iş devizi belədir: “Yazısız bir günüm də olmasın!” Yazıçı dönə-dönə xatırladır ki, cümə günləri istirahət edir. Bu cür məqamlar müəllifin zəhmətkeşliyinə oxucunun qəlbində qibtə və hörmət hissi oyadır. Bu isə bir çox müasir yazarın praktik imiciylə çox gözəl uyuşur, elitar / kütləvi oxucular üçün yazan bu qələm sahibləri öz yaradıcı fəaliyyətlərinə hədsiz bağlılıqlarını dönə-dönə təsdiqləyirlər. Məsələn, həm alim, həm romançı, həm müəllif, həm də jurnalist olan U.Eko özünün son dərəcə dəqiq bir iş həftəsi üzrə çalışdığını dəfələrlə dilə gətirib. S.Kinq də dönə-dönə bildirib ki, bütün varlığıyla bağlı olduğu yaradıcılıq prosesinə ildə cəmi üç dəfə - Milad bayramında, 4 iyul günündə (ABŞ-ın Müstəqillik günü: Müstəqillik bəyannaməsi 1776-cı ildə həmin gün imzalanıb – A.Y.)) və öz ad günündə ara verməyə qıyır.
Bundan əlavə, "Cümə günü kitabları"ndakı geniş avtobioqrafik bilgiləri Bart müxtəlif şəkillərdə kodlaşdırır. Məsələn, "xam" oxucuya o, özüylə bağlı cürbəcür lətifələr anladır. Bu cür "səmimi etiraflar" provokasiya xarakteri daşıdığından yazarın dərkində "obrazın ikiləşməsi"nə gətirib çıxarır. Bir tərəfdən bu, müəllifi oxucuya doğmalaşdırır, ona olan etimadı artırır, onun ədəbiyyat aləminə çətin sınaqlardan sonra gəlişiylə bağlı real durumları (musiqiçi kimi uğursuzluğa düçar olmasını; uşaq yaşlarında məhəllədəki supermarketdən aldığı nazik qabıqlı detektiv və triller kitablarına rəğbətini; orta məktəbdə yaxşı oxumadığı üçün universitet təhsilinin ilk illərində çətinliklər çəkməsini; erkən evliliyini və üç övladının dünyaya gəlməsini; universitetdə işlədiyi ilk illər maaşının hədsiz dərəcədə azlığını; müəllimlik karyerasında xeyli ləng irəliləyişini – ikinci övladının dünyaya gəlməsi ucbatından doktorluq dissertasiyasını yarımçıq qoymasını; birinci arvadıyla boşanmasını; həşişlə ilk tanışlığını və həyat yoldaşına xəyanət etməsini) oxucuyla səmimi şəkildə paylaşması buna imkan yaradır. Bütün bu olumsuz faktlara rəğmən, Bartın həyatda uğur qazanması amerikalıların ictimai şüurunda kök salan və "öz taleyini yaradan", "Amerika arzusu"nu gözlə görünən reallığa çevirən insan mifiylə çox gözəl səsləşir. Digər tərəfdən isə, "bişkin" oxucu Bartın yaradıcılığında fabulanın (süjetin) uydurmalığından, hadisələrin ambivalent (ikili) yozumundan, obrazların parodikliyindən və müəllifin oxucu ilə vaxtaşırı məzələnməsindən yaxşı xəbərdar olduğundan onun bu etiraflarının və "məhrəmliyinin" də səmimiliyinə şübhə ilə yanaşır.
Yazarın aşkar provokasiyaları ilə onun ictimaiyyətə sırıdığı məlum rolları (tələbə, ata, elitar yazıçı, universitet müəllimi) arasında çat olduğunu sezməyi yalnız "bişkin" oxucu bacarar, çünki bütün bunlar müəllifin çoxqatlı və reduksiya olunmayan şəxsiyyəti ilə əsla uzlaşmır. Yazarın xarakterindəki bəlli cəhətlər (işə ciddi yanaşma, özünün yetişdirdiyi gənc qələm sahiblərinin onu ötüb keçməsiylə öyünmə, özünəkinayə, doğmalarına sevgi, çox geniş zəka, sosial tabulara (yasaqlara) və stereotiplərə məhəl qoymama) isə oxucuda rəğbət doğurur. Bu sayədə oxucunun təsəvvüründə səthilikdən uzaq, özündə "universitet dühası" ilə "seçilmişlərin yazarı" sifətlərini cəmləşdirən bir müəllif obrazı canlanır.
Bartın eyni vaxtda həm "xam", həm də "bişkin" oxucu üçün hazırladığı özünütəqdim fəndi onun professionallığını bariz şəkildə təsdiqləyir və sübut edir ki, alim və tənqidçi olmazdan əvvəl o – yazar və müəllimdir. Onun ilk esselər toplusunda da oxucu üçün dəyərli bir xatırlatma var idi: kitabın müəllifi – "otuz ilə yaxın müddətdə ABŞ-ın müxtəlif universitetlərində bədii qiraət və yazarlıq sirrlərindən dərs deyən, bu arada ədəbiyyat barədə iki-üç ideyasını da açıqlayan sıravi romançı və düşəndən-düşənə hekayə yazan birisi”dir.
Bartın janrına görə elmi diskurs tələb edən mətnlərində (konfranslardakı çıxışlarında, ədəbiyyat nəzəriyyəsinə və ya öz qələm dostlarının yaradıcılığına həsr olunan esse və məqalələrində) yazar və alim kimi fərqli rolları arasındakı qarşıdurma adətən özünü daha çox büruzə verir. Yazarın "Mən – alim deyiləm" və "Estetik nəzəriyyələr – mənim yemim deyil" kimi səmimi etirafları sonradan onun "Cümə günü kitabları"nın daha bir leytmotivinə çevrilməklə, iki fərqli və önəmli məqsədə xidmət edib. Əvvəla, bu etiraflar yazarın elmi camiənin sərhədləri daxilində qalmasını təmin eləyib, burada o, ədəbiyyat tarixindən və nəzəriyyəsindən dərs deyən, xarakterik amerikan professoru olmaqla yanaşı, yetişməkdə olan gənc yazarların bir növ “məşqçisinə” də çevrilib, mövcud şərtlərdə çağdaş ədəbiyyatın ən aktual məsələləri barədə fikirlərini rahat söyləmək imkanı qazanıb. Bu baxımdan Bart qələm əhli ilə hər hansı əlaqəsi olmayan alimlərlə tərəf müqabili olmaqdan da canını qurtarıb.
Elm aləmində topladığı simvolik sərmayəni faktiki baxımdan özününküləşdirən Bart bu cür açıqlamalar sayəsində həm "bişkin" oxucuların (ədəbiyyata professionallıqla yanaşanların) iradlarından yaxa qurtarıb, həm də onun ömrü boyu qazandığı qiraət və yazma təcrübəsi "xam" oxucuların Barta olan hörmət və etimadını artırır, çünki belədə ustad dərslərini onlara başqasının ədəbi məhsulunu təhlil edən alim deyil, məhz bu cür mətnləri yaradan yazar verir. Buna görə də müəllif ədəbi alanda öz yerini hamıya tam şəffaflıqla göstərib: ədəbi camiədə sadəcə "professional yazar" və "həvəskar intellektual" olmaqla kifayətlənib. Bəzi hallarda "professional alimlərin yemi sayılacaq" məsələlər barədə də şəxsi fikirlərini paylaşmasını Bart öz yaradıcılığını legitimləşdirmək cəhdi kimi qələmə verir.
Onun qənaətinə görə, öz professional statuslarını möhkəmlətməyə can atan bir çox yazar adətən sonralar tənqidçiyə çevrilib: "Onlar yeni krallığı ona görə yaradıblar ki, orada özlərini kral elan edə bilsinlər". Bunun digər bir səbəbi isə Bartın öz yaradıcılığını yanlış yorumlardan qorumaq cəhdidir. "Cümə günü kitabları"nın leytmotivi olaraq yazar öz əsərlərinin yorumçularına istehzalı yanaşmağa üstünlük vermişdi, çünki bəzən bu adamlar yazarın heç ağlına da gətirmədiyi altmənaları onun adına yazır, çox vaxt isə ona, layiq olmadığı "misilsiz erudit (zəka sahibi - A.Y.)" titulunu sırımaqdan ötrü dəridən-qabıqdan çıxırlar. 1963-cü ildə "Roderik Rendom" romanına sonsözün Bart tərəfindən yazılması barədə iddianı buna bariz misal göstərə bilərik. O vaxt alimlər " Bihuşdarı dəllalı" romanında Bartın XVIII əsr ingilis romanlarının strukturunu parodiya etdiyi fikrini irəli sürmüşdülər. Yazarın XVIII yüzil ədəbiyyatının sərrafı olduğuna inanan naşirlər isə çapına hazırlaşdıqları klassik bir mətnə son söz yazmaq barədə Barta müraciət eləmişdilər. Bütün bunlar sayəsində, özünün də etiraf elədiyi kimi, Bart sözün həqiqi mənasında XVIII əsr ingilis romanının "bilicisinə" çevrilmişdi. Halbuki o, bu ada əslində "postfaktum" (sonradan, fakt reallaşandan sonra – A.Y.), yəni həm "Roderik Rendom" romanını, həm də bu məsələlərlə bağlı digər araşdırmaları məcburən oxuyandan sonra layiq olmuşdu.
"Cümə günü kitabları"na da salınan "Bihuşdarı dəllalı" romanına son söz" mətnində bu əsərin Fildinqin "Tom Cons" adlı romanının təsiri altında meydana çıxdığı barədə sətirlər var. Onları oxuyan oxucu öz-özünə bu sualı verir: "Görəsən "Roderik Rendom" romanına sonsöz yazmasının gerçək tarixçəsini açıqlayarkən yazıçı yenə də bizlərlə məzələnmir ki?"
Oxucu ilə bu cür oyunlar sayəsində Bart qarşısına qoyduğu başlıca məqsədin – onun 1960-70-ci illərdə qələmə aldığı metaproza nümunələri (ilk növbədə "Gülüş otağında azarkən" romanı, "Ximeralar" trilogiyası və "Məktublar" romanı) hesabına "yeni tip oxucu yetişdirmək" məqsədinin gerçəkləşdirilməsinə bir çox baxımdan təkan verib. Ömrünün çox hissəsini "qiraət sənəti"nə həsr etmiş yazar və müəllim olaraq Bart bu problemi dəfələrlə gündəmə gətirib, qabardıb.
"Cümə günü kitabları"nda "oxucu yetişdirilməsi" layihəsinin icrası təkcə "oyun poetikası" yoluyla deyil, həm də bir növ "oxu proqramları"nın tərtibi hesabına həyata keçirilib. Bartın əsərləriylə digər müəlliflərin mətnlərinin müqayisəli analizinə həsr olunmuş mühazirələrin, esselərdən parçaların, "yazarın mətnlərinin oxunması üçün instruksiyalar"ın (təlimatların – A.Y.), habelə əsərlərə önsözlərin dönə-dönə çapı da məhz buna hesablanıb. Oxucularda bədii mətnə maraq oyatmağın, onları anlaşılan etmənin digər üsulları isə əsərlərin qısa məzmununun təqdimi və ən gözlənilməz kontekstlərdə (yeri oldu-olmadı – A.Y.) onlardan sitatlar gətirməkdir.
Məsələn, Con Hopkins adına Universitetin Tibb İnstitutunda "Şüur ilə bədənin ayrılığı barədə qədim mübahisə"yə həsr olunmuş simpoziumda oxuduğu mühazirədə yazar bunu edib. Daha bir üsul isə yazarın özünəməxsus "qiraət təcrübəsi"dir: bu zaman onun esse və məqalələrinə səpələnmiş həm ayrı-ayrı parçalar, həm də "bütöv bir diskurs bölümü" buna örnək gətirilə bilər. (Məsələn, "Tarix okeanı" adlı esseni Bart bütövlükdə özünün hələ tələbə ikən Somadevanın "Rəvayətlər okeanı" əsərindən bir oxucu kimi aldığı təəssüratlar əsasında yazıb). "Cümə günü kitabları"nda bütün bu üsullardan düşünülmüş şəkildə istifadə olunub. Canlı oxucu təcrübəsi ilə yanaşı, mətni qavramanı asanlaşdıran strategiyalar son nəticədə bədii əsərin yeni tipli və intellektual oyunlara hazır oxucu tərəfindən estetik vəhdətdə dərkinə optimal şərait yaradır.
Bartın yazar davranışlarıyla bağlı ayrı-ayrı faktların təhlili və onun qeyri-bədii janrdakı mətnlərinin analizi göstərir ki, yaradıcılığının ikinci mərhələsində bu kult yazar "universitet dühası", "seçilmişlərin (və ya "ilk xristianlar”ın) yazarı" şablonlarından qurtulmağa, oxucusuyla yeni əlaqə kanalları qurmağa can atıb, "çağdaş dövrün klassiki" olmağa iddia sərgiləyib.
Qarşısına qoyduğu bu fövqəlməqsədə çatmaq üçün o, bir sıra addımlar atıb və bunlardan ən çox diqqəti çəkən "Cümə günü kitabları"dır. Sözügedən kitablar bir sıra "interpretativ camiə"lərin təmsilçilərinə ünvanlanıb ki, bu da elitar yazarın öz oxucu auditoriyasını xeyli dərəcədə genişlətmək məsələsində "xam" və ya "bişkin" oxucular arasında ayrı-seçkilik aparmadığını göstərir.
Yazarın bu tip strategiyaları həm nüfuzlu ədəbi institusiyalar, həm də onların ayrı-ayrı təmsilçiləri tərəfindən dəstəkləndiyindən "kanon" (doğruluğu şübhə doğurmayan qanun və ya örnək – A.Y.) mahiyyəti qazanıb. Bu isə Bartı çağdaş ABŞ ədəbiyyatının "klassiki" saymaq üçün tamamilə yetərli əsasdır.
Ardını oxu:
Thomas Pynchon: kult yazar statusunun formalaşma mexanizmi

Con Bartın biblioqrafiyası
Romanları: "Üzən opera" ("The Floating Opera", 1956), "Yolun sonu" ("The End of the Road", 1958), "Bihuşdarı dəllalı" ("The Sot-Weed Factor", 1960), "Keçiotaran Caylz" ("Giles Goat-Boy", 1966), "Məktublar" ("Letters", 1979), "Yaradıcılıq məzuniyyəti" ("Sabbatical: a Romance", 1982), "Tayduoter hekayələri" ("Tidewater Tales", 1985), "Bilinməz dəniz səyyahının son səfəri" (The Last Voyage of Somebody the Sailor", 1991), "Biri var idi" ("Once upon a Time", 1995), "Tarix davam edir" ("On with the Story", 1996), "Günişığına çıxmaq" ("Coming Soon!!!, 2001), "On və bir gecə" ("The Book of Ten Nights and the Night", 2004).
Nəsr topluları: "Gülüş otağında azarkən" ("Lost in the Funhouse, 1968), "Ximeralar" ("Chimera", 1972), "Üç yolun kəsişdiyi yer" ("Where Tree Roads Meet", 2005).
Esse topluları: "Cümə günü kitabı" ("The Friday Book: Essays and Other Nonfiction", 1984), "Sonrakı cümə günləri" (Further Fridays: Essays, Lectures, and Other Nonfiction: 1984-1994", 1995).