-
Joseph Goebbels 20-ci əsrdə bəşəriyyətə qarşı ən ağır cinayətləri törətmiş nasist rejimin rəhbərlərindən idi. Almaniyanın təbliğat naziri olan Goebbels həm də ən qatı antisemitlərdən idi.
Bu məqalədə onun dünyagörüşünün formalaşmasında hansı kitabların rol oynadığı araşdırılır. Amma əlbəttə ki, nasist liderin marağı həmin müəllifləri qaralamaq üçün əsas ola bilməz.
DOSTOYEVSKİ GÖBBELSİ "RƏŞADƏTƏ NECƏ İLHAMLANDIRIRMIŞ"
1923-25-ci illərdə Yozef Göbbels Dostoyevski yaradıcılığını hərtərəfli araşdırmağa xeyli vaxt sərf edir.
Rus yazarın əsərlərindəki "şeytani güc və millətçilik hissləri" sonradan nasist dövlətin naziri olacaq Göbbelsi necə vəcdə gətirirsə, o, əxz etdiyi bu bilgilərdən ömrünün axırına qədər faydalanır.
Həmin illərdə Göbbels Rusiyaya və ruslara dərin heyranlıq duyur, bu xalqın yeni bir dünya quracağına hər hansı şübhə bəsləmir.
1920-30-cu illər Almaniyasında aparıcı siyasi hərəkatlar sayılan sol millətçilər və nasional-bolşeviklər öz ideyalarının əksəriyyətini bolşevik Rusiyasından əxz etmişdilər.
"Yeni rus dünyası"na duyulan rəğbət Hitlerin sonralar qurduğu partiyanın rəhbərliyinə də təsirsiz ötüşməmişdi.
Məsələn, Hitlerin ən yaxın silahdaşı sayılan Göbbels SSRİ-yə qarşı müharibə başlanana qədər dönməz rusofil olmaqla yanaşı, rus mədəniyyətinin və rusların dünyanı dəyişmək cəhdlərinə hədsiz heyran idi.
Göbbelsin şəxsiyyətinin formalaşmasına Fyodor Dostoyevskinin yaradıcılığı böyük təsir göstərmişdir. Sergey Allenovun "Politiya" jurnalının 2013-cü il üçün 2-ci sayında nəşr olunan "Gənc Yozef Göbbelsin siyasi dünyagörüşünün formalaşmasında Rusiyanın rolu" adlı məqaləsində Göbbelsin rus yazıçısının ideyalarını necə mənimsədiyi aşağıdakı sözlərlə açıqlanır:
"Gənc Göbbelsin şəxsi qeydlərinin araşdırılması göstərir ki, özünün təbliğat xarakterli ilk əsərlərində oxucularına bəyan etdiyi kimi, onu nasizmə gətirən yol heç də əvvəlcədən seçilməyibmiş və deyildiyi qədər də hamar olmayıb".
Ətrafındakı dünyanın dərkində cavan Göbbels üçün açar rolunu isə onun Dostoyevskinin "Əcinnələr" romanından seçdiyi sitat oynayıb.
Bu sitatı o, 1921-ci ildə yazdığı dissertasiyanın giriş bölümünə qoymuşdu: "Xalqların həyatında həmişə – istər indi, istərsə əsrlər öncə - idrak və elm ikinci dərəcəli, sırf xidməti xarakter daşıyıbdır və bu durum əsrlər boyu beləcə davam edəcəkdir. Xalqları formalaşdıran və hərəkətə gətirən, onları buyruqçu və ağayana qılan qüvvə isə başqadır, onun nədən yarandığı həm naməlumdur, həm də izaholunmaz".
Göbbelsin dissertasiyası alman romantizminin unudulmuş nümayəndələrindən birinə həsr olunmuşdu.
Yuxarıdakı sitatın onun elmi araşdırmasına hər hansı dəxli yox idi və onu hansısa elmi işə epiqraf kimi seçmək ümumiyyətlə ağlasığmazdır, çünki roman personajlarından Şatovun monoloqundakı bu fikirlərdə rus xalqının mənəvi cəhətdən Tanrı ideyalarını daşımaq üçün seçildiyinə işarət var.
Göbbels isə əmin idi ki, rus klassikinin dediyi "sirrli qüvvə" həm romantizm çağının, həm də indiki dövrün alman cəmiyyəti üçün eynilə keçərlidir.
Göbbelsin xatirələrində tələbəlik dövründə onun maddi sıxıntılar çəkdiyinə, məhrumiyyətlərə qatlaşdığına dair qeydlər var.
Hətta yetərincə qısa bir müddətdə universitet təhsilini tamamlayıb, 1921-ci ilin noyabrında heç bir çətinlik çəkmədən dissertasiya müdafiə edəndən sonra da o, maddi ehtiyaclarının zərrəcə azalmadığını vurğulayır.
Nə universitet diplomu, nə də fəxr etdiyi elmi dərəcə ona könülrahatlığı bəxş eləmir, Göbbels maddi vəziyyətini heç cür yaxşılaşdıra bilmir.
Dissertasiyadan az sonra bu fəlsəfə doktoru xoşbəxtlik axtarışları üçün dostlarıyla birlikdə Hindistana getməyi planlasa da, bunlar baş tutmur və o, doğma şəhəri Reydtdə təsadüfi işlərlə özünə çörəkpulu qazanır.
İxtisası üzrə iş tapmaq cəhdləri isə yerli mətbuatda beş-on ədəbi şərhlə və özəl dərslər verməklə məhdudlaşır. Bütün bunlardan sonra o, qət edir ki, "yaxşı pul qazana bilmək" üçün özünə "layiqli iş yeri" tapmalıdır.
Belə bir yer, onun zənninə görə, Drezden Bankının Köln şöbəsi ola bilərdi və 1923-cü ilin əvvəllərində o, burada işə düzəlir. "İyrənirəm buradan… Zəhlətökən həftələr. Cüzi maaş… Buradan mütləq qurtulmalıyam… Bank işi məni cana yığıb… Çarəsizəm. İntihar fikirləri…"
Bütün bunlar Göbbelsin həmin işdən aldığı təəssüratların heç də hamısı deyildir. Özüylə bacara bilmədiyi üçün o, avqust ayında götürdüyü məzuniyyəti rəfiqəsi ilə dənizdə keçirir.
İstirahət bitəndən sonra isə özünü xəstəliyə vurur və bu üzdən bankdakı işindən qovulmasına səbəb yaradır. 25 yaşlı fəlsəfə doktoru nə bir qazanc yeri, nə də ev tapa bilmədiyindən təkrar atasının himayəsinə sığınmalı olur.
Özünün də etiraf elədiyi kimi, yenidən qapıldığı depressiyanı susdurmaq üçün günlərcə sürən əyyaşlığa başlayır və oturub-durub öz-özünə təlqin eləyir ki, daha bu işgəncələrə qatlaşa bilməyəcək. Atasının himayəsində yaşayan bu cavanın qəzetlərə, nəşriyyatlara və teatrlara göndərdiyi şeirlərin və dramların heç birinin çap olunmaması isə onun durumunu daha da ağırlaşdırırır.
1923-cü ildə ölkədə yaranan vəziyyəti "dəlilik dönəmi" adlandıraraq, o, tutduğu mövqeyi tam açıq şəkildə belə ifadə eləmişdi: "Mən – alman kommunistiyəm".
Gənc ədəbiyyatşünasın özünə sığınacaq yeri saydığı "paralel dünya"da isə ən önəmli yeri, əvvəlki kimi, qiraət tuturdu. 1923-cü ilin noyabrında o, A.Strindberqin və H.Hessenin kitablarını, az sonra isə N.V.Qoqolun "Ölü canlar"ını oxumaqla vaxt keçirirdi.
Bu poemanın birinci hissəsini bitirəndə o, Qoqolu Dostoyevskinin "mənəvi atası" adlandırmış və hər iki yazarın "köklü rus" olduqlarını bir kompliment kimi işlətmişdi.
Xatirələri və gündəliyindəki qeydləri göstərir ki, o, Dostoyevskinin yaradıcılığıyla 1919-cu ildə, həm də "Cinayət və cəza" romanı ilə tanış olmağa başlayır. 1920-ci ili də Göbbels bədii əsərlərin qiraətinə həsr edir. 1923-cü ildə oxuyub bitirdiyi "İdiot" romanı isə onda "çox dərin təəssürat" buraxır.
Ondan sonrakı dövrdə Göbbels həmin əsərləri dönə-dönə oxuyub. 1924-cü və 1925-ci illərin əvvəllərində, yəni taleyində və dünyagörüşündə ciddi dəyişikliklərin gözlənildiyi dönəmdə o, yazarın külliyyatı ilə tanışlığını daha da intensivləşdirir. Halbuki həmin dəyişikliklər onu ədəbiyyat dünyasından qoparıb, siyasət meydanına girməyə hazırlayırdı.
1924-cü ilin fevralında gənc qiraət həvəskarı yazırdı: " Dostoyevskinin "Əcinnələr"i. Son üç ildə bu kitaba əl vurmasam da, ona duyduğum maraq əsla soyumayıb".
Bir il sonra o, "Alçaldılmış və təhqir olunmuşlar" əsərini oxumağa başlayır: "Dünən bütün gecəni və bu gün axşama qədər onu oxumuşam". Daha sonra o, "Karamazov qardaşları" romanına müraciət edir: "Bunu neçənci kərə oxuyuram? Hər şeyi dalbadal oxuyuram".
Göbbelsin həyatında Dostoyevski yaradıcılığının əhəmiyyətini anlamaq üçün onun gündəliyindəki digər və bəzən daha xırda detallar da köməyimizə yetişir. Məsələn, 26 yaşını sevgilisi və bir dostuyla qeyd edərkən, o, " Dostoyevskinin "İdiot" romanı konteksində İsa və xristianlıq barədə" fikirlər yürüdübmüş.
Bir başqa qadın tanışının ad günündə isə Göbbels qonaqlarla birlikdə sözügedən romandan parçaları uca səslə oxuyubmuş.
Bir qədər sonra, Berlinin qaulyayteri (Alman Millətçi-Sosial Fəhlə Partiyasının (NSDAP) bəlli bir ərazi (seçki dairəsi) üzrə ən yüksək vəzifəli şəxsi – A.Y.) seçilən Göbbels gərgin təbliğat səfərindən evə dönərkən aşağıdakı qeydləri edib: "İndicə qapıdan içəri girdim, Elzanın göndərdiyi çiçəklər və anamın hədiyyəsi olan Dostoyevskinin kitabı artıq masamın üstündədir. Ad günüm imiş! Tamamilə unutmuşdum bunu…"
Dünyagörüşlərinə və istedadlarına maraq duyduğu digər yazıçılar barədə Göbbelsin tənqidi qeydləri də yetərincə maraqlıdır, lakin o, bu və ya digər səbəblər üzündən onların hamısını Dostoyevskidən aşağı tutur.
Bunların arasında "canlara dəyən oğlan və böyük şair" Knut Hamsun, "zəif və incə ruhlu" Avqust Strindberq, "yaşamaqda olan alman dramaturqlarının ən böyüyü Georq Kayzer var idi. G.Hauptmanın "İpəyatmaz Emanuel Kvint" romanını isə Göbbels dini-əxlaqi əhəmiyyətinə görə "almanca yazılmış hələlik ən yaxşı kitab" kimi dəyərləndirmişdi.
Lakin Dostoyevskinin "İdiot"u ilə müqayisədə o, sözügedən kitabı "son dərəcə zəif" sayırdı.
Maks Ştirnerin "Bir dənə" adlı əsəri barədə isə Göbbels çox sərt hökm çıxartmış, Dostoyevskinin əsərləri sayəsində özünün dərk etdiyi "xristianlıq ideyası"nın ruhundan "yerli-dibli xəbərsiz" müəllifi tənqid atəşinə tutmuşdu.
Dostoyevskini dahi epik yazar, Şekspiri dramaturgiya dühası, Göteni isə Avropa ədəbiyyatının misilsiz lirik şairi elan edən Göbbels Şillerə hər hansı titul verməmişdi. Onu "son dərəcə dəbdən düşmüş", "tam məişət səviyyəli", "patetikaya hədsiz düşkün"lükdə suçlayan Göbbels Şilleri "söz sənətinin diletantı", "bədii incəliklərdən uzaq", "haqqında susmağın uyğun olduğu şeylər barədə dil-dil ötən biri" sayırdı.
Bu sonuncu qınağı gələcəyin nasist naziri "gəvəzəlik edən" bütün alman yazarlara aid edirdi, çünki Dostoyevskidən fərqli olaraq, onlar öz əsərlərində "baş aldadan əhvalatları" təsvir edirdilər, "ruh və məna" axtaran "oxucu fantaziyasına" heç bir imkan tanımırdılar.
Göteyə gəldikdə isə, Göbbels onu, Dostoyevski ilə birlikdə, "insanın təyinatındakı (missiyasındakı) ən yüksək zirvə"yə qoyurdu. Gündəliklərindəki bir qeyddə isə eyhamla bildirirdi ki, əgər o vaxt bu iki düha arasında bir seçim edəcək olsaydı, üstünlüyü rus klassikinə verərdi.
Bir kərə Dostoyevskinin portretini süzərkən, "həm cinayətkar, həm də peyğəmbəri xatırladan" bu adamın "əzabkeş", "qırışlarla dolu" və "kəsik-küsük" simasına baxıb, onu "tanrıların sevimlisi" sayılan Götenin yaraşıqlı və nəcib, bir sənət əsərinə bənzəyən sifətiylə müqayisə eləmişdi.
Dostoyevskinin romanlarıyla ilk tanışlıq dövründəki xatirələrində Göbbels bu əsərlərin onun beynində doğurduğu "sarsıntılardan", "daxili təlatümlərdən" və "inqilabdan" söz açır.
Sonrakı dönəmə aid gündəliklərindəki qeydlər göstərir ki, sözügedən kitablar ona ikinci, bəzən isə üçüncü dəfə oxunanda da təsir göstərirmişlər. Bu mətnlərin onda doğurduğu gərgin reaksiyanın sübutu kimi Göbbelsin: "Onları oxuyarkən ruhum tarazlıqdan çıxırdı, ağlayırdım və oxuduqlarımın ağırlığı gecələr yuxularıma haram qatırdı" kimi etiraflarından da bəlli olur.
Bütün bunlarla yanaşı, Dostoyevskinin yaradıcılığı isterik xislətli Göbbelsin real yaşantılarını daha da gücləndirən katalizator və bir növ psixoterapiya rolunu oynayırdı: "Dostoyevskinin mətnləri insanı çarəsizliyə sürükləyir. Onu oxuyarkən mən çılğın bir dəliliyə qapılıram. Bununla yanaşı, o, insanı elə ümidli, elə inamlı, elə güclü, elə nəcib və elə təmiz edir ki!" Bu fikri Göbbels 1924-cü ilin qışında, növbəti depressiyaya qapıldığı zaman gündəliyinə yazıbmış. Bir il sonra ona əziyyət verən çarəsizlik qızğın siyasi fəallıqla əvəzlənir və Göbbels qısa zamanda NSDAP-ın (Alman Millətçi-Sosial Fəhlə Partiyasının – A.Y.) ən üst rəhbərliyində təmsil olunur.
Rus klassikinin əsərlərinin qiraəti zamanı gündəliyinə yazdığı qeydlərdən məlum olur ki, o, nisbətən fərqli bir əhvala və reallığa köklənmək üçün yollar axtarır. Məsələn, "Alçaldılmışlar və təhqir olunmuşlar" əsərini təkrar-təkrar oxuyan bu nasist "qiraətin ona istirahət bəxş etdiyini" vurğulayır. İki gün sonra kitabı bitirəndə isə yazır: "Ona ayırdığım saatlar əsl bayram idi! İçimə çökən bütün qəm-qüssə dağılıb, getdi! Yenidən tərtəmiz oldum!"
Dostoyevski əsərlərinin qiraəti əsnasında ruhən təmizləndiyini vaxtaşırı vurğulayan Göbbels həm də bu zaman duyduğu ekstaz durumlarından, beynində baş verən "çevrilişlərdən", rus yazıçısına gerçək dini rəhbər kimi yanaşan oxucunun beynində "minlərlə yeni üfüq açıldığından" da bəhs edir.
Belə aktlar zamanı bu gənc üsyançı yaşadığı nifrət dolu reallığa tam zidd olan "yeni dünya"ya köklənir və bu zaman sevimli yazarının qələmindən (eynilə Tanrının öz əlləriylə yaratdığı insanlar kimi) şairanə üslubda çıxan personajları əsas götürür. Şairi sözün romantik mənasında demiurqa, Yaradana bənzədən və onu, Nitsşenin arzuladığı kimi, ilahi qəhrəman və xilaskar səviyyəsinə qaldıran Göbbels Dostoyevskiyə mədhiyyə xarakterli aşağıdakı misraları həsr eləmişdi:
Ey peyğəmbər və Tanrı!
Ey sonsuz üfüqlərin carçısı,
gələcək dünyamızı, o lal, donuq dünyanı
sən əlində tutmusan
Sənin dilinlə danışır ölümsüz ruhun ruhu
və insana xas heç nə
sənə əsla yad deyil.
Buna rəğmən, sən zaman və məkanın fövqündəsən.
Xalqa görünməmiş iman gücünü də, şəkli də, tanrını da, dünyanı da sən bəxş etmisən.
Sonra sən təkrar göylərə millənmisən,
yəni Ruhunun gəldiyi o yerə".
Göbbelsin gündəliyindəki pafoslu və nəsr janrındakı qeydlər də sübut edir ki, onu valeh edən təkcə Dostoyevskinin ədəbi istedadı deyildir.
Bir iddiaya görə, guya yazar inanırmış ki, "XIX yüzildə qəhrəman və peyğəmbər olmaq üçün yazmaqdan başqa bir yol qalmır". Göbbelsə görə, həmin dönəmdə rus belletristi hər şeydən əvvəl öz millətinə onun müqəddəratını (missiyasını), izaholunmaz və yüksək qutsallıqla yoğrulmuş yeni həyatın yolunu göstərən düha idi.
Dostoyevskinin millətçiliklə bağlı, dini təməllərə əsaslanan öyüdünün meydana çıxmasının səbəbini də Göbbels bədiilikdən daha çox, onun mistik öncəgörməsi ilə izah eləyirdi:
"O, yazır ki, onun beynini və ruhunu Demon, İblis yaxıb-yandırıb… Yazmasınının səbəbi kimi isə o, Rusiyaya bəslədiyi sevgini və düşmənlərə duyduğu nifrəti göstərir, həm ilhamı, həm də içindəki (İlahidən qaynaqlanan) od onun ruhunu rahat buraxmır".
Gündəliyinin digər səhifələrində Dostoyevskiyə yönələn çağırışın İlahidən gəldiyini iddia edən Göbbelsin bu çağırışı bəzən şeytaniliklə də bağlaması xristianlığın həqiqi dəyərləriylə zahirən əsla uzlaşmır. Dostoyevskinin doğma vətəninə bəslədiyi atəşin sevginin və yadlara duyduğu amansız nifrətin ikili xarakterini izah etməyə çalışan gələcək nasist rəhbər öz içindəki, şeytani şiddətlə alovlanan millətçilik hisslərini bəzən yazara da aid edir.
Bütün hallarda bu abzasın onun gündəliyindəki qeydləri arasında peyda olması Dostoyevskinin ortaya atdığı xristian sosializminin təkcə Rusiya üçün deyil, elə Almaniya üçün də qurtuluş yolu olduğunu dərk elədiyi vaxta təsadüf eləyir. O, rus utopiyasını alman milli sosializmi ideyası ilə birləşdirməyə çalışırdı və bu nəzəriyyədə artıq xristian tanrısına hər hansı yer, ehtiyac qalmırdı.
Gənc Göbbelsin bu təsəvvürlərinin əsasən "ədəbi xarakter" daşıması ondan qaynaqlanırdı ki, o, təkcə bütövlükdə rus xalqına, onun tərifini göylərə qaldıran Dostoyevskiyə və Tolstoya deyil, həm onların real həmvətənlərinə, həm də bu yazarların yaratdığı, uydurduğu personajlara da rəğbət bəsləyirdi. Məsələn, parlaq, lakin adamın canını çəkən bir epos saydığı "Hərb və sülh"ün bütün müsbət və mənfi qəhrəmanlarını o, eyni dərəcədə sevirdi, çünki onların hamısı tipik ruslardır, misilsiz, impulsuv (çılğın), səbirli, atəşin və səmimi insanlardır!"
1923-cü ilin payızında "İdiot" romanını oxuyub bitirəndən sonra o, bu əsərin müəllifi barədə fikirlərini belə qələmə almışdı: "Belə bir peyğəmbər yetişdirən xalq necə də böyükdür və necə parlaq gələcəyə sahibdir!"
Sonrakı ilin əvvəlində həmin kitabı bir daha oxuyan Göbbels bu mövzu ilə bağlı yazmışdı: "Onu yetişdirən xalq necə də bəxtəvərdir! Yeni dinin, yeni ehtirasın, yeni fanatizmin, bir sözlə, yeni dünyanın qurucusu bu xalq da olmayıb, başqa kim olacaq?!"
Bir il sonra "Alçaldılmışlar və təhqir olunmuşlar" əsərini oxuyan bu sütül nasist aşağıdakı heyrət dolu nida cümləsinə imza atmışdı: "Bizlər bu misilsiz xalqdan, görün, hələ nə qədər geridəyik. Ex oriente lux!"
Azərbaycan dilinə çevirdi – Azad Yaşar
https://www.facebook.com/azadyasharofficial