Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:01

«Soçidəyik, ancaq idmançılarımızdan medal gözləmirik...»


Julia Zlobina və Alexei Sitnikov
Julia Zlobina və Alexei Sitnikov
-
Bir neçə gün əvvələdək Azərbaycan yığmasının Soçiyə 5 idmançı ilə yollanacağı gözlənilirdi. Ancaq son anda dağ xizəkçiliyinin slalom növündə çıxış edən Cedric Notz heyətdən uzaqlaşdırıldı. O, heyətdən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan üçün müəyyən etdiyi kvotaya uyğun olaraq uzaqlaşdırılıb. BOK Azərbaycanın bu növdə bir idmançı ilə təmsil olunmasını istəyib. Beləcə, Cedric Notz çıxarılıb və Patrick Brahner qalıb...

İndi Azərbaycanı Patrick Brahner-dən (Avstriya) başqa digər xizəkçi Gaia Bassani Antivari (İtaliya), fiqurlu konkisürənlər Alexei Sitnikov və Julia Zlobina (Rusiya) təmsil edirlər.

«FİQURLU KONKİSÜRƏNLƏRİMİZDƏN İLK 12-YƏ DAXİL OLMAĞI GÖZLƏYİRİK»

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AzadlıqRadiosuna deyir ki, onlar artıq Soçidədirlər:

«Artıq Soçidəyik. Hər şey qaydasındadır. İdmançılarımız da hazırlaşırlar. Bizimkilər yarışa axıra yaxın qoşulacaqlar. Hazırlıq keçir, məşq edirlər. İdmançılarımızdan yaxşı çıxış gözləyirik. Fiqurlu konkisürənlərimizdən ilk 12-yə daxil olmalarını umuruq. O birilərin də reytinqlərini artırmasını istəyirik. Əlbəttə, biz burdan medal gözləmirik. İdmançılarımızın medal qazanmaq ümidləri çox azdır».

İdman şərhçiləri də elə Milli Olimpiya Komitəsi rəhbərliyinin fikrini bölüşürlər. Sərxan Musayev Azərbaycanı təmsil edən idmançıların reytinqinə diqqət çəkir:

«Azərbaycan yığmasının slalomda yarışacaq idmançılarından heç ilk onluğa düşəcəyi də gözlənilmir. Onların indiyədək göstərdiyi nəticələrə baxıb bunu demək olar. O ki qaldı fiqurlu konkisürənlərə, olimpiadada Azərbaycanı ilk dəfə təmsil edəcəklər. Onlar Avropa çempionatında 6-cı yeri tutublar. Az-çox da olsa, ilk 10-luğa düşmək şansları var. Amma yenə də medal şansları yoxdur».

Sərxan Musayev
Sərxan Musayev
NİYƏ LEGİONERLƏR?

Mütəxəssislər suala çox sadə cavab verirlər. Azərbaycanda heç vaxt qış olimpiya oyunları üçün idmançı yetişdirilməyib. Bunun üçün infrastruktur da olmayıb. Ancaq son illər «Şahdağ» və «Tufan» qış turizm obyektlərinin açılması qış idman növlərinə şərait yaradılacağına, idmançı yetişdiriləcəyinə ümidləri artırıb və bütün bunlar nikbin baxışlara yol açıb. Şərhçi Sərxan Musayev deyir ki, ayrıca inkişaf proqramına ehtiyac duyulur:

«Biz sanki belə bir devizlə çıxış edirik ki, uğur qazandıq-qazanmadıq, bütün idman növlərində, bütün yarışlarda təmsil olunmalıyıq. İndi yığmada olan o idmançıların çoxu mənsub olduqları ölkələrin 3-4-cü komandalarına düşməli adamlardır. Nədənsə bu qədər xərci gələcəyə sərf etməyi düşünmürük. Xaricdən mütəxəssis gətirib yerli idmançılar yetişdirmək olar. Vacib deyildi ki, 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edək. O vaxtdan bəri 3-4 idmançı ilə təmsil olunmuşuq, bu müddət ərzində ilk onluğa da düşməmişik. İndi gec də olsa, başa düşüblər – «Şahdağ» və «Tufan» 1-2 il əvvəl fəaliyyətə başlayıb. Bundan başqa buz meydançaları yaratmaq lazımdır, müəyyən inkişaf proqramı tərtib olunmalıdır».

Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yerli idmançıların yetişəcəyinə daha ümidlidir:

«İnşallah, gələn Olimpiya Oyunlarınadək öz idmançılarımızı hazırlamağa çalışacağıq. Artıq məşğul olurlar. Düzdür, müddət azdır, ancaq çalışacağıq».

VƏ BAŞDÖNDÜRƏN MƏBLƏĞ

Azərbaycan bu olimpiya oyunlarından medal gözləməsə də, qalib idmançılar üçün hamıdan yüksək mükafat fondu müəyyənləşdirib. Qızıl medal üçün 510 min, gümüş medala 255 min, bürünc medala 130 min ABŞ dolları veriləcək. Qazaxıstanın qızıl medal üçün təyin etdiyi məbləğ 250 min ABŞ dolları, Ermənistanın 30 min ABŞ dollarıdır. Rusiya 113 min, ABŞ 25 min dollar pul mükafatı müəyyənləşdirib.

İqtisadçı ekspert Samir Əliyev deyir ki, ölkənin idman sahəsində irəliləyişi çox yaxşıdır. Ancaq irəliləyiş çox vaxt arzu olunan şəkildə olmur:

«Bizdə xaricdəki istənilən uğur dövləti idarə edənlərin adı ilə bağlı olur. Burda siyasi amillər, kimlərinsə məhz siyasi baxımdan öz reputasiyasını yüksəltmək istəyi var. Belə tədbirlər üçün yüksək məbləğdə mükafat fondu ayrılır.
Samir Əliyev
Samir Əliyev
Ancaq bu gün ölkədə təhsilin, elmin, səhiyyənin inkişafına daha çox ehtiyac var. Belə pulları elmin inkişafına yönəltmək lazımdır».

İdman şərhçisi Sərxan Musayevin fikrincə, mükafat miqdarı baxımından Azərbaycanın digər ölkələri qabaqlaması birmənalı qarşılanmır:

«Maraqlıdır ki, Böyük Britaniya qalib idmançıya heç pul ayırmayıb. Orada fikirləşirlər ki, bizim idmançı gedib ölkəmizi təmsil edirsə, medal qazanmalıdır. Bu, yetərincə doğru məntiqdir. Azərbaycan yığması üçün məbləğin arxasına iki sıfır, üç sıfır da artırsan, yenə həmin idmançıdır... Medal qazanmaq şansı yoxdursa, məbləğin böyük-kiçik olmasının nə fərqi?».

MOK rəsmisi Çingiz Hüseynzadə deyir ki, Azərbaycanın ayırdığı məbləğ nahaq söz-söhbətə səbəb olur:

«Azərbaycan ayrılan məbləği təkcə qış idman növləri üçün deyil, ümumiyyətlə Olimpiya Oyunları üçün təyin edib. Həmin məbləğ həm yay, həm də qış oyunlarına aiddir».

Azərbaycan idmançıları fevralın 16-17-də fiqurlu konkisürənlərin, fevralın 18-21-də isə dağ xizəkçilərinin (slalom növündə) yarışına qatılacaqlar.

Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.

Azərbaycan Qış Olimpiya Oyunlarına ilk dəfə 1998-ci ildə qatılıb.
XS
SM
MD
LG