Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:35

Heydər Əliyevin tək ümid yeri [Araşdırma]


Azərbaycan kəndlisi niyə varlana bilmir?
Gözlə

No media source currently available

0:00 0:13:57 0:00

Azərbaycan kəndlisi niyə varlana bilmir?

-
Bərdəyə şər qarışanda çatırıq. Yolumuz parıldaşan işıqların aydınlatdığı mərkəzi küçələrdən keçir. Tıxac olsaydı, paytaxta gəldiyini sanardın. Taksi geniş və rahat asfalt küçədən keçərək ara küçəyə dönür. O dəqiqə qaranlıq, həm də yorucu yola düşürük. «Əyalətə xoş gəldin» deyə öz-özümə pıçıldayır və qaranlığın gizlətdiklərini görmək üçün səhəri gözləməyə qərar verirəm…

Bərdəyə, təbii ki, şəxsi pulumuzun yox, milyonlarla manatın – ictimai vəsaitin ardınca gəlmişik. Dövlət büdcəsindən regionların, sahibkarlığın inkişafına ayrılan pulların. Bu milyonlar asfalt küçələrdə, kommunikasiya xətlərində, müxtəlif anbarlarda, konserv zavodlarında, çörək fabriklərindədir…

Doqquz ildə bir milyard manat xərclənib. Niyə və nəyə? Doqquz milyon əhalisi olan bir ölkənin iqtisadiyyatını dirçəltmək, dövlət büdcəsini neft asılılığından azaltmaq, iqtisadçıların dili ilə desək, iqtisadi şaxələnməyə nail olmaq üçün.

Bu vəsait Sahibkarlığa Kömək Milli Fondun vasitəsilə qeyri-neft sektorunda sahibkarlığın inkişafına yönəldilib. Daha doğrusu, yerli sahibkarlara güzəştli kredit kimi verilib.

2004-cü ildən icrasına başlanan bu proqramın ilk illərində güzəştli kredit portfelindən daha çox Bakı şəhəri yararlanırdısa, sonrakı, xüsusən 2008-ci ildən sonra kredit bölüşdürülməsində paytaxtın özəl çəkisi azalıb. Milyonlar daha çox əyalətə axmağa başlayıb.

«ƏYALƏT VƏ YA PAYTAXT BÖLGÜSÜ YOXDUR...»

«Hökumət diversifikasiya siyasətində əyalət və ya paytaxt bölgüsü aparmır, əsas məqsəd ölkənin qeyri-neft sektorunu inkişaf etdirməkdir» - bunu İqtisadiyyat və Sənaye Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov AzadlıqRadiosuna müsahibəsində deyir:

«Amma birmənalı demək olar ki, ölkənin qeyri-neft sektoru paytaxtdan kənardadır».
Ədalət Muradov deyir ki, iqtisadiyyatın şaxələnməsi siyasətinə regionların sosial-iqtisadi dövlət proqramlarını da aid etmək olar.
Prezidenti İlham Əliyev Qəbələdə «Aqro Kompleks Qəbələ» MMC-nin aqrar-sənaye kompleksinin açılışında - 2013.
Prezidenti İlham Əliyev Qəbələdə «Aqro Kompleks Qəbələ» MMC-nin aqrar-sənaye kompleksinin açılışında - 2013.
Bu proqramlarda isə hər rayon və şəhər üzrə yerli və magistral yolların, qaz, işıq, su təchizatının yüksəldilməsi və bu kimi məsələlərin həlli nəzərdə tutulub.

***

Hökumət dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azalda bilirmi? Neft tükənəndə durum necə olacaq? İqtisadiyyat şaxələnirmi? Hökumətin sahibkarlığa yardımından kim yararlanır? Bir sahibkara yardım başqalarına da fayda gətirirmi?

Bu suallara cavab tapmağa çalışdıq. Diqqətə yetirilən araşdırma «Neft gəlirlərinin idarə edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə vəkilliyin təşkili» layihəsi çərçivəsində gerçəkləşdirilib. Yazı ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutunun dəstəyi və «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sifarişi ilə hazırlanıb. Araşdırmanın məzmununa görə Gəlirlərə Nəzarət İnstitutu heç bir məsuliyyət daşımır.

***
Neftdənkənar sektorda iqtisadiyyatın şaxələnməsinə, yerli sahibkarlığın inkişafına 2004-cü ildən maliyyə ayrılmağa başlanıb. Əgər sonrakı 5 il ərzində bu məqsədlə ayrılan məbləğ ümumilikdə 323 milyon manat idisə, təkcə 2009-cu ildə kredit portfelinin həcmi 266 milyon manata çatıb.



Regional iqtisadi şaxələnmədə xidmət sektoru, turizm sahələri ilə yanaşı, kənd təsərrüfatının istehsal və emalına milyonlarla manat vəsait xərclənib. İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmisi Ədalət Muradov deyir ki, Ümumi Daxili Məhsulda (ÜDM) kənd təsərrüfatı istehsalının payı təxminən 7 faizdir:

«İstehsal varsa, emal ön plana çıxmalıdır. Kənd təsərrüfatı məhsullarının emalı, başqa sözlə desək, aqrar sənayenin dəstəklənməsi diversifikasiya siyasəti baxımından önəm qazanır. Regionların inkişafındakı mövcud disbalansı aradan qaldırmaq üçün Sahibkarlığa Kömək Milli Fondunun xəttilə kənd təsərrüfatı məhsulları sahəsinə daha çox kredit verilir.
Ədalət Muradov
Ədalət Muradov
​Bazar mexanizmi aqrar sahədə bütövlükdə səmərəli fəaliyyət göstərə bilmir. Çünki aqrar sektor iqlim şəraitindən asılıdır, banklar aqrar sahəyə bazar qiymətləri ilə kredit verməkdə maraqlıdır, sığorta şirkətləri də kənd təsərrüfatı məhsulu istehsalını sığortalamaqda maraqlı deyil. Buna görə də hökumət buraya ucuz kredit yönəltməklə kömək edir».

ƏN BÖYÜK İQTİSADİ RAYON - ARAN

Ölkədə sahibkarlığın və regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, Bakı istisna olmaqla, 10 iqtisadi rayona bölünüb.

Güzəştli kredit kisəsindən daha çox yararlanan Aran iqtisadi bölgəsidir. Bu bölgə əhalisinin, ərazisinin, aid edildiyi rayonların sayına, kənd təsərrüfatına yararlı torpağın həcminə görə digər iqtisadi rayonları qabaqlayır. Elə maliyyələşdirilən layihələrin sayına və ayrılan güzəştli kreditin həcminə görə də.

İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytında verilən məlumata görə, Aran iqtisadi rayonuna 15 rayon, 3 şəhər daxildir. İqtisadiyyatın əsas sahəsi sənaye və kənd təsərrüfatıdır.

Sahibkarlığa Kömək Milli Fondunun hesabatlarına görə, son on iki il ərzində bu rayona verilmiş güzəştli kreditlərin ümumi məbləği 219 milyon manatdır. Beş mindən çox investisiya layihəsi maliyyələşdirilib, 20 mindən çox iş yeri açılıb.

Araşdırma zamanı dəyəri milyon manatlarla ölçülən layihələrə üstün diqqət yetirdik.

«Qarabağ» çörək zavodu
«Qarabağ» çörək zavodu
ƏKƏN, ÜYÜDƏN VƏ BİŞİRƏN «QARABAĞ»

Bərdə Aranın qeyri-rəsmi mərkəzi sayılan rayondur. 219 milyon manatlıq güzəştli kredit portfelindən Bərdənin payına təxminən 32 milyon manat düşüb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev ötən il «Qarabağ» çörək zavodunun açılışında bildirib ki, bu vəsaitdən 900-ə yaxın sahibkar faydalanıb.

«Qarabağ» çörək zavodu «böyük həcmli kredit» alanlar siyahısındadır. Fond zavodun layihəsinə 3 milyon manata yaxın güzəştli kredit ayırıb.​ Üstəlik, zavodun xammal bazasının yaradılması üçün taxıl sahələrinin işlənməsinə, tutumu 10 min ton olan taxıl anbarının və gündəlik istehsal gücü 70 ton olan dəyirman kompleksinin inşasına da əlavə 680 min manat güzəştli kredit ayrılıb. Yəni, çörək zavodu həm əkir, həm üyüdür, həm də bişirir.

«Qarabağ» çörək zavodu işçilərindən kimsə danışmağa razılaşmır, rəhbərliyin olmamağını əsas gətirir. Bircə onu öyrənirik ki, zavod açılandan bəri onlarla adam işlə təmin edilib. Orta aylıq əməkhaqqı 150-200 manatdan başlayır. «Bu məbləğ yetərlidirmi» deyə soruşanda, işçilərdən biri deyir ki, Bərdədə iş olmadığından bu maaşa işləməyə məcburdur: «Burdan bizə pulsuz çörək də verirlər. Çörəyə pul vermirik. Bu da bir köməkdir».

«Qarabağ» çörək zavodu kompleksinin taxıl anbarı da var. «Buğdanı haradan alırsınız? Neçə işçi çalışır?» və s. bənzər sualları cavabsız buraxırlar. Eyni zamanda uzaqdan taxıl anbarının foto-şəkillərini çəkməyə əngəl törətmirlər.

Sahibkarlığa Kömək Milli Fondunun saytından götürdüyümüz, layihə üzrə yeni iş yerlərinin sayının 10-dan çox olduğu göstərilən digər taxıl anbarlarına üz tuturuq.

TAXIL ANBARINDA MEBEL

Qarşısını gül-çiçək bəzəyən, baxımlı olduğu duyulan müəssisədə işgüzar ab-hava yoxdur. Yalnız iki-üç oğlan gözə dəyir.
Rəsul Rəhimov
Rəsul Rəhimov
Sonradan öyrənirik ki, onlar taxıl anbarı kompleksinin həyətində yer icarəyə götürüb mebel saxlayırlar.

«Etalon-Aqro» adlı bu müəssisə bir neçə ildir ki, təyinatı üzrə fəaliyyət göstərmir. Müəssisəni uçub-dağılmaqdan qoruyan, gül-çiçəyini solmağa qoymayan Rəsul Rəhimov «Etalon-Aqro»nun Rusiyadakı sahibkarıyla danışandan sonra kompleksi bizə göstərməyə razılaşır. Onun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondu «Etalon-Aqro»ya taxıl anbarı kompleksini qurmaq üçün təxminən 1 milyon manat kredit ayırıb: «Anbar tikildi, amma sonrakı krediti ayırmadılar. Ona görə də işlər beləcə qaldı».

«Etalon-Aqro» yerli əkinçilərdən şəkər çuğundurunu alıb İmişli Şəkər Zavoduna verirmiş. Sonradan müəssisədə taxıl anbarı kompleksi yaratmaq layihəsi sahibkara daha cəlbedici görünür. İqtisadiyyat və Sənaye Nazirliyində də bu layihəni bəyənərək kredit ayırırlar. /Ardı növbəti səhifədə/
BİRCƏ DÜYMƏNİ BASMAQ YETƏR Kİ...

Rəsul Rəhimov deyir, kompleks hazır olandan sonra yenidən kredit ayrılmalı idi ki, müəssisə Bərdə və ətraf rayon sakinlərindən taxıl ala bilsin. Bu kredit olmadığından, üstəlik, müəssisədə şəkər toplanması dayandırıldığından «Etalon-Aqro»nun sahibi müəssisəni işlədə bilmir və əvvəllər çalışdığı Rusiyaya geri dönməli olur. Rəsul Rəhimovun sözlərinə görə, sahibkarın Rusiyada biznesi var, Bərdəyə gəlibmiş ki, həm özü qazansın, həm də həmvətənlərinə iş yeri yaratsın. Elə yaradıbmış da. Bizə bələdçilik edən Bərdə sakini Natiq Məmmədov da deyir ki, bir vaxtlar burada onlarla adam çalışırmış. Rəsul Rəhimov da onun sözünü təsdiqləyir ki, işçilər fermerlərdən aldıqları şəkəri yuyub-çeşidləyib İmişli Şəkər Zavoduna göndərirmişlər. Amma sonradan hansısa əngəllər ucbatından bu iş dayanıb. Müsahibimiz əlavə edir ki, taxıl anbarı kompleksinin idarə edilməsi üçün onlarla iş yeri açılacaqdı. Amma bütün işlər yarıda qalıb.

3500 hektar ərazisi olan kompleksin idarə mexanizminin yerləşdiyi kabinəyə gedən yolu ot-ələf basıb. Rəsul Rəhimov deyir ki, kabinə tikildiyi vaxtdan bağlı qalsa da, bütün avadanlıq saz vəziyyətdədir:

«Taxıl olsa, düyməni bas, işləsin. Yəni avadanlıq, idarə mexanizmi hazırdır. Sahibi öz cibindən də nə qədər vəsait xərclədi bura. İndi bu xərc batıb gedir».

ANBARLARIN TAXILI HARADAN GƏLİR?

Azərbaycanda müasir taxıl anbarları kompleksinin yaradılması ideyası ortaya atılanda bunu qüvvətləndirən əsas arqument ərzaq təhlükəsizliyi, ölkəni taxıl idxalından azad etmək idi.
İmişlidə taxıl anbarı
İmişlidə taxıl anbarı

Amma ölkədə tikilən 20-dən çox taxıl anbarı hələ də kəndliləri taxıl əkməyə həvəsləndirə bilmir. Rəsmi statistika göstərir ki, ölkəyə taxıl idxalı azalmayıb, əksinə artıb. Məsələn, iki il əvvəl ölkəyə 1 milyon 160 min tondan çox buğda gətirilibsə, 2012-ci ildə buğda idxalı daha 200 min ton çoxalıb.

Buğda istehsalında ötən iki ildə, əsasən, bir neçə min ton artım müşahidə edilsə də, tutalım, 2009-cu illə müqayisədə 300 min ton azalma var.

BUĞDA ƏKİNİ 11 MİN HEKTAR, İSTEHSALI 40 MİN TON AZALIB

Güzəştli kreditlər hesabına Aran iqtisadi bölgəsində 10-a yaxın taxıl anbarı kompleksi tikilib. Amma bu taxıl anbarları, hələ ki, idxal hesabına dolacaq. Çünki bu regionda buğda istehsalı 2009-cu illə müqayisədə təxminən 220 min ton azalıb. Məsələn, 2009-cu ildə 820 min ton buğda istehsal olunubsa, 2012-ci ildə istehsalın səviyyəsi 600 min tona yaxın olub. Beləcə, istehsal 27 faiz azalıb.

Buğda əkini və istehsalı Bərdədə də azalıb. 2009-cu ildə taxıl sahələri 25 min ha-dan çox idisə, son 3 ildə buğda əkini təxminən 11 min ha, yəni 43 faiz azalıb. Təbii ki, bütün bunlar istehsala da təsirsiz ötüşməyib. 2012-ci ildə taxılçılıq əvvəlki ilə nisbətən cüzi artsa da, 2009-cu illə müqayisədə 40 min ton aşağı düşüb.

QAPISI BAĞLI TAXIL ANBARI VƏ KONSERV ZAVODU

Bərdədəki qapısı bağlı taxıl anbarına və konserv zavoduna İmişlidə də rast gəldik. Sahibkarlığa Kömək Milli Fondunun rəsmi saytında yazılıb ki, İmişlidə «Telestudiya küçəsi, 1» ünvanında yerləşən konserv zavoduna kredit ayrılıb. İllik istehsalı 2.6 min ton göstərilən müəssisə artıq istifadəyə verilib və yeni iş yerlərinin sayı 88-dir.
İmişlidə konserv zavodu
İmişlidə konserv zavodu
Saytda belə yazılıb və biz də yazılanları gözümüzlə görmək istədik.

Göstərilən ünvana baş çəksək də, binasından nimdaşlıq yağan, hər hansı qızğın iş yerini xatırlatmayan bir müəssisə gördük. Mühafizəçilər müəssisənin işləmədiyini, içəridə də kimsənin olmadığını söylədilər. Geri qayıtmaqdan başqa çarəmiz qalmadı.
Sözügedən saytdakı daha bir məlumatın izinə düşdük – «S.Fətəliyev küçəsi, 45» ünvanında yerləşən taxıl anbarı kompleksinin. Rəsmi məlumata görə, gücü təxminən 50 min ton olan anbarda 30 yeni iş yeri açılıb.

Ünvanı tapsaq da, qapısı dəmir torla örtülü anbarı elə uzaqdan seyr etdik. Mühafizəçi və ya bir kimsə də yox idi ki, anbarın işləyib-işləmədiyini öyrənək.

MADDİ DƏSTƏYƏ MÖHTAC KƏNDLİ ANCAQ ÖZÜNƏ GÜVƏNİR

Bərdənin taxılçılıqda yüksək göstəriciləri olmasa da, heyvandarlıq sahəsində üzü ağdır. Bizə rayonun digər kəndlərlə müqayisədə az-çox dolanışığı olan Mehdili kəndini nişan verdilər. «Hər kəsin qapısında azı 20-30 heyvan var» sözləri o deməkdir ki, kəndli-fermerin azı 20-25 min manatlıq dövriyyəsi var.

Mehdili kəndində iki il əvvəl güzəştli kreditlə ət kəsimi fabriki tikilib. Sahibkarlığa Kömək Milli Fondunun saytında bu fabrikin istifadəyə verildiyi göstərilib. «Yəqin bu fabrik kənddə camaatı heyvandarlığı inkişaf etdirməyə həvəsləndirib» – deyə düşünərək Mehdiliyə üz tutduq.

25 yaşlı Heydər gözünü açandan mal-qara saxlamaqla dolandıqlarını görüb. Beləcə, nə təhsil barədə düşünüb, nə də gənclik xəyallarına baş vurub. Ev saxlayıb, ailə saxlayıb.

Heydər Əliyev Bərdənin Mehdili kəndində heyvandarlıqla məşğul olan sakinlərdən biridir.
Heydər Əliyev
Heydər Əliyev
Deyir, Bərdədə özünə gün-güzəran qurmağı bacaran kəndlərdən ən yaxşısı Mehdilidir, burda hər kəsin qapısında azı 30-50 baş heyvan var. O, yarızarafat-yarıgerçək bunu da əlavə edir ki, Azərbaycanı mal əti ilə Mehdili kəndi təmin edir.

Heydər Əliyev aldığı mal-qaranı kökəldib yenidən bazara çıxarır. İndi təsərrüfatını genişləndirmək üçün yeni tövlə tikdirir. Deyir ki, maddi dəstəyi olsa, məsələn, hökumətdən güzəştli kredit ala bilsə, daha iri işlərə qol qoyar:

- Hələ ki maddi imkan yoxdur.

- Hesablamısan ki, nə qədər vəsait olsa, istədiyin işi qura bilərsən?

- İstədiyim işi qurmağa çox vəsait lazımdır.

- Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə Bərdənin Mehdili kəndində ət emalı fabriki tikilib. Bu fabrikin kəndə, sənin kimi fermerlərə nə köməyi dəyir?

- Eşitmişəm, belə bir fabrik tikilib, amma ora hələ ət verməmişik. Xeyri nə olacaq, bizə sərf edən qiymət deyəcəklər, ya yox, – bilmirəm.

ƏT KƏSİMİ FABRİKİNDƏN FAYDA VAR?

Sən demə, 5 min tonluq soyuducu anbarı ilə birgə 4.5 milyon manatlıq güzəştli kredit alan ət kəsimi fabriki işləmirmiş. Bunu fabrikdə öyrənirik. Özünü kompleksin işçisi kimi tanıdan, adını söyləməyən və bizə içəri daxil olmağa icazə verməyən şəxs müəssisədə rəhbərlikdən kimsənin olmadığını söyləyir. Bircə onu öyrənə bilirik ki, soyuducu anbarı işləyir, ət emalı fabriki isə, tikintisi başa çatsa da, hələ işə düşməyib.
Soyuducu anbar
Soyuducu anbar
Müsahibimiz bir də onu deyir ki, hazırda kompleksə daxil ferma tikilir.

Prezident.az saytında Bərdənin Mehdili kəndində yerləşən bu aqrar sənaye kompleksi barədə ətraflı məlumat var. Məsələn, oxumaq mümkündür ki, fabrik əvvəlcə ətraf rayonlardan mal-qara alıb emal edəcək, eyni zamanda özünə xammal bazası da yaradacaq. Soyuducu anbar, ət emalı fabriki və xammal bazasının yaradılmasına üst-üstə 9 milyon manatadək güzəştli kredit ayrılıb.

Tikintisi 2011-ci ildə başa çatmış bu fabrik kəndlilərdən xammal almayacaqsa, onun əhaliyə nə xeyri var? Dövlətin güzəştli kredit siyasətindən yararlanan hər hansı sahibkar yalnız öz imkanlarını artırırsa, bu sonradan monopoliyaya – 20-30 heyvanı ilə indi güzəranını yola verə bilən fermerin sıradan çıxarılmasına gətirib çıxarmayacaqmı?
Bəs güzəştli kredit alsa da, qapısı bağlı müəssisələrin fəaliyyətsizliyi hökumətin diversifikasiya siyasətinə əngəl yaradırmı?

İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmisi Ədalət Muradov deyir ki, güzəştli kredit alan, amma işləməyən müəssisələrlə bağlı məlumat onun üçün yenidir:

«Çünki sahibkar kredit alır ki, iş görsün, əgər qapısını bağlı saxlayıb müəssisəni işlətməyəcəksə, onda nə marağı vardı kredit alsın? Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin geri qaytarılmasında bir problem yoxdur. Buna görə də həmin müəssisələrin işləməməsindən söhbət gedə bilməz. ​Sahibkar krediti alıbsa, onu qaytarmaq üçün işlətməlidir ki, fayda götürsün. Yoxsa bu iqtisadi baxımdan nonsensdir. Güzəştli kredit təyinatı üzrə xərclənməlidir. Buna nəzarət olunur.
Ət kəsimi
Ət kəsimi
Amma müəssisə tam gücü ilə işləmir desəniz, bununla razıyam. Çünki müəssisənin tam gücü ilə işləməsi üçün vaxt lazımdır».

ƏT KƏSİMİNDƏ ARTIM

Rəsmi statistikaya görə, Bərdədə ət kəsimi artıb. Amma 2008-2012-ci illər arasında yerli sakinlərin də sayı təxminən 7 min nəfər çoxalıb. Ət kəsimində adambaşına artım müşahidə olunur, məsələn, 2008-ci ildə adambaşına 40 kq ət düşürdüsə, 4 ildən sonra bu rəqəm 51 kq olub, yəni ət kəsimi 27 faiz artıb.

Araşdırma gedişində məlum oldu ki, əslində, heyvandarlığın inkişafında Sahibkarlığa Kömək Milli Fondundan ayrılan vəsaitin elə bir önəmi yoxdur. Sadəcə, heyvandarlıq digər sahələrdən daha çox gəlir gətirdiyindən kəndli-fermerlər güclərini bu sahəyə yönəldiblər. «Əslində, bu sahənin inkişafına fermerlərin heyvanı asanca nağd pula çevirə bilməsi təkan verib. Yəni bazarda həmişə alıcı var və bir baş heyvan da elə ucuz deyil. Azərbaycanda ət istehlakının yüksək olması da bu sahəni stimullaşdırır. Digər tərəfdən, mal-qara həm özünü, həm də ailəni dolandıra bilir», – ekspert Rövşən Ağayev belə deyir. /Ardı növbəti səhifədə/
TƏRƏVƏZ AZALIB

Bərdədə ət kəsimi statistikası yüksək olsa da, kənd təsərrüfatının digər sahələrində bunu müşahidə edə bilmirik. Məsələn, pambıq 2005-ci illə müqayisədə 5 min ha az əkilib. Təbii ki, əkin sahəsinin azalması məhsuldarlığa da təsir edib: pambıq 12 min ton azalıb.

Rəsmi statistika Bərdədə pambıq, şəkər çuğunduru, tərəvəz, kartof, hətta bostan məhsulları istehsalının da aşağı düşdüyünü göstərir. Yalnız üzüm, meyvə və giləmeyvə istehsalında cüzi artım var.

Şəkər çuğunduru sahələrinin də azalması diqqət çəkir. 2008-ci ildə şəkər çuğunduru sahələri zirvə həddinə (1200 ha) çatmışdısa, 4 il sonra 402 ha-dək daralıb. Halbuki İmişli Şəkər Zavodunun açılışı şəkər çuğunduru istehsalçılarını həvəsləndirməliydi...

DƏDƏ-BABA QAYDASIYLA TORPAQ ƏKİNİ

İmişli kəndlərində yaşayanların əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır. 2-3 ha-lıq torpaq sahibləri arasında pambıq əkən də var, arpa, buğda, şəkər çuğunduru da. Yol boyunca torpaqda işləyənləri görüb yaxınlaşırıq. Əksəriyyəti İmişli ərazisində məskunlaşmış məcburi köçkünlərdir. Toxumu maşınla əkmək baha başa gəldiyindən, qədimlərdə olduğu kimi, əllə səpirlər. Əl səpini vaxt alsa da, Kərəm kişi deyir ki, xərclər onlara texnikadan yararlanmağa imkan vermir. Harada işi əllə görmək mümkündürsə, kəndlilər orda texniki xərcdən qaçmağa çalışırlar ki, maya dəyəri bir az ucuz düşsün.
Kərəm kişi deyir ki, xərclər onlara texnikadan yararlanmağa imkan vermir
Kərəm kişi deyir ki, xərclər onlara texnikadan yararlanmağa imkan vermir

Statistika İmişlidə əkinə yararlı torpağın və gerçək əkin sahəsinin miqdarını göstərməsə də, kənd təsərrüfatı məhsullarının istehsal dinamikasını izləmək mümkündür. Rəsmi rəqəmlər bir çox məhsulların istehsalında əvvəlki illərlə müqayisədə azalmaya meyli üzə çıxarır. Məsələn, vaxtilə pambıqçılıq üzrə yüksək nəticəni indi görmək mümkün deyil: 2005-ci ildə 18 min ton pambıq becərildiyi halda 2012-ci ildə yığımın səviyyəsi 14 min ton az olub. Tərəvəz istehsalı 2007-ci illə müqayisədə təxminən 12 min ton azalıb. Kələm, kartof, baş soğan, qarpız istehsalında da 7-8 il əvvəllə müqayisədə minlərlə ton azalma gözə çarpır.

Şəkər çuğunduru istehsalı da zirvə həddinə 2008-ci ildə çatmışdı – azı 25 min ton məhsul yığılmışdı. Amma iki il əvvəl bu rəqəm təxminən 8 min tona düşüb. Demək, İmişli Şəkər Zavodu öncəki illərlə müqayisədə fermerlərdən 17 min ton az şəkər çuğunduru alıb.

«AZƏRSUN» ƏKİNƏ YARARSIZ TORPAĞI «SAĞALDIB»

Ekspertlər emal müəssisələrini istehsalı stimullaşdıran amil kimi qiymətləndirirlər. Elə aqrar sahənin iqtisadi şaxələnməsində də emal müəssisələrinin rolu yüksəkdir. Beləcə, yüksək istehsala təkan verilir, həm də yeni iş yerləri yaranır. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit portfelində də emala yönəlik vəsait miqdarca az deyil.

Bəs gerçəkdə necə, yaradılmasına milyonlarla manat yatırılan emal müəssisələri regionda aqrar sektorun inkişafına təsiri edirmi?
Biləsuvarda Konserv Zavodu
Biləsuvarda Konserv Zavodu

Bu suala cavab tapmaq üçün Fondun iriməbləğli kredit ayırdığı şirkətlərdən birinə – «Azərsun Holdinq»in Biləsuvar-İmişli yolu 45-ci km-də yerləşən konserv məhsullarının istehsalı fabrikinə yollandıq.

Şirkət bazara çıxardığı «Bizim tarla», «Saville» konserv məhsullarını bu zavodda hazırlayır.

Əvvəlcə 3 min 500 ha ərazini tutan əkin sahəsi ilə tanış olduq. Holdinq bu ərazini dövlətdən icarəyə götürüb. «Azərsun Holdinq»in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin əməkdaşı Afiq Səfərov deyir ki, onlar əkinə yararsız torpağı münbitləşdiriblər:

«Biz bu torpaqları münbitləşdirdik. Orda hətta üzvi gübrə də istehsal edərək torpağı gücləndirdik. Drenaj işlərinin qurulmasında Meliorasiya və Su Təsərrüfatı İdarəsi də dəstək oldu».

ÇAĞDAŞ ƏKİN ÜSULU

«Azərsun»un münbitləşdirdiyi ərazilərdə toxumu əllə səpən Kərəm kişinin bəlkə yuxusunda da görmədiyi müasir əkin üsulundan yararlanırlar. Suvarma da müasir qurğularla aparılır. Bu torpaqlarda daha nələr əkilmir – pomidor, xiyar, yaşıl noxud, qarğıdalı... Hətta yonca, arpa da becərilir. Təkcə müəssisədəki konservləşdirmə fabriki deyil, «Azərsun»un Xaçmaz və Lənkərandakı fabrikləri də xammalla təchiz edilir. Ərazidə meyvə ağacları da əkilib. Məsələn, 100 ha-lıq ərazidə 50 min nar, 3 minə yaxın heyva ağacı var. Bəzi ağaclar bar da verib və meyvələr konservləşdirmə zavodunda emal olunub.

Afiq Səfərov
Afiq Səfərov
150 MANATDAN BAŞLANAN ƏMƏKHAQQI

Biz müəssisəyə gedəndə fabrikdə sexlərin bəziləri mövsümə görə dayansa da, paketləmə sexi işləyirdi. Rəhbərlik burda 300-dək adamın çalışdığını bildirir. Əməkhaqqı 150 manatdan başlanır. Afiq Səfərov deyir ki, mövsüm vaxtı burda 2-3 min adam özünə iş tapır:

«Daimi işçilər 350-400 manat qazanırlar. Mövsümi işçiləri podratçı təşkilatlar yığır. Onlar da 300 manat civarında əməkhaqqı alırlar. Biz işi podratçıya tapşırırıq. Məsələn, pomidorun yığılmasını. Bundan ötrü bəlli bir məbləğ ayırırıq. Onlar da işə uyğun adam yığır və o vəsaiti onların arasında bölürlər».

Afiq Səfərovun sözlərinə görə, zavodun çevrədəki rayon və kəndlərə böyük faydası dəyir:

«Ərazidə 10-dan çox qaçqın qəsəbəsi var. Orda minlərlə qaçqın yaşayır. Zavod onların məşğulluq problemini həll etdi. Bundan başqa ərzaq təhlükəsizliyinə mühüm töhfə veririk. Müasir aqrar təcrübəni həyata keçiririk. Biz göstərdik ki, əkinə yararsız torpaq yoxdur, sadəcə, torpaqla işləmək lazımdır. «Bizim tarla»nın əsas xammalını öz sahələrimizdən yığırıq. Yaxın 29 rayonda yaşayan kəndlilərin məhsullarını da qəbul edirik. Təbii ki, yararlı məhsulu alırıq. Bəzən yararsız məhsul da gətirirlər, götürməyəndə də şikayətlənirlər».

«EHTİYACIMIZ OLANDA HEYVANI SATIRIQ»

Fabrikdə təkcə məcburi köçkünlər yox, yerli əhali də çalışır. Məsələn, müəssisədən 5-10 km kənarda yerləşən Aran kəndi. Bu kəndin çörəyi torpaqdan çıxır. Camaat, əsasən, pambıq, taxıl, yonca əkir, məhsulu da öz ehtiyacları üçün istifadə edir. Ailənin tələbatından artıq qalsa, onda satlığa da çıxarırlar. Soruşuruq ki, əldə etdikləri qazanc onları dolanmağına yetir, ya yox?
- Ac qalmırıq, paltarsız deyilik...
- Ac qalmırıq, paltarsız deyilik...

- Ac qalmırıq, paltarsız deyilik... Məsələn, biri uşağına toy eləyəcəksə, iki heyvan alıb bordağa bağlayır, sonra da satıb işini yola verir.

Kəndlilər əlavə torpaq icarəyə götürmək, təsərrüfatlarını genişləndirmək üçün vəsaitə ehtiyac duyduqlarını da söyləyirlər.

Bəziləri mövsüm vaxtı «Azərsun»un konserv zavodunda işləyir: «Kəndin bəlkə 70 faizi orda işləyir. Günəmuzd 7-8 manat qazanırlar».

Amma onu da deyirlər ki, işə getməyəndə maaş verilmir, bir də təqaüd təminatı yoxdur.

Bəs kənd camaatı konserv zavodunu tərəvəzlə təmin edə bilirmi? Müsahiblərim bir ağızdan «əlbəttə» deyirlər. Hətta xatırladırlar ki, sovet dövründə İmişlidəki konserv zavodu camaatdan da məhsul alırdı:

«Camaat ora əkib-becərdiyi pomidoru, xiyarı, başqa tərəvəz məhsullarını aparıb verirdi. Əlbəttə, belə bir imkan olsaydı, biz də əkib-becərər, zavoda təhvil verərdik».

STATİSTİKA DEYİR...

«Azərsun»nun bu konserv zavodunda onlarla çeşiddə tomat pastası, turşu, yaşıl noxud istehsal edilir. Biləsuvarın inzibati ərazisində yerləşən müəssisənin əkib-becərdiyi məhsul rayonun kənd təsərrüfatı məhsullarının istehsalı statistikasına əməlli-başlı təsir edib. Məsələn, pomidor istehsalı Biləsuvarda 2007-ci ildə 6-7 min ton olduğu halda beş il sonra 25 min ton artıb. Bu dinamikanı digər məhsulların – xiyar, yaşıl noxud və qarğıdalının istehsalında da görmək olar. Amma bu kəskin artım tendensiyasını Aran iqtisadi bölgəsinin digər rayonlarında müşahidə edə bilmirik.
Ədalət Muradov
Ədalət Muradov

HÖKUMƏT RƏSMİSİ: «AQRAR İSTEHSAL ARTIB»

İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmisi Ədalət Muradov ayrı-ayrı inzibati rayonların timsalında kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsini qiymətləndirməyi düzgün saymır. O deyir ki, ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalında artım var:

«Sizin sadaladığınız göstəricilər ayrı-ayrı inzibati rayonlara aiddir. Amma ölkə üzrə aqrar istehsal artıb. Ayrı-ayrı inzibati rayonlarda azalmanı istisna etmirəm, belə hallar ola bilər. Ancaq bu o deməkdir ki, rayonlarda artıq ixtisaslaşma gedir, məsələn, bu rayon artıq taxılla məşğul olur, filan rayon meyvəçiliklə. Bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalı azalmayıb. Məsələn, güzəştli kreditlər hesabına müxtəlif rayonlarda quşçuluq fabrikləri tikilib, bu da istehsala təsir edib. Artıq quş və quşçuluq məhsullarının idxalı azalıb».

Güzəştli kreditlər hesabına tikilən emal zavodlarının əhalidən xammal almasına gəlincə, Ədalət Muradov bunu rəqabət mühiti ilə izah edir. Onun fikrincə, sahibkar keyfiyyətli mal almaqda maraqlıdır ki, istehsal etdiyi məhsul da keyfiyyətli olsun.

«HOLDİNQİN XAMMALI KƏNDLİ FERMERDƏN ALMAĞI ŞƏRT SAYILMALIDIR»

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayevin fikrincə, hökumət emal müəssisəsinin qurulması üçün güzəştli kredit ayıranda xammalı kənardan almağı şərt qoymalıdır:
Rövşən Ağayev
Rövşən Ağayev

«İnkişaf etmiş ölkələrdə hökumət iqtisadi şaxələnməyə dəstək verərkən bir məqamı aparıcı xəttə çevirir. Yardım alan sahibkarlar ya yeni müəssisələrin yaranmasına kömək eləməlidir, ya da elə subyektləri dəstəkləməlidir ki, bunlar məşğulluğu genişləndirsin, vergi gəlirlərini artırsın. Azərbaycanda da hökumət «Azərsun», «Gilan» kimi holdinqlərə güzəştli kredit verəndə şərt qoymalıdır ki, siz xammalı yerli kəndlidən almalısınız. Onda bu şirkətlər böyük torpaqlar almağa və ya icarəyə götürməyə maraq göstərməz və bu müəssisələr də yalnız emal üzrə ixtisaslaşmazdı. Azərbaycanda hazırda vəziyyət necədir? Böyük holdinqlər dövlətdən vəsait alıblar və minlərcə hektar torpaq sahələrini icarəyə götürərək, kəndlinin əkə biləcəyi məhsulu əkməyə başlayıblar. Yəni emal müəssisəsi həm də özünün xammal ehtiyatları bazasını yaratmağa başlayıb. Bunun nəticəsində 600-700 min ailəni əhatə edən kiçik və orta fermerlər torpaqdan imtina edəcək və regionlar məşğulluq baxımından ciddi problemlər yaşayacaq».

«HÖKUMƏT KİÇİK VƏ ORTA SAHİBKARLIĞI DƏSTƏKLƏYİR»

Ədalət Muradov «holdinqlərə iriməbləğli güzəştli kreditlərin verilməsi sonda inhisara gətirib çıxarmayacaq ki» sualının cavabında deyir ki, nəzəri cəhətdən bu mümkündür:

«İri sahibkarlara söykənmək, əlbəttə ki, sonda inhisara gətirib çıxara bilər. Amma Azərbaycanda belə bir problem görmürəm, çünki hökumət daha çox kiçik və orta sahibkarlığı dəstəkləyir. Həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqaməti də kiçik və orta sahibkarlığın inkişafıdır».

***
Heyvandarlığı inkişaf etdirmək üçün gəncliyini hörümçək toru basmış tövlədə keçirən bərdəli Heydər, səpini əllə aparmaqla maya dəyərini ucuzlaşdırmağa çalışan İmişli sakini Kərəm kişi hökumətin diversifikasiya siyasətindən, hansı müəssisəyə nə qədər pul ayırmağından, belə müəssisələrdən neçəsinin qapısıbağlı qaldığından xəbərsizdir. Onlar bircə onu bilirlər ki, dolanmaq üçün torpaq əkmək, bir də heyvan saxlamaq onların tək ümid yeridir.
XS
SM
MD
LG