Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:08

Məmməd Səfadan gözlənilməz cavab: «Fikrimcə, bu peşədə ən önəmlisi...»


Məmməd Səfa
Məmməd Səfa
-
Milli Teatr Günündə AzadlıqRadiosuna danışan Əməkdar Artist indiki şərtlərdə istedad və cəsarətlə yanaşı, sağlamlığa daha çox ehtiyac duyulduğunu bildirir

- Teatr yaranan dövrdə aktyor olmaq üçün istedaddan başqa cəsarət də gərək idi. İndi aktyor olmaq üçün öncə hansı keyfiyyətə ehtiyac duyulur?

- Elə bütün dövrlərdə aktyor olmaq üçün istedad və cəsarət tələb olunur. Amma təkcə bunlarla bitmir. Ona möhkəm savad, mütaliə, müşahidə qabiliyyəti, sağlamlıq lazımdır. Öz üzərində işləməlidir. Fikrimcə, bu peşədə ən önəmlisi sağlamlıqdır. Çünki sağlam bədəndə sağlam ruh olar.

- Sənət hədəfiniz nədir?

- Sadəcə, işimlə məşğulam. İnanın, heç vaxt böyük mənada nələrisə arzulamamışam.

- Bu, yaxşıdır, ya pisdir?

- Hər halda mənə mane olmur. Bu peşəni sevib gəlmişəmsə, təbii ki, mən ya başqası, istəyəcək ki, bacarığı sayəsində, gücü daxilində qabiliyyətini ortaya qoysun. Belə hesab edirəm ki, aktyorluq sonsuzluğa söykənən peşədir. Bunun pik nöqtəsi yoxdur ki, deyəsən, ora gedib bunu əldə elədim. Yoldur da gedirik.

- Ölkənin nəbzini tuta bilirsiniz, yoxsa başınız yalnız teatra qarışıb?

- Yox, yox. Məsələ burasındadır ki, aktyor heç vaxt yalnız öz işi ilə məşğul ola bilməz. O, ölkəsində, dünyada baş verənlərdən qıraqda qalmır. Axı aktyor baş verənləri müşahidə dairəsində saxlamalıdır. Ona görə həmişə maraqlanıram. Nəinki ölkədə, ölkəmizdən kənarda da baş verənlər peşəmizə təkan verən məsələlərdir.

- Məsələn, bu dəqiqə dünya Ukraynanı dartışır. Krım olayları sizin sənətinizə necə təkan verəcək ki?

- Düşünürəm ki, orda uşaqlar, qadınlar, yaşlı adamlar əzab-əziyyət çəkir. Bir peşəkar kimi bunlar məndən yan keçə bilməz. İnsan diqqət hədəfində qalmalıdır. Mənim sənətim insansevərlik aşılamazsa, heç nəyə gərək olmaz...

- «Yuğ» Teatrı Bakının «Sovetski» məhəlləsində yerləşir. Bu məhəlləni də sökmək istəyirlər...

- Məndən ötrü «Sovetski» Bakının gözəl guşələrindən biridir. Burda dalan-dalan çox xırdaca evlərimiz var. Burda çox gözəl nəsillər yetişib. İndi şəhərimiz daha da gözəlləşməlidir.

- Sizcə, «Sovetski» sökülməlidir, yoxsa muzey kimi saxlanmalıdır?

- Bizdə İçərişəhər kimi tarixi çox qədim məkanımız var, qorunub saxlanır. Orda yaşayış sahələri də var. Amma şəhərin böyüməsi, gözəlləşməsi üçün o plansız tikililərdən hissə-hissə azad olunacaq. Mən şəhərsalmanı, qaydaları bilmirəm, amma gözəlliyi qiymətləndirə bilirəm.

- Burda nəyin saxlanmasını istərdiniz?

- İstərdim ki, tarixi abidələr, keçmişi qədim olan binalar qorunub-saxlansın. Bizim oturduğumuz bu binanın 100-dən çox yaşı var, bu bina saxlansın. Əslində, istərdim ki, təkcə «Sovetski» yox, elə şəhərin bu hissəsi necə var, elə də qalsın. Çünki nə qədər insanın xatirələri var burda. Amma bir halda şəhərsalma mütəxəssisləri belə düşünür, nə etmək olar? Plan var, plana əsasən də iş gedir.

- Siz reallığa söykənirsiniz, reallıq tələb edirsə...

- Biz istəsək də, istəməsək də, reallıqdan qaça bilmərik. Yaşayırıqsa, bu reallığın içindəyik. Əsas odur insan unudulmasın!...
XS
SM
MD
LG