Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:29

Cəlilabadlı əkinçinin cavabsız sualı


Sahələrdə texnika gözə dəymir.
Sahələrdə texnika gözə dəymir.
-
Üzünə bərk-bərk yaylıq çəkib özünü qızmar günəşdən qoruyan əkinçilər səhər, günorta və axşam demədən işləyirlər. Əllərində bel, başlarında ləçək – bandana. Cəlilabadın Göytəpə ərazisində, Bakı-Astara yolunun kənarındakı sahələrdə çalışanlar diqqət çəkir. Onlar kartof becərirlər. Çoxu qadınlardır. Üzlərini elə bağlayıblar ki, təkcə tərli alınları, bir də günəşdən qızarmış gözləri görünür. Öz dilləri ilə desək, göydən sanki od ələnir. Ələnməyinə ələnir, amma əkinçilər istiyə-bürküyə məhəl qoymadan işləməkdədir...

«ƏN BÖYÜK MANEƏ GÖMRÜKDƏ YARADILIR»

Diqqət çəkən başqa bir məqam odur ki, sahələrdə texnika gözə dəymir. Əllə yığılan kartof çeşidlənəndən sonra at arabasına yüklənir və yol qırağına daşınır. Burada kartofu kağız kisələrə doldururlar. Məhsulu Rusiyaya aparacaq yük maşınları da yaxınlıqda gözləyir.

Əkinçi işi gün altında işləməklə bitməz. Beyindəki suallar rahatlıq verməz: «Kartofu sata biləcəyəmmi?», «Əlimdə qalmaz ki?» və s. və i.a.

Sahibkar Ceyhun Gözəlov deyir ki, məhsulu elə qiymətə satırlar ki, zəhməthaqqı bir yana, heç maya dəyəri də çıxmır:

«Ən böyük maneə gömrükdə yaradılır. Ölkə daxilində də kartofun bol vaxtı olduğundan qiymətlər düşür su qiymətinə. İmkan olsa, məhsul Rusiya bazarına çıxarılsa, yaxşı satılar. Yoxsa heç maya dəyərini də çıxara bilmirik. Kilosunu 30 qəpiyə veririk. Kəndlinin əsas gəliri əkinçilikdən, maldarlıqdan gəlir. Əkinçi kəndli dolana bilmir».

«BİZİM KARTOFU DAYANDIRIB, İSRAİLİN KARTOFUNU APARIRLAR MOSKVAYA»

Ceyhun Gözəlov düşünür ki, kəndlinin ziyana düşməməsi, əkin-biçinə həvəslənməsi üçün dövlət qurumları ciddi adım atmalıdır. Tezcə də əlavə edir ki, burada söhbət təkcə əkinçilərin düşdüyü vəziyyətdən getmir:
Ceyhun Gözəlov
Ceyhun Gözəlov

«Tutalım, ötən il kartof az əkilmişdi deyə, ilin sonunda qiymətlər kəllə-çarxa çıxdı. Bu sahəyə gərəkli qurumlar, özəlliklə Kənd Təsərrüfatı Nazirliyi nəzarət etməlidir. Rusiya və Gürcüstan gömrüklərində ciddi problemlərlə üzləşirik. Bizim kartofu dayandırıblar, İsrailin kartofunu aparırlar Moskvaya. O üzdən bizim kartofun qiyməti düşüb. 3 min 400 manat Əlavə Dəyər Vergisi ödəməlisən. Alıcı da 3 min 400-ü çıxarmaqdan ötrü məcburdur ki, ucuz qiymətə götürsün. Heç olmasa, əkin vaxtı bu ƏDV-ni götürsünlər. Toxumunu almışıq 45 qəpiyə, satırıq 30 qəpiyə. Hələ bunun gübrəsi var, şumu var, əkməyi var. Benzini 70 qəpikdən alıb suvarırıq. Bu illər quraq keçdiyi – yağış yağmadığı üçün 6-7 ay su vermişik».

Sahibkarın sözlərinə görə, çarə qalır bank kreditlərinə. İşi də bankdan götürülən kreditlə görürlər. O, bütün bunlardan sonra hökumətin ƏDV yolu ilə onların qazancına şərik çıxmasını düzgün saymır.

Hər hansı təzyiqlə üzləşməmək üçün adının çəkilməsini istəməyən başqa bir sahibkar kartofun ucuz qiymətə satılmasının gəliri azaltmasından gileylənir. O deyir ki, dəymiş ziyan göz önündədir və bu, kartofçuluğa mənfi təsirsiz ötüşməyəcək:
Bakı-Astara yolunun kənarında kartofun 1 kiloqramı 30-40 qəpiyə satılır.
Bakı-Astara yolunun kənarında kartofun 1 kiloqramı 30-40 qəpiyə satılır.

«Kasıb ziyandadır. Hər hektardan 20-25 ton götürsək, əlbəttə, xeyir edər. İndi olsa-olsa, 10-15 ton məhsul yığarıq».

«KİLOSUNDA 80 QƏPİK ZİYANA DÜŞÜRÜK»

Bir başqa sahibkar da söhbətə qoşularaq deyir ki, qışın şaxtalı keçməsi də həm məsulun vaxtında yetişməsinə, həm də məhsuldarlığa pis təsir göstərib:

«10-15 dərəcə şaxta oldu. Bu yandan qiymət də aşağı düşüb, qiymət söhbəti də var. Millət çox əziyyət çəkir. Əkdiyin məhsulun maya dəyərini götürmək qeyri-mümkündür. Kilosunda 80 qəpik ziyana düşürük. Ümid qalıb Allaha. Bizlik nə var ki? Normal qiymət olsun ki, satıb xeyir götürə bilək. Dolanışığımız təsərrüfatladır. Hamımız əziyyət çəkirik. Qiymət ölür, bu üzdən, üstəlik də istidən camaat zülm çəkir. Baxın o üzdə necə işləyirlər!..».

Bakı-Astara yolunun kənarında kartofun 1 kiloqramı 30-40 qəpiyə satılır. Maşınla yol ötənlər buradan yetərincə ucuz və keyfiyyətli kartof ala bilirlər.
Sahibkarların fikrincə, kartofçuluq ziyanlı sahəyə çevrilməkdədir. Kəndlilər tədricən bu sahədən üz döndərirlər. Vaxtilə Cəlilabadda 7 min hektardan çox sahədə kartof əkilərdi. İndi bu rəqəm 5 mindən də aşağı düşüb. İndi daha çox çiyələk əkirlər.
Əlipənah Rzalı
Əlipənah Rzalı


RAYON İQTİSADÇISI DEYİR Kİ...

Cəlilabad rayon sakini, iqtisadçı Əlipənah Rzalı belə hesab edir ki, kartofa qoyulmuş ƏDV bir müddətliyə dayandırılmalıdır. Niyəsi odur ki, kartofçuluqla məşğul olanlar bu il ziyana düşüblər. Onun fikrincə, hökumət sahibkarlara kartofun satışında kömək etmək əvəzinə ƏDV ödətməklə birbaşa cibinə girir. İqtisadçı Əlipənah Rzalı bildirir ki, mövsüm aylarını çıxmaq şərti ilə, qalan vaxtlarda xaricdən gətirilən məhsul yerli bazarlarda hökmranlıq edir. Azərbaycan vətəndaşı belə məhsulu almaqla məhz xarici ölkənin kənd təsərrüfatına investisiya qoyur. Onun fikrincə, ölkənin kənd təsərrüfatını çevik nizamlayan qurum olmadığından, Azərbaycandan qat-qat kiçik İsrailin də kartofu burada satılır. Bölgədə yaşayan iqtisadçı düşünür ki, bu cür yanaşma torpaqların boş qalmasına və işsizliyin artmasına yol açır.

AzadlıqRadiosu sadalanan problemlərə münasibət öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinə üz tutub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev dəqiqləşdirilmə aparıldıqdan sonra məlumat verəcəklərini bildirib.
XS
SM
MD
LG