Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:01

«Heydər Əliyev bunu görsəydi, peşman olardı»


Əkrəm Əylisli
Əkrəm Əylisli

-

"Axı ədəbiyyat necə aqrar ola bilər. Aqrar ədəbiyyat arıçılıq haqda olar, donuz becərmək haqda olar, kələm suvarmaq haqda olar, amma bunu bədii ədəbiyyata aid etmək sadəcə səviyyəsizlikdir.".

Azadlıq Radiosunun “Pen klub” proqramının qonağı olan yazıçı Əkrəm Əylisli həm yeni povesti haqda danışır, həm də ədəbiyyatda, ictimai həyatda baş verənlərə münasibətini açıqlayır.

Ə.Əylislinin yeni povesti “Dağlar deyir ki, soyuqdur” adlanır. (Əsərdən parça aşağıda)

Səadət Akifqızı

- Əkrəm bəy, yeni povestiniz nədən bəhs edir?

Əkrəm Əylisli

- Bilirsiniz, bu povest hələ dərc olunacaq, amma elə bilirəm bu haqda danışmaq hələlik tezdir, hələ çap olunmamış əsər haqda indidən danışmaq bir növ özünüreklam kimi çıxacaq. Bu mənim son vaxt yazdığım bir əsərdir. Yazıçı əsəri nə vaxt yazmasından asılı olmayaraq, bu, uzun illər onun içinə hava kimi, işıq kimi, rəng kimi dolur, sonra qələmə gəlir və oxucunun olur.

Səadət A.

- Necə düşünürsünüz, bu əsər də “Daş yuxular” kimi ictimai rezonans doğuracaqmı?

Əkrəm Əylisli

Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır
Əkrəm Əylislinin kitabları Gəncədə yandırılır

- “Daş yuxular”a gələn ictimai reaksiya çox mürəkkəb oldu. O əsər zamanının əsəridir və o əsər haqqında çox müxtəlif fikirlər oldu, bunların bir qismi ilə razılaşmışam, bir qismi ilə razılaşmamışam. Bu əsər haqqında çox müsbət rəylər olub. Əsər haqqında “qalmaqallı” deyirlər, amma əsərin müzakirəsinə bu sözü aid etmək olmaz. “Qalmaqal” məişət sözüdür, bu, bazarda ola bilər. “Daş yuxular” cəmiyyətin qəbul etməyə hazır olmadığı bir mövzudur. Faktiki olaraq insanlar o haqda düşünmək imkanında deyil. Hələ də həmin hadisələr davam edir, hələ sülh şəraiti yaranmayıb, xalqlar bir-birinə yaxınlaşmayıb. O ki qaldı yeni yazdığım əsərə, ona qarşı elə bir reaksiya gələcəyini gözləmirəm.

Səadət A.

- “Daş yuxular” kimi geniş müzakirə olunan bir əsər yazmış yazıçı yeni “Dağlar deyir ki, soyuqdur” adlı povestində sanki heç bir səs-küy gətirəcək şeylər yazmadı.

Əkrəm Əylisli

- Mən heç “Daş yuxular” əsərini də sensasiya üçün yazmamışdım. İndi neçə-neçə rus, dünya yazarlarının, 14 nəfər alimin, intellektualın Nobel komitəsinə müraciətindən sonra bu fikrə gəldim ki, “Daş yuxular”ın mənəvi yükü çox ağırdır, onun içindəki mənəvi enerji çox ağırdı, sanki onu oxuyanlar üçün birdən-birə ildırım çaxdı. Bu gün birincə dəfə bunu efirdən deyəcəyəm, bunu məsuliyyətlə deyirəm: Həmin əsər kimin evində varsa, o, Azərbaycan xalqına nifrət edə bilməz, heç bir erməni onu oxuyub Azərbaycan xalqına nifrət etməz. Orda yazılan faktlar Azərbaycan xalqını yüksəldən faktlardır, aşağılayan faktlar deyil. O əsərdəki 13 yanvar hadisələri, ermənilərlə bağlı hadisələr və s. ermənilərə çoxdan məlum idi, yeni faktlar deyildi, amma mən bunu onlar üçün yazmamışaım, öz auditoriyam üçün, öz xalqım üçün yazmışam. Mən öz qələmimlə hər zaman xalqıma xidmət etmişəm, hələ heç bir əsərim cəmiyyət tərəfindən sakitliklə qarşılanmayıb.

Səadət A.

- Amma ola bilsin, yeni povestiniz də sakitliklə qarşılanmadı. Orda surətlərdən biri Mamedovun zavod direktorluğundan getmə səbəbi Azərbaycanda milli dirçəliş prosesidir. Sovet dövrünün bitişi, keçid dövrünün başlanğıcından bəhs edir.

Əkrəm Əylisli

William Faulkner
William Faulkner

- Bu, ümumiləşmiş bir hal deyil, sadəcə qəhrəmanın həyatından bir ştrixdir. Əgər mənim qəhrəmanımın həyatında o dövrün belə bir mənzərəsi olubsa, belə də yazmaq lazım idi. Hər dövr hər kəsin həyatından eyni şəkildə keçmir. Onun həyatından bu hadisə belə keçib. Digər qəhrəman Cəfərin həyatından isə o dövr başqa cür keçib. Bu biri üçün qəhrəmanlıq dövrü sayılır, biri üçün fəlakətli dövr sayılır. Heç nəyi ümumiləşdirib, hər-hansı hökm vermək olmaz. Hökmü geniş zaman verir. Dar zaman bu hökmü verə bilməz.

Səadət A.

- Bu əsərin mənəvi yükü nədir?

Əkrəm Ə.

- Bədii ədəbiyyat ümumiyyətlə insan taleyidir. Bədii ədəbiyyat yazıçının sözə çevirdiyi hissiyyatdır. Bədii ədəbiyyatın varlığında söz yox, hissiyyat dayanır. Bu əsər də həmçinin bizim dövrdə yaşayan insanların hissiyyatından bəhs edir. Orda fərqli xasiyyətli iki dostdan söhbət gedir, onların hər birinin aləmində bir dünya var. Hərəsi üçün doğulduqları mühit, yaşadıqları bir həyat var. Onların hadisələrə, həyata münasibətləri daban-dabana ziddir. Bütün faciəli məqam ondadır ki, kəndi söyən Cəfərov əslində kəndi çox sevir. Mən sovet dövründə də müxtəlif əsərlərimdə bunu təsvir etmişəm. Kənddən qaçanlar kəndi sevməyənlər deyil, əksinə kəndi çox sevənlərdir və kəndi çox sevdikləri üçün onu pis vəziyyətdə görmək istəmirlər.

Səadət A.

- Əkrəm bəy, siz Əylisdə yox, şəhərdə doğulub-böyüsəydiniz, şəhər həyatındanmı yazacaqdınız? Axı şəhər yazıçısı özünə doğma olan mühitdən yazır. Ədəbiyyatda bölgü olaraq kənd-şəhər ədəbiyyatı varmı?

Əkrəm Ə.

- Əlbəttə, ona söz ola bilməz. Bilirəm ki, siz söhbəti kənd-şəhər ədəbiyyatına gətirirsiniz. Amma icazə verin bunu geniş şəkildə deyim sizə. Əgər bir gənc xanım yazar deyirsə ki, kənd yazarları mənim zövqümdə deyil, bu fikri müzakirəyə çıxarmaq mənasızdır. Bu doğrudan səviyyəsiz fikirdir. Bu xanım deyir ki, kənd ədəbiyyatı aqrar ədəbiyyatdır. Axı ədəbiyyat necə aqrar ola bilər. Aqrar ədəbiyyat arıçılıq haqda olar, donuz becərmək haqda olar, kələm suvarmaq haqda olar, amma bunu bədii ədəbiyyata aid etmək sadəcə səviyyəsizlikdir. Kənd mövzusunda iyirminci əsrin nəhəng yazarları Folkner yazıb, böyük rus yazıçısı İvan Bunin yazıb, bəs Markesin “Yüz ilin tənhalığı” nə mövzudadır? Kənd deyil? Bunlar XX əsr ədəbiyyatını silkələyən əsərlərdir. Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” kənd haqda yazılıb. Bu bizim bu gənc xanımın xoşuna gəlmir. Ona kübar ədəbiyyat lazımdır. Kübar ədəbiyyat nədir bunu anlamıram. Axı bu deyilən fikir absurddur, absurdu müzakirə etmirlər. Bu bilirsiniz nədən irəli gəlir, ondan irəli gəlir ki, virtual mətbuatda dəhşətli bir boşluq, mənasızlıq, çürümüş bir sensasiya yaratmaq cəhdləri var.

Cəlil Məmmədquluzadə
Cəlil Məmmədquluzadə

Səadət A.

- Fikrinizcə, ədəbi saytlarda niyə daha çox qalmaqallara qaçırlar? Doğrudanmı ədəbiyyatda müzakirə olunacaq mövzular yoxdur?

Əkrəm Ə.

- Mənə elə gəlir ki, o saytların bir çoxunda sadəcə olaraq iş getmir. İş gedən yerdə təşəbbüs olur. Bu problem internet dünyasında faktiki hər yerdə təxminən Azərbaycandakı kimidir. Heç kim bilmir ki, bu proses hansı istiqamətə inkişaf edəcək.

Səadət A.

- Bəlkə bu ondan doğur ki, ciddi ədəbiyyat adamları virtual məkandan uzaq gəzir?

Əkrəm Ə.

- İndi ədəbiyyatın mərkəzi qərargahı Yazıçılar Birliyidir. Dövlətin diqqəti onlardadır, vəsait verir, onları idarə edir. Onların 1600 üzvü var. Əgər bu 1600 adamın cəmi 5 faizi yazıçı olsaydı, bizim indi 80 yazıçımız olmalıydı. Amma bir qrup adam da var ki, ora qoşulmaq istəmir. Yazıçılar Birliyi, sənin o yazıçı ordun hansı bir mədəni-mənəvi ərazini tutub? Mən bu fikri dönə-dönə demişəm ki, o 30-40 nəfərlik AYO-nun da üstündə dövlət qayğısı olmalıdır. AYB-nin fəaliyyəti dövlət qayğısının özündə bir ikitirəlilik yaradır. Əgər o 1600 nəfərin heç 5 faizi məhsul vermirsə, onda nə üçün dövlət bura vəsait xərcləməlidir. Bunu həmişə demişəm ki, AYB sovet dövründə bundan qat-qat demokratik bir təşkilat idi. AYB-nin rəyasət heyəti vardı, bu, ildə bir neçə dəfə toplanır və məsələləri kollektiv şəkildə həll edirdi. Rəyasət heyətinin icazəsi olmadan AYB-nin heç bir taleyüklü məsələsi həll oluna bilməzdi. İndi onun yerində yaranmış ağsaqqallar şurasına baxın, ordakı adamların heç on ildən bir də ayaqları ora dəymir və buna ədəbi ictimaiyyət dözür, əgər onlar buna dözürsə, deməli buna da layiqdirlər.

Səadət A.

- Əkrəm bəy, AYB-nin qurultayına müxtəlif ölkələrdən qonaqlar dəvət olunmuşdu. Onlar hamısı vurğuladılar ki, heç bir ölkədə yazıçıların təşkilatına dövlətin belə qayğısı yoxdur. Sizin fikrinizcə, bu, yaxşı haldırmı?

Əkrəm Ə.

- Bilirsiniz, AYB-nin bir yaradıcısı var. Bu, rəhmətlik Heydər Əliyev idi. O istəyirdi ki, bu təşkilat yaşasın. O, yazıçıları yaxşı tanıyırdı, bir qismi ilə dostluq etmişdi. O istəyirdi ki, bu təşkilat qalsın. Amma inandırım səni ki, əgər o, indiki AYB-ni görsəydi buna peşman olardı. O burdakı bataqlığı görsəydi, burdakı 1600 adamın 30 ildə ortaya heç bir ciddi əsər qoya bilmədiyini görsəydi, bu onda peşmançılıq yaradardı. O biri tərəfinə qalanda Yazıçılar Birliyinin dövlət vəsaiti ilə maliyyələşdirilməsi heç bir sivil dövlətdə yol verilən bir şey deyil. Dünyada Amerika var, İngiltərə var, Almaniya var, onlarda yazıçı cəmiyyəti tamam başqa cürdür. Yazıçı cəmiyyəti gözünü dövlət büdcəsinə dikib orda otura bilməz. Dövlət büdcəsi sənin, mənim verdiyim vergidir, bu xalqın, əsgərin, həkimin, müəllimin çörəkpulunun hesabına yığılır. Bu pul verilir ki, o yazıçı orda bir iş görsün, bir əsər yazsın. Hökümət verdiyi dəstəyin əvəzində AYB qarşısına tələb qoymalıdır. Mən o adamlarla fəxr edirəm ki, o adamlar AYB-nin qapısını açmır. Mən özüm 25 ildə o qapını bircə dəfə də açmamışam. Hələ 25-30 yaşda gənc yazarlar da var ki, o qapını açmaq istəmirlər. Nəyə görə? Çünki orda başqa bir mühit görmək istəyirlər.

Səadət A.

- Əkrəm bəy, “Dağlar deyir ki, soyuqdur” povestini yəqin ki, bu yaxınlarda oxucuların ixtiyarına verəcəksiniz. Oxucular bu əsəri niyə oxumalıdır.

Əkrəm Ə.

- Bəli, bu yaxınlarda çap olunacaq. Deyim ki, baş verən bütün hadisələrdən sonra, əsəbi gərginliklərdən, psixoloji təsirlərdən sonra məni sevindirən odur ki, bu əsərim alınıb. Əsəri bitirən kimi, zövqünə inandığım bir nəfərə göndərdim və o əsər haqda çox xoş sözlər dedi, mən də bundan xatircam oldum, sevindim ki, mənim sazım hələ də kökdən düşməyib. Oxucu bunu oxusa, yazıçı aləminin nəfəsini alacaq, o dünyanı, o havanı, o həyatı görəcək. Bunu mən dəfələrlə demişəm, ədəbiyyatın ən başlıca vəzifələrindən biri təskinlikdir. Ədəbiyyat doğru olanda hökmən kiməsə təskinlik verir, çünki oxucu onu oxuyandan sonra orda öz taleyini tapır.

Proqramın videoyazısı

“Zəng eləyən özgə adam deyildi, onun hər gün səsini eşitdiyi adam idi: ƏJDƏR ƏZİMOVİÇ – Mərkəzi Komitənin sənaye üzrə katibi. Ancaq katibin o günkü səsi elə bil öz səsi deyildi, Mamedovun heç vaxt eşitmədiyi yad, kobud, cığal və cındır bir adamın səsiydi. Həmişə mülayim səslə danışan, nəzakətlə kef-əhval tutan Əjdər Əzimoviç o gün Mamedova heç salam da vermədi.

-Sən hələ ordasan, Mamedov?

-Burdayam. Bəs harda olum?

-Fəhlələrin də ordadı?

-Bəli, çoxusu yerindədi.

Əjdər Əzimoviç bar-bar bağırdı:

-Hamısını göndər mitinqə. Sroçno, nemedlenno! Özün də rədd ol, get otur evində. Zavod işləməyəcək, Mamedov, başa düş, əl çək qanmazlığından. Sənin o cındır zavodun indi heç kəsə lazım deyil. Bizə lazımdı ki, bu saat fəhlələrin hamısı mitinqdə olsun.

-Bəs sonra necə olacaq? – Eşitdiyi sözlərdən yarımcan olmuş Mamedov az qala ağlaya-ağlaya soruşdu.

-Sonra canıva azar olacaq. Sənə deyirlər, burax fəhlələri, çıx get.

Telefon söhbəti bitdi. Və o söhbətin üstündən hələ heç beş dəqiqə keçməmiş Mamedovun o çağacan zavodda ən tərbiyəli və başıaşağı cavan oğlanlardan biri kimi tanıdığı bir fəhlə içəri girib , salamsız-kəlamsız:

-Dur bas bayıra! – dedi. – Sənin hökumətin çezdi. İndi demokratiyadı.

“Sən demə, demokratiya buymuş, Cəfər!” – Mamedov ürəyində dedi...”

Povest tam şəkildə bu yaxınlarda “Yazı” dərgisinin 10-cu sayında dərc olunacaq.

XS
SM
MD
LG