-
Əvvəli burada
«Nadir şah Borçalını gürcülərə deyil, gürcü xanlığına – Zöhrab xana verib».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının «Sonuncu fateh Nadir şah» radiodastanının 2-ci bölümündə Cahangir Hüseyn Əfşar deyib.
BORÇALI GÜRCÜSTANA BAĞIŞLANIB?
AzadlıqRadiosunun saytında bir istifadəçinin «Nadir şah Borçalını Gəncə xanının əlindən alıb Gürcüstana bağışlayıb» fikrinə münasibət bildirən Cahangir Əfşar bunları söylədi:
«Məsələ belə olub. 1736-cı ildə Suqovuşanda keçirilən şah qurultayı zamanı Gəncə xanı – Ziyadoğlular Nadirin şah seçilməsinin əleyhinə çıxdı. Onlar deyirdilər ki, niyə adi kəndli oğlu bu boyda məmləkətin şahı olsun? Biz Səfəvilər sülaləsindən bir nəfəri şah seçə bilərik. Bu üzdən Nadir şah seçiləndən sonra Gəncə və Qarabağ xanlarını İranın şərq hissəsinə sürgün etdirir. Borçalı Gəncə xanlığının tərkibində idi. O dövrdə Gürcüstan adlı dövlət yox idi – Kaxetiya-Kolxida vardı, onlar da İran dövlətinin tərkibində idi, həm də Azərbaycan bəylərbəyiliyi ərazisində. Yəni həm Kaxetiya, həm Dağıstan, həm də indiki Ermənistan ərazisi Azərbaycan bəylərbəyiliyinə daxil idi. Nadir şah inzibati ərazini gürcülərə yox, gürcü xanlığına verib. Gürcü xanı isə Zöhrab xan idi. Zöhrab xan da türkəsilli idi. Bax, Nadir şah Gəncə xanının bir hərəkətinə görə, Borçalı hissəsini Kaxetiya ərazisinə verib».
QARABAĞDAKI XRİSTİAN MƏLİKLƏRƏ XÜSUSİ STATUS VERİLİB?
Cahangir Əfşar saytımızın başqa bir oxucusunun «Nadir şah Qarabağdakı xristian məliklərə xüsusi status verib» şərhini də cavabladı:
«1743-cü ildə Nadir Osmanlı ilə məzhəb ayrılığını aradan qaldırmaq üstündə savaşanda, birbaşa girir Qərbi Azərbaycana – İrəvan xanlığına, ordan da keçir Qars, Ərzurum ərazisinə. Mənbələrdə verilir ki, belə bir dövrdə ermənilərin keşişi böyük xələtlərlə Nadiri İrəvan yaxınlığında qarşılayır. Nadir şah onu qəbul edir. O, çox tolerant olub. Onun dövründə başqa dinlərə toxunulmayıb. Hətta Nadir Hindistan səfərindən sonra oxuyub-yazmağı öyrənir – İncili, Tövratı, Quranı oxuyur və belə bir göstəriş verir ki, İncili və Tövratı tərcümə etsinlər... Nadirin dövründə ermənilərin də dini qorunub. Demək, Nadir Eçmiədzindəki erməni katolikosunu qəbul edir və mənbədə göstərilir ki, «türk sultanlığının istilasını qəbul edən» erməni keşişlərin var-dövlətini əllərindən aldırır, özlərini də sürgün etdirir...».
«PARAM-PARÇA VƏTƏN...»
Bu kitabı yazarkən tarixi qaynaqları araşdıran Cahangir Əfşar ermənilərin heç zaman Azərbaycan ərazisində dövlətçiliyə malik olmadığını söyləyir:
«Olsaydı, elə burdaca deyərdim. Ancaq bu ərazidə kilsələri olub. Eçmiədzin də orta əsrlərdən ermənilərə sığınacaq kimi verilib. Onlar Suriyadan, Van gölü ətrafından qaçıb burada məskunlaşmışdılar. Gürcülərin knyazlığı olub, bu knyazlıq da həmişə vassallıq sayılıb – əsarət altında qalıb. Üstəlik, ya Osmanlının, ya da İran şahlarının əsarəti altında. Birinci Pyotr şərqi Azərbaycanı işğal edəndə, belə məsələ qaldırdı ki, Bakı qarışıq, bütün şərqi Azərbaycandan türklər çıxarılsın, erməni və gürcülərə burada çarlıq verilsin. Təbii ki, Nadir bunun qarşısını aldı. Pyotrdan sonra da çar Rusiyası 70 il Azərbaycana girə bilmədi. Təəssüflər ki, Fətəli xan dövründə Azərbaycan iki yerə bölündü...».
NADİR ŞAHIN QƏNİMƏTLƏRİ
Verilişin bələdçisi Nadir şahın qənimətlərindən də söz açdı:
«Ötən verilişdə dediyim kimi, Nadir şah 2 ay müddətində Hindistanı diz çökdürür. Məhəmməd şah öz tacını bunun qarşısına qoyur. Məhəmməd şah türkəsilli olduğuna görə, Nadir onun tacını geri qaytarır. Oğlu Nəsrullah Mirzəni Məhəmməd şahın qızı ilə evləndirir. Tac Mahalda müqavilə bağlanır – o müqavilənin surətini kitabda vermişəm. Müqaviləyə əsasən, Hindistanın qərb hissəsi İran dövlətinin tərkibinə verilir. Eləcə də 300 il Hindistan xəzinəsində olan var-dövlət Nadir şaha hədiyyə olunur. Nadir şah neçə milyon kurur (o vaxtkı pul vahidi – S. İ.) dəyərindəki ləl-cavahiratı, qiymətli kitabları, memarları, alimləri İrana gətirir. Qaynaqlarda yazılıb ki, İranın tarixi, mədəniyyəti Nadir şahın Hindistan yürüşündən sonra dirçəlir və parıldayır...».
NADİR ŞAHIN 3 BÖYÜK BRİLYANTI İNDİ HARADADIR?..
Cahangir Əfşar dünyada 3 böyük brilyant olduğunu söylədi:
«Onlardan biri «Kuhi-Nur»dur. Hazırda Londonda kral tacındadır. 500 karatdır. Bu daşın tayı-bərabəri yoxdur. İngilislər İranı tutanda bu daş kraliçaya hədiyyə olunub. İndi Londonda kral xəzinəsində – Kral Muzeyində saxlanır. İkinci böyük daş «Göy brilyant» adlanır. Qriboyedovu Tehranda öldürəndə, həmin göy brilyantı Qriboyedovun ölümünə təzminat kimi Rusiyaya veriblər. Bu daş da rus kraliçasına hədiyyə olunub, indi Moskvada Almaz Fondunda saxlanır. Mən özüm Almaz Fondunda o daşa baxmışam. Üçüncü daş «Dəryayi-nur» adlanır və Tehran Muzeyindədir».
NADİRƏ XƏBƏRDARLIQ MƏKTUBU...
Cahangir Qacar Nadir şahın ölümünə səbəb olan qardaşı oğlu Əliqulu xanın Əfşar tayfalarının içində ən lovğa şahzadə olduğunu bildirir:
«Nadir şah qətlə yetiriləndə, Əliqulu Mirzənin 23 yaşı vardı. Astrabadi yazır ki, hələ məlum qətldən xeyli əvvəl «Nadir şah Mazandaran meşəsindən atla keçərkən ona güllə atıldı. Güllə Nadirin sağ qolunu yaralayıb, sol əlinin beş barmağının dərisini soyaraq, atının boynuna dəydi, at yıxıldı. Həmin gecə Nadirin alaçığından bir məktub tapıldı. Məktubu sol əllə yazmışdılar ki, tanınmasın: Əgər istəsən biləsən kim səni öldürmək istəyirdi, fikirləş gör, sənin ölümündən kim daha çox istifadə edəcək və İranın padşahı olacaqdır... Nadirin sağlığında heç kəs bilmədi ki, məktubu kim yazıb. Nadir şah öldürüldükdən sonra həmin Əliqulu Mirzə öz dili ilə demişdi ki, o məktubu mən yazıb şahın çadırına tullamışdım. İstəyirdim ki, Nadir oğlundan bədgüman olsun...».
«ƏZƏMƏTİ GÖYLƏR QƏDƏR OLAN» NADİR ŞAH BELƏ ÖLDÜRÜLDÜ...
Cahangir Əfşar kitabında tarixi qaynaqlara dayanaraq («Tarix-e cahanqoşa-ye Nader-i» və «Aləm Ara-ye Nader-i») Nadir şahın ölümünü də verib:
«Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi 1747-ci ilin iyun ayının 20-də) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyi ilə gecəyarı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə arvadlarından Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırında yatmışdı. Qətlçilər Nadirin hansı çadırda yatdığını öyrənib gözətçini boğdular və Sitarənin çadırına daxil oldular və Nadirin üzünü gördükdə qorxu onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma Məmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar və bir neçə nəfər içəri daxil oldu. Nadir şah yerindən atılıb Saleh xanı görüncə, onu söydü. Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncla vurdu. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinə bir qılınc vurdu. Bu zaman Məhəmməd xan Qacar gəlib əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi...».
NADİR ŞAH AZƏRBAYCAN ÜÇÜN NƏ EDİB?
Cahangir Əfşar sayt istifadəçimizin «Nadir şah Azərbaycan üçün nə edib» sualını da cavablayıb:
«O, 6 milyon kv.km ərazisi olan bir dövlətə başçılıq edib! Məgər bu azdırmı?! Baxsınlar-görsünlər, dünyada belə fateh varmı?! Napoleon özü ona «sonuncu fateh» adı verib. Yazıb ki, Nadir şah öz dövrünün ən böyük sərkərdəsidir. O, yadelli işğalçılara qarşı ən kəskin mübarizə aparıb, öz dövlətinə ləyaqətlə xidmət edib. Napoleon kimi sərkərdə Nadiri qəbul edirsə, Lokkart kimi tarixçi, Almaniya, Hollandiya, Fransa və s. ölkələrin tarixçiləri onun haqqında minlərlə əsər yazırlarsa, biz niyə onu inkar etməliyik? Nadiri tanımaq hər bir azərbaycanlının borcudur».
TURAN İMPERİYASI?
Cahangir Əfşar Nadirin ordu quruculuğuna da diqqət çəkdi:
«Mən Müdafiə Nazirliyinə də bu barədə yazmışam. Çox maraqlıdır. O dövrdə – heç bir ədəbiyyat, silah olmayan dövrdə belə bir ordu saxlayasan və dünyaya hegemonluq edəsən?! Hətta Nadirin fikri vardı ki, böyük Turan imperiyası yaratsın. Həm uyğurları, həm Osmanlını bu imperiyaya qatsın...».
«AZƏRBAYCANIN GÖZLƏRİNİ ÇIXARDINIZ...»
Söhbətin sonunda qan yaddaşı oyanan verilişin bələdçisi çox duyğulandı. O, aparıcının: ««Nadir öldü, İran öldü» ifadəsi bir gerçəkdir, yoxsa yazıçı təxəyyülünün məhsuludur» sualını kövrələrək belə cavabladı:
«Bunun mənbəyində Nadirlə gözlərini çıxardığı oğlunun görüş səhnəsi dayanır. Astrabadi yazır ki, bir gün Nadir öz ərazisində gəzirmiş. Bir səs eşidir və baxır ki, oğludur. Rzaqulu, təbii ki, atasını tanımır. Axı gözləri kordu... Nadir oğlunun əlindən yapışıb onu qucaqlayır. Yəqin ki, atanın dəhşətli halını başa düşürsünüz... Rzaqulu deyir ki, ata, siz mənim gözlərimi çıxarmaqla AZƏRBAYCANIN, bütün İran məmləkətinin gözlərini çıxardınız... Bax, belə bir səhnə var Astrabadinin əsərində...».
CAHANGİR ƏFŞAR NADİR ŞAHIN NƏSİL AĞACININ HANSI QOLUNDANDIR?
Cahangir bəy bu məsələyə də aydınlıq gətirdi:
«O vaxtlar Nadirin bibisi oğlu Əmiraslan xan Azərbaycan bəylərbəyi olur. Nadir Osmanlılar üzərində qələbə qazanandan sonra kiçik oğlu İmamquluya 18 yaşında toy edir və onu Əmiraslan xanın qızıyla evləndirir. Bu izdivacdan Nadirin Hüseynqulu və İmamqulu adında nəvələri doğulur. Uşaqlar Təbrizdə olurlar. Yəni, qız atası Əmiraslan xanın yanında olur. Nadirin qətlindən sonra Əliqulu xan bu nəvələri də öldürmək istəyir. Bundan qəzəblənən Əmiraslan xan Əliquluya qarşı mübarizə aparır. Onu aradan qaldırmaq üçün Əliqulunun qardaşı İbrahim xanla birləşir. Bir ildən sonra Əliqulunun gözlərini çıxarıb hakimiyyətdən salırlar. İbrahim xan şah olmaq istəyir. O üzdən Əmiraslan xanla müharibə başladır və Əmiraslan xanı öldürür... Həmin ərəfədə Əmiraslan xanın nəvələri Avar xanlığı ərazisinə qaçır. Və bizim köklərimiz XVIII əsrin axırlarınadək Avar xanlığı ərazisində yaşayırlar. Ruslar Şimali Qafqaza girəndə, onlar köçüb gəlirlər indiki «Xında dərəsi» deyilən yerə. Oradakı ən böyük tayfalardan olan Zülqədərlər tayfasına sığınırlar. Çünki Nadir şah olandan sonra xəzinə torpaqlarını Zülqədərlərə bağışlamışdı...».
NADİRİN ÖLÜMÜNDƏN SONRA...
Verilişin bələdçisi bir daha Nadir şahın ölümündən sonra baş verənlərə qayıtdı:
«Bir də vurğulayıram ki, Nadirin ölümüylə ölkə 20 xanlığa parçalandı. Daha sonra Qacarlar hakimiyyətə gəldi. XIX əsrin əvvəllərində də Azərbaycanın şimal hissəsi Rusiyanın tərkibinə keçdi, cənub hissəsindəki Azərbaycanı farslar özəlləşdirdilər... Sonra da, hakimiyyətə gələn Pəhləvilər İranda fars millətinin dövlətini bərqərar etdilər».