-
Burda könül istər ki, bir mələk qəflətən onun başının üstündə peyda olub qəfildən bərkdən qışqırsın: Ey insan, kimi aldadırsan?!
Seymur Baycan
KIM? NƏ? NECƏ?
İndi Didronun məqalələrini oxuyuram. Həm forma, üslub, həm də fikir baxımından çox şey öyrənmək olar.
Didro öz fikirlərinin daha çox adama çatması üçün elə vasitələrdən istifadə edir ki, o vasitələrlə çoxlu fikir ifadə etmək mümkün olsun.
Adamlara nə istədiklərini çox sadə üsulla, sadə misallarla çatdırır.
Didro xalqı yaxşı tanıyırdı, onun dilində danışmağı bacarırdı. Qərəz sağ əllə sol qulağı qaşımırdı.
Bizim yazarların bir çoxu ona görə oxunmur ki, onlar, yeni yazarlar sadə görünməkdən qorxurlar. Bir çoxları isə günəşi ümumiyyətlə küləş başa düşərək, sadəliklə bayağılığı səhv salırlar və dəhşətli dərəcədə gülməli vəziyyətə düşürlər.
Didro seçdiyi yola görə ailəsi ilə ciddi davaya girmişdi. Nəticədə evin maddi yardımından tam məhrum olunmuşdu.
Tam on il müxtəlif işlərə başını soxmuşdu. Atası onu din xadimi kimi görmək istəyirdi. Lakin Didro başqa yolu tutdu. Sonra atası onu həkim etmək istədi. Burda da dil tapmadılar və nəticədə atası pulu kəsdi. Didro on il işləməyə məcbur oldu.
Sözün açığı kitab sovet dövründə nəşr olunub, ola bilər ki, Didronun həyatını kommunistlər bir az kommunistləşdiriblər. İstisna olunmur. Bəli, Didro deyir - həqiqəti sevməyi, yalana nifrət etməyi özümə qadağan edə bilmərəm.
Oxuduqlarım, gördüklərim, eşitdiklərim nəticəsində belə başa düşdüm ki, necə sualı kim və nə sualından daha vacibdir. İnsanın müxtəlif ölkələrdə müxtəlif qiymətləri var.
Birinin bir manat qiyməti var, birinin on manat. Birində yüz, o birisində əlli min, birində beş yüz min. Birində on qəpik, başqa birində insanın heç bir qəpik də qiyməti yoxdu.
Deməli kim sualındansa necə sualı daha önəmlidi. Necə insan? Təhsilli, təhsilsiz, mərifətli, mərifətsizmi? Maşına minə bilirmi? Bilir uşaq bağçası nədi, məktəb nədi, institut nədi, teatr nədi, kino nədi? Bilir opera var, balet var? O, maşına minir, yoxsa maşın ona?
Məsələn, tez-tez belə bir xəbərə rast gəlirsən. Hindistanda qatar toqquşdu və beş yüz nəfər öldü. Bunu elə asanlıqla deyirlər ki, sanki belə də olmalıdı. Özləri də razılaşıb, dünya da razılaşıb. Yaxud hardasa, hansısa şəhərdə bomba partlayıb, yüz adam ölüb.
Adamlar bu xəbərləri çox rahatlıqla qəbul edirlər. Bu xəbərlər məzmunca o qədər eyni və standartdır ki, hərdən düşünürəm ki, deyəsən, ayda iki-üç dəfə belə xəbər vermək bir ayindi. Ən pisi də odur ki, bu xəbərləri ta uşaqlıqdan eşidirəm. O vaxt radiodan eşidirdim. Sonra nə qədər cihazlar, telefonlar, kompüterlər çıxıb ortaya, hər yerdə informasiya alırıq, amma bu informasiyalarda dəyişiklik yoxdu.
Avropanın hansısa bir şəhərində qəza baş verib, on adam ölüb. Tutaq ki, iki adam da itkin düşüb. Bu xəbər daha ciddi qəbul olunur.
Niyə? Müxtəlif adamların müxtəlif fikirləri ola bilər. Bəziləri düşünə bilər ki, mass media öz əllərindədi, ona görə. Burda belə bir sual çıxa bilər, bəs səndə niyə yoxdu? Burda gərək əlavə bir mövzu açıla. Çap maşınını iki əsr şeytan əməlidi deyib yaxına buraxmayanda bilməliydin ki, gələcəkdə onların kütləvi mediasından asılı qalacaqsan. Burda da söhbət gedib çıxacaq masonlara-zada, söhbət tamam uzanacaq.
Mənim öz fərziyəm var. Hindistanda qatar qəzası zamanı ölənlərin xəbəri ilə tutaq ki, Avropanın hər hansı bir şəhərində on nəfərin ölməsi xəbəri arasında fərq, daha doğrusu xəbərin qəbul edilməsinin müxtəlifliyinin arasındakı fərq ondan ibarətdir ki, ölən adamların qiymətinin fərqi müxtəlifdi. Söhbət insana qoyulan sərmayədən gedir. Hindistanda yüz minlərlə insan küçədə doğulur, küçədə yaşayır, küçədə də ölür. İldə iyirmi min adamı kobra sancıb öldürür. Düşünə bilərsiniz ki, o qədər əhalisi olan ölkədə kobra ilanının iyirmi min adamı vurub öldürməsi normaldı. Hətta azdı. Siz daha qəddarsınız... Amma söhbət ondan gedir ki, iyrimi minini kobra öldürür, on minini əjdaha udur. Biri partladır, biri əsir götürür. Gündə bir tip çıxır ortaya.
Nəyə yox, necə inanmaq söhbəti mənim üçün daha vacibdi. Nə fərqi var nəyə inanırsan, söhbət necə inanmaqdan gedir. Adamlar var, bütə inanırlar, daha yaxşı yaşayırlar, müxtəlif cihazlar, məişət əşyaları düzəldib satırlar.
Hələ bundan əlavə başqa sahələri də unutmurlar, kino çəkirlər, futbol oynayırlar, Nobel alırlar. Adam bütə inanır. Nə dəxli var? Həyatı ki, ortadadı. Deməli necə inanmaq daha vacibdi. İlana inan, daşa inan, inəyə inan sadəcə inamın səmimi olsun. Dediklərinlə etdiklərin heç olmasa, on faiz üst üstə düşsün.
Nə? Məsələn, respublika. Necə respublika? Orda doğurdanmı qanun hər kəs üçün eynidi? Yoxsa bir balaca vəzifəsi olan tutub başqalarını döyür, adamı tutub meydanın ortasında qulağını kəsirlər, tutub meydanın ortasında camaatın gözü qabağında döyürlər?
Orda adamların fikir azadlığı varmı, sərbəst toplaşa bilirlərmi?
Ümumiyyətlə, bu mədəniyyət varmı? Yəni buna hökumət icazə verir-vermir, bu ayrı məsələ, bu heç, söhbət hələ adamların bu mədəniyyətdən xəbərdar olub-olmamasından gedir. Onlar ümumiyyətlə bu söhbətlərdən xəbərdardırlarmı? Adamların istirahət hüququ varmı? Deməli, respublika yox, necə respublika söhbəti daha önəmlidi.
Yaxınlarda Artur Konan Doylun bir məqaləsini oxudum. Məqalə “Kilsələrin yarısı boş qalıb” adıyla Kultura.az saytına yerləşdirilib (Burda oxu - Oxu zalı).
Nə etməli, reallıq budur ki, insanlarımız ciddi yazılara fikir vermirlər. Bəziləri özünü məsuliyyətdən azad etməkdən ötrü, ümumi axından kənarda qalmamaq üçün yazının orasına-burasına baxır. Yazını paylaşır və özünü elə göstərir ki, guya söhbətlərin içindədi.
Burda könül istər ki, bir mələk qəflətən onun başının üstündə peyda olub qəfildən bərkdən qışqırsın: Ey insan, kimi aldadırsan?!
Burda yolu qısa getmək yoxdu. Burda yolu qısa getmək istəyəndə daha da dala düşürsən. Heç olmasa özün-özünü aldatma, özün-özünə qarşı səmimi ol. Adamların vaxta qarşı çox amansız münasibəti var. Əyləncə onları daha çox maraqlandırır. Bunu açıq demək lazımdır ki, sevgi nədir, qızla oğlan dostluq edə bilərmi, sevmədən ərə getmək olarmı kimi mövzulara daha çox reaksiya verirlər. Çünki bu axmaq mövzularda hərəsinin deyə biləcəyi bir-iki düşük söz var.
Halbuki bu adamlar azad olsalar, adət-ənənəni pozmaqdan qorxmasalar, öz obrazlarını atlasalar, qısa müddətdə cütləşə bilərlər. Hərə öz tayını tapar. İnsan bəzən özü-özünə yaratdığı obrazın qurbanına çevrilir. Bəlkə də öldürmək istəmir, amma ibtidai qanunlar öldür deyir, ya da elə bir başa öldürməyi diqtə edir. Öldürmək üçünsə səbəb hər addımdadı. Xəyanət, qısqanclıq, dözümsüzlük…
Ciddi yazıları oxuyan adamların sayı azdı. Adamlar öyrənmək, oxumaq, zəhmət çəkmək istəmirlər. Bu sosial şəbəkədən çıxıb o birisinə girirlər. Onlar virtual dünyada yaşayırlar, real dünyanı yaddan çıxarıblar. Təbiətin yazının, yayının olduğunu az qala unudublar.
Bəziləri virtual dünyayla real dünyanın əsirinə çevrilib. Bir qulun iki ağası ola bilməz, bir insan da hər iki dünyada yaşaya bilməz. Tiflisdə bir kafedə uşaqlar internetin şifrəsini soruşdular, ofisiant qadın dedi ki, bizdə internet yoxdu, yeməkdən həzz alın, yoxsa oturub telefonla oynasanız yemək yaddan çıxacaq.
Bilmirəm, tam gürcü müdrikliyi idi, yoxsa doğurdan belə düşünürdü, hər halda gözəl fikirdi. Adamlar gedirlər restorana və oturub telefonla oynayırlar, söhbət etmirlər bəzən. Edəndə də uşaq kimi bir-birlərinə telefonda şəkil zad göstərirlər, hansı oyunda neçə xal yığmaqlarından danışırlar. Söhbətləri də bu mövzularda olur. Heç kim mənəviyyat dünyasını genişləndirmək, vaxtı dəyərləndirib bir az oxumaq, öz səviyyəsini yüksəltmək, öyrənmək istəmir. Ona görə ki, zəhmət çəkmək istəmir. Bir çoxları öz tənbəlliklərinə haqq qazandırmaq üçün hətta cığallıq edirlər.
Avropanın yaxşı tərəflərini götürüb, pis tərəflərindən imtina etmək istəyirlər. Belələri təkamülə daha çox ziyan vururlar.
Konan Doylun məqaləsində bir neçə maraqlı məqam vardı, amma bu məqamlar xüsusən diqqəti çəkir. Müəllif yazır:
" - Təfəkkürün üfüqlərini hansısa yolla genişləndirməyə, İnsanla Yaradan arasındakı münasibətlərin şərhində mərhəmətin yerini, təsirini artırmağa yönəlmiş istənilən cəhd hər zaman kilsə xadimlərinin qəti müqavimətilə qarşılaşıb. Ancaq tarix göstərir ki, bu müqavimət insan zəkasının ayin və ehkamların dəmir buxovlarından tədricən qurtulmasını heç cür əngəlləyə bilməyib; ən yuxarı nəticəsi həmin qurtuluşu bəzən azacıq ləngitmək olub.
Bütün oturuşmuş qaydalar, ayin və ehkamlar ruhun yüksəliş vasitələridir. Bu yüksəlişə xidmət etdikləri müddət ərzində onların var olmağa haqqı çatır. Ancaq öz xidmətini başa vurandan sonra onlar normal həyata və inkişafa mane olan daşlaşmış təzahürlərə çevrilir və artıq mövcudluq haqqını itirir.
…Mənim fikrimcə, Məsihin ölümünə həddindən artıq əhəmiyyət verilib. İdeya uğrunda ölmək – bu, elə də nadir hadisə deyil. Hər bir dinin belə cəfakeşləri olub. İnsanlar zaman-zaman öz əqidələri naminə ölümə gediblər. İndinin özündə minlərlə gəncimiz Fransada eyni vəziyyətlə üz-üzədir. Bu baxımdan, Məsihin ölümü, «İncil»də hər nə qədər təsirli təqdim olunsa da, görünür, bəşər tarixində qeyri-adi dərəcədə əlamətdar bir hadisə – islahat uğrunda ölmək kimi əsaslı rola yiyələnməyib. Məsihin ölümünə ifrat dərəcədə çox, ömür yoluna isə bir o qədər az diqqət ayrılıb, halbuki həqiqi böyüklük və gerçək ibrət məhz bu sonuncudadır. Bu, elə bir ömür yoludur ki, hətta bizə gəlib çatmış məhdud rəvayətlərə görə də, onda gözəllikdən uzaq bircə cizgi də tapılmaz: özgələrə münasibətdə fitri dözümlülük, hər kəsi əhatə edən insaf, mərhəmət duyğusu, düşüncənin şərti genişliyi, nəcibanə cəsarət hesabına zənginləşmiş bir ömür yolu!"
Doğurdan da elə bu gün də İsa peyğəmbərin çarmıxa çəkilməsindən bəhs edən filmlər çəkilir, əsərlər yazılır. Yolundan danışan azdı. Halbuki İsa peyğəmbər çoxlu faydalı sözlər demişdi. Bizim ölkədə də bir xeyli adam müqəddəs şəxslər haqqında danışanda, əsasən qarşı tərəfi lənətləyirlər, qarşı tərəfin qəddar, zalım obrazını yaratmaq üçün daha çox vaxt sərf edirlər. Hörmət etdiyi şəxsin yaxşı tərəflərindən, yolundan danışmaq unudulur. Bu heç. İşin ən faciəvi tərəfi də odur ki, nümunə kimi götürülən adamın, müqəddəs şəxsin sözlərinə əməl olunmur.
Reytinq qəzeti