Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:29

«Yükü İranda müəyyən ünvanlara çatdırır, əvəzində 17 manat alırlar»


Ramazan ayında İrana gedənlərin sayı artıb...
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Ramazan ayında İrana gedənlərin sayı artıb...

-

Astara gömrükxanasının önündə İrana getmək istəyənlərin uzun növbəsi diqqət çəkir. Burda ağız deyəni qulaq eşitmir. Hər kəs gömrük ərazisinə daha tez keçmək istəyir. Adamlar dəmir barmaqlıqlar arasına salınır, qapılar da arxadan qıfıllanır. Yerli sakinlərin söylədiyinə görə, «dəmir qəfəs»də bir neçə dəfə ölüm hadisəsi də baş verib.

BİR MANAT VER, ÇİN MALI APAR?

İrana gedənlər özləri ilə yük də daşıyırlar. Hər adama ildə bir dəfə 3 kilo yük aparmağa icazə verilir. Onlar həmin yükü İranda müəyyən ünvanlara çatdırır, əvəzində 17 manat alırlar. AzadlıqRadiosunun müxbiri öyrənib ki, yüklər Çinin sənaye mallarından ibarətdir. Buna görə Astara gömrükxanasına 1 manat pul verilir. Diqqət çəkən odur ki, heç bir qeydiyyat aparılmır və vətəndaşa hər hansı qəbz verilmir. Beləcə, gömrük rüsumundan kənar, günboyu tonlarla yük İrana daşınır.

Yerli sakinlərin İrana getməsinin bir səbəbi də Amerika dolları və Azərbaycan manatının dəyərcə yüksəlməsidir. İranın «qara bazar»ında 1 Amerika dolları 43-44 min reala dəyişilir. Nəticədə, Azərbaycandan gedənlər İrandan daha çox mal ala bilirlər. Bunun qarşısını almaq üçün Astara gömrükxanasında qaydalar da sərtləşdirilib. İrandan qayıdanlar az miqdarda ərzaq və meyvə gətirə bilirlər. Gələnlərin sözlərinə görə, banan, düyü, xurma, hətta qarışqa dərmanı da inhisarçıların nəzarətinə keçib.

«PUL VERMƏSƏN, BURAXMIRLAR»

Astara rayonu Rudəkənar kənd sakini, 80 yaşlı Höccət Yusubov da İrandan qayıdıb. O deyir ki, Astara gömrükxanasında özbaşınalıqdır, adamları incidirlər. Onun sözlərinə görə İranda istehlak mallarının qiyməti Azərbaycanla müqayisədə ucuzdur:

«İrana gedəndə bizimkilər incidirlər. Bir şey aparanda 1-2 manat pul alırlar. Pul verməsən, adamı buraxmırlar. Qapıda duran adamdan 1 manat alıb, içəri salırlar. Bizim pul İranda baha, alınan mallarsa ucuzdur. Bizlər düyüdən çox istifadə edirik. Bizdə onun kilosu 3 manat 50 qəpiyə, İranda 1 manat 50 qəpiyədir. Bizimkilər qoymur dolanaq. İranlılar öz pullarından imtina edir, bizə deyirlər ki, gəlin manatla alver edin. Evə 5-6 kilo düyü alıb gəlirsən, bizim gömrükdə incidirlər. Deyirlər, bunu almamalısan, get terminala (anbara – red.) vur. İranlı bizə hörmət edir, amma bizimki yox».

«DEYİRLƏR, TOYUQ GƏTİRMƏ, KİŞMİŞ GƏTİRMƏ, XURMA GƏTİRMƏ...»

«Astara gömrüyü hansı malları buraxmır» sualını Höccət Yusubov belə cavablayır:

«Deyirlər, toyuq gətirmə, kişmiş gətirmə, xurma gətirmə. Orucluq ayında, əsasən, xurmadan istifadə edirlər. Onu da qoymurlar. Bir qutu xurmanı da gətirməyə qoymurlar. İranlılar dillənmir, amma bizimkilər qoymurlar. Bəs nə üçün gedirəm İrana? Orada ucuzluqdur. İrandakı qiymətlər bizdə olsa, heç oraya getmərik. Burda 10 manatla bazara gedirsən, heç nə ala bilmirsən. Orda 10 manata bir ayın ərzağını alırsan».

«BURDA DÜYÜ 3 MANAT YARIMA, İRANDA MANAT YARIMADIR»

Astara şəhər sakini Elçin İbrahimli də gömrükxanadan şikayətlənir. Onun sözlərinə görə, Astara gömrükxanasında heç bir səbəbsiz qadağanlar tətbiq edilir:

«Vətəndaşları həftədə bir dəfə o taya buraxırlar. Bu da qanunsuzdur. Camaatın vəziyyəti yay aylarında çətin olur. Adamlar İranda ucuzluq olduğundandır oraya gedirlər. Düyüdür, qənddir, undur, şəkər tozudur, - İrandan alıb gətirmək istəyirlər. Amma həm o, həm də bu tərəfdə maneələr yaradırlar. Adam aldığını gətirə bilmir, çətinə düşür. Bizim zona çəltik əkən zonadır. Orada düyü bizdən xeyli ucuzdur. İldə bir adama 3 kilo yük verirlər – 15 manata, 20 manata... O tərəfə hambal kimi daşıyırıq ki, bir şey qazanaq. Gömrük işçiləri hər yükə görə 1 manat alır. İncidirlər, basabas yaradırlar...».

«İRANDAN QARIŞQA DƏRMANI GƏTİRİRİK...»

Astara şəhər sakini Asən Həşimli deyir ki, yerli sakinləri İrana aparan oradakı ucuzluqdur. O, Astara gömrükxanasındakı inhisarın da sərhədyanı ticarəti əngəllədiyini bildirir:

«Sərhədyanı ərazilərdə yaşayanların kütləvi şəkildə İrana getmələrinə səbəb iqtisadi problemlərdir. İranda ərzaq məhsulları ucuz olduğundan insanlar oraya axışırlar. Azərbaycanın gömrük sistemində inhisarçılıq hökm sürdüyünə görə, işadamlarının İrandan gətirdiyi mallara qadağalar qoyulur. Bu inhisarçılara, el arasında «monopolist» də deyirlər. Sərhədyanı sakinlər ərzağa tələbatlarını ödəməkdən ötrü İrana üz tuturlar. Şəkər tozunun qiyməti İranda 60, bizdə 90 qəpikdir. Yerli əhali İrandan qarışqa dərmanı gətirir, onunla da alver edir. Bunun da qiyməti İranda 1 manat, Azərbaycan bazarlarında 2 manat 50 qəpikdir. İrandan kişmiş də gətirirlər. Orada kişmişin yeşiyi 10 manat, bizdə 20 manatdır. Əhalini həm İran, həm də Azərbaycan gömrükçüləri incidirlər. Xüsusən Azərbaycan tərəfində gətirilən hər mala görə pul verilir».

XS
SM
MD
LG