-
Britaniyanın keçmiş baş naziri Tony Blair Azərbaycan qazını BP şirkətinin başçılığı altında Avropaya çıxaracaq konsorsiumun məsləhətçisi qismində çıxış edəcək.
Bu barədə «Financial Times» qəzetində müxbir Guy Chazan yazır.
Konsorsiuma yaxın çevrələrdən alınan məlumatlara görə, keçmiş Britaniya baş naziri Almaniyanın keçmiş xarici işlər naziri Hans-Dietrich Genscher və «Goldman Sachs International» şirkətinin başçısı, BP-nin keçmiş rəhbəri Peter Sutherland-lə birlikdə BP tərəfindən qurulan məşvərət palatasına daxil edilib.
BP şirkəti Xəzər dənizində inkişaf etdirilən «Şahdəniz-2» yataq qazını Türkiyə ərazisi ilə «Cənub dəhlizi» kimi tanınan TANAP və TAP boru kəmərləri vasitəsilə Yunanıstan, Albaniya və İtaliyaya nəql edəcək.
Qəzet yazır ki, Rusiyanın Krımı ilhaq etməsindən sonra 45 milyard dollarlıq Azərbaycan layihəsinin siyasi çəkisi də artıb. Avropa hazırda Rusiyadan yan keçən qaz boru xətlərinin tikintisinə xüsusi diqqət yetirir. Hazırda Avropa İttifaqının istehlak etdiyi bütün qazın 30 faizini Rusiyanın «Gazprom» şirkəti verir.
BP bildirib ki, «Cənub dəhlizi» Məşvərət Palatası «Şahdəniz-2», TANAP və TAP layihələrinin erkən istismarı zamanı qarşıya çıxa biləcək «siyasi, ətraf mühit, reputasiya və ictimai çətinliklərlə» bağlı məsləhətlər verəcək.
AVTORİTAR REJİMLƏRƏ MÜŞAVİR
«Şahdəniz-2» layihəsinə yaxın şəxslərdən biri bildirib ki, Tony Blair bu işə cəlb edilərkən onun Avropa İttifaqının təsisatları ilə münasibətlərdə biznes və siyasi təcrübəsi nəzərə alınıb.
Şərhçilər bu layihənin həyata keçirilməsində bir sıra ciddi problemlərin üzə çıxacağını təxmin edirlər, çünki layihəyə 7 ölkə daxildir.
BP bildirib ki, məşvərət palatası «Cənub dəhlizi» layihələrinin bütün iştirakçılarının – BP, «Statoil», SOCAR, habelə Türkiyənin «Botaş» və «Fluxys», «Axpo» və «Eon» şirkətlərinin «könüllü və kollektiv iradəsi» ilə qurulub.
«Financial Times» yazır ki, cənab Blair Xəzər regionunun layihələrinə getdikcə daha fəal cəlb olunur. Məsələn, o, 2011-ci ildən ötən ilədək avtoritar Qazaxıstan hökumətinin «islahatlar proqramı» üzrə müşaviri idi.
SÜLH SƏFİRİNİN TİCARƏTİ
Qəzet yazır ki, Tony Blair, həmçinin, özünə aid «Tony Blair Associates» şirkətinin Yaxın Şərqdəki biznes fəaliyyətini genişləndirmək üçün Abu- Dabidə ofis açmaq niyyətindədir.
Britaniya mətbuatı hazırda BMT, Aİ, ABŞ və Rusiya kvartetinin Yaxın Şərq üzrə sülh elçisi olan Blair-in siyasi və biznes maraqlarının toqquşduğuna diqqət çəkir.
Keçmiş baş nazirin «Tony Blair Associates» şirkətinin müştəriləri arasında «JPMorgan Chase» banklar qrupu, Küveyt hökuməti və Abu-Dabidəki «Mübadala» investisiya şəbəkəsi da var.
«FORMALALDEHİD EKSPERTİ»
Bu da deyilməlidir ki, keçmiş baş nazirin Azərbaycana məsləhətçi olması ilk dəfə baş vermir.
2009-cu ildə Britaniya qəzetləri Tony Blair-in Bakıda formalaldehid (metanol) zavodunun açılışındakı çıxışından yazırdılar.
O zaman Tony Blair «formalaldehid eksperti» kimi 20 dəqiqəlik çıxışı üçün 150 min dollar qonorar almışdı.
ATA MƏSLƏHƏTİ
Tony Blair çox bahalı çıxışında demişdi:
«Düzünü desəm, formalaldehidin istifadə siyahısına baxanadək mənim heç xəbərim yox idi ki, bu şey bizim həyatımızı nə miqyasda idarə edir. Mən evə qayıdanda 9 yaşlı oğluma deyəcəyəm: «bütün qalan dərslərin başını burax, yalnız formaldehidlə məşğul ol. Hər işin yaxşı olacaq».
Yəqin etmək olar ki, çıxışında deməsə də, ata Blair oğlu Leo-ya formalaldehid kimi şeylərlə Azərbaycan kimi yerlərdə məşğul olmağı tapşırıb.
Belə olmasaydı, keçmiş baş nazir Azərbaycana bu dəfə qaz eksperti kimi qayıtmazdı.