Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:49

Türkiyədən daha bir alim Çaldıran debatına məqalə göndərdi


Namiq Musalı
Namiq Musalı

-

Çaldıran debatında daha bir baxış bucağı:

"Qızılbaş döyüşçülərinin hərbi təlim görmədiyi haqqında iddialarınız tarixi həqiqətlərə ziddir. Çünki savaş – bu tayfaların təsadüfi məşğuliyyəti deyil, həyat tərzi idi".

Türkiyə Respublikası Kastamonu Universiteti Tarix bölümünün alimi, Dr. Namiq Musalı bu məqaləsi ilə Azadlıq Radiosunun “Oxu zalı”nda Çaldıran döyüşünün 500 illiyi ilə bağlı keçirilən polemikaya qoşulur. Dr.Abbas Cavadinin məqaləsinə etiraz edir.

Dr.Namiq Musalı

DR.ABBAS CAVADİYƏ AÇIQ MƏKTUB

Cənab Dr. Abbas Cavadi!

“Azadlıq” radiosunun saytında yerləşdirilmiş “Çaldıran dərsləri və Şah İsmayılın İran qarşısında xidmətləri” adlı məqalənizlə tanış oldum.

Əslində Çaldıran döyüşünün 500 illiyi ilə bağlı polemikalara qoşulmaq niyyətim yox idi. Lakin məqalənizdə əksini tapmış bir sıra fikirlərin tarixi mənbələrdəki faktlarla ziddiyyət təşkil etdiyini bildirməyi özümə borc bildim.

Sizə cavab mahiyyətində belə bir yazı hazırlamağımın ilk növbədə Sizin elmi dərəcənizə və alim adınıza olan hörmətimdən irəli gəldiyini ifadə etmək istəyirəm.

Əks təqdirdə Sizə cavab verməyi lazım bilməzdim. Bəri başdan qeyd edim ki, bu yazını hazırlamaqda məqsədim Çaldıran döyüşünün əhəmiyyəti və nəticələri ilə bağlı polemikalara qoşulmaqdan, kimin haqlı, kimin haqsız olduğunu göstərməkdən ibarət deyildir.

Sadəcə bir tarixçi olaraq Sizin ifadə etdiyiniz bir sıra nüansların tarixi faktlarla təsdiq edilmədiyinə diqqət çəkməyi qarşıma məqsəd qoydum.

Kiçik məqalənizdə çoxlu xətalar gözə dəyir. Bunlardan bəzilərinə diqqət yetirək:

1. Yazırsınız ki, Çaldıran döyüşündə "Osmanlı ordusu təzəcə Avropadan satın aldığı bir neçə top və onlarla tüfəngə malik idi". Halbuki Osmanlı – Səfəvi münasibətləri üzrə mütəxəssis olan müasir Türkiyə tarixçisi Prof. Dr. Remzi Kılıcın Osmanlı mənbələrinə əsaslanan məlumatına görə, Çaldıran döyüşündə Osmanlı ordusunda 12 min tüfəngçi və 500 top vardı (R.Kılıç. Kanuni devri Osmanlı – İran münasebetleri. İstanbul, 2006, səh. 92). Göründüyü kimi, Osmanlı ordusunda bir neçə deyil, bir neçə yüz top vardı, tüfənglərin sayı isə onlarla deyil, minlərlə idi.

Osmanlının bu silahları sadəcə Avropadan aldığı haqqında iddialarınız da həqiqətdən uzaqdır. Çünki hələ XV əsrdə Osmanlıda kütləvi şəkildə odlu silahlar istehsal edən müəssisələr qurulmuşdu. Osmanlı dövlətində top istehsalına XV əsrin ilk rübündən başlanmış, II Mehmed Fatehin zamanında (1451-1481) isə ən iri top istehsalı müəssisəsi olan “Topxaneyi-Amirə” yaradılmışdı (Salim Aydüz. Osmanlı silahları, silah üretim merkezleri ve literatürü tarihi // Tarih Okulu, Mayıs - Ağustos 2011, Sayı X, səh. 11). 1453-cü ildə İstanbulun II Mehmed Fateh tərəfindən fəth edilməsindən sonra İstanbulun Unkapanı adlı yerində tüfəng istehsal edən bir tüfəngxananın qurulduğu bilinməkdədir (Salim Ayduz, həmin məqalə, səh. 22). 1480-ci ildə Osmanlı hakimiyyəti altında olan Semendiredə üzərində Osmanlı xanədanının mənsub olduğu Kayı boyunun simvolu olan tüfənglər istehsal edilməyə başlanmışdı (Yavuz Unat. Osmanlı Teknolojisine Genel Bir Bakış // Osmanlı, VIII cild, Ankara, 1999, səh. 638). Bu faktlardan bəlli olur ki, Çaldıran döyüşünə qədər Osmanlı dövlətinin müxtəlif şəhərlərində odlu silah istehsal edən müəssisələr fəaliyyət göstərirdilər.

2. İddia edirsiniz ki: "İranın ağır məğlubiyyəti nəticəsində ölkənin şimal-qərbi, Qərbi Azərbaycan, Kürdüstan və Həmədan İrandan qopardılıb alındı və Osmanlının əlinə keçdi. Bu bölgənin çoxu illər boyu Osmanlının hakimiyyətində qaldı və ancaq 70 il sonra Birinci Şah Abbas Səfəvi bu məntəqələrin çoxu və Kürdüstanın bir hissəsini Osmanlıdan geri aldı". Əslində isə Sultan Səlimin Şah İsmayıldan ala bildiyi ərazilər Şərqi Anadolunun bir sıra nahiyələrindən (Diyarbəkr, Ərzincan, Ərzurum, Urfa, Mardin və s.) ibarət idi.

Şah İsmayıl
Şah İsmayıl

Özünüzün də qeyd etdiyiniz kimi, sultan Təbrizə qədər iraəliləyib bir neçə gün orada qalsa da, geri dönməli olmuşdur. Müasir İranın şimal-qərbindəki vilayətlər – nə Qərbi Azərbaycan, nə İran Kürdüstanı, nə də Həmədan Yavuz Sultan Səlim tərəfindən Osmanlı torpaqlarına qatılmamışdır! Bu ərazilər 1578-1590-cı illər Səfəvi – Osmanlı müharibəsinin nəticəsində Osmanlılar tərəfindən ələ keçirilmiş, 1590-cı il İstanbul sülh müqaviləsinə əsasən Osmanlı dövlətinin tərkibinə daxil edilmişdir. Elmi ədəbiyyatlarda bu məsələ yetərincə işıqlandırıldığından burada təfərrüata varmağa ehtiyac görmürəm.

3. Bildirirsiniz ki, 70 il sonra I Şah Abbas bu əraziləri Osmanlıdan geri aldı. Sual olunur: hansı hadisədən 70 il sonra? Əgər Çaldıran döyüşünü nəzərdə tutursunuzsa, səhv edirsiniz. Çünki I Şah Abbas həmin əraziləri Osmanlılardan geri almağa yalnız 1603-cü ildən etibarən başlamışdır. Yəni Çaldıran döyüşündən təxminən 90 il sonra!

Lakin bu, məqalənizdə tarixi xronologiya baxımından yol verdiyiniz yeganə yanlışlıq deyildir. Məqalənizin başqa bir yerində Şeyx Cüneydin və Şeyx Heydərin Çaldıran döyüşündən “azı 100 il qabaq” dini, siyasi, hərbi sahədə fəaliyyət göstərməsi barədə açıqlama verməyinizin də heç bir əsası yoxdur. Məlum olduğu kimi, Çaldıran döyüşündən 100 il öncə nə Şeyx Cüneyd, nə Şeyx Heydər hələ dünyaya gəlməmişdilər. Şeyx Cüneydin təriqət mürşidi kimi fəaliyyəti 1447-1460-cı illərlə, Şeyx Heydərin həyatı isə 1460-1488-ci illərlə məhdudlaşır (bu iki şəxsin fəaliyyəti barədə məşhur alman şərqşünası Walther Hinzin Türk Tarix Qurumu tərəfindən nəşr edilmiş “Uzun Həsən və Şeyx Cüneyd” adlı monoqrafiyasına baxmağınızı tövsiyyə edirəm).

4. Məqalənizdə yetərincə ziddiyyətli məqamlar vardır. Məsələn, əvvəlcə belə bir fikrinizlə qarşılaşırıq: “Şiə və ələvi olan həmin türkmən döyüşçülərin çoxu İran və Anadoludan Şah İsmayıla qoşulub sünni Sultan Səlimə qarşı savaşmağa hazır idilər. Onlar o tarixdən azı 100 il qabaqdan başlayaraq Şah İsmayılın atası və babası Heydər və Cüneyd tərəfindən dini və siyasi, hətta hərbi təlimdən keçirilmişdi”. Məqalənizin bu hissəsində Səfəvi hərbi birləşmələrinin yüz illik bir hərbi təlim təcrübəsinin olduğundan bəhs edirsiniz.

Lakin bir qədər sonra məqalənizdə bu fikrə tam zidd olan başqa bir cümlə oxuyuruq: “İran ordusunun təqribən bütün əsgərləri heç bir hərbi təlim görməyən, hətta belə bir təlimə o qədər də inanmayan köçəri qəbilə insanlarıydı”. Bu cümlənizdə isə Səfəvi əsgərlərinin heç bir hərbi təlim görmədiyini iddia edirsiniz. İndi özünüz deyin, hansı sözünüzə inanaq?

Çaldıran döyüşü. İsfahandakı Çehel Sütun sarayından divar rəsmi.
Çaldıran döyüşü. İsfahandakı Çehel Sütun sarayından divar rəsmi.

Qızılbaş döyüşçülərinin hərbi təlim görmədiyi haqqında iddialarınız tarixi həqiqətlərə ziddir. Çünki savaş – bu tayfaların təsadüfi məşğuliyyəti deyil, həyat tərzi idi. Səfəvi mənbələrində Şah İsmayılın öz əsgərlərinə hərbi təlimlər keçirdiyinə dair kifayət qədər məlumatlar vardır. Nümunə üçün h. 905 / m. 1499-1500-cü ilin qışında Astaranın Ərcüvan kəndində Şah İsmayılın hələ hakimiyyətə gəlməzdən öncə öz əsgərlərinə hərbi təlim keçirməyi əmr etdiyini və özünün də həmin təlimdə fəal iştirak etdiyini misal göstərə bilərik (bax: Həsən bəy Rumlu. Əhsənüt-təvarix, Əbdülhüseyn Nəvainin nəşri, Tehran, 1389 şəmsi, II cild, səh. 940).

5. Qeyd edirsiniz ki: “Şahın Şamlu qəbiləsindən Durmuş Xan adlı bir sərkərdəsi, rəvayətə görə, Şaha məsləhət verib ki, qoy Sultan Səlim rahatlıqla müharibəyə hazırlaşsın – o, sonunda başa düşəcək ki, əsgər sayının və hərbi təlimin daha az olmasına baxmayaraq, Şah İsmayıl Səlimə qələbə çalacaq, çünki Şah İsmayıl “Qaib (gizli) İmam” və Hz. Əlidən aldığı vəzifə və qüdrətə əsaslanaraq, şübhəsiz, Osmanlıya qarşı qələbə əldə edəcəkdir. Şah İsmayıl da bunu qəbul edib”. Çox maraqlıdır, görəsən, “rəvayət” adlandırdığınız bu məlumatı haradan iqtibas etmisiniz?

Bəlkə, bu rəvayət elə Sizin öz təxəyyülünüzün məhsuludur? Çünki tarixi qaynaqlarda Durmuş xan Şamlunun Çaldıran döyüşündən öncə keçirilmiş məşvərət məclisində Şah İsmayıla nə dediyi dəqiq surətdə əksini tapmışdır. Orada iddia etdiyiniz fikirlərə rast gəlmirik. İlkin tarixi mənbələrdə bu əhvalat aşağıdaki kimi təsvir olunur: “Xan Məhəmməd Ustaclu (Səfəvilərin Diyarbəkr hakimi – N.M.), Nurəli xəlifə və rumilərin vərdişlərini bilən bəzi digər şəxslər ərz etdilər: “Düşmənlər Çaldıranda özlərini müdafiə etməyə hazır olmazdan öncə onların üzərinə gedək və o natamamların işini bitirək”. Durmuş xan Şamlu bu sözü rədd edib, Xan Məhəmmədə xitabən: “Sənin kətxudalığın (ağalığın) Diyarbəkrdə keçər”, – dedi və əlavə etdi: - “Onlar özlərini qorumaq üçün əllərindən gələni edənə qədər gözləyərik. Ondan sonra döyüş meydanına qədəm qoyub, onların qoşununu darmadağın edərik”. İsgəndər şanlı xaqan (Şah İsmayıl – N.M.) Durmuş xanın sözünü qəbul etdi (bəyəndi)” (Həsən bəy Rumlu. Əhsənüt-təvarix, Ə.Nəvainin nəşri, Tehran, 1389 şəmsi, II cild, səh. 1083). Əgər tarixi qaynaqları oxumamısınızsa, o zaman oxuyun, sonra yazın. Yox, əgər oxumusunuzsa, belə olan halda Durmuş xanın sözlərini təhrif etməyinizin anlamı nədir?

Digər bir məşhur Səfəvi tarixçisinin - İsgəndər bəy Münşinin məlumatına görə, Şah İsmayıl Osmanlılar Çaldıran ovasına yerləşməzdən öncə onlara hücum etməyi kişiliyinə sığışdırmamış və “mən karvanbasan quldur deyiləm” deyərək, onlarla üzbəüz döyüşə üstünlük vermişdir (Tarixi-aləmarayi-Abbasi, İrəc Əfşarın nəşri, Tehran, 1382 şəmsi, I cild, səh. 42). Şahın bu mövqeyi heç də dini fanatizmdən və ya səfehlikdən deyil, indi bəzilərinə qəribə görünən kişilik qürurundan irəli gəlirdi. Bu faktları misal gətirməklə şahın hərbi taktıkasının doğru və ya yanlış olmasını müzakirə etmirəm. Sadəcə, Durmuş xana aid etdiyiniz fikirlərin həqiqəti əks etdirmədiyini və onun fikirlərini nə üçün təhrif etdiyinizi anlamadığımı vurğulamaq istəyirəm.

Sultan Səlim
Sultan Səlim

Şah İsmayıl öz bəxtinə arxayın olub Çaldıran ovasına çıxmamışdı. Osmanlı mənbələrində, xüsusilə də Xoca Səədəddin Əfəndinin “Tacüt-təvarix” əsərində Şah İsmayılın bu döyüş öncəsində Osmanlı ordusunu mühasirəyə alaraq darmadağın etmək barədə plan hazırladığı aydın bir şəkildə əksini tapmışdır. Bu məsələ Osmanlı mənbələri əsasında Tahir Cəfiyev tərəfindən araşdırılmış və məqalə şəklində AMEA-nın “Xəbərlər” dərgisinin tarix, hüquq və fəlsəfə seriyasının 2012-ci ildə nəşr edilmiş 1-cı sayında işıq üzü görmüşdür.

6. Başqa bir yerdə bildirirsiniz: “Deyilənə görə, Şah İsmayıl özü də Çaldıranda yüksək rəşadət göstərib bir qəhrəman kimi döyüşürdü. Ancaq olmadı. Rəvayətə görə, 85 nəfərdən başqa İran ordusunun tamamı həlak edildi... Osmanlı tərəfdə isə ölənlərin sayı 40 min nəfər idi”. Açığını deyim ki, ciddi görkəmimi qorumağa çalışsam da, məqalənin bu yerində məni bərk gülmək tutdu. Tarixçi “deyilənlərə” deyil, mənbələrə, sənədlərə, faktlara istinad etməlidir. Bu rəqəmləri Sizə kim deyib onu bilmirəm, amma onu bilirəm ki, Sizə yanlış məlumat veriblər!

Yenə də ilkin qaynaqlara nəzər salaq: Həsən bəy Rumlunun yazdığına görə, Çaldıran döyüşündə hər iki tərəfdən cəmi 5 min nəfər insan həlak olmuşdur ki, bunun da 3 min nəfəri Osmanlı əsgərləri idi (Əhsənüt-təvarix, Ə.Nəvainin nəşri, Tehran, 1389 şəmsi, II cild, səh. 1088). 40 min Osmanlı əsgərinin öldürülməsi, cəmi 85 Səfəvi əsgərinin döyüşdən sağ çıxması ilə bağlı iddianız kökündən yanlışdır.

7. Səfəvilər sülaləsinin “kökünün iranlı, kürd olduğunun söyləndiyini” yazırsınız. Qeyd edim ki, bu fikri ilk dəfə türklərə düşmən münasibəti ilə seçilən İran alimi Əhməd Kəsrəvi özünün 1926-cı ildə nəşr edilmiş “Azəri ya zəbani-bastani-Azərbaygan” adlı əsərinin 26-cı səhifəsində ortaya atmışdır. Azərbaycan alimlərindən M.Abbaslının Türk Tarix Qurumunun “Belleten” dərgisində (1976-cı il, Sayı: 158, s.287-329) dərc edilmiş məqaləsində və ustadım O.Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” adlı monoqrafiyasında bu fikirlər elmi faktlar əsasında tənqid edilmiş və Səfəvilərin türk olduqlarına dair sübutlar təqdim olunmuşdur. Bundan əlavə, V.V.Bartold, Y.Ripka, D.Ayalon, J.R.Walsh, R.Nur, A.Caferoğlu, İ.H.Uzunçarşılı, H.Algar, F.Başar, M.Yaman, E.Güngör, X. De Planhol və b. kimi dünyaca məşhur alimlər Səfəvilərin türk olduqlarını açıq-aşkar ifadə etmişlər. İbn Bəzzazın “Səfvətüs-səfa”, İbrahim Əmininin “Fütuhati-şahi”, İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi”, Şeyx Hüseyn Zahidinin “Silsilətün-nəsəbi-Səfəviyyə”, Məhəmməd Yusif Valeh İsfahaninin “Xüldi-bərin” əsərlərində, “Cahangüşayi-xaqani-sahibqiran”, “Tarixi-aləmarayi-Şah İsmayıl”, “Tarixi-aləmarayi-Səfəvi”, “Şeyx Səfi təzkirəsi” və s. kimi qaynaqlarda Səfəvi sülaləsinin əcdadı olan Şeyx Səfiəddin Ərdəbili dəfələrlə türk adlandırılmışdır. Dədə Sailin “Qütbnamə” adlı türkcə mənzum əsərində isə Şah İsmayıl Xətai “Türküstanın piri” olaraq anılmışdır.

Bu adlarını çəkdiyim tarixi mənbələrdə Səfəvi əcdadlarının türk kimliyi ilə bağlı yazılanları şəxsən özüm oxumuşam və istənilən anda səhifələri, iqtibasları ilə birlikdə istənilən şəxsə sübut etməyə hazıram. Bu qədər mötəbər mənbələri və məşhur alimlərin tədqiqatlarını bir kənara ataraq Ə.Kəsrəvinin boş iddialarının ardınca düşmək, tarixi tədqiqat metodları ilə bir araya sığımır.

8. Məqalənizin az qala hər cümləsində Şah İsmayılın dövlətini İran dövləti, onun ordusunu isə İran ordusu, İran əsgərləri kimi təqdim edirsiniz. Diqqətinizə çatdırım ki, Şah İsmayılın dövrünə aid qaynaqlarda İran adına bu qədər intensiv şəkildə rast gəlmirik. Şah İsmayılın rəsmi saray tarixçisi İbrahim Əmininin “Fütuhati-şahi” əsərinin 2004-cü ildə Tehranda nəşr edilmiş 400 səhifəlik elmi-tənqidi mətninin cəmi 2 yerində “İran” adı ilə qarşılaşırıq. Lakin həmin yerlərdə də İran bir dövlət adı olaraq qeyd edilməmişdir. Tarixi mənbələrdə Səfəvi dövləti onu quran və yaşadan türk qızılbaş tayfalarının şərəfinə Qızılbaş dövləti olaraq xatırlanır (bax: R.Savory. Iran under the Safavids. Cambridge, 1980, səh. 34). Bir sıra Səfəvi mənbələrində Şah İsmayıl Azərbaycan taxt-tacının sahibi kimi göstərilir. Məsələn, Budaq Münşi Qəzvini özünün “Cəvahirül-əxbar” əsərində (bax: Möhsün Bəhramnejadın nəşri, Tehran, 1378 şəmsi, səh. 118-119) Şah İsmayılın taxta çıxmasını bu cür təsvir edir: “Aləmin pənahı olan şah Təbrizə yollandı və Azərbaycan səltənətinin taxtına əyləşdi”.

Məqalənizin son hissəsinə “Tarixin zarafatı” adını qoymusunuz. Lakin fikrimcə, elə ən böyük zarafatı bu məqaləni yazmaqla Siz özünüz etmisiniz.

Sonda Çaldıran döyüşü ilə əlaqədar polemika aparan şəxslərə tövsiyəm budur ki, özlərini nə Sultan Səlimin, nə də Şah İsmayılın feodal təfəkkürdən doğan ambisiyalarının girovuna çevirməsinlər, nəyisə iddia etdikdə isə şəxsi fantaziyalarına deyil, qaynaqlara əsaslansınlar.

Namiq Musalı

Tarix üzrə fəlsəfə doktoru, dosent

Türkiyə Respublikası Kastamonu Universiteti Tarix bölümünün öyrətim üyəsi

XS
SM
MD
LG