-
Arazın o tayından
Nigar Xiyavi
1
Bir şair uçuşundan qopub düşən
lələk bulmuşdum
odla suyun arasında.
Və gecənin gövdəsində
Gəlməmişdim balıncınızı başınızın altından çəkməyə.
Bir az şeirim,
Bir az sevgim var idi,
Bir az da türklüyüm.
Keçid alır şair axşamlarımdan,
Lələkdən bir qapı asım deyə.
Qaldırır çiynimə,
Endim sizlərə.
Damlara qalxıb da
durnanı daşa basan,
Sizlər oldunuz.
2
Hə,
bu mənəm,
bu bağ mənəm!
Gövdəmin gəbəsindən ilmə-ilmə
keçid verən bağ sənə, mənəm.
Bu da sən,
Yarpız ətrimi çəpərlərə qıfıllayan səssiz sarmaşıq.
Və zanbaqlığımı zağ-zağ əsdirən qorxu.
İstərsən gəl,
Hansı ürəklə gələ bilsən gəl.
Paslı dəmir təkərlərin
çənliyimdə batıb qalacaq
bu səfər.
3
İndi ki
güllədən gül-gül açılmış cənazəmi
tam sayğı,
tam hüzünlə,
qəbrimə daşımaqdasınız,
Və kəndi əlinizdən acıyıb ağrımaqda.
Ey kədərli milyon çiyinlər,
Unutmayın da utanmayın ki,
Sayğı-sevgilə yaşama durduğumda,
yalqız buraxan məni
ölürcəsinə sizlər oldunuz.
(Azərbaycan Yazıçılar Birliyinin "Güney Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)