Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:40

Burada – qəbirdə düşünməyə vaxt çoxdur


Azad Qaradərəli
Azad Qaradərəli

-

Hər dəfə tankdan atəş açılanda mən qəbirdə qorxurdum... Atam bunu bilmir, bilsə, atəş açmaz...

“Müharibə uşaqları” silsiləsindən

Azad Qaradərəli

TANKÇININ OĞLU

(Hekayə)

Balıqların susmağı qorxulu deyil, qorxulusu insanların susmağıdır.

Balaca Sadiqin qəbirdə düşündüklərindən

-Ata, bu balıqlar niyə belə çabalıyır?

-Onlar quruda nəfəs ala bilmirlər, su olmasa, ölərlər.

-İndi öləcəklər?

-Hə.

Mən qəhərləndim:

-Mən istəmirəm onlar ölsün...

-Onda, çayın qırağında balaca gölməçə düzəlt, balıqlarını burax ora. Amma bax ha, tullanıb qaçmasınlar.

Atam deyən kimi elədim. Naharacan qarmaqla çoxlu balıq tutduq.

İlk dəfə balığa gəldiyimdən atamı bezdirmişdim suallarımla.

-Ata, balıqlar niyə danışmır?

-Onların dili olmur, ona görə.

-Bəs niyə qışqırmırlar? Quş kimi, delfin kimi?

-Mən bunu bilmirəm, sən məktəbə gedəndə müəllimindən soruşarsan bunu.

***

Elə buradaca – Bəsid çayının sahilində atamla nahar elədik. Nahardan sonra atam traktoru işə salıb xeyli yer şumladı. Axşama yaxın mənim yanıma gəlib sellofan torbanı göstərib dedi:

-Balıqlarını yığ bura, aparaq anan qızartsın, yeyək.

Başımı aşağı salıb günahkarcasına dedim:

-Ata, mən onları çaya buraxdım...

Ata heyrətlə :

-Nə danışırsan, Sadiq? Niyə buraxdın?

-Onlar mənə dedilər ki, biz bu gölməçədə boğuluruq, bizi azad et. Mən də buraxdım suya...

***

Evə yenicə çatmışdıq. Atam traktorunun yanında qurdalanırdı. Mən də həyətimizdə oynayırdım. Anam çağırsa da bir azdan gələcəyimi dedim.

Neçə gün idi sakitlik idi. Ermənilər atmırdılar. Elə bunu fikirləşirdim ki… Sav kəndi yaxınlığındakı Qızlar ağacı deyilən yerdən tankdan qəfil atılan mərminin zəhmli səsi Bəsid çayı boyunca düzülmüş kəndlərinin adamlarını qorxuya saldı. İkinci mərmi atam olan yerə tərəf düşdü. Mən qorxsam da atama tərəf qaçdım. Amma ata sağ idi və o da mənə tərəf qaçırdı. Amma çatmadı: üçüncü mərmi düz ayağımın altına düşdü. Bir onu gördüm ki, bədənim param-parça olub. Tək ona sevindim ki, atam mənə çatmadı. Çatsaydı, o da öləcəkdi.

***

Öldüm. Nolsun e. Adam ölər də. Amma təkcə ölümümə görə pis olmamışdım. Atam – rayonumuzun adlı-sanlı traktorçusu, bu güclü adam mənsiz yaşaya bilmirdi. Anam bir tərəfdə, o bir tərəfdə xəstə kimi döşəli qalmışdılar. Çox istəyirdim, yalvarım, onlara deyim ki, belə eləməyin, mən pis oluram. Amma eyzən balıqlar kimi danışa bilmirdim, ya da bəlkə onlar mənim səsimi eşitmirdilər?

Səhəri məni dəfn etdilər. Atam qəbrimin üstündə hönkürə-hönkürə dedi:

-Sadiq! Sənə söz verirəm: qəddar düşməndən intiqamını alacam!

Hə, səhəri atam traktoru aparıb təhvil verdi. Neçə il əvvəl əsgərlikdən gətirdiyi və sevə-sevə qoruyub-saxladığı tankçı paltarını geyinib könüllü döyüşçülərin yanına getdi. Mən qaçıb onun yolunun üstünü kəsdirdim, qışqırdım, yalvardım ki, getməsin! (Amma o məni görmədi, səsimi eşitmədi!) Axı o da gedib tankçı olacaq. Tankdan mərmi atacaq, bu mərmilər uşaqlara dəyəcək... Yox, atamın traktor sürməsini, yer əkməsini istəyirdim... O adam öldürə bilməz!

***

O gündən kəndlərimizdə traktorlar susdu. Əvəzində tanklar gurlamağa başladı.

Hər dəfə tankdan atəş açılanda mən qəbirdə qorxurdum... Atam bunu bilmir, bilsə, atəş açmaz.

***

Burada – qəbirdə düşünməyə vaxt çoxdur. Hərdən fikirləşirəm ki, kaş böyüklər hərdən biz uşaqları da eşidəydilər. Onda dünyada uşaqlar ağlamaz.

22 iyul 2014

XS
SM
MD
LG