Rusiyanın Azərbaycana təyin olunan yeni səfiri Vasili İstratov avqustun 2-də Bakıya gəlib.
Yeni səfir ölkələrarası münasibətlərin «çoxşaxəli» olduğunu desə də, prioritet əməkdaşlıq istiqamətlərinin nədən ibarət olduğunu açıqlamayıb. Amma bununla yanaşı, o, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndiyini deyib.
2004-cü ilin sentyabrına qədər Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov olub . Həmin vaxtdan Azərbaycanda səfirin səlahiyyətlərini müvəqqəti işlər vəkili Pyotr Burdikin icra edirdi.
Yeni səfir Vasili İstratov 1954-cü ildə doğulub. Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1992-ci ildən diplomatik işdədir. Rusiyanın İrlandiyadakı səfirliyində müşavir olub. Son vaxtlar Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamenti rəhbərinin müavini olub.