Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsi ABŞ, Böyük Britaniya, Norveç, Almaniya, Fransa, İtaliya, Yunanıstan və Türkiyənin Bakıdakı səfirliklərinə müraciət edib. Müraciətdə diplomatlardan «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli və Fərhad Əliyevə qarşı aparılan istintaq hərəkətlərinə beynəlxalq nəzarətin təmin olunmasına yardımçı olmaları xahiş edilir. Komitə hesab edir ki, «demokratik təsisatlara və insan hüquqlarına böyük önəm verən dövlətlərdə bu addım müsbət qarşılanacaq».
Müraciətdə özünü siyasi məhbus hesab edən sabiq nazirin ona qarşı irəli sürülmüş bütün ittihamları rədd etdiyi və istintaqa heç bir ifadə vermədiyi bildirilir.
Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant, bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilən Hacı Məmmədov iyulun 25-də məhkəmədə verdiyi ifadədə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun onun rəhbərlik etdiyi dəstə tərəfindən Fərhad Əliyevin sifarişi ilə qətlə yetirildiyini bildirib. Sabiq nazir isə bu ittihamın absurd olduğu barədə bəyanat verib.
Daha sonra «Elmar Hüseynov» Fondu prezident İlham Əliyevə müraciət edərək, jurnalistin qətlinin istintaqına ABŞ Federal Təhqiqatlar Bürosunun cəlb edilməsini xahiş edib. «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 5-də yaşadığı evin girişində qətlə yetirilib.
Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev ötən ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.