«Qax rayonundan gəlmişəm. İstədim yataqxanada qalım, dedilər ki, yer yoxdur. İndi gücümüzə uyğun kirayə axtarırıq, amma qiymətlər çox bahadır». Universitetə bu il daxil olan Aygün Orucova ilə Bakı Dövlət Universitetinin tələbə şəhərciyində üzləşdim. İndi Bakıda yaşamaq üçün yer tapmaq təkcə Aygün yox, rayonlardan gələn əksər tələbələr üçün problemə çevrilib. Ali məktəblərin nəzdində olan yataqxanaların demək olar ki, hamısında indi tələbə deyil, əsasən məcburi qaçqın və köçkünlər yaşayır. Hətta, universitetlər ən kasıb tələbəni belə yerləşdirməyə otaq tapmır. Ətrafında bir neçə ali məktəb olan Hüseyn Cavid prospekti, Zahid Xəlilov küçəsində kirayə ev tutmaq isə tələbəyə ən azı hər ay üçün 200 ABŞ dollarına başa gəlir.
Bakıda ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Soltan Əsgərov deyir ki, hazırda onun siyahısında 120-dən çox ev axtaran tələbənin adı var. Onlar hər ayı 60 yeni manatdan baha olmayan kirayə ev axtarırlar, belə ev tapmaq isə Soltanın dili ilə desək qeyri-mümkündür.
İndi Bakı Dövlət Universitetinin tələbə şəhərciyinin həyətində uşaqlar futbol oynayırlar. Hamısı ərazisi işğal olunan rayonlardan qaçqın düşərək tələbə yataqxanasında məskunlaşmış ailələrin uşaqlarıdır. Tələbə şəhərciyində universitetin 7 yataqxanası və 645 otağı var. Hazırda bu otaqların yalnız 35-də tələbələr qalır. Tələbə şəhərciyinin direktor müavini Şöhrət Məmmədov deyir ki, hər il olduğu kimi bu il də yataqxanada qalmaq üçün müraciət edən tələbələrin sayı-hesabı yoxdur. Amma bu il onlardan yalnız 18-20 nəfərini burda yerləşdirmək mümkün olacaq:
«Hər il məhdud şəkildə yer boşalır. Çünki bakalavrlar arasında magistraturaya daxil olub burda qalanlar olur, bu il müraciət edənlərin 18-20 nəfərini yerləşdirə biləcəyik. İlk növbədə şəhid ailələrindən olan və ya çadır şəhərciklərindən gələn tələbələri yerləşdiririk, sonra yer qalarsa digər imkansız tələbələrə mənzil veririk».
Müqayisə üçün deyim ki, yataqxanada qalmaq tələbəyə hər ay 4 yeni manata başa gəlir. Bakıdakı ali məktəb yataqxanalarının böyük əksəriyyətində vəziyyət eynidir. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, məcburi köçkünlərin tələbə yataqxanalarından çıxarılması hələ bundan sonra ən azı iki-üç il çəkəcək. Komitənin baş məsləhətçisi Vahid Məmmədovun sözlərinə görə, yalnız çadırlarda yaşayan qaçqın və məcburi köçkünlər məskunlaşdırılandan sonra komitə bu məsələyə baxa bilər: «Konkret elə bir qərar, sərəncam yoxdur, yalnız çadır şəhərcikləri ilə iş tam başa çatdıqdan sonra bu məsələyə qayıtmaq ehtimalı var». Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov da əmindir ki, yaxın 2-3 il ərzində tələbələrin yataqxana problemi öz həllini tapacaq.