Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:02

Ölkədəki kriminogen vəziyyət pisləşir?


DİN-in məlumatına görə, avqustun 31-də 31 cinayət faktı qeydə alınıb və onlardan çoxu açılıb
DİN-in məlumatına görə, avqustun 31-də 31 cinayət faktı qeydə alınıb və onlardan çoxu açılıb
Son günlər Bakıda və bölgələrdə silahlı basqınlarla müşayiət olunan qanlı hadisələr törədilir. Hüquq-mühafizə orqanları həmişə kollegiya iclaslarında və ayrı-ayrı çıxışlarında kriminogen vəziyyətin stabil olduğunu deyirlər. Ancaq görünən mənzərə başqadır.

Əvvəlcə deyək ki, paytaxtda bir-birinin ardınca baş verən atışmalar şəhər sakinlərində narahatlıq yaradıb. Düzdür, hər iki hadisə şəxsi münaqişə zəminində baş verib. Birinci hadisədə Hərbi Prokurorluqda işləyən ata Milli Təhlükəsizlik Nazirliyində çalışan oğlunu güllələyib, sonra da özünə atəş açmışdı. Avqustun 30-da baş verən ikinci hadisədə isə iki gəncdən biri o birini silahla yaralamışdı. Həmin adam hadisədən sonra qaçdığından Bakının bütün küçələri polislə dolu idi. Bu görüntü də adamların narahatlığını artırırdı.


Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, avqustun 31-də 31 cinayət faktı qeydə alınıb və onlardan çoxu açılıb. Daxili İşlər naziri Ramil Usubov nazirliyin sonuncu kollegiya iclasında bir ildə ölkədə 17 mindən artıq cinayətin qeydə alındığını, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə, Azərbaycanın MDB ölkələri arasında ən yaxşı göstəriciyə malik olduğunu demişdi.


DİN-in yüksək rütbəliləri arasında münaqişələrin qəzet səhifələrinə çıxdığı bir vaxtda kriminal xəbərlərin də nəşrlərdə yer alması çoxalır. Bunların bir-birilə əlaqəsi var, yoxsa, fərqli məsələlərdir?


Hüquqşünas İntiqam Əliyev deyir ki, bunların əlaqəsi də ola bilər, olmaya da: «Zor hesabına stabiliyi saxlamaq mümkün deyil. Hüquq-mühafizə orqanlarında hacı məmmədovlar yetişib, qanunsuzluq mühiti hökm sürürsə, bu, bütövlükdə cəmiyyətə təsir göstərir, belə mühitdə silahlar da, atışmalar da olacaq. Cəmiyyətin hüquq- mühafizə orqanlarının işi haqqında geniş məlumatı yoxdur, uzaqbaşı kollegiya iclaslarında səthi məlumatlar verirlər».


DİN Mətbuat Xidmətinin əməkdaşı Zülfiyyə İbrahimova isə deyir ki, bu məsələlərdə əlaqə axtarmaq qəzetlərin qərəzliliyindən irəli gəlir: «Heç bir əlaqə yoxdur. Dünənki atışma da torpaq alqı-satqısı üstündə baş verib və silahdan istifadə edilib. Bunun yüksək rütbəlilərlə bağlı olduğunu demək qəzetlərin qərəzliliyindən irəli gəlir».


Respublika Prokurorluğunun əməkdaşı Vüqar Əliyev də o fikirdədir ki, ölkədəki kriminogen vəziyyət stabildir, vətəndaşların narahatlığına əsas yoxdur: «Hüquq-mühafizə orqanları ölkədəki əməliyyat şəraitinə tam nəzarət edirlər. Cəmiyyət varsa, cinayət də var, son baş verənlər də ayrı-ayrı faktlardır».


XS
SM
MD
LG