Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:01

Biznes mühiti hansı ölkələrdə əlverişlidir?


Yüksək vergilər və vergi sisteminin mürəkkəbliyi baxımından dünyada ən ağır şərait Belarusdadır
Yüksək vergilər və vergi sisteminin mürəkkəbliyi baxımından dünyada ən ağır şərait Belarusdadır

«2007-ci ildə Biznes Fəaliyyəti» adlı hesabatında Dünya Bankı (DB) 175 ölkədə biznes mühitini araşdırıb və hansı ölkələrdə, nəyə görə biznes fəaliyyəti üçün şəraitin yaxşı və ya pis olduğunu göstərib. Hesabata görə, Sinqapurda biznes üçün ən yaxşı şərait var. Post-sovet məkanında biznes sahəsində Gürcüstan ən çox islahat aparan ölkə sayılır. Özbəkistan və Tacikistan isə ən geridə qalan ölkələrdəndir. Azərbaycan isə siyahıda 99-cu yerdə gəlir.


DB-nin yeni hesabatına görə, Ermənistanla Gürcüstan biznes üçün şərait yaratmaqda Avropa Birliyinə üzv olan İspaniya ilə Portuqaliyadan daha müvəffəqiyyətlidir. Sənədin müəlliflərindən biri olan iqtisadçı Kerəli MəkLişin dediyinə görə, bu o deməkdir ki, inkişaf dövrünü yaşayan ölkələr nizamlayıcı kommersiya qaydaları və proseduraları sadələşdirməklə inkişaf etmiş ölkələrdən daha yüksək təşəbbüskarlıq qabiliyyəti nümayiş etdirir və belə islahatların nəticəsi olaraq onların beynəlxalq və daxili biznes imkanları artıq dərəcədə yaxşılaşır.


Məsələn, Gürcüstanda biznes müəssisələrinin qeydiyyatında ötən illərlə müqayisədə 55 faizə yaxın artım müşahidə olunur, işsizlik azalır. Bu isə o deməkdir ki, iqtisadi inkişaf lazımi istiqamətdə gedir. Gürcüstanda iş adamlarının biznes fəaliyyətlərinə başlamaları üçün tələblər bir xeyli yüngülləşdirilib. Minimum ilkin kapitalın məbləği azaldılıb, idxalat mallarının gömrükdən keçməsinin müddəti 54 gündən 13-ə endirilib.


Xanım MəkLişin dediyinə görə, bu il


« Ermənistan islahat sahəsində Gürcüstan qədər nailiyyətli olmasa da, son bir neçə il ərzində müxtəlif biznes qaydalarını bir xeyli təkmilləşdirib »
Ermənistan islahat sahəsində Gürcüstan qədər nailiyyətli olmasa da, son bir neçə il ərzində müxtəlif biznes qaydalarını bir xeyli təkmilləşdirib. Məsələn, yeni biznes şirkətinin qeydiyyatı Ermənistanda cəmi 4 günə yaxın çəkir, Belarusda isə 231 gün.


Sənədə görə, yüksək vergilər və vergi sisteminin mürəkkəbliyi baxımından dünyada ən ağır şərait məhz Belarusdadır. Mürəkkəb vergi sisteminə görə, Ukrayna Belarusdan çox az fərqlənir. İllik vergi sənədləri bu ölkədə 92 səhifədən ibarətdir. İdxal-ixrac sahəsində Belarusla Ukraynanın nailiyyətləri çox aşağı olsa da, Orta Asiya ölkələri onlardan da geridə qalır. Hətta region ölkələri arasında ən çox, 63 xal toplamış Qazaxıstanda ticarət sahəsində əhəmiyyətli maneələr mövcuddur.


Xanım MəkLiş bildirir ki, ticarətdə yüksək məsrəflər daxildə yüksək qiymətlər törədir, mal ixracatını bahalaşdırmaqla yerli biznesin inkişafını məhdudlaşdırır və korrupsiya üçün əlavə imkanlar yaradır: «Orta Asiya regionu ölkələrinin bir çoxunda gömrük ən korrupsiyalı sahədir. Bunun səbəblərindən biri odur ki, ticarətlə əlaqədar külli miqdarda sənəd və proseduralar tələb olunur. Rəsmi proseduralar misilsiz vaxt aparır. Buna görə iş adamları idxal və ixrac biznesi aparmaq üçün rüşvət ödəmək məcburiyyətində qalırlar».


Kerəli MəkLişin dediyinə görə, təcrübə göstərir ki, yeni hökumət əsasən ilk 15 ay müddətində islahat aparmaq qabiliyyətinə olur, lakin bu həddi keçəndən sonra belə, biznes şəraitini yaxşılaşdırmaqdan ötrü bəzən sadə inzibati kadr dəyişmələri lazımi nəticələr verir.



«Vergidən yayınmaq Boliviyada milli idman növüdür»-bunu Dünya Bankının sorğu aparan əməkdaşlarına Boliviyanın iş adamı Xose deyir. Ölkənin paytaxtı La Pasda şirkəti olan biznesmenin izahına görə, əgər o vergidən yayınmasa, gərək mənfəətinin 80 faizini vergiyə verə. İldə 41 dəfə də vergi ödənişi edə.



«Vergidən yayınmaq Boliviyada milli idman növüdür. Biznesmenin izahına görə, əgər o, vergidən yayınmasa, gərək mənfəətinin 80 faizini vergiyə verə»
Dünya bankının və Beynəlxalq maliyyə korporasiyasının «Biznes fəaliyyəti» adlı yeni hesabatına görə Boliviya yüksək vergilərinə görə heç də dünya lideri deyil. Lider-Afrika ölkəsi Qambiyadır. Burda şirkət vergidən yayınmasa, öz mənfəətinin 290 faizi məbləğində vergi ödəməlidir. Kiməsə bu, inanılmaz yox, hətta absurd görünə bilər. Ancaq Dünya Bankı izah edir ki, şirkətin verməli olduğu mənfəət vergisini, işçi qüvvəsinə görə vergini, dövlətə, şəhərə, bələdiyyəyə çatası vergiləri toplayanda elə bu qədər edir.


İkincisi, başqaları üçün qəribə səslənsə də, qonşu Burundi, Sierra Leone kimi Afrika ölkələrində çalışan biznesmenə bu vergilər inanılmaz görünmür, çünki onların özləri qazandıqlarının üstə 2 o qədər də qoyub, vergiyə verməlidirlər. Vergi işində o biri belə dırnaqarası lider Özbəkistandır. Burda iş adamı ildə 130 dəfə vergi ödənişi eləməlidir.


Biznesmenin vergi işini yüngülləşdirməkdə lider isə Maldiv adalarıdır. Burada ildə bircə dəfə vergi ödənir. Vergi də mənfəətin cəmi 9 faizidir. Başqa lider - neft ölkəsi Norveçdir, burda ildə 3 dəfə vergi verirlər.


Azərbaycanda ildə 36 dəfə vergi ödəyirlər və vergilərə mənfəətin 44 faizi gedir.


Azərbaycanda vergi sisteminin problemləri nədir?-sualına İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Azər Mehdiyev belə cavab verdi ki, Azərbaycanda problem verginin faizindən çox onun hesablanma, ödənmə qaydasındadır, mənfəət bəzən avans şəklində keçirilir, əlavə dəyər vergisi nə vaxt tutulur, nə vaxt tutulmur, - bu da qeyri-müəyyəndir, qaydalar tez-tez dəyişir.



«Biznesmenin vergi işini yüngülləşdirməkdə lider isə Maldiv adalarıdır. Burada ildə bircə dəfə vergi ödənir»
Sonda onu da soruşdum ki, belə problemlər varsa, biznesmenlər niyə demirlər? Mən 3 biznesmenə zəng elədim, heç biri vergidən danışmaq istəmədi? İqtisadi ekspert Azər Mehdiyev deyir ki, «biznesmenin vergidən açıq şikayət eləməməsi əslində Azərbaycanda biznesə şəraiti səciyyələndirən misaldır. Çünki iş adamı narazılıq eləsə, vergi məmurları dolayı yolla bunun acığını çıxa bilərlər. Azərbaycanda vergi ödəyəni də, vergi yığanı da birləşdirən bir gözükölgəlik sistemi var».


Vergi işində islahatlar isə dünyada bir neçə istiqamətdə gedir. Şərqi Avropada və keçmiş SSRİ məkanında yeni təmayül - vergi faizinin azaldılmasıdır, çünki çox vaxt vergini az eləyəndə dövlət daha çox pul yığır, nəinki yüksək vergi qoyanda, sonra da yığa bilməyəndə. Vergi islahatlarını bu yolla aparan ölkələr - Ermənistan, Bolqarıstan, Rusiya, Qazaxıstan bunun sayəsində vergidən gəlirləri artırıblar. Mənfəət vergisini Meksika, İsveçrə, Seneqal kimi ölkələr də azaldır.


Başqa təmayül vergi ödənişini sadələşdirməkdir, Məsələn, Braziliya ayda bir dəfə verilən vergi tətbiq eləyib, bu bir vergi əvvəllər verilən 8 vergini özündə cəmləyir. Ancaq bu sadələşdirmə illik qazancı 1 milyon dollardan aşağı olanlara aiddir.


Başqa təmayül vergi ödənişini kompüterləşdirməkdir. Bu yolla Bolqarıstan, Latviya, Madaqaskar gedir. Ancaq dünya miqyasında bu kompyuterləşmənin payı çox əhəmiyyətsizdir. Kağızı doldurmaqla vergi vermək əsas üsul olaraq qalır. Hətta Amerika kimi ölkədə biznesmen ildə orta hesabla 65 vərəq doldurur.


Dünya Bankı yazır ki, onun vergiləri öyrəndiyi bu 175 ölkədə bütün şirkətlərin vergi hesabatlarını yazmaq üçün işlənən kağızı düzəltməyə ildə 100 min ağac qırılır.



XS
SM
MD
LG