«Dağlıq Qarabağ münaqişəsi xərçəng xəstəliyinə bənzəyir. O, Qafqazın, xüsusən də Ermənistanın inkişafına mənfi təsir göstərir». Bunu Azərbaycanda səfərdə olan ABŞ-ın Con Hopkins Universitetinin direktoru professor Frederik Starr jurnalistlərlə söhbətində deyib. O, hesab edir ki, Vaşinqton Azərbaycan torpaqlarının işğalına da həssas yanaşmalıdır.
Cənab Starrın qənaətincə, münaqişənin həlli ilə bağlı indiyədək çox az nəticə əldə olunub. «Jurnalistlərin ABŞ münaqişənin həllində hansı yardımı göstərə bilər» sualına onun cavabı belə oldu: «Birləşmiş Ştatlar təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təşəbbüs irəli sürməməlidir. Eyni zamanda, Azərbaycan hökumətindən soruşmalıdır ki, siz nə fikirləşirsiniz, indiki mərhələdə hansı addımlar münaqişənin həlli üçün səmərəli olmalıdır. Bu münaqişə həll olunmaldır».
Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutun direktoru Frederik Starr iki gündür Bakıdadır. Bu müddətdə onu ölkə başçısı İlham Əliyev də qəbul edib. Sentyabrın 15-də isə cənab Starr və onun müavini Svante Kornell XİN-in Diplomatik Akademiyasında «Region ölkələrinin diplomatiyası: Vaşinqtondan baxış» mövzusunda mühazirə ilə çıxış ediblər.