Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:58

Qarabağ haqda fərqli film


Aygün Aslanlı
Aygün Aslanlı

-

Yeni film haqda kinoşünas Aygün Aslanlının rəyi:

Nabat rolunu canlandıran iranlı aktrisa Fatemeh Motamed-Arya-nın adını çəkməsək, günah eləmiş olarıq.

F.Arya daş kimi sərt, tərpənməz mimikaları, danışan gözləri, xəsis jestləri ilə o qədər orqanik, doğmadı ki, hətta ara-sıra səsini çıxardanda qulağa dəyən ləhcəsi də ona xələl vura bilmir.

“Dolu” filmində personajların bir-birinə qarışan ləhcələri nə qədər qıcıqlandırırsa, “Nabat”ın ləhcəsi bir o qədər təbiidi.

Aygün Aslanlı

NABAT

Anladınız nəymiş kattıkları

Perdeler çiçekler ışık hava su

ancak onlar varkən sizi yaşatıyordu.

Behçet Necatigil

Zaman: müharibə illəri.

Məkan: güllə səslərindən, mərmilərdən qaçan sakinləri tərəfindən tərk olunmuş ucqar dağ kəndi.

Personajlar: kənddən xeyli aralıda yaşayan Nabat qadın və inəyi Ağca.

Burda müharibə fondu: kölgəsini evlərə, çəmənlərə, bağlara sərmiş, rəngləri solduran, bozardan qara fon. Ölümün ancaq küləyi var. Müharibə də, ölüm də səbəbdi.

Rejissor Elçin Musaoğlunun “Nabat” filmi İNSAN və onun YOXLUĞU haqqındadı. İnsan yoxluğunda daha dəyərli, daha özləmli olur.

Elə ona görə filmin ilk dəqiqələrində Nabatın gündəlik qayğılarını – səhər qalxmaq, Ağcanı sağıb südünü satmaq, evə ərzaq almaq, ölüm yatağındakı xəstə ərə qulluq, cəbhədə həlak olmuş yeganə oğulun məzarını ziyarət, gecə atəş səslərindən diksinib oyanmaq- göstərən kamera, demək olar ki, insanlara aksent eləmir. Biz onları ötəri, aralıdan görürük. Amma elə ki kənd boşalır, kamera o evlərə Nabat qadından qabaq girir, əşyaların üzərindən aramla sürüşə-sürüşə tamaşaçını o nəsnələrin sahibləri ilə tanış eləyir. Yarımçıq qalmış səhər yeməyində, yerə səpələnmiş fotolarda, hələ gümüşü qaralmamış cehizlik çıraqda- hər şeydə insan izi var.

Məşhur və qeyri-məşhur sənət əsərlərinə, tarixi abidələrə, qədim yaşayış məskənlərinə baxanda bizi heyran eləyən, ağzımızı açıq qoyan, “möhtəşəm” dedirdən əslində onları yaradan insanların zəkası, ürəyidi. Yoxsa mütəxəssislər niyə Da Vinci-nin, ya da Caravaggio-nun əsərlərinin orijinalını saxtasından ayırmağa çalışsınlar? Ya da niyə hansısa filmdə, tamaşada güzgü, damsız-divarsız qapı, suda ayın əksini görəndə qımışsınlar?! Çünki ən istedadlısından tutmuş ən bəsitinə qədər hər kəsin öz dəsti-xətti var, hər kəs özəldi.

Nəsnələri mənalandıran insandı.

Ona görə finalda kəndə qayıdan hərbçilər ancaq ayaqlardan ibarətdilər. Müharibənin siması olmur. O, insanlığın düşmənidi.

Ona görə qəhrəmanın çimdiyi epizodda divardakı kişi və qadın (Nabatla əri) fotolarının arasında ucalan silueti cinssizdi və əzəmətlidi- İnsandı!

Nabat qadının boş evlərdə çıraq yandırmağı da o evləri insanlı eləmək, özünə

Fatemeh Motamed-Arya, 2008
Fatemeh Motamed-Arya, 2008

istilik, hənirti yaratmaq cəhdidi.

Elçin Musaoğlu
Elçin Musaoğlu

"Nabat" filmindən kadr
"Nabat" filmindən kadr

O, həm də kəndin qoruyucusudu. Bunu bizə Nabatın tək canlı həyanı Ağca inək deyir. İnduizmdə inək torpağın rəmzidi. Elə filmboyu əvvəl səsini eşidib sonda özünü də gördüyümüz dişi qurd da Nabat obrazının ilahi funksiyasına işarə vurur. Balalarını atıb getməyən ana qurd kimi Nabat da doğmalarının yatdığı torpağı atmır, əksinə hər gecə çıraqları yandıraraq onu diri saxlamağa çalışır.

Elə bu məqamda Nabat rolunu canlandıran iranlı aktrisa Fatemeh Motamed-Arya-nın adını çəkməsək, günah eləmiş olarıq. F.Arya daş kimi sərt, tərpənməz mimikaları, danışan gözləri, xəsis jestləri ilə o qədər orqanik, doğmadı ki, hətta ara-sıra səsini çıxardanda qulağa dəyən ləhcəsi də ona xələl vura bilmir. Müqayisə üçün: “Dolu” filmində personajların bir-birinə qarışan ləhcələri nə qədər qıcıqlandırırsa, “Nabat”ın ləhcəsi bir o qədər təbiidi.

“Nabat” filminin müharibə, vətən, Qarabağ haqqında olduğunu deyənlərə uyub ondan atışmalı, qanlı səhnələr, pafoslu, şüar cümlələr, gözləri yaşardan musiqi gözləməyin.

Rejissor sözdən də, musiqidən də “yox” deyiləcək qədər az istifadə eləyib. Yeganə ölüm səhnəsi isə vizual ifadə vasitələri ilə təsvir olunub- ani külək, inəyin süd vedrəsini aşırmağı, güclü yağış, daşıdığı yükün ağırlığından zorla irəliləyən araba..

Bu filmdə kamera (operator Əbdülrəhim Bəşərat) diqqətli müşahidəçidi, hadisələrə müdaxilə eləmir, asta templə hərəkət eləyərək tamaşaçının ekranda gördükləri ilə empatiya qurmağına şərait yaradır.

“Nabat” filmi avqust-sentyabr aylarında baş tutacaq Venesiya Film Festivalının “"Orizzonti"” (“Üfüqlər”) bölməsinə qəbul olunub. Hansısa mükafat alacaq, ya yox- demək çətindi, amma bir fakt danılmazdı: “Nabat”, Azərbaycan kinosunda irəliyə doğru atılan addımdı.

Axırıncı olmaması arzusu ilə...

P.S. Avqustun 1-də “Nizami” kino mərkəzində baş tutan premyerada çıxış eləyən Elçin Musaoğlu filmin səsləndirilməsinin tamamlanmadığını demişdi. Düzdü, rejissor filmin Tanrısıdı, işinə qarışmaq olmaz, amma xahiş qismində:

Elçin bəy, lütfən, Nabatın səsini dəyişməyin.

XS
SM
MD
LG