-
Arazin o tayından
Vədud Dusti
UÇMAQ
Qartalıq
Adımız qartal
Amma
qartalır dizimiz
qartalır qanadımız
Demirəm uçmuruq
uçuruq biz
Amma
divar kimi
dam kimi
u
çu
ruq
Adam kimi
uçuruq
ŞAM
Çiynində əsərək işıq bayrağı
Dan sökülənədək
kəfəni əynində
gecə ilə döyüşdün
igidcəsinə
qan-tərin içində
yerə güpsədin
gecənin arxasın
doğruldu arzun:
şərəfli yaşadın
şərəfli öldün
İndisə xoruzlar
ayağa qalxıb
səni alqişlayır
Sağ ol... çox sağ ol
Ay ömrünü Günəşə bağışlayan, şam!
TANIMAQ OLMAYIR
Heç kimi, heç nəyi tanımaq olmayır
Dünənin
kişilik vəsfinə həsr edən
bu günün keçirir
müxənnəslər kimi
Axtalıq naminə
sabahın toy tutur
Heç kimi, heç nəyi tanımaq olmayır
Dünənin axtası
bu gün ad sümsünür
ürəyi hələ də
sümürgə olaraq şöhrətə
keçəcək yolları
sulayır büsbütün
süpürür bir daha
Kişilik axtarır sabaha
Heç kimi, heç nəyi tanımaq olmayır
Ömürlük yas üzü görməyən
lıqqalar içində ləhləyən
lovğagöz qarğalar
nədənsə həmişə qaraya bürünür
Belədir dünyamız
Belədir əzəldən
qabandan inəyi tanımaq olmur
heç kimi, heç nəyi tanımaq olmayır
MAVİ MƏSAFƏ
Heç bilirsənmi
bütün qatarların alın yazısı
ayaqlarındadır?
Və təkərlərində
pərdə-pərdə
təkrar Vağzalısı naxışlanıb?
Və üsyan
anlaşılmaz bir kəlmədir
beyinlərində?
Və qəbristan
heç bilirsənmi
bizim enəcəyimiz son vağzal deyil?
Burda yalnız
qatarlar dəyişilir
Biz durnalara qoşuluruq
səfər səfərdir
Və qurtuluş gəraylısı dodaqlarda
mavi məsafədən ötüb
bir görünməz nöqtəyə üz qoyuruq
Yolumuz bir
Və hamı
bir nəfərdir
BİLMƏYİRƏM
Məndə qəmlər nədəndi, bilməyirəm
Mən dağam, qəmsə çəndi, bilməyirəm
Yusifim itməyibdir, amma ürək
Niyə beytül-həzəndi, bilməyirəm
Göz açıb könlümü əsir gördüm
Kimsə atmış kəməndi, bilməyirəm
Bir nəfər hey içimdə nərə çəkir
Mən oyam, ya o məndi, bilməyirəm
Özümü sürgün etdim öz içimə
Hansı torpaq vətəndi, bilməyirəm
Varlığımdan soruşsanız da mənim
Cavabım “yox”du, “hə”di, bilməyirəm
***
Gedibdi; günlərimiz güzgülü, qəzəlli deyil,
Gedibdi, gəlməsi də şerə taydı, bəlli deyil.
Gedibdi, qış bürüyüb dağ–daşı; ağaclarda,
Daha bahardakı tək arxalıqlı – yəlli deyil.
Onu yaratdığı gündən gözü qalıb yerdə,
Göyün beheşti də artıq belə gözəlli deyil.
Deyirdim öldürəcək ayrılıq, mən ölmədim ah!
Ürəkdə olmaya sevgim də düz əməlli deyil!
Düş eşqə düşsən ölüm yoxdu, hey həyatdı daha,
Daha ömür dediyin əlli, yüz, yüz əllı deyil.