-
Tural Sahab
ŞEİRLƏR
Hər şeyi, hər şeyi deyəcəm Allaha
Hər şeyi, hər şeyi deyəcəm Allaha
“Allahu-əkbər” deyə-deyə məni öldürdülər, deyə
Və deyəcəm ki,
Uşaqları öldürənlər gedəcəksə cənnətə
O, cənnəti istəmirəm deyə
Atamın kəsilən başı ilə top kimi oynadıqlarını
Cihad, cihad deyə- bacımı zorladıqlarını
Hər şeyi, hər şeyi deyəcəm Allaha
Uçurtma əvəzinə, raketləri seyr etdik
Ulduzların görsənmədi, səmamızda
Köksümüzü qana bulayan
Mərmilərin işiğında
Tutduq son diləyimizi, deyə- deyəcəm.
Şikayət edəcəm hamınızı
Şikayət edəcəm, atamın başına dəyən ayaqları
Hə, bir də, ölərəkən silə bilmədim göz yaşlarımı.
Cənnətdə yenidən bitirəcənmi?
Əlimdən qopan barmaqları, deyəcəm.
Hər şeyi, hər şeyi deyəcəm Allaha
Əgər, dinləsə məni.
Bir şeir yazdır mənə tanrım…
Bir şeir yazdır mənə tanrım, içində yaşamadıqlarım olsun.
Bir dəniz olsun, balaca bir qayıq
Qağayılar olsun
Bir də yalandan ayrılıq
Sonra tufan, sonra qaranlıq
Bir şeir at göylərdən, büküb yağışlara
İldırım olsun, işıq olsun
sevgisiz, onsuz şeirimə
o ıldırım
o işıq
bir yaraşıq olsun
o da bir anlıq, sonra yenə qaranlıq
Torpaq olum mən
sinəm dolu gül- çiçək olsun
Sonra Bir Günəş
ya da bir tufan göndər tanrım
Güllər çamur
azular şeir olsun
Bir şeir göndər tanrım, içində yaşamadıqlarım
yaşatmadıqların olsun.
Unudacaqsan məni
Unudacaqsan məni
bir gecə
iki gecə
bir neçə heca keçsin
hələ aradan
şeir yazıb, atacaqsan
yuxularında məni
birlikdə gəzdiyimiz
qayalıqlardan atacaqsan
satacaqsan
mənə olan nifrətini- hansısa sayta
köşə yazılarında
gün gələcək
itəcək izi
əl- ələ gəzdiyimiz yazların da
unudacaqsan məni
sonra evlənəcək
sonra boşanacaqsan
unuda- unuda məni
bir köhnə şeir kimi
qocalacaqsan
solacaqsan.
Dənizlərin ən gözəli
Dalğalanacaq, mənim üçün
Dənizlərin ən gözəli
Günlərin ən özəlində
Günəş batana yaxın
Gündüz sarlıb,
gecənin qoynunda
Yatana yaxın
Balaca bir sandalda
Böyük arzularla
Şeirə qucaq açan
O anlarla
Çıxacam yola
Ürəyim dalğa- dalğa
Dəniz dalğa- dalğa
Öpəcək balıqlar
Baxışlarımı bəzəyən
Masmavi sonsuzluqdan
Daha dönməyəcəm
Dönməyəcəyik
Ürəyimizin bizi apardığı
O qutlu yoldan
Layla deyəcək, gecə
Bütün acılarımıza
Yaşadıqlarmıza, yaşamadıqlarımıza
Güləcək sevgimiz
Elə o gecə
Elə o dənizdə
Ay işığında
Gecənin yaraşığında
Birləşəcək o gecə
Dənizin dibi, göy üzünə
Toxunacaq dodaqlarım
Dəniz təki islaq
Dodaqlarına, üzünə
Bir az sevgi
Bir az ehtiras
Dəniz kimi
Gecə kimi
Həyat təki
Öpəcək sandalımız
ən dəcəl dalğaları.
Postmodernist şeir
Metonimiya: şəhər gülür
Metafora: şəhər boyda ümidlərimi
-Kiçiltdin özün boyda- Litota
İki tərəfi, milyonlarca ucu var bu şəhərin
Bir tərəfi həyat, o biri ölüm
Bir ucunda: cırıldayır müdir otağında divanlar
Otağın pəncərəsi önündə
Miyıldayan
Bir- birini qovan
Pişiklər
Bir başqa ucunda şəhərin: böyük bir kafe
Içində- düşüncəsi dar
Ümidi, arzusu dar
Şalvarı koftası dar
17 yaşlı qadınlar
Elə o kafedə
Yekə qarın kişilər
"çalmaq”
"ifa etmək”
Bethovenə nifrət var.
Yenə bir ucu şəhərin:- əl ələ tutub gəzən sevgililər
əl açan dilənçi
cərimə yazan polis
Elə o küçədə
O tində
Bahalı bir otel
Oteldə
Hər cürə təklif
Hər cürə xidmət
Çıxasan aydan baxasan yerə
Sonra atasan özünü
Bütün şəhərlər
Bütün kəndlər eynidir
deyə- deyə...
Xatırla Məni
Elə bil bir ümidəm
Qəlbinin səsində…
Döyündükcə ürəyin
Xatırla məni öz nəfəsində…
Ya da buludlardan süzülən
Bir son bahar günəşi…
Toxunan saçlarına…
Xatırla məni,
Gözünə düşən,
Barmaqlarına vurğun tellərində…
Yağmur tək düşəndə göydən quşlar
Xatırla məni…
O quşların son nidası kimi…
Bir yanda can verir torpağa yağmur…
O yanda quşlar ölümü alqışlar…
Xatırla məni,
Hər quş ölümünə ağlayan buludla,
Yas tutan yağışla…
Ya da son görüşə
əl çalanda buludlar öz gurultusu ilə…
Xatırla məni qəlbinin uşaqca qorxusu ilə…
Gələr bir gün yaddaşında
Susub gizlənmiş xatirəm dilə…
Onun o sevgi diliylə