-
Günel Mövlud
Qadınlar, sevin kişilərinizi
Bəzən bu boyda dünyada
Sizdən başqa kimsəsi olmaz onların
Amma belə rahatından
Belə xoşundan deyil
Ən ağrılısından, ən azablısından sevin
Elə sevin ki, ataları yansın
Anaları ağlasın
Nəfəsi kəsilsin
Canından bezsin
Ciyərlərini çıxarın sevginizlə
Başına oyun açın
Dəli eləyin
İntihar həddinə çatdırın
Amma sevin
Ağına-bozuna baxmayın
Acı sözünə baxmayın
Ayağının tozuna baxmayın
Hamı sevər dilişirinləri
Üstü-başı təmizləri
Əlihamarları
Ayağıdüzləri
Siz ən acıdillisini, ən pintisini
Ən gombulunu, ən əyrisini
Lap bir az da
Ən pisini sevin
Baxmayın unutdular doğum gününüzü
Çiçək almadılar bayramlarda
Qəlbinizi yaraladılar ən xoş saatınızda
Baxmayın çaşıb başqa qadının adını dedilər sizə
Baxmayın qəfil şilləylə açıldı əlləri
Baxmayın, sevin,
Elə sevin ki
Onu yandırıb, külə döndərsin sevginiz
Bütün unutmaların
Bütün laqeydliyin ağrısın ıçıxarın sevginizlə
Hər gün daha çox, daha bərk, daha şiddətli
Lap bir az da daha vəhşi sevin
Elə sevin ki, rahat bir günü
Dəqiqəsi, saatı, anı olmasın
Girinc olsun sevginizlə
Hoqqa çıxarın özünüzdən
Başınızı divara vurun
Biləklərinizi alova tutun
Saçlarınızı yolub, küləyə verin
Qaynar su için,suluq atsın ağzınız
Bürüsün bədəninizi sevgi izləri
Sağ-salamat yeriniz qalmasın
Nə var gözəl-gözəl sevməyə?
Siz alnı çapıq
Biləyi yanıq
Saçları yoluq
Ağzınızda suluq sevin
Soğan yeyiblərsə daha bərk öpün dodaqlarından
Bir az kökəldilərsə daha bərk qucaqlayın qarınlarını
Tərlədilərmi, qoltuqlarının altını iyləyin
Səndən yovşan ətri gəlir, deyin,
Nanə qoxusu gəlir deyin
Kəklikotu iyi gəlir səndən deyin
Alın əlinizə onun diş fırçasını
Açdırın ağzını güzgü qarşısında
Körpə kimi dişlərin ifırçalayın sevgilinizin
Ağzının içinə baxın
Köpükləndirin diş məcununu
Gülün ikiniz də
Gülün, doyunca gülün
Sevin, manyak kimi sevin
Qadınlar, sevin kişilərinizi
Bəzən bu nəhənglikdə dünyada
Sizdən başqa kimsəsi olmaz onların…