Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:38

Günel Mövlud. Sizin üçün Allah var, mənim üçün İnsan


Günel Mövlud
Günel Mövlud

-

“Bu, iyrənc bir vəhşilikdir. Mənim nifrət elədiyim əxlaqsızlıqdır”.

Günel Mövlud

«SİZ» DEMƏK MƏDƏNİYYƏTİ

Rusiyada yaşayırdıq. Uşaq idim, səkkiz yaşım vardı. Bir dəfə məktəbdən qayıdanda küçə ilə addımlayan bir qadın gördüm.

Çox gözəl qadın idi.

Bəlkə də gözəl deyildi, amma yadımdadı ki, o vaxt mənim uşaq zövqüm üçün o qadın heyratamiz dərəcədə gözəl idi.

Təəccüblü deyildi, kobud, baxımsız, qara-qura arvadların yanında böyüyən bir qız uşağı üçün, hər bir incə, sarışın, qırmızı pomadalı qadın misilsiz dərəcədə gözəl görünərdi. Uzun sözün qısası, qadının gözəlliyi mənə elə təsir elədi ki, yolumu dəyişib, onun arxasınca düşdüm.

Qadın bir neçə dəfə çevrilib, arxaya baxdı. Yəqin ki bir qız uşağının yolunu dəyişib, onu izləməyi qadına çox qəribə görünmüşdü. Bunu hiss edəndə, dedim:

- Sən çox gözəlsən. Olar sənə çoxlu baxım?

Qadın gülümsədi, amma qaşlarını çatıb, narazılıqla cavab verdi:

- Sənə evdə öyrətməyiblər ki, yad adama «siz» deyərlər?

Səkkiz yaşımda eşitdiyim bu irad yaddaşıma ömürlük həkk olundu. Bir daha heç vaxt, özümdən böyük, yad insanlardan heç kimə «sən» deyə müraciət eləmədim. Hətta o qədər ehtiyatlı oldum ki, kimsə özü «sən» müraciətinə keçməyi təklif edəndə, xeyli tərəddüddən sonra razılaşır, hələ uzun müddət «sən» deyə bilmirəm. Özüm isə heç vaxt birinci təklifi eləmirəm ki, «gəlin «sən»ə keçək». «Siz» müraciəti mənim üçün çox rahat, səmimi müraciətdir. Hətta o qədər rahatdır ki, «Siz» deyə müraciət elədiyim insanın yanında, yeri gələrsə, situasiya tələb edərsə, çox rahatca arqo kəlmə işlədə, söyüş söyə də bilərəm. Məsələn, rahatca deyə bilərəm ki, «Siz də məni bağışlayın, amma bu gij…lıqdır axı?!» Təbii ki, çərçivələri gözləyərək, ortamı və mümkün reaksiyaları nəzərə alaraq…

Elmir Mirzəyev
Elmir Mirzəyev

Dostum, bəstəkar, kulturoloq Elmir Mirzəyevlə uzun illərin tanışı olmuşuq. Müxtəlif ortamlarda, məclislərdə oturmuşuq. İçki məclislərində, dost evlərində, kafedə, tədbirdə… Bəzən çox rahat, hətta xeyli açıq zarafatların edildiyi çevrələrdə olmuşuq. Amma düz beş ildən sonra, Maestronun şəxsən təklifi və təkidi ilə ona tərəddüdlə, narahatlıqla «sən» deməyə başlamışam. Bu «sən» mənə heç də asan başa gəlməyib. Dəfələrlə «Siz»lə əvəzləmişəm. Axır ki, iki-üç il zəhmətdən sonra, dəyərli bəstəkarımıza «sən» deməyi öyrənmişəm.

Mədəniyyət və İncəsənət Universitetində oxuyanda, kurs rəhbərimiz, teatrşünas-alim Məryəm Əlizadə kübar davranışı, müstəsna mədəniyyəti, nəzakəti ilə bizi heyran eləmişdi. Bir çox insanlar öz tələbəliyini nifrətlə xatırlayır. Qiymət almaq üçün pul verdiyini, müəllimlərin yekəxana, təkəbbürlü münasibətini yadına salır. Axı doğrudan da ali təhsil müəssisələrində bəzən müəllimlər tələbəni təhqir etməkdən belə çəkinmirlər. Nə yalan deyim, mən görməmişəm. Ali məktəbdə dərs deyən adamın tələbəyə təkəbbürlə baxmağını, kobudluğunu, təhqir elədiyini təsəvvür belə edə bilmirəm. Nəzakət, səmimiyyət, zarafatcıllıq görmüşəm mənə dərs deyən adamlarda. Məryəm xanım isə bu nəzakətli adamların arasında ən nəzakətlisi, ən kübarı olub.

Məryəm xanım o qədər nəzakətli insan idi ki, özündən iyirmi, iyirmi beş yaş kiçik tələbələrə «Siz» deyə müraciət edirdi. O yaşımda mənə «Siz» deyən ilk insan bəlkə də elə Məryəm xanım idi. Və on səkkiz yaşımda özümə «Siz» müraciətini eşidəndən sonra, mən də özümdən kiçiklərə «Siz» deməyi öyrəndim. İllərdir, rahatlıqla özümdən balacalara «Siz» deyirəm. Bu müraciətimdən özümün də xoşum gəlir. İnsan şöhrətpərəstdi. Qoy bu uşaqlar böyüyəndə xatirə kimi, misal kimi başqalarına danışsınlar mənim onlara «Siz» deməyimi.

Bu barədə dəfələrlə danışmışam. Dəfələrlə yazmışam. İnsana, tanımadığınız, yad adama, yaxından tanıdığınız, amma yaşca böyük insana, bəzən lap yaşca kiçiyə «Siz» deyə müraciət etmək dünyanın ən sadə etik normalarından biridir. Amma nə məsələdirsə, bizdə yad adama «Siz» deyə müraciət eləmək mədəniyyəti formalaşa bilmir. İnsanlar inadla bir-birilərinə «sən» deyirlər. Bəzən onlara irad tutursan. Deyirsən ki, sivil insanlar bir-birilərinə «Siz» deməlidirlər. (Ardı aşağıda)

Bizimkilər bu iraddan bərk kompleks keçirirlər. Xeyli əsəbiləşirlər. Çoxları təkidlə deyir ki, «sən» demək səmimiyyət, yaxınlıq göstəricisidir. Tamam da, ay qardaş, ay bacı, bəlkə mən aramızdakı bu səmimiyyəti, yaxınlığı hiss etmirəm. Bəlkə sizin hissləriniz, yaxınlıq, səmimiyyət əminliyiniz aldadıcıdır, ya da birtərəflidir? Bu adamlar «Siz» deyə bilməmək mədəniyyətsizliyini, başqalarına qarşı kobud müraciət etmə vərdişlərini səmimiyyət, yaxınlıq adı ilə sığortalayırlar. Özlərinə, kobudluqlarına, yonulmamışlıqlarına min bir bəraət qazandırırlar. İngilis dilində on-on beş kəlmə bilənlər deyirlər ki, ingilis dilində təkcə «sən» müraciəti var. Başqa vaxt Amerikanı bəyənməyənlər, «bizim milli adətlərimiz var, biz Qərb deyilik, Qərb əxlaqsızdır» deyənlər «sən»-«siz» söhbəti gələndə deyirlər ki, Amerikada hamı bir-birinə «sən» deyir. Bacım-qardaşım, Amerikadan sizə nə? Allah qoymasa, biz axı Şərqik, Şərqdə də ehtiram əlaməti olaraq, həmişə başqası barədə ikinci şəxsin cəmində danışırlar.

Bəzilərinin daha iddialı, daha yekəbaş arqumenti var. Deyirlər ki, bütün bəşəriyyət Allaha «sən» deyə müraciət edir, bəndə nəkarədi ki, özünə qarşı «siz» müraciəti tələb eləsin? Bəyəm insan Allahdan üstündür?

Əvvəla, o müraciət Allahla sizin öz aranızdakı haqq-hesabdır. İstəyirsiz, Allahınıza «sən» deyin, istəyirsiniz, «siz» deyin, istəyirsiniz lap «zati-aliləri, cənabi-Allah» deyin. Mənə nə, başqalarına nə? Sizin üçün Allah var, mənim üçün İnsan var. Siz öz Allahınıza «sən» deyə bilərsiniz, amma İnsan «siz» müraciətini tələb edir. Allah sizinlə dialoqa girsəydi, hələ bilmək olmaz, hansı müraciət formasını tələb edərdi…

Bir də bu var: Allaha rahatca «sən» deyənlərin doxsan doqquz faizi rəisi, müdiri, direktoru ilə rastlaşanda, danışanda «Siz» müraciətini quzu balası kimi işlədir. Yad adama, tanımadığı şəxsə, yaşca özündən böyüyə israrla «sən» deyən, bunu səmimiyyət, yaxınlıq adlandıran adamlar, vəzifəli, pullu, nüfuzlu adamlarla danışanda «siz»i elə deyirlər ki, elə bil qraf, baron ailəsindən çıxıblar. Belə situasiyalarda onların «siz» müraciətini eşidəndə adama elə gəlir ki, bu qardaşın ailəsində yeddi nəsil qara kürü ilə böyüyüb.

Bunlar isə, məşhur alman yazıçısı Tomas Mannın «sən», «siz» müraciəti barədə fikirləridir:

«Bir-birinə «siz» deməli olan yad adamlar «sən» deyə müraciət edirlərsə, bu, iyrənc bir vəhşilikdir. Mənim nifrət elədiyim əxlaqsızlıqdır. Çünki bu müraciət şəkli sivilizasiyanın, bəşəriyyətin inkişafına qarşı yönəlmiş vicdansızlıqdır…»

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG