-
Vaqif Nəsib
Krossvordvari
Bir yaz günü buludlanıb
Ömrümə biçdiyim qəhər
İlk məhəbbət qanda qalar,
Çıxanadək canda qalar
Məzar üstə gültək bitər.
İlk şeirimlə yalmanına
Yatmaq istədiyim kəhər
Şairin bir adı dəli
Peqasvari atı dəli
Üstən qopsan yel tək itər.
Az gedib, üz gedib
Bir gün çatdığım şəhər
Qalası daş bayrağımız –
Himnimizi hər gün ötər.
İlham məcunu kimi
Tez-tez içdiyim zəhər
Ağ qalan zaman varağı
Cana – can eylər arağı –
Ya özü, ya sözü bitər.
Yaza yaza yazdan-yaza
Əkib biçdiyim bəhər
Şair ömrü güc, tab olar
Şair evi kitab olar –
Bir ömürlük işıq yetər.
Bir payız ovqatı
Bu payız yağışları
Bu fəslin qaval çaları
Səssiz qalmış navalçaları
Dindirdi, nə dindirdi
Ən uzun zurnalar kimi
Bu payız yağışları
Yupyumru dünyamız val çaları
Öz səsiylə hər çaları
Dindirdi, nə dindirdi
Sarı yağış sazı üstə
Çıxdı payız köynəkləri
Bir mövsümlük pullar kimi
Yarpaqlar da xəzəlləndi
Son yaşılını itirib
Cevizlər də qəzəlləndi
Sarı aşığın sazıyla
Sarı rənglər gözəlləndi.
Durnalar üzü Bağdada
Cərgələnib qəzəlləndi.
Xəzəllər oda qalandı
Tüstü dumana calandı
Çıxdı torpağın canından
Payızın köynəkləri...
Quşlar üçün bu payız
Açdı sərhəd qəfəsi
Yağışlar da kəsməyib
Kəsdi yolu, nəfəsi.
Ellər payız üstündə
Yenə boy-boy yandılar
İslaq pəncərələrdən
Ümidimə boylandılar.
Beləcə geyinildi
Payızın eynəkləri...
İradəsiz bir dosta
Dünyada mis kimi baxtın olanda,
Əlində qızıldan vaxtın olanda.
Bəs niyə tapmadın həmin yaxanı.
Qalxmadın yoxuşu çətin pillə tək,
Çəkmədin sözünü mətin şillə tək
Sırsıra bağladın, donub çillə tək –
əlində qızıldan vaxtın var ikən.
Düzdü, bu həyatdan doya bilmədin.
Qaradan başqa bir boya bilmədin.
Qorxunu qabıq tək qoya bilmədin.
Qaraldın mis kimi baxtın var ikən.
İçkili günlərimə
Üzü olmayanlar saqqal buraxır,
İçdə kosaları üzlüklər taxır.
Elə ki dərd məni yandırıb yaxır,
İçimdən dünyaya
Şeytanlar baxır,
Özüm olmayanda özüm suyunu
Gözümdən bir acı yaş eyləyirəm
Üzüm olmayanda, üzüm suyunu
Şirincə-şirincə nuş eyləyirəm.
Ehtiyac yol üstə darğalar kimi,
Libas bədənimə sarğılar kimi
Varlığım dinəndə ağrılar kimi,
Onları uçurub qarğalar kimi
Özümü bir yoluq quş eyləyirəm.
Dözüm olmayanda,
Dözüm suyunu
acıca
acıca nuş eyləyirəm...
***
Rus qarılarının işidir qaz saxlamaq
Bizimkilərinki yas saxlamaq.
Çətindən çətin olur ovqatı saz saxlamaq.
Divardan asılı saz qalıb
Düşmək olmur meydanlara.
Əvvəl əvvəl, axır sirdaş
Elçin Səlcuq yada düşür.
Onu tapa bilməyəndə
Əlac etmək yada düşür.
Badəpərəstə dönənlər
Bax beləcə bada düşür –
Yüyənləri veririk də
Bax beləcə şeytanlara.
Rus matəmi qazlı-qazlı,
Yağlı-yağlı qaz kəsilir.
Bizimkilər hisli-paslı
Ağıdan avaz kəsilir,
Heyf, heyf qarılara
O xanım və xatunlara
Beləcə yas saxlayıram.
İçəndə xristianlara,
İçməyəndə müsəlmanlara...
Qobustan avazına
İlk eşqimiz məhəbbətin
Arpa boyda artan boyu
Onu gül tək dərənlərə
Boy boyladır,
Toy toyladır.
Dərd olur da ərənlərə
Ov ovladır, quş quşladır.
Qayaları naxışladır.
İlk məhəbbət çeşmə suyu
Ordan axar ocaq soyu
Yüzünün sevdiyi bir gözəl,
Bir ocağa durna olar.
Elçi daşından dönənlər
Özü qara zurna olar.
Qəzəblər də buxovlanar,
Çaxmaq çıxar, qov qovlanar.
Qobustanın yallısı var,
İlk eşqə bayatı kimi.
Öküzlərin boğzaından
Bu günlərə çatı kimi
Qavaldaşı səslənmədə
Çaldğıların zatı kimi
Dərd öküz tək buxovlanar
Yallılara ov ovlanar