-
Bir yaz günü buludlanıb
Ömrümə biçdiyim qəhər
İlk məhəbbət qanda qalar,
Çıxanadək canda qalar
Məzar üstə gültək bitər.
İlk şeirimlə yalmanına
Yatmaq istədiyim kəhər
Şairin bir adı dəli
Peqasvari atı dəli
Üstən qopsan yel tək itər.
Az gedib, üz gedib
Bir gün çatdığım şəhər
Qalası daş bayrağımız –
Himnimizi hər gün ötər.
İlham məcunu kimi
Tez-tez içdiyim zəhər
Ağ qalan zaman varağı
Cana – can eylər arağı –
Ya özü, ya sözü bitər.
Yaza yaza yazdan yaza
Əkib biçdiyim bəhər
Şair ömrü güc, tab olar
Şair evi kitab olar –
Bir ömürlük işıq yetər.