«BP-Azərbaycan» şirkəti və onun Azərbaycanın neft yataqlarının işlənməsində iştirak edən tərəfdaşları qarşıdakı üç ildə «Gələcək sərmayə» adlı proqram hazırlayıblar. 2007-2010-cu illəri əhatə edən proqramda şirkət və onun tərəfdaşlarının işlədikləri rayonlarda əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün hər il 2,5 milyon ABŞ dolları pul xərclənməsi nəzərdə tutulur. Proqramın meneceri Areadna Əliyeva deyir ki, yerli əhaliyə sahibkarlıq fəaliyyətinə başlamaları üçün də vəsaitlər veriləcək: «Əsas məqsədimiz yerlərdə kənd təsərrüfatı, iqtisadiyyatın inkişafına nail olmaqdır. Yerli əhalinin kiçik və orta biznes qurmaları üçün imkan yaradılacaq».
Şirkətin 2003-cü ildə başladığı üç illik Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri İctimai Sərmayə Proqramları isə başa çatıb. Proqram çərçivəsində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri marşrutu boyunca yerləşən 117 icmanın bu proqramdan faydalandığı bildirilir. Proqramın ümumi büdcəsi 8 milyon dollar olub. Vəsaitin böyük hissəsi tibb və təhsil müəssisələrinin, su sistemlərinin, yolların təmirinə, yerli əhaliyə tibbi yardımın göstərilməsinə və kənd təsərrüfatı sistemlərinin gücləndirilməsinə sərf olunub.