Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:04

Şəmkirdə yas menyusuna rəsmi qadağa


Şəmkirdə yas mərasimi
Şəmkirdə yas mərasimi

-

Sentyabrın 1-dən sonra Şəmkirdə vəfat edən şəxslərin yas məclislərində qonaqlara yalnız çay, qənd və xurma veriləcək.

Bu qərarı Şəmkir rayonunda rəsmi dairələr verib.

Bu qərar nəyə əsasən verilib, bu barədə az sonra.

Sentyabrın 6-da Şəmkirdə Dəllər Cırdaxan kəndinə yas məclisinə gedən jurnalist Aynur Elgünəş «facebook» səhifəsində yazıb ki, rayon icra hakimiyyətinin nümayəndələri və yerli bələdiyyə yası düşmüş Əliyevlər ailəsinə xəbərdarlıq edib. Xəbərdarlığa görə, onlar başsağlığına gələn qonaqlara yalnız çayla qənd verə bilərlər. Bu isə yas məclisində narazılıq yaradıb və olay yerinə polis çağırılıb.

Aynur Elgünəş yazır ki, polis onu kənd icra nümayəndəliyinə aparmaq istəsə də, bundan imtina edib.

«HALVA VERSƏNİZ, MƏCLİSİ DAĞIDACAĞIQ»

Aynur Elgünəş AzadlıqRadiosuna deyir ki, ev sahibləri uzaq yoldan gələn qonaqları üçün ortaya halva qoymaq istəyiblər:

«Şəmkir icra hakimiyyətinin 4 nümayəndəsi gəlmişdi yasa, dedilər ki, ortaya halva və ya başqa şey versəniz, məclisi dağıdacağıq. Bələdiyyə sədri Xəqani Hüseynov da gəldi ora, dedilər ki, stolun üstünə başqa bir şey qoymaq olmaz».

TÖVSİYƏ QANUNDURMU?

Aynur Elgünəş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Gündüz İsmayılovla əlaqə saxladığını deyir:

«Mən ondan soruşdum ki, belə bir qərarmı veriblər? O da dedi ki, yox, sadəcə, israfçılığın aradan qaldırılması üçün tövsiyə edilib. Sonra mən də Xəqani Hüseynova dedim ki, sizin nə ixtiyarınız var, camaatın öz məclisində ortaya nə qoyacağına qarışırsınız? Onlar mollaya demişdilər ki, stolun üstündə başqa bir şey olduğu halda məclisə girsən, 1000 manat cərimə olunacaqsan. Bunun üstündə mübahisə yarandı, polis çağırdılar».

«YENİ QAYDA YARATMIŞIQ»

Dəllər Cırdaxan kənd bələdiyyəsinin sədri Xəqani Hüseynovla əlaqə saxlayıb baş verənlərə onun münasibətini öyrənmək istədik. Xəqani Hüseynov hər hansı narazılıq baş verdiyini təkzib etdi, amma dedi ki, sentyabrın 1-dən kənddə yeni qayda yaradılıb:

Xəqani Hüseynov
Xəqani Hüseynov

- Biz onlara (Əliyevlər ailəsinə-red.) demişik ki, məclisdə xurma verin, çay, qənd olsun. Adət necədir, elə eləmişik. Adəti pozmaq olmaz.

- Bu adət hansı normativ aktla, qanunla tənzimlənir ki, siz ona istinad etmisiniz?

- Yerli qanunlarla. Xalqın qanunları ilə. Ayın 1-dən qüvvədədir. Bir neçə yerdə tətbiq etmişik.

- Ayın 1-dən nə qüvvədədir?

- Yas mərasimlərini tənzimləmək. Yeməklər azaldırıq ki, israfçılığa yol verməyək.

- Hər bir qərarın söykəndiyi qanunvericilik bazası, Nazirlər Kabinetinin normativ aktı olmalıdır axı.

- Siz Bakıda olursunuz, Bakıda yas mərasimində nə verirlər? Biz hamımız bərabərik, istəyirik, heç kim bir-birindən seçilməsin. Biri məclisində az, o biri çox taam verməsin, hamı eyni qaydada süfrə düzəltsin.

- Dini Qurumlarla İş üzrə Komitənin rəhbəri Mübariz Qurbanlı bildirib ki, ehsan süfrəsinin sadələşdirilməsi tövsiyə xarakterlidir, yəni tövsiyə qadağa deyil. Siz bu qadağanı nə ilə əsaslandırırsınız?

- Biz də ayın 1-də qərar qəbul etmişik ki, yas mərasimləri bərabər olsun, varlı-kasıb seçilməsin.

- Qərarınızın hüquqi bazası nədir? Sizdə bununla bağlı yazılı qərar varmı?

- Yazılı qərarımız adətimizdir. Adətə görə, 3, 7, 40 mərasimlərində süfrəyə nə veriləcək, hamıya demişik. Camaat da razıdır.

Bir neçə gündür ki, yas məclislərinin sadələşdirilməsi məqsədilə təbliğat kampaniyasına başlanıb. Yas süfrələrinin menyusu ilə bağlı isə hər hansı qanuni qadağa hələ ki, qüvvədə deyil.

XS
SM
MD
LG