-
"Mən qısa romanları sevirəm. Roman birnəfəsə oxunmalıdır, məsələn, 3 saata - necə ki biz 3 saatlıq filmə, yaxud operaya bir oturuma baxıb həzz alırıq".
Tanınmış ingilis yazıçısı Ian McEwan bu sözlərinə onu da əlavə edir ki, müasir dövrdə yazılan bir çox romanlar həddən artıq uzundur və elə bir məzmuna malik deyil ki, belə böyük həcmə haqq qazandırsın.
Ian McEwan-ın özünün son romanı - "The Children Act" bir yeniyetmənin mühakiməsi haqdadır. Hakim qərar verməlidir ki, o, ölməlidir, yoxsa yaşamalı.
"BBC" radiosuna verdiyi müsahibə zamanı ondan soruşublar ki, onun romanı həcmcə hekayə janrına daha yaxın deyilmi?
"Mənim üçün hekayənin maksimum həcmi 40 min sözdür. Mənim romanım isə bundan təxminən 15 min söz çoxdur. Əgər biz janrlar arasında bu cür sərhəd çəkmiş olsaq, onda mənim yazdığım - hekayə yox, qısa romandır. Mən bu formanı doğrudan da sevirəm. Sən gərək obrazları tez tanıdasan. Burada maksimum 1-2 altsüjetə yer var" - deyə McEwan bildirib.
Jurnalist ondan soruşub ki, bəlkə. əksinə, müasir dövrdə uzun romanlar yazılmasına daha çox meyl var?
Yazıçının cavabı belə olub ki, bəzi ölkələrdə, xüsusən də Amerikada nəhəng romanları sevirlər:
"Yəqin bu onunla bağlıdır ki, onlar hələ də ən möhtəşəm Amerika romanı anlayışının arxasınca gedirlər. Onların fikrincə, bu, mütləq kərpic qalınlığında olmalıdır".