Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:22

Ya şeytan, ya şeyx, ya topal...


QANTƏMİR
QANTƏMİR

-

- Çünkü onun tabutu üç santimetr hündür qayırlmalıdır!
- Nə üçün hündür?
- Alt çənəsi üst çənəsindən üç santimetr hündür olduğuna görə..

Bu hekayənin müəllifi yazıçı Qantəmir Stalin repressiyalarının qurbanı olub - 1939-cu ildə həbs edilərək Orta Asiyaya sürgün edilib.

Qantəmir

YENİ SMETA

Xalq Komissarlar Şurasının nəzdindəki Dövlət plan idarəsi smetanı yenidən baxılmaq üçün geri qaytarmışdı. Qoca buxqalter səhv edərək bəzi məsarifi ad-ba-ad göstərməmiş imiş.

O gözlüyünü taxdı. Əvvala təliqəni bir daha oxudu, sonra smeta yazılı kağızları o tərəf-bu tərəfə çevirdi, gözləri bu rəqəmlərin üzərində dolaşırdısada fikri başqa yerdə idi. Bir dəfə də təliqəyə baxıb başını buladı. Qələmini mürəkkəbə batırdı. İstədi ki, bir-iki kəlmə söz yazsın. Nə düşündüsə əlini saxladı, qələmi yerinə buraxdı. Kağızları bir-birinin üstünə qoydu. O biri əlinə də təliqəni götürdü. Gözlüyünü yuxarı dartıb alnında saxladı. Bir baş katibin otağına getmək üçün zala keçdi.

Burada igirmi nəfərə qədər şair yazıçı toplaşmışdı. Qoca yazıçılardan ikisi nərd oynayır, yeddi-səkkizidə onları ortalığa alıb tamaşa edirdi. Mühasib bu tərəfə göz gəzdirdi, gözlüyünü bircə dəfə aşağı-yuxarı hərəkət etdirməklə bildi ki, katib bunların arasında yoxdur... Şairlər zümrəsinə tərəf boylandı.

Altı-yeddi gənc və 3-4 nəfər yaşlı şair bu gün nəşr olunan “Acıqabul balladası” adlı bir mənsuməni oxuyub ciddi surətdə təhlil edirdilər.

Buxqalteri görən kimi buradan bir nəfər aralandı. Nisbətən uzun boylu, bədəncə bir az arıq, simaca bir az qara, ağzilə deyil daima gözü ilə gülən bu adam bəlkə də katib idi. Alnına tökülən qalın və qara saçlarını beş barmağilə dala itələyərək kabinəyə tərəf yönəldi və qoca mühasibə dedi:

- Pajalusta! – özü keçib masanın arxasında dik dayandı.

Uzun illərdən bəri başını maliyyə işlərində ağardan təcrübəli və məharətli mühasib özündən əmin olanlara məxsus bir etiqad və arxayınlıqla dövlət plan idarəsinin təliqəsini bir az tənqid etdi, sonra da onu katibin əlinə dürtdürdü:

- Nə cür göstərmək olar? Biz nədən bilirik... kimə? .. nə üçün? və nə qədər?.. Çətin işdir! – İki ağız “Koneçno” dedikdən sonra mühasib gözlüyünü alnından sıyırıb burnunun üstündə saxladı. Başını əydi. Şəhadət barmağını smetadakı rəqəmlərin üstündə gəzdirə-gəzdirə belə izahat verdi:

- Bax!.. Bu... İdarə işlərinə... Çoxmu?.. İnandırıram ki, çox deyil... Bu da.. bədii yaradıcılıq üçün... Bax təliqədə göstərilən summa budur... Bu, “tək-tək yazılmalıdır” deyirlər... Ola bilər yazılsın da, ola bilər yazılmasın da...

Katib alnını qırışdırdı, qaşlarını duydu, iki dəqiqə çağlı fikirləşdi, – Xaraşo! – dedi. Mühasib çıxdı. Kağızlar masanın üzərində qaldı.

- Süleyman! Süleyman!

Şairlər qruppasından bir gənc ayağa qalxdı. Trubkasının yumru başını avcunun içində gizlətdi, quyruğu ağzında olmadığı zaman gülürkən dişləri ağarırdı.

- Süleyman! Nə cürə göstərmək olar?.. Biz nədən bilirik kimə?.. Nə üçün?... və nə qədər?.. Çətin işdir!.. Sən də heyət idarə üzvüsən axı...

- Onun üçün çətindir ki, iş planımız yoxdur... Yüz dəfə demişəm – iş planı, iş planı, iş planı...

- Günü bu gün... Zalda kim var? Mən bilən hamı buradadır.. Keçək danışaq, plan tərtib edək, üzv olmayan yoldaşlar da fikirlərini desinlər.

Zaldakıların hamısı heyət idarə üzvü deyildi. Lakin katibin ricasına görə üzv olmayan yazıçı və şairlər də müzakirədə iştirak edirdi.

Yüz əlli min manat kimi mühüm bir məbləğin sərf olunacaq yeri birər-birər göstərilir, müzakirə olunur və qəti qərar çıxarılırdı. Katibin hədsiz sevinci, onun gözlərinin ətrafında əmələ gələn hesabsız təbəssüm cizgilərindən anlaşılırdı. Hər maddə müzakirədən keçib qurtaran kimi:

- Süleyman! Yaz qadası! – deyirdi.

Qoca buxqalterin tövsiyəsi üzərinə daha iclasa başlanılmadan əvvəl telefonla çağrılan Azərnəşr nümayəndəsi indicə gəlib çıxdı. O, zala girəndə bütün yazıçı və şairlər arasında pıçıltı və çığırtı başladı. Bu adamı hamısı tanıyırdı və sevirdi. Çünkü o xəsiyyət və danışıqca heç kəsə bənzəməyən fövqəladə bir şəxsiyyət idi. Özünə məxsus və tək bircə kəlmədən ibarət bir şüarı vardı: Yoxdur!!..

Şairlərdən birisi iddia edirdi ki, bu şüar deyil, bəlkə hər zaman və hər kəsin ağzından çıxıb bir daha geri qayıtmayan yüzlərcə kəlmələrdən “yoxdur” sözü onun ağzında ilişib qalmışdır.

Küçədə rast gəlib salam verənlərə qeyri ixtiyarı olaraq bir dəfə yoxdur! dedikdən sonra salamı alırdı. Yanımda oturanlardan biri qulağıma pıçıldadı ki, dünən ondan – içəri şəhərdə düz küçə varmı – deyə sual etdim. Bir dəfə yoxdur dedikdən sonra dolaşıq-qarışıq cavab verdi.

Yaxın əqraba və tanışları rəvayət edirlər ki, o, bu vərdişi və bu xasiyyəti Azərnəşrə gələndən sonra kəsb etmişdi. Guya əvvəldən belə deyilmiş! Dost yolunda canını fəda edər, var-yoxundan çıxar, yoxdur deməmiş!!

Qərəz nə isə o da portfelini qucağında dutaraq oturmuşdu və hara isə getməyə tələsirdi. Əgər birdən-birə ortalığa çətin bir məsələ çıxmasaydı ehtimal ki, bu iclas saat birdə qurtarar, o da işindən qalmazdı.

Hər iş təcrübə ilə aydınlaşır. Rəhmətlik Cəlil Haqverdiyev və Cəfər kimi cəmiyyət üzvləri vəfat edəndə bir xeyli məsarif olmuşdu. Hətta o zaman mühasəbəçi bu məsarifləri dört qat göstərərək mühüm bir məbləği mənimsəmiş, nəhayət məhkəmənin cəzasına düçar edilimişdi. Bunu hər kəs qədər plan idarəsi də bilirdi. Ona görə də bu xüsusda çox diqqətli, qəti və ehtiyatlı olmaq lazım gəlirdi.

Plan idarəsinin nə borcuna idi?? O, hər bir qəpikin olunacaq yerini görməyincə bir qruş belə buraxmayacaqdı. Bax, ortalığa çıxan çətin məsələ bu idi. Üzümüzə gələn ildə cəmiyyət belə bir məsarif qarşısında qala bilməzdimi??

Qoca buxqalter bunu düşünmüş və “məsarif qeyri məlhuzə” adlı smetaya bir maddə əlavə etmişdi. Necəki məsarif qeyri məlhuzə?? Cəmiyyət inzibatçı bir müəssisə deyildi ki, onun məsarif qeyri məlhuzəsi olsun?? Hər halda təyin edilən məbləğin sərf ediləcək yeri açıq və aydın göstərilməli idi.

Daha iclasdan əvvəl katib: - Nə cür göstərmək olar?.. Biz nədən bilirik ki, kimə?.. Nə qədər?.. və nə üçün?.. – deməkdə əlbəttə haqlı idi.

Əsər mülahizə olunur, sənət təqdir edilir, janr hesaba alınır, avtoritet nəzərə gəlirdi. Bu belə də olmalı idi.

Vəfat edən yazıçı tabutun içində əlini ayağını rahatca uzadıb, dinməz-söyləməz dayanacaqdı. Əsl ağırlıq sağ qalan yazıçı yoldaşların boynuna yüklənirdi...

Qəzetlərdə elan vermək, gül tədarükü bəzəkli tabut qayıtdırmaq, rəhmətlikə bir dəst kastyum almaq, muzika, nitq və cür-bə-cür işlər vardı. Bunların doqsan faizi pul tələb edirdi.

Ax –.. Köhnə mühasib... Cəmiyyətin maliyyə işlərində xəyanət törətməsəydi, plan idarəsi bəlkə də bu qədər, işin diqqətlə qurdalamazdı..

Gümüş üzlü katibin gözləri qıyıldı. Bir dəfə başını tumarladıqdan sonra əlini şalvar cibinə soxdu. Məclisi nəzərdən keçirdi.

- Süleyman! Bu il əqlincə kim öləcək? – dedi.

Yarı zarafat yarı gerçək tərzində verilən bu sual, yazıçılar arasında dərin bir düşüncəyə səbəb oldu. Ölümün dəhşətli siması xəyallarda dolaşaraq göz qabağında gəlib mıxlanmışdı.

Caynaqlarını qaldırmaq, öz payını qapmaq üzrə idi...

Onun payı kim olacaqdı?? Heç kəs bunu özünə rəva görməyirdi... Cənazə olayının tamaşası maraqlı şey idi. Bu şərtlə ki, tabutda yatan özgəsi olsun!!

- Süleyman! Bu il əqlimcə kim öləcək??

Bu zarafata, zarafatla da olsa bir cavab vermək lazım gəlirdi.

Uzun boylu, yastı çənəli, başının tüklərilə qabaq dişlərindən bilmərrə nam və nişan qalmayan qocaman bir yazıçı əlindəki əsasının ucunu yerə vuraraq bucaqdan qışqırdı:

- Mənə qalırsa bu il Qəndəmir yoldaş vəfat edəcəkdir!!

Salonu uzun bir qəhqəhə doldurdu...

Katib bu təklifə ürəkdən razı deyildi. Lakin iş planını düzəldib qurtarmaq lazım gəlirdi. Qaşlarının arasını təkrar düyünlədi:

- Süleyman! Yaz qadası.

- Yavaş!.. Yoldaş... Əlini saxla.. Müzakirə edilsin.. Sonra!

Bir ayrısı dərhal etiraz etdi:

- Müzakirənin nə lüzumu? Burada cəmiyyətin də interesini gözləmək lazım. Bu təklif əlverişlidir. Onun cənazəsi çox ucuz başa gələr. Bir elan və bir dəstə gül, vəssalam. Muzika istəməz, çoxdanın müəllimidir, hər halda məktəblərdən biri bunu boynuna çəkəcəkdir. Kastyum naminə bir köynək ilə bir boyun bağı kifayətdir. Aşağı hissəsini qara örtüklə örtmək olar. Bu surətlə çəkmələrinin yamağı görünməz...

Şairlərdən biri sözə atıldı və aralarında bu cür mübahisə başladı:

- Məncə kastyum almaq vacibdir. Köhnə kastyum və yamaqlı batinka ilə qəbristanlığa yazıçı göndərmək oradakı ölülərdən ayıbdır.

- Səhv edirsiniz yoldaş! Əvvəla nə qədər cındır paltarla getsə yenə də oradakıların kastyumundan bu yoldaşınkı təzə olacaq, saniyən paltar ölülər üçün deyil, cənazə arxasınca gedənlər üçündür. Müsamirəyə getsəydi, təklifimiz düz olardı. Lakin ölülərin fokstrot oynadıqlarını mən heç bir kitabda görməmişəm.

Başı ağarmış bir yazıçı adəti xilafına ayağa qalxdı. Heç kəs bir iclasda onun bircə kəlmə də olsun danışdığını görən olmamışdı. Hamının arasında, cüssə və bədəncə bundan balaca adam yox idi. Sağ çiyni nisbətən bir az aşağı, çənəsi sivri, almacıq kəmikləri çıxıq, arıqdan da arıq idi. Onun burnu ilə çənəsi arasında ağız və dodaqlarından başqa, gözə görünməyən ayrı bir əlaqənin mövcudiyyəti hiss olunurdu. Simasına baxdığınız zaman ilk gözə çarpan çənəsi ilə burnu, sonra almacıq kəmiklərilə alnı olurdu. Zəyif və batıq səslə qısaca bir təklif etdi:

- Qantəmirin əvəzinə bu işi könüllü olaraq mən dərəhdə edirəm!...

Bu təklif ümumi olaraq bir etiraz tufanilə qarşılandı. Yazıçıların nahaq yerə, “piyoner baba” adlandırmadıqları bu şəxs yerində oturdu. Heyət idarə üzvlərindən biri danışmağa başladı:

- Könüllü surətdə yaramaz. Bundan ilavə, doğrudur, bu yoldaşın arzusunu yerinə yetirmək olardı. Fəqət cəmiyyət 35-ci ilin smetasında ona müəyyən bir məbləğ sərf etmişdir... Bununla o, axsayan qılçasını müalicə etdirdi. Büdcəmizdə para az olduğuna görə buraxdığımız pul dizinə qədər çatdı... Müalicəni yarımçıq qoyub ölmək, bunun üstünə bir də cənazə məsarifi əlavə etmək cəmiyyətə maddi zərərdir...

- Müzakirə bəsdir.. yaz Süleyman! Elan parası, gül, köynək və boyun bağı məsarifi üçün yüz əlli manat!!

Azərnəşrin nümayəndəsi yüz əlli manat sözünü eşidən kimi diksindi, dərhal:

- Yoxdur! – deyib əlavə etdi – bu hesab ilə ildə on min manat bizim qazancımızdan əksilir. Bu yaxşı iş olardı.

- Bu sonrakı işdir, qoy iclasımızı qurtaraq... ikinci kimi təklif edirsiniz?

Məmləkətindəki qızlar bulağının bulaq və sərin sularından hənuz içib doymayan əski bir qələm sahibi:

- Bəncə əlifba sırasilə getsə qanuna daha müvafiq olar, həm də ərəb əlifbası!! – dedi.

Məclisi iki-üç dəqiqə çağlı bir sükut qapladı... Əlifba hərfləri cərgəsində hər kəs öz növbəsini mülahizə edirdi.

Gənclərdən biri söz istədi. Ağır-ağır ayağa qalxdı. Ciddi bir sima, arifanə bir əda ilə sözə başladı. Onun danışdığını ancaq dodaqlarının tərpənməsindən bilmək olardı.

- Ölüm növbəsi əlifba sırasilə... öyləmi?... Bu, heç olmaz arkadaş! Ürək xəstəligi, yaş çoxluğu, bədən zəyifliyi, qonorar dərdi kibi böyük bəlalar, müsibətlər ölümün ən müdhiş səbəbi ikən, əlifba sırasını xatirə gətirmək məntiqsizlikdir...

Adları əlifba cərgəsinin sonralarına yaxın M, N, O hərflərindən başlayan üç nəfər münəqqid, əvvəlki təklifi müdafiə edirdilər.

Qoca yazıçı bir dəva vəkili kimi öz fikrini yeritmək istədi:

- Yaş çoxluğu ilə qonorar dərdinə sözüm yoxdur. Lakin ürək xəstəliyi və bədən zəifliyi kimi bəlaləri tədavi etmək mümkündür... Bunlar ölümdə prinsipial ola bilməz... Hökumət Azərbaycanda xüsusi qanun çıxararaq, malariya ilə mübarizə apara-apara onun kökünü kəsdi... Qonorar üçün də qodeqsə bir maddə əlavə edilməyəcəyi nədən məlumdur? Qalır ancaq yaş çoxluğu... götüklər üzərində xırda çırpılar doğrandığını eşitməmisinizmi?...

- Əlifba sırasımı? Çox gözəl! Mənə deyiniz görüm məsəla: siz Çəmənzəminlisiniz yoxsa Yusif Vəzir??

Qoca yazıçının boğazı kilidləndi, tez özünü toxdadıb cavab verdi:

- Ölüm ayağında əlbəttəki Yusif Vəzir!.. Bununla belə Çəmən Zəmənli olmaqdan da bakim yoxdur.. zira ərəb əlifbasından bu hərf tapılmaz...

Katib mübahisəyə qarışdı:

- Yoldaşlar! Bir neçə nöqteyi-nəzərdən əlifba sırasını qəbul edəməyiz. Adları C hərfilə başlanan şairlərimiz arasında nəqahət törər. Hansını əvvələ salmalı. Bu əlbəttə ki, mühüm məsələdir... Mən sözü açıq danışıram. S hərfini götürünüz: Sapı, Sapılı, Sabit, Seyid, Simurq, Süleyman, hətta mən özüm belə. Növbə üzərində aramızda rəngidəlik zihur edər... Zarafat deyil, bu ölümdür... insan həyatında bir dəfə ölür. Məncə məclis özü namizəd göstərməlidir. Bu dəfə gənclərdən birini intixab ediniz.

Nəsr aləmində çalışarkən vəfasızlıq edərək səhnəyə çıxan gənc nasirlərdən birinin adını dutdu. “Ərəb əlifbası sırasilə” məsələsinə etiraz edənlərdən birisi də həmin nasir idi. Cəld ayağa qalxıb sözə başladı.

- Əzizim! Ölüm deyilən şey təbiətin qanunu olmaq üzrə bütün insanların qaçmaması icab edərkən, bir takım əziz yoldaşların hər hankı mülahizə ilə olur olsun öz cism zərifinə şayistə görməməsi ikinci bir qanun, bəlkə də qanun təbiət olaraq ölüm müqabilində belini büküb yoxuşlara dırmaşan, dünya qaparan və bəzi ata-anaların cənazə təşgahində vaveyla saldığını görənlər, ondan qorxub üşənsə də, hər halda mənim ölümün əziz dostlara çox təsir edəcəgindən, allah mənim ölümümü heç bir dosta göstərməsin təmənnasında bulunmağım...

Katib yumruğunu masaya vuraraq:

- Qısa söylə yoldaş! Bu cümləniz o qədər uzundur ki... Həm də qarışıq, mənasız...

- Əzizim nə qədər uzun olsa “Komsomol poeması” qədər uzun, “Sevastopol mənzuməsi” qədər qarışıq və mənasız deyildir.

- Demək ölmək istəməyirsiniz... ayrı söz lazım deyil, qoyun işimizi qurtaraq... Bunu yazma Süleyman! Başqa namizəd göstəriniz!...

Hansı məktəbin isə ədəbiyyat dərnəyində hekayəsi bəyənilməyən həvəskarlardan birisi namizəd göstərdi. Məclisdəkilərin hamısı başını aşağı dikib düşünməyə başladı. Onun ölümünə qaliba kimsə razı deyildi. Bu adam həyat yollarında vaxtilə çox fəlakətlər göstərmişdi. Çox çətinliklər çəkmişdi. İndicə ağ günə çıxırdı. Bir zaman İranda yaşamış, Gilanlı bir qıza vurulmuş, onun eşqilə diyar-bə-diyar gəzmiş, hətta yəs və naumüdlikdən bir aralıq özünü Ləngərud çayına ataraq intihar etmək istəmişdi. Nəhayət qaranlıq bir gecədə o Gilan dilbərini Ləngərud xiyabanlarının ən tənha və qaranlıq bir yerinə çəkərək xeyli danışmış, aradan nə keçmişsə, bir daha onun üzünə baxmadan vətəninə qayıtmışdı. Həyatındakı bu kiçik hadisə fikrini sarsıtmışdı. Nə ilə məşğul olsun? Müəllimlikmi? Ədiblikmi? İki həyat arasında mütərəddid qalmış, bilaxərə ədibliyi tərcih etmişdi. Müəllimligi tərk etməginin mühüm bir səbəbi vardı. Dərsi izah edərkən r hərfli sözlər ağzında dolaşıb qalır və çox çətinliklə çıxırdı. Bu da ədəbiyyat həvəskarı olan bəzi tələbənin narazılığını cəlb edirdi. Cəmiyyət üzvlərinin yaxından tanıdığı, “trubkalı şairlə” fəaliyyətini birləşdirib əsərlər yazmağa başlamışdı. Lakin bu əsərlərin mahiyyəti haqqında müxtəlif rəvayətlər vardı. Əhl-xübrədən birisi iddia edirdi ki, onlar nəsr ilə nəzmi qarışdırıb, ədəbiyyat aləmində bu vaxta qədər görülməyən bir janr icad etmişlər... Ehtimalki bu rəvayət doğru deyildir. Hər halda qəti və müəyyən bir fikrə gəlmək məhal-əndər-məhal idi.

Cavab vermək üçün yerində qımıldanmaq üzrə idi ki, gənc şairlərdən biri oturduğu yerindən birdən-birə bomba kimi partladı. Təcili söz istədi.

Bu şair olduqca gənc və nisbətən də hərarətli idi. Əsəbləşdiyi zaman yanar dağlar kimi kükrəyib atəşlər saçardı. Sakitləşdimi – rəhmdil, müşfiq, zərif və nəzakətli bir şair olurdu. Adama belə gəlirdi ki, onun əllərini çəkib daldan bağlasalar, ağzı öz-özündən bağlanar və qüvvəyi-natiqəsini büsbütün itirər... Danışa bilməsi üçün sağ əlini bilavasitə havada bir dairə rəsm edə-edə sallaması, sol əlini də hərəkətdə olan bir lokomotiv məhvəri kimi irəli-geri getməsi lazım gəlirdi. Hələ bunlar kifayət etməyirmiş kimi qaşlarını oynadır, gözlərini bərəldir, üst dodağını yuxarı doğru qırışdırır, başını gah sağa, gah sola bükərək boğazını, qulağını göstərir, çənəsini oynadır, əgər məsələ çox ciddi isə ayağlarını, baldırını, bacaqlarını da hərəkətdə olan üzvlərinin yardımına iştirak etdirirdi. Hərəkət mərkəzi sankı onun beynindən çıxıb dilinin altında qərar dutmuşdu. Dili tərpənər-tərpənməz bu mərkəz fəaliyyətə başlardı.

- Etiraz edirəm! – deyə bir dəfə gurladı.

Beş barmağı o birilərdən büsbütün ayrı və dim-dik qalmışdı...

- Ədəbiyyat dərnəklərinin hamısını yetim qoymaq istəyirsiniz!! Öyləmi??

Katib saçlarını bir dəfə tumarladıqdan sonra bu əsəbi şairin hiddətini artırmaq məqsədilə olmalıdır ki:

- Doğru buyurursunuz. Öylə isə, bu vəzifəni siz dərəhdə ediniz! – dedi.

- Mənmi? Mənimi öldürmək, boğmaq istəyirsiniz?! Səhvdəsiniz... Mən hənuz gəncəm.. Qonaqlar müsibətindən başqa məndə bir xəstəlik görürmüsünüz?.. Əlbəttə yox... Canım buz baltası kibi sağlam... yaşım gənc... dəyirmənin boğazından deyil hətta avtomobil altına salsanız dip-diri çıxaram...

Bu, çox uzun və qalmağallı danışacaqdı, getdikcə əsəbiləşirdi... Yaxşı ki, katib yalvar-yaxar onu yerində oturtdu.

Əsil ədib özü ayağa qalxıb dedi:

- Bir nəfərdə firqəvi yoldaşlardan olsun... Niçin hamısı bitərəflərdən olur??.

Bu təklif heç kəsin ağlına gəlməmişdi.. Bütün nəzərlər yan-yana oturan iki ədibə bölündü.

Oxucularımız bunlardan birini çox yaxşı tanıyır. O həm şair, həm nasir, həm də firqəvidir. Gizli və dumanlı işlərin üstünü açmaq bu adamı gecə-gündüz narahat edir.

Bu da vaxtilə İranda yaşamış bir rus qızına vurulmuş bütün var-yoxunu verərək Təbriz şəhərində sevgilisinə bizim bəzi cəmiyyət üzvlərinin yaşadığı otaqlardan daha mükəmməl bir otaq dutmuş, yaşamış, bütün gəncliyini bu qızın eşqinə fəda etmişdi. Daimi əlindən buraxmadığı əsa, onun Təbrizdəki həyatından qalan yeganə bir xatirə idi.

Firqəvi ədiblərin ikincisi tamamilə bunun əksinə arıq, nazik bir adam idi. Onun əsasına müqabil bunun gözlüyü vardı. Gözlərinin ətrafındakı qırmızılıq şüşə parçalarının arxasından belə görünürdü. Yaraşıqlı bir adam idi. Mərhum Fizulinin “Leyli və Məcnun” poemasında dediyi:

Şəhbaz baxışlı ahu gözlü

Şirin hərəkətli şəhd sözlü

beytini xatırladırdı. Lakin onun növi hənuz müəyyən edilməmişdi. Ədiblərin doktoru deyəndə vardı, doktorların ədib növindəndir iddiasında bulunan da az deyildi. Ədəbiyyat aləmində nasir hesab olunduğu halda o özünə dramaturq adı verirdi.

Cəmiyyətin smetası və iş planı xatirinə bunlardan heç biri ölümü özünə rəva görməyirdi. Öz aralarında qısa bir müzakirədən sonra ikisi də ayağa qalxdı:

- Yoldaşlar! Firqə qrupundan keçməmiş biz bu işə razılığımızı verə bilməriz! – dedilər və oturdular...

- Yoldaş! Firqə qrupundan deyil, könüllü işdir.

- Yox, yaramaz!!

Münaqişə və mübahisə qızğın bir şəkil alırdı. İncəvara qoca yazıçılardan birisi ayağa qalxıb söz istədi. Bu, həm şair və həm də dramaturq idi. Bütün insanlar qüsurdan xali olmadığı kimi onun da gözə çarpan bəzi nöqsanları vardı. Sənətkar idi, rəssam idi. Fəqət yaratdığı tiplər arasında normal bir adama rast gəlmək mümkün deyildi. Onun tipləri ya şeytan, ya şeyx, ya topal və ya büsbütün dəli idi.

“Şəxsin görünür kütbeyin əqli əsərində” kəlamının xilafına olaraq o mətanətli, sakit, munis, bəzən şən, çox zaman cidii filosof vüqur və xəyyamanə bir simayə malik bulunurdu. Boyu ortaya bir az yaxın idi. Yol gedəndə yavaş-yavaş gedərdi, arxadan baxanda bardaş qurub oturmuş bir adamı xatirə gətirirdi. Qara və yoğun saçlı gözlüyünü ancaq yatanda çıxarardı. Qadınlara hörmət məxsusəsi vardı. Hətta son zamanlar bir cüt şəhla gözə vurulduğu rəvayət olunurdu.

Başını ağır-ağır qaldırdı, belə dedi:

- Yoldaşlar! Ölüm ağzında firqəvilik, cavanlıq, qocalıq, yoxsulluq, varlılıq və sairə səbəb ola bilməz... Ölümdən qaçmaq namərdlikdir... Ölüm, gözəlligin bir növ digəridir... Savaşmaq və mübahisəyə lüzum yoxdur. Bunu kənara buraxınız... Fəqət siz çalışınız ki, məzarınız bir az geniş olsun...

O, bir az fikirləşdi, sonra oturdu. Sözləri yaxşı anlaşılmamışdı. Gah deyirdilər onun axirətə etiqadı vardır, ona görə məzarın geniş olmasını birinci məqsəd dutur, gah söyləyirlərdi ki, geniş bir mənzildə yaşamağı adət etdiyinə görə belə danışır...

Mükaləmə davam edirdi...

- Bir az tənəffüs elan ediniz?

- Yox az qalıb... qurtaraq getsin... Qadınlardan da nümayəndə göstərmək lazımdır.

- Mən Əvəz yoldaşı təklif edirəm.

- Yoldaş Əvəz qadın deyil kişidir...

- Bilirəm... Lakin o qadınlar arasında kişilərin nümayəndəsidir...

Məclisin axırı idi, hamı yorulmuşdu. Rus və erməni sektorlarından da bir nəfərin plana keçirilməsi katibə həvalə olundu. Texniki işçilərin üzərində də mübahisə yenə uzandı. Təklif və etirazlara cavabən katib dedi:

- Yoldaşlar! Yusif yazıqdır!!! Amma buxqalter özü razı olsa da olmasa da bu qədər işlə bir ildən artıq yaşamaz, 36-cı ilin noyabrına qalsa böyük qənimətdir... yaz Süleyman!... Cənazə məsarifi 200 manat.

- Yoldaş! Mərhum Qəndəmir üçün yüz əlli... Bəs buxqalter üçün iki yüz?? Bu haqsızlıq deyilmi?

- Çünkü onun tabutu üç santimetr hündür qayırlmalıdır!

- Nə üçün hündür?

- Alt çənəsi üst çənəsindən üç santimetr hündür olduğuna görə...

- Qantəmirin də məzarını geniş yapmaq üçün büdcəyə əlli manat əlavəsini təklif edirəm.

- Bu məsarifə lüzum yoxdur.. O mərhum sağlığında da geniş mənzilə adət etməmişdi.

Bu vaxta qədər sədirət masasının bir başında dinməz-söyləməz əyləşmiş baş katib, dim-dik qalxdı. Yanaqları qızarmışdı. Qaliba mütəsir idi. Dutqun və batıq səslə sözə başladı:

- Yoldaşlar! Bütün arkadaşlara bəyan etməgə məcburam ki, 36-cı ildə heç kəsə ölüm yoxdur... Qonorar epidemiyasının kökü bir dibli kəsiləmək üzrədir. Başqa təbii hadisə olmasa kimsə ölməyəcəkdir. Aprel inqilabının 15-ci ildönümü bayramı, ən çox söz mühəndislərinin məsud və bəxtiyarlığını nümayiş etdirəcəkdir. Ukrayna, Leninqrad, Qara Kalpak, Özbəkistana nümayəndələr göndəriləcək, yazıçılara xüsusi kurortlar, istirahət evləri təxsis ediləcək, evində çalışmaq imkanı olmayan yoldaşlara ayrıca və döşəməli, mebelli, telefonlu otaqlar veriləcək, maddi və mənəvi hər durlu yardım əsirgənilməyəcəkdir...

Yoldaşlar! Plan idarəsi smetamızın tamamilə qəbul edildigini bu gün bizə xəbər verdi...

Baş katibin sözləri alqışlarla qarşılandı.

Ölüm qayğısı ilə sararkən çöhrələr açılmış, kilidlənən dodaqlar aralanmış, ortalığı gən bir qəhqəhə istila etmişdi. Qoca buxqalter gözlüyünü kəlləsinə dartıb ara qapıdan mat-mat baxırdı.

Ədəbiyyat qəzeti, 1935 il № 28

XS
SM
MD
LG