-
"Buta" filminin yerində olan və olmayan naxışlarına tənqidi baxış
2011-ci il milli kinematoqrafiyamız üçün uğurlu başladı. Bir –birinin ardınca üç filmin premyerası oldu. Elxan Cəfərovun “Əlavə təsir”, Rövşən İsaxın “Aktrisa” filmlərindən sonra martın 11-də “Azərbaycan” kinoteatrında kinosevərlərə rejissor İlqar Nəcəfin “Buta” filmi təqdim edildi.
Yeri gəlmişkən qeyd edək ki, “Buta”, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə keçirilən “Avanti” layihəsi çərçivəsində qalib gəlmiş ssenarilərdən biridir. Daha əvvəl bu layihə çərçivəsində Nəsimi Əliyevin “Çıxış” (sənədli film, “Butafilm”in istehsalı, 2006), Alina Abdullayevanın “Çalış, nəfəs alma” (qısametrajlı bədii film, “Dərviş” Prodüser Mərkəzinin istehsalı 2005), Elçin Musaoğlunun “40-cı qapı” (tammetrajlı bədii film, “Ritm Prodakşn”ın istehsalı, 2008) filmləri çəkilib.
2007-ci ildə İlqar Nəcəf kinodramaturq Ramiz Fətəliyevlə birlikdə “Buta” ssenarisinin yeni variantını hazırlayıb və o, 2009-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” şirkəti tərəfindən müştərək istehsalata buraxılıb. Filmin prodüserləri Xamis Muradov və İlqar Nəcəf, quruluşçu operatoru Georgi Beridzedir. Rollarda Azərbaycanın xalq artisti Rafiq Əzimov, aktyorlar Elnur Kərimov, Ləman Nəbiyeva, Tofiq Əliyev çəkiliblər.
“Buta” – xalçaların, parçaların, tikmələrin, freskaların üzərindəki naxışdı. Çox qədim zamanlarda meydana çıxıb. Bir çox anlamları var. O - həm qönçədi, həm də toxum, həm günəşdi, həm də su damlası, həm alovun dilidi, həm də rüşeymdi. Buta- həyatdır”.
Əslində bu epiqraf filmin bütün qayəsini açıqlayır. “Buta” poetik dillə danışılan həyat hekayəsidi (həyatın hekayəsidi). Burda nakam, muradına çatan və yeni cücərməyə başlayan sevgilər, yaşam və ölüm yanyana addımlayır. Güclülər və zəiflər var. Rejissor həyatı, yaşamaq uğrunda aparılan əbədi mübarizəni uşaqların timsalında- onların münasibətlərində, çəkişmələrində, dostluqlarında göstərib: Çünki uşaqlar həmişə həqiqəti deyirlər. Çünki uşaqlar həmişə böyüklərindən gördüklərini təkrarlayırlar, amma təkrarçılıqları da son dərəcə orijinaldı. Çünki uşaqlar siyasət bilmirlər, buna görə də onların oyunları safdı – yəni ibtidaidi, daha qəddardı və təbii ki, daha təsirlidi...
Və bütün bunların fonunda yaşlı nənə nəvəsinə- filmin balaca qəhrəmanı Butanın adına, gənc Qönçə isə özünə cehizlik xalça toxuyur. “Xalça - şərqdə yalnız otaq dizaynının dekorativ elementi deyil. Xalçatoxuma prosesi – talenin proqramlaşdırılması, şər ruhlardan qorunmaq və xeyir ruhları çağırmaq üçün nəzərdə tutulmuş ayindi. Şərqdə yeni doğulan hər uşağın adına bir xalça toxunurdu və bununla da sanki onun üçün xoşbəxt tale yazılırdı” (filmin sinopsisindən). Bu filmdə xalçalar, onların üzərinə salınan butalar qəhrəmanların tale kitabıdı, qoruyucu talismanıdı.
***
Bunların hamısı çox gözəldi, amma necə deyərlər, mövzunun ədəbiyyat hissəsidi. İlk baxışda hər şey yerindədi- görüntü, təbiətlə insanları vəhdətdə göstərməyə çalışan kamera, qədim oyunlarımız, adətlərimiz, ümumilikdə sıradan görünən, bir-birindən fərqlənməyən, bənzərtaleli, ayrı-ayrılıqda isə hərəsinin öz təkrarolunmaz tarixçəsi, öz naxışı olan insanlar...
Lakin yuxarıda sadalananların hamısını birləşdirən əsas şey- sarı simmi, vahid xətmi – yoxdu. Müəllif, danışdığı əhvalatın damarını tapa bilməyib. Buna görə də təbiət mənzərələri, vizual gözəlliklərlə zəngin, ancaq əlaqəsiz, pərakəndə bir film alınıb. Qəhrəmanların həddindən artıq ədəbi, süni nitqi, psevdomüdrikliyi, personajların şablon geyimləri, saxta jestləri isə görüntüdən yaranan təəssüratı tamamilə öldürür. Hələ finala yaxın qocanın dilindən səslənən: “Bacı, siz ənənələrimizin müdrik olduğu ilə razısınızmı?” sualı, yəqin ki, qeyri-səmimiliyin pik anı idi. Yadıma “Görəsən, məhəbbət adamı istehsalat qabaqcılı edərmi?” cümləsi düşdü...
...Bir də “Buta” filmi mənə Möhsün Mahmalbafın “Gəbə”sini xatırlatdı. Xüsusilə də yerə sərilmiş xalçaların bir qırağına ana bətnindəki körpə kimi qısılıb uzanmış qəhrəmanların yuxarıdan görüntüləri... Evdə “Gəbə”ni təkrar izlədim.
Primitivdən primitiv bir süjet: gənc qız ərə getmək istəyir, lakin atası ona “hələ gözlə” deyir: “Gözlə, əmin evlənsin. Gözlə, anan doğsun. Gözlə, sürü, yaylağa köçsün. Gözlə, qoyunları qırxaq”. Günlərin bir günü gözləməkdən bezən qız boxçasını götürür, sevdiyinə qoşulub qaçır. Burda da rejissor qəhrəmanının taleyini rənglərin köməyilə danışır, xalçalara köçürüb əbədiləşdirir, nağıla çevirir. Adam gözünü ekrandan ayıra bilmir, bir saatın necə gəlib-keçdiyini anlamırsan. Ekranda gördüyün hər şey səni sehrləyir. Müəllif demək istədiyi sözləri, çatdırmaq istədiyi duyğuları əvvəlcə öz dərisi ilə hiss eləyir, sonra təhtəlşüur səviyyəsində tamaşaçıya ötürür.
İlqar Nəcəf də bizə “Həyat” adlı bir nağıl danışmağa çalışır. Amma o nağılı özü hiss eləmir. Hər halda onu çatdırmağı, sevdirməyi bacarmır.
Elə bu məqamda yenə də köhnə bir sual yaranır beyinlərdə: Niyə özümüz haqqında kino çəkə bilmirik, ekranda səmimi olmağı, etiraf eləməyi bacarmırıq? Bəlkə problem təkcə rejissorlarımızda, kinomuzda deyil, bizim hamımızdadı?! Hələ də xalq kimi millət kimi özümüzü dərk edə bilməməyimizdə... Nə adət-ənənələrimizdən, nə mahiyyətimizdən xəbərimiz yoxdu. Bol-bol danışırıq, amma düşünmürük, onların fərqinə varmırıq. Özümüzü tanımırıq çünki. Buna görə də kino çəkə bilmirik. Buna görə də məğlubuq. Bəlkə də məğlub olduğumuza görə çəkə bilmirik...