Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:29

Bəsdi də, nə qədər aşıq musiqisi olar...


-

Mən Molla Pənah Vaqifin qoşma – gəraylılarını çox oxumuşam. Onların hamısı, xüsusilə də “gözəlləmələr”in hamısı eyni mövzudadır və bir – birlərinin təkrarıdır.

Aşıq Ələsgərin ən güclü şeirlərindən biri olan “Ustadnamə” və yaxud çox populyar olan “Pəri” qoşması aşıq ədəbiyyatının hansı vəziyyətdə olmasının ən bariz nümunəsidir...

Səid Əliyev

SAZ SÖHBƏTİ

Rok musiqisini çox sevirəm. Bu janr sərbəstliyi, azadlığı təcəssüm edir. Toy, el şənliyi, məddahlıq, “bəytərifi” kimi düşüklük roka yaddır...

Rok etirazdır!

Tez tez yuxuda rok konsertləri görürəm. Daha çox Rusiyada keçirilən” Maksidromları”. Bir dəfə “Zveri” qrupunun “Dojdi pistoleti” klipi yuxuma girmişdi. Amma real kliplə yuxumdakı klip fərqli idi. Qrup üzvləri saz çalırdılar. Klipin sonunda qrup üzvləri bütün sazları qırıb dağıtdılar. Eynilə orijinal klipdəki kimi...

Çox maraqlı yuxu idi... (Ardı aşağıda)



2013 – cü ilin iyun ayının 8 – də bir neçə dostumla çayxanada görüşmüşdük. Söhbətin şirin yerində çayxanada qəflətən bir aşıq peyda oldu. İçəri girən kimi bizim masaya yaxınlaşdı və mənim yanımda dayanıb ucadan, zil səslə oxumağa başladı. Sözləri uzada – uzada oxuduğundan dəfələrlə təkrarladığı “A ceyran bala, a ceyran bala...” sözlərindən başqa heç nə başa düşmürdüm. Mən həyatımda ilk dəfə idi ki, çayxanada aşıq görürdüm. Buna görə də duruxdum. Nə edəcəyimi bilmədim. Bizim stoldan aralanana qədər lal-dinməz, heyrət qarışıq təəccüblə ona baxdım. Mən bilmirdim ki, bu cür aşıqlar adətən çayxanalarda müştərilərdən pul yığmaq üçün stollara yaxınlaşıb oxuyurlar. Aşıq əlimizi cibimizə salmadığımızı görüb qonşu stola yaxınlaşdı və oxumağa davam etdi. Sonra başqa stola üz tutdu. Aşıq bu minvalla çayxanadakı bütün stollara yaxınlaşıb öz bacarığını nümayiş etdirdikdən sonra çıxıb getdi. Onun çayxanada olduğu müddətdə ifa etdiyi havanın sözləri mənimçün anlaşılmaz olaraq qaldı.

Deyilənlərə görə çayxanaları stol – stol gəzib dolaşan aşıqlar sənətkar deyillər. Professional, orijinal sənət ustaları - “haqq aşıqları”, “dədələr” belə hesab edirlər ki, bu kimi adamlar yalnız sənəti gözdən salmaqla məşğuldurlar.

Mən bir neçə dəfə televizorda “haqq aşığı” görmüşəm. Amma çayxana aşıqları (oxu “andeqraund aşıqlar”) ilə ciddi, profesional aşıqlar arasındakı fərqin fövqünə vara bilməmişəm. Məncə onların arasında elə də böyük fərq yoxdur. Bu, mənim şəxsi qənaətimdir. Ola bilsin ki, mən bu sənətin dərinliyindən xəbərsiz olduğuma görə səviyyəm əsl aşıqla andeqraund aşığının fərqini dərk etməyə çatmır.

Molla Pənah Vaqif
Molla Pənah Vaqif

Mən ümumiyyətlə yaradıcılığın bu növünü dərk etmək gücündə deyiləm. Bu janrı dinləməyə hövsələm çatmır. Əvvəla yuxarıda qeyd etdiyim kimi çox vaxt aşığın nə oxuduğunu başa düşməkdə çətinlik çəkirəm. İkincisi isə bu janr mənim zövqümə görə deyil. Bir havaya uzağı 10-15 saniyə qulaq asa bilərəm. Sonra darıxıram, ürəyim sıxılır. Mənə cəza vermək istəyən adam bircə saatlıq qapalı otaqda aşıq musiqisi ilə təkbətək buraxsa bəlkə də bağrım çatlayar.

Yazıda məqsədim zövqümü nümayiş etdirmək deyil. Mən “aşıq yaradıcılığı” haqqında olan fikirlərimi yazmaq istyirəm.

Aşıq musiqisi bayağıdır, arxaikdir. Nə aşıq, nə də onun musiqisi insana heç nə öyrədə bilməz. Zatən bu janrdan öyrəniləsi heç nə yoxdur, ola da bilməz. Aşıq musiqisinin bu cür təbliğ olunmasının səbəbi odur ki, müasir musiqi növlərinin heç biri hələ də bizə gəlib çata bilməyib. Reqi, blyuz, rok, soul, R&B, elektron musiqisi və digər janrların heç birinə efirlərdə yer ayrılmır. Onların təbliği sıfır dərəcəsindədir. Qismən ayaqda qalmağı bacaran rok və rep janrları isə çox ağır dürümdadır. Çünki, xalq bu musiqilərə maraq göstərmir, daha doğrusu anlamır. Hətta bəzən bu cür musiqilərə “tərbiyəsiz”, “insanı yoldan çıxaran”, “əxlaqı korlayan musiqi” damğası vurulur. Xalqın anladığı, sevdiyi janrlar isə bunlardır – meyxana, muğam və aşıq mahnıları. Vəssalam! Çünki, nə rok, nə rep, nə də digər müasir musiqilər toyxana üçün yaramır. Xalq toylarda qol qaldırıb süzmək, sındıra – sındıra oynamaq istəyir. Beləliklə də rok, caz, blyuz kimi musiqilərə tələbat olmadığından bu janrlarla məşğul olanlar günlərin birində bezib yavaş-yavaş “toyxana” musiqilərinə keçirlər. Çünki onların başqa çıxış yol u yoxdur. Bu ölkədə musiqiçinin yeganə qazanc yeri toyxanadır. Bu səbəbdən də bu gün meyxana, muğam və aşıq musiqisi gündəmi ələ alıb.

Aşıq Ələsgər
Aşıq Ələsgər

Aşıqlara gəlincə, onların əksəriyyəti meyxanaçı və xanındələr kimi savadsızdır. Əzbərlədikləri məhdud sayda qoşma – gəraylı və dastanlardan başqa bildikləri başqa bir şey yoxdur. Onlar üçün ədəbiyyat ancaq “aşıq yaradıcılığı”ndan ibarətdir. Aşıqların çoxunun nəinki ali təhsili, heç tam orta təhsili də yoxdur. Musiqi savadından, notlardan, solfecio bilgisindən isə ümumiyyətlə xəbrsizdirlər. Onların bildikləri yalnız hansı simin hansı nota uyğun olmasıdır, vəssalam. Mərc gələrəm ki, aşıqların çoxu “do major qammasının” nə olduğunu bilmir. Aşıqların demək olar ki, hamısı ləhcə ilə danışır. Dəfələrlə televiziya və radiolarda aşıqların “aşığa danışmağa sutkalar da bəs etməz” dediyinin şahidi olmuşuq. Həmin ifadədən sonra onlar normal cümlə qurub öz ana dilində danışa bilməyiblər.

İstənilən bisavad adam ömrünün 10, 20 ilini başqa bir işlə məşğul olmayıb, həyatını yalnız aşıqlığa sərf etsə sutkalarla şeir deyə, dastan bağlaya, saz çalıb söz qoşa bilər. Yəni ki, aşıq olmaq üçün başqa bacarıq tələb olunmur.
Aşıq ədəbiyyatı da çox bayağıdır. Bütün qoşma – gəraylılar bir birinə oxşayır. Onları yazmaq üçün heç bir istedad tələb olunmur. Mən Molla Pənah Vaqifin qoşma – gəraylılarını çox oxumuşam. Onların hamısı, xüsusilə də “gözəlləmələr”in hamısı eyni mövzudadır və bir – birlərinin təkrarıdır. Qoşmalarda adətən müəyyən sözlər, xüsusilə də “bənövşə”, “durna”, “pəri” sözləri dəfələrlə təkrar olunur. Bir ədəd bənövşənin dərilməsini, bir qızın gözəlliyini, bir qatar durnanın uçmasını 10-12 bənd söz yığını ilə təsvir edirlər. Palaz – palaz şeirlərin qayəsində məhz bu cür mənasız fikirlər dayanır.

Aşıq şeirinin bayağılığının kuliminasiya nöqtəsi “dodaqdəyməz”, “dildönməz” və s kimi şeir nümunələridir. Əslində aşıqlar “master klass” göstərmək ümidi ilə işlərini güclərini atıb xüsusi sözlər seçirlər ki, həmən sözlərdə tələffüz zamanı dodaqlanan, dili döndərən, ağzı əyən və s. səslər olmasın. Beləcə özlərini daha dar çərçivəyə salaraq, öz aləmlərində “şedevr” yaradırlar ki, əslində bu kimi nümunələr məzmun və fikir cəhədən adi qoşmalardan, təcnislərdən daha zəif olur. Ortada isə, yuxarıda qeyd etdiyim kimi bir yığın faydasız qazıntı alınır. Aşıqların ən dahisi hesab edilən Aşıq Ələsgərin ən güclü şeirlərindən biri olan “Ustadnamə” və yaxud çox populyar olan “Pəri” qoşması aşıq ədəbiyyatının hansı vəziyyətdə olmasının ən bariz nümunəsidir.

Ümumiyyətlə aşıq havaları çox arxaik, çox qədimdir. Bu musiqinin əsl yeri muzeydir. Bu janrdan şoular düzəltmək, bu havaları gündəmdə saxlamaq çox gülməlidir. “Hər aşiqin öz dövranı var” ifadəsi bu yerdə özünü doğruldur. Bəli, vaxtı ilə bu janr lazımlı olub, bütün toylar əvvəldən axıra aşıq havalarıyla keçib, hamının sevdiyi janr olub və s. Ancaq bu günün öz musiqisi var. Çalışıb onları yaymaq, təbliğ etmək, inkişf etdirmək lazımdır. İstənilən xalqın bu cür folk nümunələri var. Lakin dünyada öz sözünü demiş bütün xalqlar bu folk nümunələrini, musiqi alətlərini, mahnıları, şeir nümunələrini muzeyə qoyub, gələcək nəsillərə saxlayır, vaxtaşırı yeniyetmələrə, gənclərə, öz ölkələrinə gələn qonaqlara dəyərli muzey eksponatı kimi fəxrlə göstərirlər. Arxaik mədəniyyət nümunələrinin 21-ci əsrdə bu cür ifrat dərəcədə təbliği onları hörmətdən salır. Sübut üçün Aşıq Telli xanımın şoularına baxmaq kifayət edər.

Arada qulağın pasını açmaq üçün müasir musiqiləri də dinləmək lazımdır. Qorxmaq lazım deyil, müasir musiqilər adamı yemir. Xüsusilə də rok musiqisi.

kultura.az

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG