-
«Qanuna nəzərdə tutulan dəyişiklik ölkəni yenidən orta əsr təfəkkürünə qaytarmaq məqsədi daşıyır. İki dəfədən artıq seçilməyə məhdudiyyət qoymaq yerinə dünyada görünməyən məhdudiyyətlər tətbiq etməyə çalışırlar».
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı «Siyasi partiyalar haqqında» Qanun a nəzərdə tutulan dəyişikliyə münasibət bildirərkən belə deyib. O, bu dəyişikliyi daxildə düşmən axtarma xəttinin davamı kimi qiymətləndirir:
«Bunların içərisində bir qorxu var. Son vaxtlar Azərbaycanda QHT xəttilə özlərinə düşmən axtarmaq xətti götürüblər. Bu, həmin xəttin təzahürüdür. Hakimiyyətin hər şeydən qorxduğu göz qabağındadır. Bu dəyişiklik hakimiyyətin vahiməyə düşdüyünü təsdiq edir. Müsavat Partiyasının bu dəyişiklikdən heç bir qorxusu yoxdur. Hər şey göz qabağındadır. Partiyanın nə sıralarında, nə də tərəfdarları arasında 10 min manat ianə verəcək şəxs yoxdur. Mən heç min manat da ianə verən görməmişəm».
«YAP HANSISA GİZLİ NİYYƏT GÜDÜR»
AXCP sədrinin müavin Razi Nurullayev hesab edir ki, nəzərdə tutulan bu dəyişiklik hakimiyyətin hansısa gizli planından xəbər verir:
«Ümumilikdə götürəndə bu dəyişikliyin elə bir ziyanı olmamalıdır. Onsuz da müxalifət partiyalarına, həmçinin AXCP-yə bu qədər ianə verən yoxdur. Azərbaycanda kiminsə müxalifətə 10 min manat ianə verməsi inandırıcı deyil. Bu məhdudiyyətin qoyulması YAP hakimiyyətinin hansısa gizli niyyətindən, hazırlığından xəbər verir. Dəfələrlə görmüşük ki, hər dəfə bu cür dəyişiklikdən sonra daha sərt qanunlar qəbul olunur».
Bu günlərdə Milli Məclisin komitələrində «Siyasi partiyalar haqqında» Qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklər arasında «şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min manatdan yuxarı ola bilməz» müddəası da var. Milli Məclisin üzvü, iqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı AzadlıqRadiosuna müsahibəsində bu dəyişikliyin təkmilləşmə xarakteri daşıdığını bildirib.