-
Sentyabrın 19-da ATƏT, Rusiya, Ukrayna və rusiyameylli separatçıların nümayəndələri arasında gecəyədək sürən danışıqlarda ciddi razılaşmalar əldə edilib.
Ukraynanın keçmiş prezidenti Leonid Kuchma deyib ki, müzakirələrin sonunda 9 bənddən ibarət memorandum imzalanıb.
Yeni razılaşmaya görə, hər iki tərəf ağır texnikanı indi olduqları mövqelərdən 15 km kənara çəkəcək, bununla da 30 km enində atəşkəs zonası yaradılmış olacaq. O cümlədən, regionda qırıcı təyyarələrin uçuşu aparılmayacaq.
ATƏT-in 300-500 müşahidəçisi ərazidə monitorinq keçirəcək. Kuchma deyib ki, ATƏT müşahidəçiləri Ukrayna-Rusiya sərhədində də dayana bilərlər.
Razılaşmada Ukrayna ərazisindən bütün xarici hərbi qüvvələrin, hərbi texnikanın çıxarılması da nəzərdə tutulub.
Görüş Minskdə baş tutub.