-
Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Edward Nalbandian arasında görüş keçirilib.
Görüşdə iki ölkə prezidentlərinin Paris görüşü üçün «hazırlıq məsələləri müzakirə edilib». Görüşün tarixi barədə məlumat verilmir.
Fransanın Azərbaycandakı səfiri Pascal Meunier yerli mediaya müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün oktyabrın 2-ci yarısında baş tutacağını bildirib.
Sentyabrın 23-də BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində görüşdən qabaq Məmmədyarov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick ilə görüşüb.
XİN-in məlumatına görə, nazir Azərbaycanın mövqeyini bir daha vurğulayıb və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, XİN başçıları və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinin müzakirəsini davam etdiriblər.
Həmsədrlər oktyabrda regiona səfər etmək niyyətləri haqda məlumat veriblər.