-
Azərbaycanda gənc ailələr üçün kooperativ evlər kimi sosial yaşayış binaları tikilə və çox ucuz qiymətə kirayə verilə bilər. Bu barədə “Trend”ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, Dövlət Komitəsi tərəfindən yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsində təkliflərdən biri kimi nəzərdə tutulub.
Strategiya layihəsində təklif edilir ki, gənc ailələr üçün ipoteka şərtləri yüngülləşdirilsin. Bununla yanaşı, gənc ailələrə dövlətin balansında olan yaşayış binalarında ucuz qiymətə və uzun müddətə mənzillər kirayə verilsin.
Komitədən bildirilib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanan “Azərbaycan Ailəsi Strategiyası” layihəsində gənc ailələr üçün dünyada qəbul edilmiş təcrübəyə uyğun müxtəlif sosial layihələrin, proqramların həyata keçirilməsi təklif edilir. Bu proqramlar gənc ailələrə hərtərəfli dəstək verəcək, onların maddi, mənzil şəraiti və s. baxımından vəziyyətlərinin yaxşılaşmasına imkan yaradacaq.
Strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.